AZƏRBAYCAN
RESPUBLİKASININ İNZİBATİ XƏTALAR
MƏCƏLLƏSİ
(Bu Məcəllə
Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)
M Ü N D Ə R İ C A T
Ümumi hissə
Ümumi müddəalar
FƏSİL
1 Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri
və prinsipləri
FƏSİL
2 İnzibati
xəta və inzibati məsuliyyət
FƏSİL
3 Əməlin inzibati xəta olmasını
aradan qaldıran hallar
FƏSİL
4 İnzibati tənbeh
FƏSİL
5 İnzibati tənbeh tətbiq etmə
FƏSİL 6 İnzibati
məsuliyyətdən azad etmə
İnzibati
xətalar haqqında işlərə baxmaq səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər)
FƏSİL
7 Əsas
qaydalar
FƏSİL
8 İnzibati
xətalar haqqında işlərin aidiyyəti
FƏSİL 9 Səlahiyyəti olan orqanlar (vəzifəli
şəxslər) tərəfindən
baxılmış inzibati xətalar haqqında işlər barədə
elektron informasiya sistemləri və ehtiyatları
İnzibati
xətalar haqqında işlər üzrə icraat
FƏSİL
10 Ümumi
müddəalar
FƏSİL
11 İnzibati
xətalar haqqında işlər üzrə icraatın
iştirakçıları, onların hüquqları və vəzifələri
FƏSİL
12 İnzibati
xəta haqqında iş üzrə sübutlar və onların
qiymətləndirilməsi
FƏSİL 13 İnzibati xəta haqqında iş
üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqi
İnzibati
xəta haqqında iş üzrə icraatın mərhələləri
FƏSİL
14 İnzibati
xəta haqqında iş üzrə icraata başlama
FƏSİL
15 İnzibati
xəta haqqında işlərə baxılması
FƏSİL
16 Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlərə baxılmanın xüsusiyyətləri
FƏSİL 17 İnzibati xəta haqqında iş
üzrə qərara yenidən baxılma
İnzibati xəta haqqında iş
üzrə qərarın icrası
FƏSİL 18 Ümumi müddəalar
FƏSİL 19 İnzibati tənbehin ayrı-ayrı
növlərinin icrası qaydası
Xüsusi hissə
İnzibati xətalar
FƏSİL
20 Sağlamlıq
əleyhinə olan inzibati xətalar
FƏSİL
21 Siyasi,
sosial və əmək hüquqları əleyhinə olan
inzibati xətalar
FƏSİL
22 Narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
inzibati xətalar
FƏSİL
23 Əhalinin
sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
24 Mülkiyyət
əleyhinə olan inzibati xətalar
FƏSİL
25 Ətraf
mühitin mühafizəsi, təbiətdən istifadə və
ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan
inzibati xətalar
FƏSİL
26 Sənaye,
elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə
olan inzibati xətalar
FƏSİL
27 Damazlıq,
baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
28 Hava, dəniz,
çay, avtomobil, dəmir yolu nəqliyyatında və
metropolitendə olan qaydalar əleyhinə inzibati xətalar
FƏSİL
29 Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
30 Yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil
yollarından istifadə qaydaları əleyhinə olan inzibati
xətalar
FƏSİL
31 Rabitə
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
32 İnformasiyadan
istifadə edilməsi, onun yayılması və mühafizəsi
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
33 Yaşayış
sahələrindən istifadə, şəhərsalma, tikinti və
abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
34 İqtisadi
fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
35 Ticarət
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
36 Vergilərin,
rüsumların ödənilməsi, maliyyə və sığorta
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
37 Gömrük
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL
38 İctimai
qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat
əleyhinə olan inzibati xətalar
FƏSİL
39 İdarəçilik
qaydaları əleyhinə olan inzibati xətalar
FƏSİL 40 Hərbi uçot, hərbi qeydiyyat və
səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar
Ümumi
hissə
Ümumi
müddəalar
Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri
və prinsipləri
Maddə 1. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi
1.1. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən
ibarətdir.
1.2. Bu
Məcəllə Azərbaycan Respublikasının
Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq
hüququn normalarına və prinsiplərinə əsaslanır.
1.3.
İnzibati məsuliyyət müəyyən edən və
inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini
nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə
daxil olduqdan sonra tətbiq edilir.
Maddə 2. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri
Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri
insan və vətəndaş hüquqlarını və
azadlıqlarını, onların
sağlamlığını, əhalinin sanitariya-epidemioloji
salamatlığını, ictimai mənəviyyatı,
mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,
ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf
mühiti, idarəçilik qaydalarını qorumaqdan,
qanunçuluğu möhkəmləndirməkdən və
inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Maddə 3. İnzibati məsuliyyətin əsasları
Yalnız
bu Məcəllə ilə nəzərdə tutulmuş
inzibati xətanın törədilməsində təqsirli
hesab edilən və inzibati xəta tərkibinin bütün
digər əlamətlərini daşıyan əməli (hərəkət
və ya hərəkətsizliyi) törətmiş şəxs
inzibati məsuliyyətə cəlb olunur.
Maddə 4. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri
Bu Məcəllə
insan və vətəndaş hüquqlarına və
azadlıqlarına hörmət edilməsi, qanunçuluq,
qanun qarşısında bərabərlik, təqsirsizlik
prezumpsiyası, ədalətlilik və inzibati xətaların
qarşısının alınması prinsiplərinə əsaslanır.
Maddə 5. İnsan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət edilməsi
prinsipi
5.1.
İnsan və vətəndaş hüquqları və
azadlıqları ali dəyərə malikdir. Bu
hüquqların və azadlıqların pozulmasına yol verən
bütün dövlət orqanları (vəzifəli şəxslər)
məsuliyyət daşıyırlar.
5.2. Bu
Məcəllə insan və vətəndaş
hüquqlarının və azadlıqlarının dövlət
orqanları (vəzifəli şəxslər) tərəfindən
pozulmasının qarşısının alınmasını
və onlara hörmət olunmasını təmin edir.
5.3.
İnzibati xətalar haqqında işlər üzrə
icraatın təmin olunması tədbirləri tətbiq edilərkən
insan ləyaqətini alçaldan qərarların verilməsinə
və hərəkətin edilməsinə yol verilmir.
Maddə 6. Qanunçuluq prinsipi
6.1.
İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə
uyğun olaraq tətbiq edilir.
6.2.
İnzibati xəta haqqında iş üzrə icraatın təmin
olunması tədbirləri tətbiq edilərkən
qanunvericiliyin tələblərinə əməl olunması
yuxarı orqanların və vəzifəli şəxslərin
idarə nəzarəti ilə, məhkəmə və prokuror
nəzarəti ilə və şikayət etmək hüququ ilə
təmin edilir.
6.3. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya
üzrə tətbiqinə yol verilmir.
Maddə 7. Qanun qarşısında bərabərlik
prinsipi
7.1.
İnzibati xəta törətmiş şəxslər irqindən,
milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən
və digər hallardan asılı olmayaraq qanun
qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara
görə heç kəs inzibati məsuliyyətə cəlb
oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
7.2. Azərbaycan Respublikasının
keçmiş Prezidentinin və onun arvadının (ərinin)
inzibati məsuliyyətlə bağlı
toxunulmazlığı “Azərbaycan Respublikasının keçmiş
Prezidentinin və onun ailə üzvlərinin təminatı
haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.
7.3.
Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi
yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən
asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər.
Maddə 8. Təqsirsizlik prezumpsiyası
prinsipi
8.1.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin təqsiri bu Məcəllədə
nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və
bu, inzibati xəta haqqında iş üzrə icraata
baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qüvvəyə minmiş qərarı ilə
müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
8.2.
İnzibati məsuliyyətə cəlb olunmuş şəxs
öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8.3. İnzibati
məsuliyyətə cəlb olunan şəxsin təqsirli
olması barəsində şübhələr onun xeyrinə
həll edilir.
Maddə 9. Ədalətlilik prinsipi
9.1.
İnzibati xəta törətmiş şəxs haqqında tətbiq
edilən tənbeh ədalətli olmalıdır, yəni
inzibati xətaların xarakterinə, onun törədilməsi
hallarına və inzibati xətanı
törətməkdə təqsirli bilinənin şəxsiyyətinə
uyğun olmalıdır.
9.2.
Bir inzibati xətaya görə heç kim iki dəfə
inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən
inzibati xətaya görə şəxs inzibati məsuliyyətə
cəlb olunduqdan sonra da bu xətanı törətməkdə
davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.
Maddə 10. İnzibati xətaların
qarşısının alınması prinsipi
Dövlət
orqanları və bələdiyyələr inzibati xətaların
qarşısının alınması, inzibati xətaların
törədilməsinə kömək edən səbəblərin
və şəraitin aşkar edilməsi və aradan
qaldırılması, vətəndaşların hüquq
şüurunun və mədəniyyətinin yüksəldilməsi
və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl
etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər
hazırlayır və həyata keçirirlər.
Maddə 11. Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi
11.1.
Azərbaycan Respublikasında inzibati xətalar haqqında
işlər üzrə icraatın aparılması, inzibati xətalar
haqqında işlər üzrə qərarların qəbul və
icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan
Respublikasının inzibati xətalar qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
11.2.
İnzibati xətalara görə məsuliyyəti
yüngülləşdirən və ya onu aradan qaldıran
normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni
həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək
törədilmiş, həmçinin inzibati tənbeh tətbiq
etmə haqqında qərarı tam icra olunmamış xətalara
da şamil edilir.
11.3.
İnzibati xətalara görə məsuliyyət müəyyən
edən və ya məsuliyyəti gücləndirən normativ
hüquqi aktların geriyə qüvvəsi yoxdur.
İnzibati
xəta və inzibati məsuliyyət
Maddə 12. İnzibati xəta
anlayışı
12.1.
Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə
qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən
və ya ehtiyatsızlıqdan törədilən) və
inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət
və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12.2.
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulan əməllərə görə inzibati məsuliyyət
o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə
səbəb olmasın.
Maddə 13. İnzibati xətanın qəsdən
törədilməsi
İnzibati
xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin
və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk
etmiş, onun zərərli nəticələrini qabaqcadan
görmüş və bunları arzu etmişdirsə, yaxud belə
nəticələrin baş verməsinə şüurlu surətdə
yol vermişdirsə, bu xəta qəsdən törədilmiş
xəta hesab olunur.
Maddə 14. İnzibati xətanın
ehtiyatsızlıqdan törədilməsi
İnzibati
xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin
və ya hərəkətsizliyinin) zərərli nəticələr
verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər
əsas olmadan onların qarşısını alacağını
güman etmişdirsə, yaxud bu nəticələrin
baş verəcəyini lazımi diqqət və
ehtiyatlılıq göstərərək qabaqcadan
görməli olduğu və görə biləcəyi halda,
onları görməmişdirsə, bu xəta
ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
Maddə 15. Anlaqsızlıq
Hüquqazidd
əməl (hərəkət və ya hərəkətsizlik)
törədən zaman şəxs anlaqsız vəziyyətdə
olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin
müvəqqəti pozulması, kəmağıllıq və
ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin
faktiki xarakterini və ictimai təhlükəliliyini dərk
etmək və ya onu idarə etmək iqtidarında olmadıqda
o, inzibati məsuliyyətə cəlb edilmir.
Maddə 16. Fiziki şəxslərin
inzibati məsuliyyəti
16.1.
İnzibati xəta törədərkən on altı
yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə
cəlb olunurlar.
16.2.
İnzibati həbs və ya ictimai işlər növündə
inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna
olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti,
səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta
törətmiş on altı yaşından on səkkiz
yaşınadək şəxslər yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar tərəfindən
inzibati məsuliyyətdən azad oluna və onların barəsində
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə” ilə müəyyən edilmiş
təsir tədbirləri tətbiq edilə bilər.
16.3.
İntizam nizamnamələrində bilavasitə nəzərdə
tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara
görə intizam məsuliyyəti, qalan hallarda isə
ümumi əsaslarla inzibati məsuliyyət
daşıyırlar. Göstərilən şəxslərə
inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularına və hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantlarına isə həmçinin ictimai işlər tətbiq
edilə bilməz.
16.4.
İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) bu Məcəllənin
16.3-cü maddəsində göstərilən şəxslər
barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə,
inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə
cəlb olunması məsələsinin həll edilməsi
üçün inzibati xətalar haqqında işlər
üzrə materialları müvafiq
icra hakimiyyəti orqanına verə bilərlər.
16.5.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində
törətdikləri inzibati xətalara görə ümumi əsaslarla
inzibati məsuliyyətə cəlb olunurlar.
16.6.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən Azərbaycan
Respublikasında toxunulmazlıq hüququndan istifadə edən
əcnəbilərin Azərbaycan Respublikasının ərazisində
törətdikləri inzibati xətalara görə məsuliyyət
məsələsi beynəlxalq hüquq normalarına uyğun
olaraq həll edilir.
Qeyd:
1. Bu Məcəllənin
16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə,
müvafiq icra hakimiyyəti
orqanının zabit heyəti, gizirləri,
miçmanları, müddətindən artıq xidmət hərbi
qulluqçuları, müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları və hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantları başa düşülür.
2. Bu Məcəllədə
“əcnəbi” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı
olmayan və başqa dövlətin vətəndaşlığına
mənsub olan şəxs başa düşülür.
3. Bu Məcəllədə
“vətəndaşlığı olmayan şəxs” dedikdə,
heç bir dövlət tərəfindən
onun qanununa əsasən vətəndaş hesab edilməyən
şəxs başa düşülür.
Maddə 17. Vəzifəli şəxslərin
inzibati məsuliyyəti
Vəzifəli şəxslər öz vəzifələrinin
yerinə yetirilməməsi və ya lazımınca yerinə
yetirilməməsi ilə bağlı inzibati xətalara
görə inzibati məsuliyyətə cəlb olunurlar.
Qeyd: Dövlət
hakimiyyətinin nümayəndəsi funksiyasını həyata
keçirən şəxslər, dövlət orqanlarında,
bələdiyyələrdə, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında,
idarə və müəssisələrində təşkilati-sərəncamverici
və ya inzibati-təsərrüfat vəzifələrində
daimi və ya müvəqqəti işləyən şəxslər
və ya həmin vəzifələri xüsusi səlahiyyət
əsasında həyata keçirən şəxslər,
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olaraq belə səlahiyyətləri
yerinə yetirən fiziki şəxslər vəzifəli
şəxs hesab edilirlər.
Maddə 18. Hüquqi şəxslərin
inzibati məsuliyyəti
18.1.
Hüquqi şəxslər, o cümlədən xarici
hüquqi şəxslər və xarici hüquqi şəxslərin
filial və nümayəndəlikləri bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati
xətalara görə inzibati məsuliyyətə cəlb
olunurlar.
18.2.
Hüquqi şəxs inzibati məsuliyyətə həmin
hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün
aşağıdakı şəxslər tərəfindən
törədilən inzibati xətalara görə cəlb
edilir:
18.2.1.
hüquqi şəxsi təmsil etmək səlahiyyətinə
malik olan vəzifəli şəxs;
18.2.2.
hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə
malik olan vəzifəli şəxs;
18.2.3.
hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək
səlahiyyətinə malik olan vəzifəli şəxs;
18.2.4.
bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində
nəzərdə tutulmuş vəzifəli şəxslər
tərəfindən nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə
cəlb edilməsi həmin əməli törətmiş və
ya onun törədilməsində hər hansı şəkildə
iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini
istisna etmir.
18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə
tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin
53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında
işin icraatına xitam verilməsi hüquqi şəxsin
inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur.
18.5.
Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız
hakim tərəfindən tətbiq edilir.
18.6. Səlahiyyətli orqanlar (vəzifəli
şəxslər) bu Məcəllənin
18.2-ci maddəsində müəyyən edilmiş əsasların
olması qənaətinə gəldikdə, inzibati xəta
haqqında protokolu baxılmaq üçün məhkəməyə
göndərirlər.
18.7. Bu Məcəllənin 18.2-ci maddəsində
müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli
orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə
qərar qəbul edir.
18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında
iş üzrə qərar qəbul olunanadək hüquqi
şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə
hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə
tərəfindən inzibati
xəta haqqında iş üzrə qərar qəbul
olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək
hüquqi şəxsin yenidən təşkil olunması, yaxud
təsisçilərinin (iştirakçılarının) və
ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş
orqanının qərarı ilə ləğv edilməsi
qadağandır.
Əməlin inzibati xəta
olmasını aradan qaldıran hallar
Maddə 19. Son zərurət
19.1.
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş əməllərin əlamətlərinə
uyğun olsa da, son zərurət vəziyyətində, yəni
şəxsin özünün və ya başqa şəxsin həyatını,
sağlamlığını və ya hüquqlarını,
dövlətin və ya cəmiyyətin mənafeyini qorxu
altına alan təhlükəni aradan qaldırmaq
üçün edilmiş hərəkət, əgər həmin
vəziyyətdə bu təhlükəni digər vasitə ilə
aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin
aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.
19.2. Baş
vermiş təhlükənin xarakterinə və dərəcəsinə,
habelə həmin təhlükənin aradan
qaldırılması şəraitinə aşkar surətdə
uyğun olmayan zərər vurulması və vurulmuş zərərin
qarşısı alınmış zərərə bərabər
və ya ondan artıq olması son zərurət həddini
aşma sayılır. Son zərurət həddini bu qaydada
aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə
səbəb olur.
Maddə 20. Zəruri müdafiə
20.1.
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş əməllərin əlamətlərinə
uyğun olsa da, zəruri müdafiə vəziyyətində,
yəni özünü müdafiə edənin və ya
başqa şəxsin həyatına,
sağlamlığına və ya hüquqlarına, dövlətin
və ya cəmiyyətin mənafeyinə qəsd edənə
zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən
edilmiş hərəkət, zəruri müdafiə həddini
aşmamışdırsa, inzibati xəta
hesab olunmur.
20.2. Qəsdin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə
açıq-aşkar uyğun gəlməyən qəsdən
törədilən hərəkətlər zəruri müdafiə
həddini aşmaq hesab edilir.
İnzibati tənbeh
Maddə 21. İnzibati tənbehin məqsədləri
İnzibati
tənbeh məsuliyyət tədbiridir və inzibati xəta
törədən şəxsi qanunlara əməl edilməsi
ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta
törətmiş şəxs, həm də başqa şəxslər
tərəfindən yeni inzibati xəta törədilməsinin
qarşısını almaq məqsədi daşıyır.
Maddə 22. İnzibati tənbeh növləri
22.1.
İnzibati tənbeh növləri aşağıdakılardır:
22.1.1.
xəbərdarlıq;
22.1.2.
inzibati cərimə;
22.1.3.
inzibati xətanın törədilməsində alət və
ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi;
22.1.4.
fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;
22.1.5. ictimai işlər;
22.1.6.
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma;
22.1.7.
inzibati həbs.
22.2.
Hüquqi şəxslər barəsində bu Məcəllənin
22.1.1-22.1.3-cü maddələrində nəzərdə
tutulan inzibati tənbeh növləri tətbiq edilir.
Maddə 23. Əsas və əlavə
inzibati tənbehlər
23.1. Xəbərdarlıq,
inzibati cərimə, ictimai
işlər və ya inzibati həbs yalnız əsas
inzibati tənbeh növləri kimi tətbiq edilir.
23.2.
İnzibati xətanın törədilməsində alət və
ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi
hüququn məhdudlaşdırılması, Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma həm əsas, həm də əlavə
inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.
23.3.
Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas
və əlavə tənbeh tətbiq edilə bilər.
Maddə 24. Xəbərdarlıq
24.1. Xəbərdarlıq
inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin
yolverilməzliyi barədə şəxslərə edilən
rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq
yazılı formada edilir.
24.2. Xəbərdarlıq
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində
nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin
maddədə nəzərdə tutulmuş xətaya görə
şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb
olunur və xəta nəticəsində vurulmuş zərərin
əvəzi tam ödənilir.
Maddə 25. İnzibati cərimə
25.1.
İnzibati cərimə bu Məcəllədə nəzərdə
tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən təyin edilən və təqsirkar
şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul
məbləğidir.
25.2. İnzibati cərimə manatla və
ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:
25.2.1. inzibati xətanın başa
çatdığı və ya qarşısının
alındığı vaxt inzibati xətanın bilavasitə
obyekti olmuş predmetin dəyəri;
25.2.2. inzibati xəta
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) miqdarı;
25.2.3. inzibati xətanın başa
çatdığı və ya onun qarşısının
alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş
ödənişlərin, vergilərin məbləği.
25.3. İnzibati xətalara görə Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və
konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr
həmin nümayəndəlik və konsulluqların yerləşdiyi
xarici ölkənin valyutası ilə tutulur.
25.4. Manatla hesablanan və inzibati xətaya
görə fiziki şəxsdən alınan inzibati cərimənin
məbləği beş min manatdan, vəzifəli şəxsdən
alınan inzibati cərimənin məbləği on min
manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin
məbləği əlli min manatdan artıq ola bilməz.
25.5.
İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri
ilə ölçülən cərimənin məbləği həmin
predmetin dəyərinin yüz faizindən, ödənilməmiş
ödənişlərin, vergilərin məbləği ilə
ölçülən cərimənin məbləği isə həmin ödənişlərin,
vergilərin yüz əlli faizindən artıq ola bilməz.
25.6.
İnzibati xəta nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
miqdarı ilə ölçülən cərimənin
məbləği həmin
ziyanın (əldə edilmiş gəlirin) on mislindən
artıq ola bilməz.
25.7. Bu Məcəllənin
116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda
inzibati cərimə şərti olaraq tətbiq edilir.
25.8.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə
Azərbaycan Respublikasının dövlət büdcəsinə
ödənilir.
Maddə 26. İnzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi
26.1.
İnzibati xəta törətmiş şəxsin xüsusi
mülkiyyətində olan, inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin müsadirəsi bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda
həmin predmetin məcburi qaydada və ödənişsiz
dövlətin mülkiyyətinə keçməsindən
ibarətdir.
26.2.
İnzibati xətanın törədilməsində alət və
ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi yalnız hakim tərəfindən tətbiq
edilir.
26.3.
Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu
silahı, döyüş sursatı və digər ov alətləri
müsadirə edilə bilməz.
26.4.
Müsadirənin tətbiqi qaydası bu Məcəllə ilə
müəyyən edilir.
Maddə 27. Fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması
27.1. Fiziki şəxs
ona verilmiş xüsusi hüquqdan istifadə
qaydasını kobud şəkildə və ya müntəzəm
pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək
müddətə məhdudlaşdırılır.
27.2. Bu Məcəllənin
327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması
yalnız hakim tərəfindən tətbiq edilir.
27.3.
Bu Məcəllənin 327.8,
333, 342.8 və 343-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən
əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin
nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla
bilməz.
27.4.
Bu Məcəllənin 327.7-ci
maddəsində göstərilən balla qiymətləndirilən
xətaların yol verilməsinə görə
sürücülər bir il ərzində 20 və daha
çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən
onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır.
27.5.
Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin
ov hüququ məhdudlaşdırıla bilməz.
Maddə 28. İctimai işlər
28.1. İctimai işlər, barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxsin əsas işindən və ya təhsilindən
asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin
xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən
ibarətdir. Belə işlərin növləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
28.2. İctimai işlər yalnız
hakim tərəfindən tətbiq edilir.
28.3. İctimai işlər altmış
saatdan iki yüz qırx saatadək müddətə müəyyən
edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
28.4. İctimai işlər
aşağıdakı şəxslərə tətbiq oluna
bilməz:
28.4.1. birinci və ikinci qrup əlillərə,
sağlamlıq imkanları məhdud uşaqlara;
28.4.2. hamilə qadınlara;
28.4.3. himayəsində səkkiz
yaşınadək uşağı olan qadınlara;
28.4.4. səkkiz yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilərə;
28.4.5. pensiya yaşına
çatmış qadın və kişilərə;
28.4.6. hərbi xidmətə
çağırış üzrə müddətli həqiqi
hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantlarına.
Maddə 29. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma
29.1. Bu Məcəllənin Xüsusi hissəsində
nəzərdə tutulmuş hallarda əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər
barəsində Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq
edilir.
29.2. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma hakim və ya səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən tətbiq edilir.
29.3. Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada
çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmək
hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılır.
29.4. Qaçqın statusuna malik olan və
ya Azərbaycan Respublikası tərəfindən siyasi
sığınacaq verilən şəxslər, habelə insan
alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma tətbiq edilmir.
29.5. İnsan alverindən zərər
çəkmiş hesab olunan əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər barəsində 1 il müddətində,
cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
barəsində isə cinayət təqibi başa çatanadək
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma tətbiq edilmir.
Maddə 30. İnzibati həbs
30.1.
İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların
ayrı-ayrı növlərinə görə üç ay müddətinədək
hakim tərəfindən tətbiq
edilir.
30.2.
Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək
uşağı olan qadınlar, on dörd yaşına
çatmamış uşağını təkbaşına
böyüdən kişilər, on səkkiz
yaşına çatmayan şəxslər, birinci və ya
ikinci qrup əlillər,
sağlamlıq imkanları məhdud uşaqlar,
altmış yaşına çatmış qadınlar və
altmış beş yaşına çatmış kişilər,
həmçinin hərbi qulluqçular, o cümlədən
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantları barəsində inzibati həbs tətbiq edilə
bilməz.
30.3.
İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə
daxil edilir.
İnzibati tənbeh tətbiq
etmə
Maddə 31. İnzibati tənbeh tətbiq
etmənin ümumi qaydaları
31.1.
İnzibati xətaya görə tənbeh bu Məcəlləyə
uyğun olaraq tətbiq edilir.
31.2.
Fiziki və ya vəzifəli şəxslər barəsində
inzibati tənbeh tətbiq edilərkən, xətanın
xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini
xarakretizə edən hallar, onun təqsirinin
dərəcəsi, əmlak vəziyyəti,
habelə məsuliyyəti yüngülləşdirən və
ağırlaşdıran hallar nəzərə alınır.
31.3. Hüquqi şəxslər barəsində
inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın
xarakteri, inzibati
xəta nəticəsində hüquqi şəxsin əldə
etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin
edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi
xarakterizə edən hallar, o cümlədən onun maliyyə və
əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər
ictimai faydalı fəaliyyətlə məşğul
olması, habelə məsuliyyəti
yüngülləşdirən və
ağırlaşdıran hallar nəzərə alınır.
31.4.
Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın
törədilməsinə görə müəyyən edilən
inzibati tənbehin yalnız yuxarı həddi müəyyən
edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin
üçdə birindən az ola bilməz.
31.5.
İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə
səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən
şəxsi azad etmir.
Maddə 32. İnzibati xətaya görə
məsuliyyəti yüngülləşdirən hallar
32.1.
İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti
yüngülləşdirən hallar aşağıdakılar
hesab edilir:
32.1.1.
inzibati xəta törətmiş şəxsin səmimi
peşmançılığı;
32.1.2.
inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilməsi;
32.1.3.
inzibati xətanın hamilə qadın və ya himayəsində
azyaşlı uşağı olan qadın tərəfindən
törədilməsi;
32.1.4. inzibati xətanın
fiziki və ya psixi məcburiyyət təsiri altında,
yaxud maddi, xidməti və ya sair cəhətdən
asılılıq nəticəsində törədilməsi;
32.1.5. inzibati xətanın
zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə
ilə müəyyən edilmiş şərtlərini pozmaqla
törədilməsi;
32.1.6. inzibati xətanın
zərər çəkmiş şəxsin qanunsuz və
ya əxlaqsız hərəkətlərinin təsiri
altında və ya bu hərəkətlər nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan
(affekt) vəziyyətində törədilməsi;
32.1.7.
törədilmiş inzibati xətanın zərərli nəticələrinin
inzibati xəta törətmiş şəxs tərəfindən
aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin
könüllü surətdə ödənilməsi.
32.2. İnzibati tənbeh tətbiq
edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində
göstərilməmiş başqa hallar da hakim tərəfindən
məsuliyyəti
yüngülləşdirən hal qismində nəzərə
alına bilər.
32.3. Bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
yüngülləşdirən hal, inzibati tənbeh tətbiq
edilərkən təkrar nəzərə alına bilməz.
Maddə 33. İnzibati xətaya görə
məsuliyyəti ağırlaşdıran hallar
33.1.
İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti
ağırlaşdıran hallar aşağıdakılar hesab
edilir:
33.1.1.
səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti
dayandırmağı tələb etdiklərinə baxmayaraq,
bu hərəkətin davam etdirilməsi;
33.1.2.
inzibati xətaya görə inzibati tənbeh almış şəxsin
eyni xətanı inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törətməsi;
33.1.3. yetkinlik yaşına çatmayanların inzibati
xəta törətməyə cəlb edilməsi;
33.1.4. inzibati xətanın
yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi;
33.1.5.
inzibati xətanın bir qrup şəxs tərəfindən
törədilməsi;
33.1.6.
inzibati xətanın təbii fəlakət şəraitində
və ya başqa fövqəladə şəraitdə törədilməsi;
33.1.7.
inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən
törədilməsi.
33.2. İnzibati tənbeh tətbiq
edilərkən bu Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində
göstərilməmiş hallar cəzanı
ağırlaşdıran hal qismində nəzərə
alına bilməz.
33.3. Bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta
tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti
ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən
təkrar nəzərə alına bilməz.
Maddə 34. Bir neçə inzibati xəta
törədildikdə, inzibati tənbeh tətbiq etmə
34.1.
Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə,
onun barəsində hər bir inzibati xətaya görə
ayrılıqda inzibati tənbeh tətbiq edilir.
34.2. Şəxsin eyni və ya müxtəlif
vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair
işlərə baxılması eyni orqanın səlahiyyətinə
aiddirsə, həmin işlərə eyni vaxtda
baxılmalıdır.
34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri
(hərəkətsizliyi) ilə törətdiyi bir neçə
inzibati xətaya dair işlərə baxılması eyni
orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs
daha ciddi xətaya görə müəyyən edilmiş
sanksiya çərçivəsində tənbeh edilir. Bu halda
törədilmiş xətalardan hər hansı birinə
görə nəzərdə tutulmuş əlavə tənbehlərdən
biri əsas tənbehə əlavə edilə bilər.
34.4. Şəxsin müxtəlif vaxtlarda
öz hərəkətləri (hərəkətsizliyi) ilə
törətdiyi bir neçə inzibati xətaya dair işlərə
baxılması eyni orqanın səlahiyyətinə aiddirsə,
barəsində inzibati icraat aparılan şəxsə tətbiq
olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və
30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən
artıq ola bilməz.
Maddə 35. Şəxsin inzibati məsuliyyətə
cəlb edilməmiş sayılması üçün tələb
olunan müddət
Barəsində
inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin
icrasını bitirdiyi gündən etibarən bir il ərzində
yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə
cəlb edilməmiş hesab olunur.
Maddə 36. Vurulmuş zərərin əvəzinin
ödənilməsi
36.1.
İnzibati xəta haqqında işə baxarkən,
vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi
barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə
eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi
barədə məsələyə də baxa bilər.
36.2.
İnzibati xəta haqqında işə baxarkən,
vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi
barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq
etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin
ödənilməsi barədə məsələyə
yalnız hakim baxa bilər.
36.3.
İnzibati xəta nəticəsində vurulmuş mənəvi
zərərin əvəzinin ödənilməsi məsələsi
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə
uyğun olaraq həll edilir.
Maddə 37.
İnzibati həbs nəzərdə tutan inzibati xəta
törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı
olan şəxslərin məcburi müalicəyə cəlb
olunması
37.1. İnzibati həbs nəzərdə
tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh
növü tətbiq edilərkən məhkəmə tərəfindən
onlara məcburi müalicə təyin edilir və inzibati həbs
növündə inzibati tənbeh çəkilib
qurtardıqdan sonra icra olunur.
37.2. Məcburi müalicənin tətbiq
edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində
göstərilən şəxslərin
müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin
yaxşılaşdırılmasından,
ixtisaslaşdırılmış tibbi yardım və sosial
qayğı göstərməklə onların normal həyat
tərzinə qaytarılmasından, gələcəkdə həmin
şəxslərin insan psixikasına təsir göstərən
maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar
törətməsinin qarşısının
alınmasından ibarətdir.
37.3. Barəsində inzibati həbs tənbeh
növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama
nəticəsinə əsasən narkomaniyadan məcburi
müalicə təyin edilmiş şəxslər inzibati həbs
tənbeh növünü çəkib qurtardıqdan sonra
müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan
ixtisaslaşdırılmış tibb müəssisəsində
müalicə olunurlar.
37.4. Şəxs barəsində
narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə
bu barədə qanuni qüvvəyə minmiş qərarının
surətini icra olunması üçün
ixtisaslaşdırılmış tibb müəssisəsinə,
habelə məcburi müalicənin icrasına nəzarət
edilməsi üçün icra məmuruna göndərir.
37.5. Barəsində
narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs
inzibati həbs müddətinin başa çatdığı
gün inzibati həbs yerinin nümayəndəsinin
müşayiəti ilə məcburi müalicənin həyata
keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə
təhvil verilir.
37.6.
İxtisaslaşdırılmış tibb müəssisələrində
məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi şərtlərə və qaydalara uyğun
aparılır.
37.7.
İxtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicə barədə məhkəmə qərarının
tələblərinin yerinə yetirilməsinə icra məmuru
tərəfindən nəzarət edilir.
37.8
İxtisaslaşdırılmış tibb müəssisəsində
məcburi müalicədə olan şəxsin məcburi
müalicədən vaxtından əvvəl azad edilməsi və
məcburi müalicə müddətinin uzadılması
“Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət
komissiyasının rəyi nəzərə alınmaqla,
müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin
qərarı əsasında həyata keçirilir.
İnzibati məsuliyyətdən
azad etmə
Maddə 38. Müddətin keçməsi
ilə bağlı inzibati məsuliyyətdən azad etmə
38.1.
İnzibati tənbeh inzibati xətanın törədildiyi
gündən ən geci üç ay keçənədək
verilə bilər. Yol hərəkəti qaydaları, gömrük
qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya
nümayəndəliklərinin fəaliyyət göstərməsi
qaydaları, qrant müqavilələrinin (qərarlarının)
qeydə alınması qaydaları, eləcə də
maliyyə, vergilərin və rüsumların ödənilməsi
qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə
hüquqi şəxslərin dövlət reyestri
üçün zəruri məlumatların verilməməsinə,
qeyri-hökumət təşkilatları haqqında və cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin
pozulmasına görə
inzibati tənbeh inzibati xətanın törədildiyi gündən
ən geci bir il keçənədək verilə bilər.
38.2.
Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə
tutulan müddətlər davam edən inzibati xətalara
münasibətdə xətanın aşkara
çıxarıldığı gündən hesablanır.
38.3.
Cinayət işinin başlanması rədd edildikdə və
ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində
inzibati xəta tərkibinin bütün əlamətləri
olduqda, inzibati tənbeh cinayət işinin
başlanmasının rədd edilməsi və ya ona xitam
verilməsi haqqında qərar qəbul edildiyi gündən ən
geci üç ay keçənədək verilə bilər.
38.4. On altı yaşından on səkkiz
yaşınadək olan yetkinlik yaşına çatmayanın
törətdiyi inzibati xəta haqqında iş yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən
Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”
ilə müəyyən
edilmiş qaydada müvafiq dövlət orqanına
qaytarıldıqda, inzibati tənbeh həmin iş
qaytarıldığı gündən ən geci üç
ay keçənədək verilə bilər.
38.5. İnzibati xəta
törətmiş şəxs qaçıb gizlənərsə,
müddətin axımı dayanır. Bu halda müddətin
axımı, həmin şəxsin aşkarlandığı
vaxtdan bərpa olunur. Lakin inzibati xətanın
törədildiyi vaxtdan iki il keçərsə,
qaçıb gizlənən şəxs inzibati məsuliyyətə
cəlb oluna bilməz.
38.6. Bu Məcəllənin
122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta
haqqında elektron protokol inzibati xətanın törədildiyi
gündən bir ay müddətində hər bir nəqliyyat
vasitəsinin istifadəçisi üçün internet
informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə,
şəxs inzibati məsuliyyətə
cəlb oluna bilməz.
Maddə 39. Zərər çəkmiş şəxslə
barışmaqla bağlı inzibati məsuliyyətdən azad
etmə
Bu Məcəllənin 157 və
158-ci maddələrində nəzərdə tutulmuş
inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər
çəkmiş şəxsin ərizəsinə əsasən
başlanır, zərər çəkmiş şəxslə
barəsində inzibati icraat aparılan şəxs
barışdıqda isə həmin iş üzrə icraata
xitam verilir.
İnzibati
xətalar haqqında işlərə baxmaq səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər)
Əsas
qaydalar
Maddə 40. İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər)
40.0.
İnzibati xətalar haqqında işlərə:
40.0.1.
rayon (şəhər) məhkəmələri;
40.0.2.
yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
(kollegial orqan);
40.0.3.
müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi
Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti
(vəzifəli şəxslər) baxırlar.
Maddə 41. Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar
Bu Məcəllənin 189.1, 189.3, 189.4,
512 və 522-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalara dair işlərə baxan yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə
komissiyaların (kollegial orqanın) yaradılması və fəaliyyət
qaydası Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli
336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik
yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə” ilə müəyyən olunur.
Maddə 42. Vəzifəli şəxslərin
səlahiyyəti
42.1. İnzibati
xətalar haqqında işlərə baxmağa səlahiyyəti
olan vəzifəli şəxslər bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati
tənbehləri yalnız xidməti vəzifələrinin
icrası zamanı tətbiq edə bilərlər.
42.2. İnzibati xətalar
haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə
tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli
şəxslərin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
İnzibati
xətalar haqqında işlərin aidiyyəti
Maddə 43. Rayon (şəhər) məhkəmələrinin
aidiyyəti
43.1. Rayon
(şəhər) məhkəmələri bu Məcəllənin
157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 229, 249, 251.3,
262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3,
296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6,
338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.4, 361, 363,
368 - 379, 381 - 383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 412, 413,
428.7, 428.10, 431, 432.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 459.1,
459.2, 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin
icbari sığortasına münasibətdə), 479 - 481,
482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523,
525 - 535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2,
567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 (monitorinqdə
iştirak edən digər şəxslərə münasibətdə),
599 - 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
baxırlar.
43.2. Bu Məcəllənin 54.2-ci maddəsində
nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon
(şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar haqqında işlər
üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
43.3. Bu Məcəllənin 43.1-ci
maddəsində göstərilən inzibati xətalar
haqqında işlərə baxmaq hüququ müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli
orqanlara (vəzifəli şəxslərə) aid edildikdə,
icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati xətanın
xarakterini, inzibati xəta törədənin şəxsiyyətini,
onun təqsirinin dərəcəsini, məsuliyyəti
ağırlaşdıran halların və müsadirə
olunmalı malların mövcudluğunu nəzərə
alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında
nəzərdə tutulan xəbərdarlıq və ya cərimə
inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh
tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq
üçün məhkəməyə göndərir.
43.4. Bu Məcəllənin
43.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətaları hərbi qulluqçular və
toplanışa çağırılmış hərbi vəzifəlilər
törətdikdə, inzibati xətalar haqqında işlərə
hərbi məhkəmələr baxır.
Maddə 44. Müvafiq icra hakimiyyəti
orqanlarının aidiyyəti
Bu Məcəllənin
40, 41 və 43-cü maddələrində
göstərilən hallardan başqa, bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş digər
inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar.
Səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər) tərəfindən
baxılmış inzibati xətalar haqqında işlər barədə
elektron informasiya sistemləri və ehtiyatları
Maddə 45. Baxılmış inzibati xətalar
haqqında işlər barədə elektron informasiya sistemləri
və ehtiyatları
45.1. Törədilmiş
inzibati xətalar və həmin xətaları törətmiş
şəxslər barədə məlumatların uçotu,
sistemləşdirilməsi və saxlanılması məqsədi
ilə inzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
baxdığı inzibati xətalar haqqında işlər barədə elektron
informasiya sistemlərini (ehtiyatlarını) (bundan sonra –
informasiya ehtiyatı) yaradır və həmin informasiya
ehtiyatlarının fəaliyyətini təmin edir.
45.2. İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti
olan orqanlar (vəzifəli şəxslər) inzibati xəta
haqqında iş üzrə qərarın qüvvəyə
mindiyi gün aşağıdakı məlumatların informasiya
ehtiyatına daxil edilməsini təmin etməlidir:
45.2.1. inzibati xəta
törətmiş şəxs haqqında məlumat (soyadı,
adı, atasının adı, fərdi identifikasiya nömrəsi,
vətəndaşlığı, doğum tarixi, yaşayış
yeri);
45.2.2. inzibati xətanın törədildiyi
yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzibati xətaya görə məsuliyyət
nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
45.2.4. inzibati
xətanın törədilməsi nəticəsində şəxsin
sağlamlığına yüngül zərər
vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə,
bu hallar barədə qeydlər;
45.2.5. inzibati xəta
haqqında
işin baxılması tarixi və yeri;
45.2.6. inzibati xəta
haqqında iş üzrə qərarı çıxarmış
hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı,
adı, atasının adı, kollegial orqanın adı və
tərkibi;
45.2.7. inzibati xəta
haqqında iş üzrə qərarın tarixi və nömrəsi;
45.2.8. tətbiq
edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9. tətbiq
edilmiş inzibati tənbehin icrası barədə məlumat;
45.2.10. inzibati xəta haqqında
iş üzrə icraat üçün zəruri olan digər
məlumatlar.
Maddə 46. İnformasiya
ehtiyatının açıqlığı
46.1. Barəsində
inzibati tənbeh tətbiq edilmiş şəxsə informasiya
ehtiyatında onun haqqında olan məlumatı əks etdirən
çıxarış həmin şəxsin yazılı və
ya elektron müraciəti əsasında bir iş günü
müddətində verilir.
46.2. Qanunda nəzərdə
tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə
əlaqədar dövlət orqanlarına informasiya
ehtiyatının məlumatları əsaslandırılmış
yazılı sorğular əsasında verilir.
Maddə 47. İnformasiya
ehtiyatında olan məlumatların mühafizəsi
47.1. İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər) informasiya
ehtiyatında olan məlumatlardan
yalnız öz xidməti vəzifələrinin yerinə
yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.
47.2. İnzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər) informasiya
ehtiyatında olan məlumatların
mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin
46-cı maddəsində və digər qanunlarda müəyyənləşdirilmiş
hallar istisna edilməklə, həmin məlumatlar
açıqlana bilməz.
47.3. İnformasiya
ehtiyatında olan məlumatlar beş il müddətində
saxlanılır.
İnzibati
xətalar haqqında işlər üzrə icraat
Ümumi
müddəalar
Maddə 48. İnzibati xətalar
haqqında işlər üzrə icraatın vəzifələri
İnzibati
xətalar haqqında işlər üzrə icraatın vəzifələri
şəxslərin hüquqlarını və
azadlıqlarını, onların qanuni mənafelərini
qorumaqdan, inzibati xəta haqqında hər bir işin
hallarını vaxtında, hərtərəfli, tam və
obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta
törətmiş şəxsi aşkar etməkdən və
onu inzibati məsuliyyətə cəlb etməkdən,
çıxarılmış qərarın icrasını təmin
etməkdən, habelə inzibati xətanın törədilməsinə
kömək edən səbəbləri və şəraiti
aşkar etməkdən və inzibati xətaların
qarşısını almaqdan ibarətdir.
Maddə 49. İnzibati xətalar
haqqında işlər üzrə icraatın
aparıldığı dil
49.1.
Azərbaycan Respublikasında inzibati xətalar haqqında
işlər üzrə icraat Azərbaycan dilində, yaxud
müəyyən ərazidəki əhalinin çoxluq təşkil
edən hissəsinin dilində aparılır.
49.2.
İşdə iştirak edən, inzibati xətalar haqqında
işlər üzrə icraatın aparıldığı
dili bilməyən şəxslər ana dilində və ya
bildiyi hər hansı başqa dildə məlumat, izahatlar,
şikayət və ya vəsatət vermək hüququ ilə,
habelə bu Məcəllə ilə müəyyən
edilmiş qaydada tərcüməçinin xidmətlərindən
istifadə etmək hüququ ilə təmin olunurlar.
Maddə 50. İnzibati xətalar
haqqında işlərə açıq baxılması
50.1. Dövlət və ya kommersiya sirrinin, şəxsi və ailə sirlərinin, yaxud
qanunla qorunan digər sirlərin
yayılmasına gətirib çıxara bilən hallar, həmçinin
inzibati xətalar haqqında işlər üzrə icraatda
iştirak edən şəxslərin, onların yaxın
qohumlarının təhlükəsizliyinin təmin edilməsi
halları istisna olmaqla, inzibati xətalar haqqında işlərə
açıq baxılır.
50.2.
İnzibati xətalar haqqında işlərin qapalı
baxılmasına zərurət olduğu halda, bu barədə
qərardad qəbul edilir.
Maddə 51. İnzibati xəta
haqqında iş üzrə məlumatların
yayılmasının yolverilməzliyi
51.1.
İnzibati xəta haqqında iş üzrə məlumatlar
yalnız icraatında inzibati xəta haqqında iş olan
hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin),
belə məlumatlar zərər çəkmiş şəxsin
şəxsi maraqlarına toxunduqda isə, habelə zərər
çəkmiş şəxsin icazəsi ilə və
onların mümkün hesab etdiyi həcmdə elan oluna bilər.
51.2.
İnzibati xəta haqqında iş üzrə icraat zamanı
foto və ya video çəkiliş, yaxud səsyazma
aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin
və zərər çəkmiş şəxsin
razılığı olmadan həmin foto və ya video çəkiliş,
yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində
yayımlana bilməz.
Maddə 52. Vəsatətlər
52.1.
İnzibati xətalar haqqında işlər üzrə
icraatda iştirak edən şəxslər icraatında həmin
işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) baxılması məcburi sayılan vəsatət
vermək hüququna malikdirlər.
52.2. Vəsatət
yazılı formada verilir və ona dərhal
baxılmalıdır. Vəsatətin təmin olunmasından
imtina edildikdə, bu barədə qərardad qəbul edilir.
Maddə 53. İnzibati xətalar
haqqında işlər üzrə icraatı rədd edən
hallar
53.0. Aşağıdakı hallarda
inzibati xətalar haqqında işlər üzrə icraat
başlanıla bilməz, başlanmış icraata isə
xitam verilir:
53.0.1.
inzibati xəta hadisəsi olmadıqda;
53.0.2.
inzibati xəta tərkibi olmadıqda;
53.0.3.
şəxs son zərurət vəziyyətində hərəkət
etdikdə;
53.0.4.
şəxs zəruri müdafiə vəziyyətində hərəkət
etdikdə;
53.0.5.
inzibati məsuliyyət müəyyən edən normativ
hüquqi akt ləğv olunduqda;
53.0.6.
bu Məcəllənin 38-ci maddəsində nəzərdə
tutulmuş müddətlər başa çatdıqda;
53.0.7.
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati
tənbeh etmək haqqında hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarı olduqda,
yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində
ləğv edilməmiş qərar olduqda, habelə həmin
fakt üzrə cinayət işi başlamaq haqqında qərar
olduqda;
53.0.8.
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs öldükdə;
53.0.9.
Bu Məcəllənin 157
və 158-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətanı törətmiş şəxs
zərər çəkmiş şəxslə
barışdıqda.
Maddə 54. İnzibati xətalar
haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti
54.1.
Prokuror inzibati xətalar haqqında işlər üzrə
icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq
üçün vaxtında tədbirlər görür və
inzibati xətalar haqqında işlər üzrə
icraatın aparılmasında Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının tətbiqinə
və icrasına prokuror nəzarətini həyata keçirir.
54.2. Bu Məcəllənin
191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 531, 558.2, 558.3, 559, 563.2, 567, 568,
569, 573, 595.2, 596, 601
və 606.1-ci maddələrində
nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar prokuror tərəfindən
qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə
əsasən digər inzibati xətalar haqqında işlər üzrə
də icraatın başlanması haqqında qərar qəbul
etmək hüququna malikdir.
54.3.
Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin
baxılmasında iştirak etmək, işin baxılması
zamanı baş verən məsələlər üzrə rəy
və ya vəsatət vermək, inzibati xəta haqqında
iş üzrə qəbul edilən qərardan və ya qərardaddan
protest vermək hüququna malikdir.
54.4.
Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində
nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün
müddətində inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar və ya inzibati
xəta haqqında işin başlanmasının rədd edilməsi
haqqında əsaslandırılmış qərardad qəbul
edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə
göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə
şikayət verilə bilər.
54.5.
İnzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərarda bu Məcəllənin
100-cü maddəsində olan məlumatlar göstərilir. Bu
Məcəllənin 102.2-ci maddəsində nəzərdə
tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər
üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin
103-cü maddəsində müəyyən edilmiş müddətdə
baxılması üçün hakimə və ya səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilir.
54.6.
Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar
haqqında, habelə öz təşəbbüsü ilə
başlanmış inzibati xətalar haqqında işlərin
baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin
işə prokurorun iştirakı olmadan yalnız o hallarda
baxıla bilər ki, işə baxılmasının yeri və
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat
olsun və ya işə baxılmasını təxirə
salmaq haqqında ondan vəsatət daxil olmasın.
Maddə 55. İnzibati xətalar
haqqında işlər üzrə məsrəflər
55.1.
İnzibati xətalar haqqında işlər üzrə məsrəflər:
55.1.1.
zərər
çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə,
mütəxəssislərə və tərcüməçilərə
verilmiş məbləğlərdən;
55.1.2.
maddi sübutların saxlanılmasına, göndərilməsinə
(daşınmasına) və tədqiq edilməsinə xərclənən
məbləğlərdən ibarətdir.
55.2.
Fiziki şəxslər barəsində inzibati xətalar
haqqında işlər üzrə məsrəflər dövlət
hesabına ödənilir. Hüquqi şəxslər barəsində
inzibati xətalar haqqında işlər üzrə məsrəflər
isə həmin şəxslərin üzərinə qoyulur.
55.3.
İnzibati xətalar haqqında işlər üzrə məsrəflərin
məbləği məsrəflərə aid olan çəkilmiş
xərcləri təsdiq edən işə əlavə
edilmiş sənədlər əsasında müəyyən
edilir.
55.4. Məsrəflər
haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq
edilməsi və ya inzibati xəta haqqında iş üzrə
icraata xitam verilməsi haqqında qərarda göstərilir.
Maddə 56. Zərər çəkmişlərə,
şahidlərə, onların qanuni nümayəndələrinə,
ekspertlərə
və tərcüməçilərə ödənilməli
məbləğ
56.1.
İcraatında inzibati xəta haqqında iş olan hakimin
yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin
yanına) gəlməklə əlaqədar olaraq zərər
çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin
və hal şahidlərinin çəkdikləri xərclər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada ödənilir.
56.2.
İcraatında inzibati xəta haqqında iş olan hakimin
yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin
yanına) zərər çəkmiş, şahid, ekspert, onların qanuni nümayəndələri, mütəxəssis, tərcüməçi
və hal şahidləri kimi çağırılan şəxslərin
işdə olmadıqları müddət ərzində iş
yerində onların əməkhaqqı saxlanılır.
56.3.
Mütəxəssisin, ekspertin və tərcüməçinin
əməyi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada ödənilir.
Maddə 57. İnzibati xətalar
haqqında işlər üzrə sənədlərin rəsmi
qaydada verilməsi
57.1. İnzibati xətalar haqqında
işlər üzrə icraatın
iştirakçılarına bu Məcəllədə müəyyən
edilmiş hallarda inzibati xətalar haqqında işlər
üzrə sənədlər (qərarlar, qərardadlar,
protokollar, bildirişlər) hakim və ya səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt göndərişi
ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli
şəxs tərəfindən şəxsən verilir.
Sifarişli poçt göndərişi - göndərilmək
üçün qəbul olunduğuna dair istifadəçiyə
qəbz verilməsi, çatdırılarkən isə
ünvan sahibinin müvafiq sənədi imzalaması tələb
olunan poçt göndərişidir. Sənədin
çatdırılmasını hakim məhkəmə
işçisinə, səlahiyyətli orqan isə müvafiq
orqanın əməkdaşına tapşıra bilər.
57.2. Sənəd onu göndərən
hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə)
qaytarılmalı olan qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə, ünvan sahibinə
rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli
şəxs), yaxud sənədin çatdırılması
tapşırılmış şəxslər tərəfindən
şəxsən verilir. Hüquqi şəxsə
ünvanlanmış sənəd müvafiq vəzifəli
şəxsə qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə verilir.
57.3. Sənədi çatdırmalı
olan şəxs ünvan sahibini onun yaşadığı,
yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd
ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərindən
birinə (onların razılığı ilə), onlar
olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə
yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti
orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir.
Ünvan sahibinin əvəzinə sənədi qəbul
etmiş şəxs qəbzdə və ya sənədin
kötüyündə öz soyadını, adını,
atasının adını, ünvan sahibinə münasibətini
və ya tutduğu vəzifəni göstərməli və
imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.
57.4. Sənədi çatdırmalı
olan rabitə orqanı, yaxud sənədin
çatdırılması tapşırılmış şəxs
bu işi sənədi aldığı tarixdən sonrakı
gündən gec olmayaraq yerinə yetirməli və sənədi
çatdırdığı barədə bir gün müddətində
müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) xəbər verməlidir.
57.5. İnzibati xəta haqqında iş
üzrə sənəd aşağıdakı hallarda rəsmi
qaydada verilmiş hesab edilir:
57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində
nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən
verildiyi vaxtdan;
57.5.2. bu Məcəllənin 57.3-cü
maddəsində nəzərdə tutulmuş hallarda:
57.5.2.1. ünvan sahibi ilə birlikdə
yaşayan yetkinlik yaşına çatmış ailə
üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
57.5.2.2. sənədin
çatdırılması tapşırılmış digər
şəxslər sənədin çatdırılması barədə
müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) xəbər verdiyi vaxtdan;
57.5.3. bu Məcəllənin 97.4-cü
maddəsində nəzərdə tutulmuş halda nəqliyyat
vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
Maddə 58. Qəbzin məzmunu
58.0. Bu Məcəllənin 57.2-ci maddəsində
nəzərdə tutulmuş qəbzdə
aşağıdakılar göstərilməlidir:
58.0.1. inzibati xəta haqqında iş
üzrə sənədi göndərən orqanın adı və
ünvanı;
58.0.2. sənədin verilməli
olduğu şəxsin soyadı, adı, atasının adı
və ya hüquqi şəxsin adı və yerləşdiyi
ünvan;
58.0.3. verilən sənədin adı;
58.0.4. verilmənin vaxtı (tarix və
saat) və yeri;
58.0.5. sənədin verilməməsinin
səbəbləri (göstərilən ünvanda olmama, səhv
ünvan və sair);
58.0.6. sənədin verildiyi şəxs;
58.0.7. sənədin
çatdırılması tapşırılmış şəxsin,
yaxud rabitə orqanı nümayəndəsinin imzası.
Maddə 59. İnzibati xəta
haqqında iş üzrə sənədi qəbul etməkdən
imtina
59.1. Ünvan sahibi və ya onunla birlikdə
yaşayan yetkinlik yaşına çatmış ailə
üzvləri inzibati xəta haqqında işlər üzrə
sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim
edən şəxs sənəddə müvafiq qeydlər
etdikdən sonra həmin sənədi onu göndərən
hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə)
qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə
sənəd rəsmi qaydada verilmiş hesab olunur.
59.2. İnzibati xəta haqqında iş
üzrə sənədin ünvan sahibi tərəfindən qəbul
edilməsindən imtina barədə qeyd onun yaşayış
yeri üzrə yerli özünüidarə orqanı,
müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin
müdiriyyəti tərəfindən təsdiq edilir.
59.3. İnzibati xəta haqqında iş
üzrə sənədin ünvanlandığı şəxs
tərəfindən həmin sənədi qəbul etməkdən
imtina edilməsi işə baxılması və ya
ayrı-ayrı prosessual hərəkətlərin həyata
keçirilməsi üçün maneə deyildir.
Maddə 60. Bildirişlər
60.1. Hakim və ya səlahiyyətli orqan
(vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati
xətalar haqqında işlər üzrə icraatın
iştirakçılarını işə
baxılmasının vaxtı və yeri, habelə
ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar
edir, onları işə baxılmasında və ya digər
prosessual hərəkətlərin həyata keçirilməsində
iştirak etmək üçün çağırırlar.
60.2. Bildirişdə
aşağıdakılar göstərilməlidir:
60.2.1. məhkəmənin və ya səlahiyyətli
orqanın (vəzifəli şəxsin) adı, ünvanı və
əlaqə üçün məlumatlar (telefon, faks, elektron
poçt ünvanı və sair);
60.2.2. gəlmə vaxtı (tarix və
saat) və yeri;
60.2.3. xəbər verilən, yaxud məhkəməyə,
səlahiyyətli orqana çağırılan şəxsin
soyadı, adı, atasının adı və ya hüquqi
şəxsin adı;
60.2.4. xəbər verilən, yaxud məhkəməyə,
səlahiyyətli orqana çağırılan şəxsin
ünvanı və ya hüquqi şəxsin yerləşdiyi
ünvan;
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar
edilməsi və ya çağırılması;
60.2.6. ünvan sahibinin xəbərdar
edildiyi, yaxud çağırıldığı işin
adı;
60.2.7. işdə iştirak edən
şəxslərə iş üzrə onlarda olan
bütün sübutların təqdim edilməsinə dair təklif;
60.2.8. ünvan sahibinin
olmadığı təqdirdə, bildirişi qəbul edən
şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə
dair qeyd;
60.2.9. bildirişi qəbul etməkdən
imtinaya və ya onun ünvan sahibinə
çatdırmamasına görə bu Məcəllənin
531-ci maddəsində məsuliyyət nəzərdə
tutulduğu barədə qeyd;
60.2.10. xəbər verilən və ya
çağırılan şəxsin məhkəməyə
və ya səlahiyyətli orqana gəlməməsinin nəticələri
və gəlməməsinin səbəbləri barədə məlumat
vermək vəzifəsinə dair qeyd.
60.3. İşdə iştirak edən
şəxslərin öz müdafiəsini hazırlamağa və
vaxtında gəlmələrinə imkan yaratmaq
üçün bildiriş onlara müvafiq prosessual hərəkətin
tarixinə ən azı 5 gün qalmış verilir.
60.4. Bildiriş bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş qaydada
göndərildikdən sonra inzibati xətalar haqqında işlər
üzrə icraatın iştirakçılarına
bildirişin məzmununun ötürülməsini təmin etməklə
internet, telefon və ya digər rabitə vasitələri ilə
də əlavə məlumat verilir.
İnzibati
xətalar haqqında işlər üzrə icraatın
iştirakçıları, onların hüquqları və vəzifələri
Maddə 61. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs
61.1.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin aşağıdakı
hüquqları vardır:
61.1.1.
inzibati xəta haqqında iş üzrə bütün
materiallarla tanış olmaq;
61.1.2.
izahat vermək;
61.1.3.
sübutlar təqdim etmək;
61.1.4.
vəsatət və etirazlar vermək;
61.1.5.
işə baxılarkən müdafiəçinin hüquqi
yardımından istifadə etmək;
61.1.6.
inzibati xəta haqqında iş üzrə icraatın təmin
edilməsi tədbirlərinin tətbiqindən və iş
üzrə qərardan şikayət vermək;
61.1.7.
ana dilində çıxış etmək və icraatın
aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin
xidmətlərindən pulsuz istifadə etmək;
61.1.8.
inzibati xəta hadisəsinin
baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
61.1.9.
yol hərəkəti
qaydaları əleyhinə törədilən inzibati xəta
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi,
inzibati xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın
törədildiyi anın fotoşəklini almaq.
61.2.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən
edilmiş digər hüquqlardan da istifadə edə bilər.
61.3.
İnzibati xəta haqqında işə barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin iştirakı ilə baxılır. Həmin
işə şəxsin iştirakı olmadan, yalnız o
hallarda baxılır ki, işə baxılmasının yeri və
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat
olsun və ya işə baxılmasını təxirə
salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə
vəsatət rədd edilmiş olsun.
61.4.
İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin iştirakını məcburi hesab edə bilər.
61.5.
İnzibati həbs, Azərbaycan
Respublikasının hüdudlarından kənara əcnəbiləri
və vətəndaşlığı olmayan şəxsləri
inzibati qaydada çıxarma və ya ictimai işlər
nəzərdə tutan inzibati xətalar haqqında işlərə
baxılarkən barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin iştirakı
məcburidir.
61.6.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılarkən işin hallarının müzakirəsi
yetkinlik yaşına çatmayanlara mənfi təsir göstərə
biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə
iştirakdan kənarlaşdırılırlar.
Maddə 62. Zərər çəkmiş
şəxs
62.1.
İnzibati xəta nəticəsində mənəvi, fiziki və
ya maddi zərər dəymiş şəxs zərər
çəkmiş şəxs sayılır.
62.2. Zərər
çəkmiş şəxsin aşağıdakı
hüquqları vardır:
62.2.1.
inzibati xəta haqqında iş üzrə bütün
materiallarla tanış olmaq;
62.2.2.
izahat vermək;
62.2.3.
sübutlar təqdim etmək;
62.2.4.
vəsatət və etirazlar vermək;
62.2.5.
hüquqi yardımdan istifadə etmək;
62.2.6.
iş üzrə qəbul edilmiş qərardan şikayət
vermək;
62.2.7.
ana dilində çıxış etmək və icraatın
aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin
xidmətlərindən pulsuz istifadə etmək;
62.2.8.
inzibati xəta hadisəsinin
baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
62.2.9.
yol hərəkəti
qaydaları əleyhinə törədilən inzibati xəta
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi,
inzibati xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın
törədildiyi anın fotoşəklini almaq.
62.3. Zərər
çəkmiş şəxs bu Məcəllə ilə
müəyyən edilmiş digər hüquqlardan da istifadə
edə bilər.
62.4.
İnzibati xətalar haqqında işlərə zərər
çəkmiş şəxsin iştirakı ilə
baxılır. Həmin şəxsin iştirakı olmadan
işə yalnız o hallarda baxıla bilər ki, işə
baxılmasının yeri və müddətinin ona vaxtında
bildirilməsi barədə məlumat olsun və ya işə
baxılmasını təxirə salmaq haqqında ondan vəsatət
daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş
olsun.
62.5. Zərər
çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində
nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual
edilə bilər.
Maddə 63. Fiziki şəxsin qanuni
nümayəndələri
63.1.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş
şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda
və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini
onların qanuni nümayəndələri təmsil edir.
63.2.
Valideynlər, övladlığa götürənlər,
himayəçilər və qəyyumlar fiziki şəxsin
qanuni nümayəndələri hesab olunurlar.
63.3.
Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən
şəxslərin qanuni nümayəndələri
olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat
aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq
və himayəçilik orqanını qanuni nümayəndə
hesab edir.
63.4.
Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq
edən sənədi hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) təqdim edir.
63.5.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin və ya zərər
çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil
etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə
tutulmuş hüquqlara malikdir və vəzifələri
daşıyır.
63.6.
On səkkiz yaşına çatmayan şəxslər barəsində
inzibati xətalar haqqında işlərə baxılarkən
həmin şəxsin qanuni nümayəndəsinin
iştirakı məcburidir.
Maddə 64. Hüquqi şəxsin
nümayəndəsi
64.1.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan və ya zərər çəkmiş olan
hüquqi şəxslərin hüquqlarının və qanuni
mənafelərinin müdafiəsi onların nümayəndələri
tərəfindən həyata keçirilir.
64.2.
Hüquqi şəxsin rəhbəri, habelə etibarnamə əsasında
hüquqi şəxsin mənafelərinin təmsil edilməsi
həvalə edilmiş digər şəxslər hüquqi
şəxslərin nümayəndələri hesab edilirlər.
Hüquqi şəxsin rəhbərinin səlahiyyəti onun
qulluq mövqeyini təsdiq edən sənədlə, hüquqi
şəxsin digər nümayəndələrinin səlahiyyəti
etibarnamə ilə müəyyən edilir.
64.3.
Hüquqi şəxs tərəfindən törədilmiş
inzibati xətalar haqqında işlərə hüquqi şəxsin
nümayəndəsinin və ya vəkilinin iştirakı ilə
baxılır. Həmin şəxslərin iştirakı
olmadan inzibati xəta haqqında işə yalnız o hallarda
baxıla bilər ki, işə baxılmasının yeri və
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat
olsun və ya işə baxılmasını təxirə
salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə
vəsatət rədd edilmiş olsun.
64.4.
İnzibati xətalar haqqında işlərə baxarkən
hakim hüquqi şəxsin nümayəndəsinin
iştirakını məcburi hesab edə bilər.
Maddə 65. Müdafiəçi və
nümayəndə
65.1.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə hüquqi yardım göstərmək
üçün inzibati xəta haqqında iş üzrə
icraata müdafiəçi, zərər çəkmiş
şəxsə hüquqi yardım göstərmək
üçün isə nümayəndə buraxılır.
65.2.
Müdafiəçi qismində və nümayəndə kimi
inzibati xəta haqqında iş üzrə icraatda vəkil və
ya digər şəxslər iştirak edə bilərlər.
65.3.
İnzibati xəta haqqında iş üzrə icraat
başlandığı vaxtdan müdafiəçi və
nümayəndə inzibati xətalar haqqında işlər
üzrə icraatda iştirak etməyə buraxılırlar.
Törədilmiş inzibati xətaya görə fiziki şəxs
barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda
müdafiəçi həmin şəxs inzibati qaydada
tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə
icraatda iştirak etməyə buraxılır.
65.4.
Müdafiəçinin və nümayəndənin
aşağıdakı hüquqları vardır:
65.4.1.
inzibati xəta haqqında iş üzrə bütün
materiallarla tanış olmaq;
65.4.2.
sübutlar təqdim etmək;
65.4.3.
vəsatət və etirazlar vermək;
65.4.4.
işin baxılmasında iştirak etmək;
65.4.5.
inzibati xətalar haqqında işlər üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən
və iş üzrə qəbul edilmiş qərardan şikayət
vermək;
65.4.6.
inzibati xəta hadisəsinin
baş verdiyi yer videomüşahidə vasitələrinin
(videokameraların) nəzarəti altındadırsa, hadisənin
görüntülərinin elektron daşıyıcıda surətini
almaq;
65.4.7.
yol hərəkəti
qaydaları əleyhinə törədilən inzibati xəta
xüsusi texniki vasitələrin köməyi ilə aşkar
edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanının nömrəsi, inzibati xəta sürət
həddinin aşılması ilə əlaqədar olduqda
sürətölçən cihazın göstəricisi,
inzibati xətanın törədilmə yeri və tarixi barədə
məlumatlar göstərilməklə, inzibati xətanın
törədildiyi anın fotoşəklini almaq.
65.5.
Müdafiəçi və nümayəndə bu Məcəllə
ilə müəyyən edilmiş digər hüquqlardan da
istifadə edə bilərlər.
65.6. Vəkilin
səlahiyyəti vəkil
qurumları tərəfindən verilən orderlə təsdiq
edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir.
Maddə 66. Vəkilin
iştirakının məcburiliyi
66.1. İnzibati qaydada tutulan yetkinlik
yaşına çatmayanların, lal, kar, kor, fiziki
və ya psixi qüsurlarına görə özlərinin
müdafiə hüququnu həyata keçirə bilməyən
digər şəxslərin işlərində vəkilin
iştirakı məcburidir. Göstərilən hallarda barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin müdafiəçidən imtinası qəbul
olunmur.
66.2.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs tərəfindən
seçilmiş vəkilin gəlməsi mümkün
olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
həmin şəxsi vəkil ilə təmin edir.
66.3.
Maddi vəziyyətinə görə öz hesabına vəkil
tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə
hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir.
Belə halda vəkil öz vəzifələrini yerinə
yetirməkdən imtina edə bilməz.
Maddə 67. Şahid
67.1.
İnzibati xətalar haqqında işlərdə şahid
qismində iş üzrə müəyyən edilməli olan
hallar barədə məlumatı olan şəxslər
çağırılırlar.
67.2.
Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) çağırışı ilə göstərilən
vaxtda gəlməyə, doğru izahatlar verməyə,
protokola daxil edilmiş izahatını imzası ilə təsdiq
etməyə, iş üzrə ona məlum olan məlumatları
bildirməyə və suallara cavab verməyə borcludur.
67.3.
Şahidin özünə və yaxın qohumlarına
qarşı izahat verməmək, tərcüməçinin
köməyindən pulsuz istifadə etmək, izahatının
doğru yazılması barədə protokola müvafiq qeydlər
etmək hüququ vardır.
67.4.
On dörd yaşı tamam olmamış şəxslər
pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə
sorğu-sual edilirlər.
67.5.
Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət
haqqında şahidə xəbərdarlıq edilir. Şahid
izahat verməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Qeyd: Bu maddədə “yaxın
qohumlar” dedikdə - valideynlər, uşaqlar,
övladlığa götürənlər,
övladlığa götürülənlər, doğma və ögey qardaş
və bacılar, babalar, nənələr, nəvələr,
habelə ər-arvad başa düşülür.
Maddə 68. Şahid kimi sorğu-sual edilə
bilməyən şəxslər
68.0.
Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər
aşağıdakılardır:
68.0.1.
fiziki və ya psixi qüsurlarına görə inzibati xəta
haqqında iş üçün əhəmiyyətli olan
hadisələri dərk edə bilməyən və onlar
haqqında düzgün izahat verə bilməyən şəxs;
68.0.2.
müdafiəçi vəzifəsinin yerinə yetirilməsi
ilə əlaqədar olaraq inzibati xəta törətmiş
şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta
törətmiş şəxsin müdafiəçisi;
68.0.3.
nümayəndə (qanuni nümayəndə) vəzifələrini
icra etməsi ilə əlaqədar onlara məlum olmuş
hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi
və ya hüquqi şəxsin nümayəndəsi.
Maddə 69. Hal şahidləri
69.1.
İşin nəticəsində maraqlı olmayan yetkinlik
yaşına çatmış şəxslər inzibati xətalar
haqqında işlər üzrə icraatın
aparılmasında iştirak etmək üçün
icraatında inzibati xəta haqqında iş olan vəzifəli
şəxs tərəfindən hal şahidi kimi dəvət
olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az
ola bilməz.
69.2.
Şəxsi axtarış, əşyaların
yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları
və sənədləri götürmə, eləcə də
sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən
hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri
onların iştirakı ilə həyata keçirilən
prosessual hərəkətləri, onların məzmununu və
nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.
69.3.
Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə
icraatda iştirak etmələri protokolda qeyd edilir.
69.4.
İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər
barəsində hal şahidlərinin qeydləri protokolda
göstərilir.
69.5.
İnzibati xəta haqqında iş üzrə icraatda hal
şahidləri bu Məcəllənin 67-ci maddəsinə
uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər.
Maddə 70. Mütəxəssis
70.1.
İnzibati xətalar haqqında işlərin nəticəsində
şəxsən maraqlı olmayan, sübutların aşkar
edilməsində, götürülməsində və rəsmiləşdirilməsində,
habelə texniki vasitələrin tətbiq edilməsində
kömək göstərilməsi üçün xüsusi
biliyə malik olan şəxs icraatında inzibati xəta
haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən
inzibati xətalar haqqında iş üzrə icraatda
iştirak etmək üçün mütəxəssis kimi dəvət
olunur.
70.2.
Mütəxəssisin aşağıdakı vəzifələri
vardır:
70.2.1.
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin)
çağırışı üzrə gəlmək;
70.2.2.
sübutların aşkar edilməsində, götürülməsində,
rəsmiləşdirilməsində iştirak etmək;
70.2.3.
yerinə yetirdiyi hərəkətlər barədə izahatlar
vermək;
70.2.4.
yerinə yetirdiyi hərəkətlərin məzmununu və nəticəsini
protokolda öz imzası ilə təsdiq etmək;
70.2.5.
bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə
tutulmuş hallardan biri olduqda, mütəxəssisi dəvət
etmiş hakimə, səlahiyyətli vəzifəli şəxsə
özü-özünə etiraz etmə haqqında məlumat
vermək.
70.3.
Mütəxəssisin aşağıdakı hüquqları
vardır:
70.3.1.
iştirak etdiyi prosessual hərəkətin predmetinə aid
olan iş üzrə materiallarla tanış olmaq;
70.3.2.
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə, zərər çəkmiş şəxsə,
şahidlərə iştirak etdiyi prosessual hərəkətin
predmetinə aid olan suallar vermək;
70.3.3.
aparılan hərəkətlərə dair qeydlər etmək
və izahatlar vermək.
70.4. Bilə-bilə yalan izahat verməsinə görə
inzibati məsuliyyət haqqında mütəxəssisə xəbərdarlıq
edilir. Mütəxəssis öz vəzifələrini yerinə
yetirməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 71. Ekspert
71.1.
Elm, incəsənət, texnika və ya sənət sahəsində
məsələlərin izahı üçün
ekspertizanın aparılması və ekspert rəyinin verilməsi
üçün kifayət qədər xüsusi biliyə
malik olan və inzibati xəta haqqında işin nəticəsində
şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət
olunur.
71.2.
Ekspertin vəzifələri aşağıdakılardır:
71.2.1.
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin)
çağırışı üzrə gəlmək;
71.2.2.
təqdim edilmiş obyektlərin və iş üzrə
materialların tam və hərtərəfli tədqiqatını
aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış
və obyektiv rəy vermək;
71.2.3.
bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə
tutulmuş hallardan biri olduqda, ekspertizanı təyin etmiş
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə)
özü-özünə etiraz etmə haqqında məlumat
vermək.
71.3.
Verilən suallar ekspertin xüsusi biliyindən kənara
çıxdıqda, tədqiqat obyektləri və iş
üzrə materiallar rəy verilməsi üçün
yararsız olduqda və ya kifayət qədər olmadıqda,
ekspert rəy verməkdən imtina edir.
71.4.
Ekspertin aşağıdakı hüquqları vardır:
71.4.1.
ekspertizanın predmetinə aid olan iş üzrə
materiallarla tanış olmaq;
71.4.2.
iş üzrə rəy verilməsi üçün zəruri
olan əlavə materialların təqdim olunması barədə
vəsatət vermək;
71.4.3.
ekspertizanın predmetinə aid olan məlumatların
aydınlaşdırılması üçün
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) icazəsi ilə barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə, zərər çəkmiş şəxsə,
şahidlərə suallar vermək;
71.4.4.
qoyulmuş suallardan əlavə, ekspertizanın predmetinə
aid olan və iş üçün əhəmiyyətli
sayılan digər halları öz rəyində göstərmək.
71.5.
Bilə-bilə yalan rəy verməsinə görə inzibati
məsuliyyət haqqında ekspertə xəbərdarlıq
edilir. Ekspert öz vəzifələrini yerinə yetirməkdən
imtina etdikdə və ya çağırış üzrə
gəlməkdən qəsdən
boyun qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 72. Tərcüməçi
72.1.
İnzibati xətalar haqqında işlərin nəticəsində
şəxsən maraqlı olmayan, yetkinlik yaşına
çatmış və tərcümə üçün zəruri
olan dilləri bilən şəxs inzibati xətalar haqqında
işlərin icraatında tərcüməçi ola bilər.
72.2. Tərcüməçi
icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən təyin
edilir.
72.3. Tərcüməçi
icraatında inzibati xəta haqqında iş olan hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin)
çağırışı üzrə gəlməyə
və ona tapşırılan tərcüməni tam və dəqiq
yerinə yetirməyə və tərcümənin
düzgünlüyünü öz imzası ilə təsdiq
etməyə borcludur.
72.4.
Bu Məcəllənin 73.2-ci maddəsində nəzərdə
tutulmuş hallardan biri olduqda, tərcüməçi onu dəvət
etmiş səlahiyyətli vəzifəli şəxsə
özü-özünə etiraz etmə haqqında məlumat
verməlidir.
72.5.
Bilə-bilə yanlış tərcümə etməsinə
görə inzibati məsuliyyət haqqında tərcüməçiyə
xəbərdarlıq edilir. Tərcüməçi təyin
olunmuş şəxs öz vəzifələrini yerinə
yetirməkdən imtina etdikdə və ya
çağırış üzrə gəlməkdən qəsdən boyun
qaçırdıqda o, bu Məcəllədə nəzərdə
tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilir.
Maddə 73. İnzibati xətalar
haqqında işlər üzrə icraatda iştirakı rədd
edən hallar
73.1.
Əvvəllər həmin işlər üzrə digər
iştirakçı qismində çıxış etmiş
şəxslər inzibati xətalar haqqında işlər
üzrə icraatda müdafiəçi və ya nümayəndə
ola bilməzlər.
73.2.
Mütəxəssis, ekspert və tərcüməçi
aşağıdakı hallarda inzibati xəta haqqında iş
üzrə icraatda iştirak edə bilməzlər:
73.2.1.
inzibati xəta törətmiş şəxslə, zərər
çəkmiş şəxslə, onun nümayəndəsi
(qanuni nümayəndəsi) ilə, vəkillə, prokurorla,
hakimlə, kollegial orqanının üzvü ilə və ya
icraatında inzibati xəta haqqında iş olan vəzifəli
şəxslə qohumluq əlaqələri olduqda;
73.2.2.
əvvəllər həmin işlər üzrə digər
iştirakçı qismində iştirak etdikdə;
73.2.3.
işin nəticəsində birbaşa və ya dolayısı
ilə maraqlı olması barədə kifayət qədər
əsaslar olduqda.
Maddə 74. İnzibati xətalar
haqqında işlər üzrə icraatda iştirakı rədd
edilən şəxslərə etiraz etmə
74.1.
Bu Məcəllənin 73-cü maddəsində nəzərdə
tutulan hallar olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə),
mütəxəssis, ekspert və ya tərcüməçi
inzibati xətalar haqqında iş üzrə icraatda
iştirak etməkdən kənar olmalıdırlar.
74.2.
Özü-özünə etiraz etmə və ya etiraz etmə
haqqında ərizə icraatında inzibati xəta haqqında
iş olan hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) təqdim edilir.
74.3.
Özü-özünə etiraz etmə və ya etiraz etmə
haqqında ərizəyə baxaraq hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) etirazın təmin edilməsi
və ya təmin edilməməsi barədə qərardad qəbul
edir.
İnzibati
xəta haqqında iş üzrə sübutlar və
onların qiymətləndirilməsi
Maddə 75. İnzibati xəta
haqqında iş üzrə sübut edilməli olan hallar
75.0.
İnzibati xəta haqqında iş üzrə
aşağıdakılar müəyyən edilməlidir:
75.0.1.
inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);
75.0.2.
inzibati xəta törətmiş şəxs;
75.0.3.
inzibati xəta törətməkdə şəxsin təqsiri;
75.0.4.
inzibati məsuliyyəti ağırlaşdıran və
yüngülləşdirən hallar;
75.0.5.
inzibati xəta nəticəsində vurulan zərərin
xarakteri və miqdarı;
75.0.6.
inzibati xətalar haqqında işlər üzrə icraatı
rədd edən hallar;
75.0.7.
işin düzgün həlli üçün əhəmiyyətli
olan digər hallar, habelə inzibati xətanın törədilməsinə
kömək edən səbəblər və şərait.
Maddə 76. Sübutlar
76.1.
İnzibati xətanın olub-olmamasını, inzibati xəta
törədən şəxsin təqsirini və işin
düzgün həlli üçün əhəmiyyətli
olan digər halları müəyyən etmək
üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar
inzibati xətalar haqqında işlər üzrə
sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin, zərər çəkmiş şəxsin,
şahidlərin izahatları ilə, digər sənədlərlə,
xüsusi texniki vasitələrin göstəriciləri ilə,
ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə
ilə müəyyən edilmiş digər protokollarla müəyyən
edilir.
76.2.
Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə
edilməsinə yol verilmir.
Maddə 77. Maddi sübutlar
77.1.
İnzibati xətanın törədilməsində alət və
ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər,
yaxud üzərində inzibati xətanın izlərini
saxladığına görə inzibati xəta haqqında
iş üzrə əhəmiyyət kəsb edən
halların müəyyən edilməsinə kömək edən
predmetlər maddi sübutlar hesab edilir.
77.2.
Maddi sübutların fotoşəkilləri çəkilir və
onlar inzibati xəta haqqında işə əlavə edilir.
Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir.
77.3.
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) iş üzrə icraat
başa çatanadək maddi sübutların qorunub
saxlanılmasının təmin edilməsi üçün tədbirlər
görməli, inzibati xəta haqqında iş üzrə
icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında
qərar qəbul etməlidir.
Maddə 78. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
izahatı
78.1.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum
olan hallar və işdə olan sübutlar üzrə
şifahi və ya yazılı formada verilən məlumatlardan
ibarətdir.
78.2.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin izahatı inzibati xəta
haqqında protokolda, inzibati xəta haqqında iş üzrə
icraatın təmin edilməsi tədbirlərinin tətbiq
edilməsi haqqında protokolda, inzibati xəta haqqında
işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.
Maddə 79. Zərər çəkmiş
şəxsin və şahidlərin izahatları
79.1. Zərər
çəkmiş şəxsin və şahidlərin
izahatları iş üzrə ona məlum olan hallar və
işdə olan sübutlar üzrə şifahi və ya
yazılı formada verilən məlumatlardan ibarətdir.
79.2. Zərər
çəkmiş şəxsin və şahidin izahatları
inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında
iş üzrə icraatın təmin edilməsi tədbirlərinin
tətbiq edilməsi haqqında protokolda, inzibati xəta
haqqında işə baxma ilə əlaqədar iclas
protokolunda göstərilir.
79.3. Mənbəyi
məlum olmayan məlumatlara əsaslanan şahid izahatları
sübut hesab edilmir.
Maddə 80. Sənədlər
80.1. Sənədlərdə
müəssisələrin, idarələrin, təşkilatların,
vəzifəli şəxslərin və fiziki şəxslərin
təsdiq etdikləri və ya şərh etdikləri məlumatların
inzibati xəta haqqında iş üzrə icraat
üçün əhəmiyyəti vardırsa, bu sənədlər
iş üzrə sübutlar hesab edilir.
80.2. Sənədlər
yazılı və ya digər formada müəyyən
edilmiş məlumatları özündə əks etdirə
bilər. Fotoşəkillər, səsyazma və ya
videoyazı materialları, məlumat bazası və məlumat
bankı və digər məlumatları olan müvafiq
daşıyıcılar sənədlər hesab olunur.
80.3.
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) iş üzrə icraat
başa çatanadək sənədlərin qorunub
saxlanılmasının təmin edilməsi üçün tədbirlər
görməli, inzibati xəta haqqında iş üzrə
icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul
etməlidir.
Maddə 81. Xüsusi texniki vasitələrin
göstəriciləri
81.1.
Müvafiq sertifikatı olan və metroloji sınaqdan
keçmiş ölçü cihazları xüsusi texniki
vasitələr adlanır.
81.2. Yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətaların aşkarlanmasında istifadə
olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi
texniki vasitələr müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə inteqrasiya
olunmalıdır.
81.3.
Xüsusi texniki vasitələrin göstəriciləri inzibati
xəta haqqında iş üzrə protokolda qeyd edilir.
Maddə 82. Ekspertiza
82.1.
İnzibati xəta haqqında iş üzrə icraat zamanı
əhəmiyyət kəsb edən hər hansı məsələnin
həlli üçün elm, incəsənət, texnika və
ya sənət sahəsində xüsusi bilik tələb edən
məsələlərin aydınlaşdırılması məqsədi
ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərardadı ilə ekspertiza təyin edir.
82.2. Qərardadda
aşağıdakılar göstərilir:
82.2.1.
ekspertizanın təyin olunması üçün əsaslar;
82.2.2.
ekspertin soyadı, adı və atasının adı və ya
ekspertiza aparılacaq idarənin adı;
82.2.3.
ekspertin rəy verməli olduğu məsələlər;
82.2.4.
ekspertin sərəncamına verilən materiallar;
82.2.5.
ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi
və bilə-bilə yalan rəy verilməsinə görə
inzibati məsuliyyət barədə xəbərdarlıq
haqqında qeyd.
82.3.
Ekspertin qarşısında qoyulan suallar onun xüsusi biliyindən
kənara çıxmamalıdır.
82.4.
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) ekspertizanın təyin
olunması haqqında qərardadı icraya göndərməmişdən
əvvəl həmin qərardadla barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsi, zərər
çəkmiş şəxsi tanış etməli,
onların hüquqlarını izah etməlidir.
82.5.
Ekspert öz adından yazılı formada rəy verir və
onu imzalayır. Ekspertin rəyində ekspertizanın
aparıldığı tarix və yer, ekspertizanın
aparılmasının əsasları, onun məzmunu, habelə
ekspertin qarşısında qoyulmuş suallar üzrə əsaslandırılmış
cavablar və yekun nəticələr göstərilir.
Maddə 83. Əlavə məlumatların
tələb edilməsi
83.1.
İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) işin həll edilməsi
üçün zəruri olan əlavə məlumatların tələb
edilməsi barədə qərardad qəbul edə bilər.
83.2. Məlumatlar
tələb edildiyi vaxtdan üç günədək
müddətdə, inzibati həbs nəzərdə tutulan
inzibati xəta törədildikdə isə dərhal
müvafiq orqanlar, təşkilatlar, idarələr və
müəssisələr tərəfindən qərardad qəbul
etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilməlidir.
83.3.
Müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən
və müəssisələrdən tələb edilən məlumatların
təqdim edilməsi mümkün olmadıqda, onlar üç
günədək müddətində, inzibati həbs nəzərdə
tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad
qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) bu barədə yazılı formada xəbər
verməyə borcludurlar.
Maddə 84. Sübutların qiymətləndirilməsi
84.1.
İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) işin bütün
hallarının məcmusunun hərtərəfli, tam və
obyektiv surətdə baxılmasına əsaslanan öz daxili
inamı ilə sübutları qiymətləndirir.
84.2.
Heç bir sübutun qabaqcadan müəyyən edilmiş
qüvvəsi yoxdur.
Maddə 85. Materialların prokurora,
ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi
İcraatında
inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən
törədilmiş inzibati xətada cinayət əlamətlərini
aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və
ya təhqiqat orqanına göndərir.
İnzibati
xəta haqqında iş üzrə icraatın təmin edilməsi
tədbirlərinin tətbiqi
Maddə 86. İnzibati xəta
haqqında iş üzrə icraatın təmin edilməsi tədbirləri
86.1. İnzibati xətaların qarşısını
almaq, şəxsiyyəti müəyyən etmək, işlərə
vaxtında və düzgün baxılmasını, inzibati xətalar
haqqında işlərə dair qərarların
icrasını təmin etmək məqsədi ilə səlahiyyətli
vəzifəli şəxs bu Məcəllə ilə müəyyən
edilmiş hallarda aşağıda göstərilən tədbirləri
tətbiq edir:
86.1.1.
gətirilmə;
86.1.2.
inzibati qaydada tutma;
86.1.3.
şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları
yoxlama;
86.1.4.
nəqliyyat vasitəsinə baxış;
86.1.5.
əşyaları və sənədləri götürmə;
86.1.6.
nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma;
86.1.7.
sərxoşluq vəziyyətini müayinə etmə;
86.1.8.
nəqliyyat vasitəsini saxlama və onun istismarını
qadağan etmə.
86.2.
İnzibati xəta haqqında iş üzrə icraatın təmin
edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində
dəymiş zərər Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada ödənilir.
Maddə 87. Gətirilmə
87.1.
Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə
tutulmuş hallarda barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni
nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi
və ya şahidlər gətirilə bilərlər.
87.2.
On altı yaşına çatmayan şəxslər, hamilə
qadınlar barəsində gətirilmə tətbiq edilə
bilməz.
87.3. Fiziki şəxsin gətirilməsi
inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin
qərardadı əsasında onun yaşadığı və
ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
Maddə 88. İnzibati qaydada tutma
88.1.
İnzibati qaydada tutmanı, yəni fiziki şəxsin
azadlığının qısa müddətə məhdudlaşdırılmasını,
inzibati xəta haqqında işin
düzgün və vaxtında baxılmasının və ya
inzibati xəta haqqında iş üzrə qərarın
icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli
orqanlar (vəzifəli şəxslər) bu maddədə
göstərilən hallarda tətbiq etmək hüququna
malikdirlər:
88.1.1.
müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri
- xırda xuliqanlıq edildikdə, şəxs polis
işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə
qəsdən tabe olmadıqda, yığıncaqların,
mitinqlərin, nümayişlərin, küçə
yürüşlərinin və piketlərin təşkili və
keçirilməsi qaydasını pozduqda, ictimai işlər
növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və
digər su bioresurslarının ovu və mühafizəsi
qaydaları pozulduqda, əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında qanunsuz qaldıqda;
88.1.2.
müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri
- sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq)
rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrində rejim
pozulduqda;
88.1.3.
mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş
mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi
- mühafizə edilən obyektlərə, digər dövlət
əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə
əlaqədar inzibati xətalar törədildikdə;
88.1.4.
müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat
vasitələrini idarə edən sürücülər və
ya digər şəxslər tərəfindən yol hərəkəti
qaydaları pozulduqda;
88.1.5.
fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi
idarəetmə orqanının vəzifəli şəxsləri
- fövqəladə vəziyyət rejimi pozulduqda;
88.1.6.
müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri - əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
tərəfindən Azərbaycan Respublikasında olma
qaydaları pozulduqda, yaxud onlar Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər
əsaslar olduqda.
88.2.
İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə
müəyyən edilmiş hüquqları izah olunmalı, bu
barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq
qeyd aparılmalıdır.
Maddə 89. İnzibati qaydada tutma
müddətləri
89.1.
İnzibati xəta törətmiş şəxsin inzibati
qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri
istisna olunmaqla, üç saatdan çox ola bilməz.
89.2. Sərhəd
rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya
Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrində rejimi
pozduğuna, avaralıqla məşğul
olduğuna, əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz
qalmalarına, habelə ölkədə olma qaydalarını
pozmalarına görə barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs
törətdiyi xətanın hallarını, habelə onun
şəxsiyyətini müəyyən etmək
üçün, yaxud əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərarın
icrasından boyun qaçırdıqda və ya belə boyun
qaçırmanı ehtimal etməyə kifayət qədər
əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək
müddətə və ya inzibati xəta törədənin
şəxsiyyətini təsdiq edən sənədlər
olmadıqda, hakimin qərarı ilə üç günədək
müddətə tutula bilər.
89.3. Fövqəladə vəziyyət
elan olunmuş ərazidə şəxs xüsusi verilmiş
icazə vərəqələri olmadan komendant saatı
vaxtında küçələrdə və başqa ictimai
yerlərdə olduqda - komendant saatı bitənədək və
ya onun üzərində şəxsiyyətini təsdiq edən
sənəd olmadan komendant saatı vaxtında küçələrdə
və başqa ictimai yerlərdə olduqda - tutulanın şəxsiyyəti
müəyyən edilənədək müddətə
inzibati qaydada tutula bilər.
89.4.
Barəsində inzibati həbs tənbeh növünün tətbiqini
nəzərdə tutan inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs 24
saatadək, bu Məcəllənin 157, 206, 227, 513 və ya
535-ci maddələrində göstərilən xətaları
törətmiş şəxslər isə inzibati xəta
haqqında işin mürəkkəbliyi və ya xəta
törətmiş şəxslərin sayının
çoxluğu işin araşdırılmasını
gecikdirdiyi və ya başqa formada çətinlik
yaratdığı hallarda 48 saatadək müddətə
inzibati qaydada tutula bilər.
89.5.
İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş
şəxsin protokol tərtib etmək üçün gətirildiyi
vaxtdan, sərxoş halda olmuş şəxsin isə
ayıldığı vaxtdan hesablanır.
89.6. Fövqəladə vəziyyət
rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin
pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər
dərhal azad olunurlar.
89.7. İnzibati qaydada tutma barədə
qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli
şəxsə) və ya məhkəməyə şikayət
edilə bilər.
Maddə 90. İnzibati qaydada tutma
haqqında protokol
90.1.
İnzibati xəta törətmiş şəxs inzibati qaydada
tutulduqda bu barədə protokol tərtib edilir və orada
aşağıdakılar göstərilir:
90.1.1.
protokolun tərtib edildiyi tarix və yer;
90.1.2.
protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı və atasının adı;
90.1.3.
tutulanın şəxsiyyəti haqqında məlumat;
90.1.4.
tutmanın vaxtı və səbəbləri.
90.2.
Protokol onu tərtib etmiş vəzifəli şəxs və
tutulmuş şəxs tərəfindən imzalanır.
Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və
protokolun məzmunu barədə öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola əlavə
olunur. Protokolun surəti tutulmuş şəxsə verilir.
Maddə 91. İnzibati qaydada tutulmuş
şəxsin hüquqlarının təmin edilməsi
91.0. Səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin
bu Məcəllə ilə müəyyən edilmiş
hüquqlarının təmin edilməsi üçün
aşağıdakı tədbirləri görür:
91.0.1.
tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını
bildirmək, onun hüquqlarını izah etmək;
91.0.2.
tutulmuş şəxsi inzibati xəta haqqında protokolla
tanış etmək;
91.0.3.
tutulmuş şəxsin xahişi ilə onun yaxın
qohumlarına, işlədiyi və ya təhsil
aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə
məlumat vermək;
91.0.4.
tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə
və ya digər qanuni nümayəndələrinə dərhal
məlumat vermək;
91.0.5.
tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə
və ləyaqətinə hörmətlə yanaşmaq;
91.0.6.
tutulmuş şəxsə öz vəkili ilə əlaqə
saxlamaq və onunla görüşmək imkanı yaratmaq;
91.0.7.
tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti
saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət
göstərən vəkillərin siyahısını təqdim
etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və
onunla görüşmək imkanı yaratmaq.
Maddə 92. Şəxsi axtarış və
fiziki şəxsdə olan əşyaları yoxlama
92.1.
Fiziki şəxsin şəxsi axtarışı, onda olan əşyaları
yoxlama inzibati xətanın törədilməsində alət
və ya inzibati xətanın bilavasitə obyekti olmuş
predmetin aşkar edilməsi məqsədi ilə həyata
keçirilir.
92.2.
Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli
şəxs tərəfindən və eyni cinsdən olan iki hal
şahidinin iştirakı ilə aparılır.
92.3.
Əşyalar (əl yükü, baqaj, ov və balıq ovu alətləri,
əldə edilmiş məhsul və sair) bunların
mülkiyyətçilərinin və ya sahiblərinin
iştirakı ilə yoxlanılır. Təxirə
salınmayan hallarda mülkiyyətçisi və ya sahibi
olmadan göstərilən əşyalar iki hal şahidinin
iştirakı ilə yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq
icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən
çatdırılan korrespondensiyalar və digər göndərişlər
yoxlanıla bilməz.
92.4.
Şəxsi axtarış və əşyaları yoxlama
haqqında protokol tərtib olunur.
92.5.
Şəxsi axtarış və əşyaları yoxlama
haqqında protokolda aşağıdakılar göstərilir:
92.5.1.
protokolun tərtib edildiyi tarix və yer;
92.5.2.
protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı və atasının adı;
92.5.3.
barəsində şəxsi axtarış aparılan şəxs
haqqında məlumat;
92.5.4.
şəxsi axtarış zamanı aşkar edilən əşyaların
növü, miqdarı və digər eyniləşdirmə əlamətləri
haqqında məlumat.
92.6.
Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxs və ya axtarış aparılan əşyaların
sahibi və hal şahidləri tərəfindən
imzalanır. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs və ya axtarış
aparılan əşyaların
sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
izahat vermək və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək
hüququ vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur.
92.7.
Protokolun surəti barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə və
axtarış aparılan əşyaların sahibinə
verilir.
Maddə 93. Nəqliyyat vasitəsinə
baxış
93.1. Nəqliyyat
vasitəsinə baxış, yəni onun konstruktiv
bütövlüyünü pozmadan inzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetlərin müəyyən
edilməsi məqsədi ilə aparılan müayinədir.
93.2. Nəqliyyat
vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və
iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə
salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat
vasitəsinin sahibinin iştirakı olmadan videoyazı
aparılmaqla keçirilə bilər.
93.3. Nəqliyyat
vasitəsinə baxış haqqında protokol tərtib olunur.
Bu protokolda aşağıdakılar göstərilir:
93.3.1.
protokolun tərtib edildiyi tarix və yer;
93.3.2.
protokolu tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
93.3.3.
nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar;
93.3.4.
nəqliyyat vasitəsinə baxış keçirilməsi
üçün əsaslar;
93.3.5.
nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət
qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri
barədə məlumatlar;
93.3.6.
aşkar edilmiş əşyaların növü, miqdarı və
digər eyniləşdirmə əlamətləri, o cümlədən
silahın markası, modeli, seriyası və nömrəsi,
döyüş sursatının növü və miqdarı
barədə məlumatlar;
93.3.7.
aşkar edilmiş sənədlərin növü və
rekvizitləri.
93.4.
Maddi sübutların qeydə alınması məqsədi ilə
fotoşəkillərin, videoyazıların aparılması tətbiq
edilir. Nəqliyyat vasitəsinə baxış barəsində
protokolda fotoşəkillərdən, videoyazıdan istifadə
edilməsi barədə qeyd aparılır. Baxış
zamanı fotoşəkillərin, videoyazının tətbiq
edilməsi ilə əlaqədar əldə edilmiş materiallar
müvafiq protokola əlavə olunur.
93.5. Nəqliyyat
vasitəsinə baxış haqqında protokol onu tərtib
etmiş vəzifəli şəxs, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs və
ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri
tərəfindən imzalanır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs və
ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə,
bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsin izahat vermək və protokolun məzmunu barədə
öz mülahizələrini təqdim etmək, habelə
protokolu imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ vardır. Onun bu izahatı və
mülahizələri protokola əlavə olunur.
93.6. Nəqliyyat
vasitəsinə baxış haqqında protokolun surəti barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə və nəqliyyat vasitəsinin sahibinə
verilir.
Maddə 94. Əşyaların və sənədlərin
götürülməsi
94.1.
İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki
şəxsin şəxsi axtarışı zamanı, yaxud
onun əşyalarına və ya nəqliyyat vasitəsinə
baxış zamanı aşkar edilmiş və iş
üçün sübut əhəmiyyəti olan əşyaların
və sənədlərin, inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti olan
predmetin götürülməsi inzibati xəta haqqında
iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən
iki hal şahidinin iştirakı ilə həyata
keçirilir.
94.2.
Sürücü tərəfindən nəqliyyat vasitəsini
idarə etmək hüququnun məhdudlaşdırılması
növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə
tutan xətalar törədildikdə, inzibati xəta
haqqında iş üzrə qərar çıxarılanadək
sürücülük vəsiqəsi götürülür və həmin
şəxslərə nəqliyyat vasitəsini müvəqqəti
idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərar qəbul edildikdə
sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərardan bu Məcəllə ilə müəyyən
edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə
tutulmuş müddət qurtaranadək, yaxud şikayət
üzrə qərar qəbul edilənədək, nəqliyyat
vasitəsini müvəqqəti idarə etmək hüququ verən
sənədin qüvvədə olma müddəti
uzadılır.
94.3.
Əşyaların və sənədlərin
götürülməsi haqqında protokol tərtib olunur.
94.4.
Əşyaların və sənədlərin
götürülməsi haqqında protokolda
aşağıdakılar göstərilir:
94.4.1.
protokolun tərtib edildiyi tarix və yer;
94.4.2.
protokolu tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
94.4.3.
əşyaları və sənədləri götürülən
şəxs barəsində məlumat;
94.4.4.
əşyaların və sənədlərin
götürülməsi üçün əsaslar;
94.4.5.
götürülən sənədlərin növü və
rekvizitləri;
94.4.6.
götürülən əşyaların növü,
miqdarı və digər eyniləşdirmə əlamətləri,
o cümlədən silahın markası, modeli, seriyası və
nömrəsi, döyüş sursatının növü və
miqdarı barədə məlumatlar.
94.5.
Əşyaların və sənədlərin
götürülməsi haqqında protokolda fotoşəkillərin
çəkilməsi, videoyazı barədə qeyd
aparılır. Fotoşəkillərin, videoyazının tətbiq
edilməsi nəticəsində əşyaların və sənədlərin
götürülməsi ilə bağlı əldə
edilmiş materiallar müvafiq protokola əlavə olunur.
94.6.
Əşyaların və sənədlərin
götürülməsi haqqında protokol onu tərtib
etmiş vəzifəli şəxs, əşyaları və
ya sənədləri götürülən şəxs, habelə
hal şahidləri tərəfindən imzalanır.
Əşyaları və ya sənədləri
götürülən şəxs protokolu imzalamaqdan imtina
etdikdə, bu barədə protokolda müvafiq qeyd
aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin izahat vermək
və protokolun məzmunu barədə öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüququ vardır.
Onun bu izahatı və mülahizələri protokola əlavə
olunur.
94.7.
Protokolun surəti, barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə, yaxud onun
qanuni nümayəndəsinə təqdim edilir.
94.8.
Götürülən əşyalar və sənədlər
yerindəcə qablaşdırılır və möhürlənir.
Götürülmüş əşyalar və sənədlər
inzibati xəta haqqında işə baxılanadək, əşyaları
və sənədləri götürən səlahiyyətli
orqanların (vəzifəli şəxslərin) müəyyən
etdikləri yerlərdə saxlanılır.
94.9.
Götürülmüş odlu silah, onun patronları, digər
silah və döyüş sursatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
saxlanılır.
94.10.
Götürülmüş tez xarab olan mallar barəsində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
qaydada sərəncam verilir.
94.11.
Götürülmüş narkotik vasitələr və
psixotrop maddələr, həmçinin müvafiq standartlara,
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə
cavab verməyən etil spirti, alkoqollu və tərkibində
spirt olan məhsullar müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv
edilir.
94.12.
Məhv edilməli olan narkotik vasitələrin və psixotrop
maddələrin, etil spirtinin, alkoqollu və tərkibində
spirt olan məhsulların nümunələri inzibati xəta
haqqında iş üzrə qəbul edilmiş qərar qanuni
qüvvəyə mindiyi günədək saxlanılır.
94.13.
İnzibati xəta haqqında iş üzrə qərarda
götürülmüş əşyalar və sənədlər
barədə məsələlər bu Məcəllənin
115.4-cü maddəsinə uyğun olaraq həll olunur.
Maddə 95. Götürülmüş əşyaların
qiymətləndirilməsi
95.1.
Götürülmüş əşyalar
aşağıdakı hallarda qiymətləndirilir:
95.1.1.
inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri
ilə ölçülən inzibati cərimə meyarı tətbiq
edildikdə;
95.1.2.
götürülmüş tez xarab olan mallar barəsində sərəncam
verildikdə;
95.1.3.
etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar
yenidən istehsala göndərildikdə və ya məhv
edildikdə.
95.2.
Götürülmüş əşyaların qiymətləri
dövlət tərəfindən tənzimlənirsə,
dövlət tənzimləmə qiymətləri tətbiq
edilir. Digər hallarda götürülmüş əşyaların
qiyməti bazar qiymətinə əsasən qiymətləndirilir.
Göstərilən qaydada qiymətləndirmə
mümkün olmadıqda, götürülmüş əşyaların
qiyməti ekspertin rəyi əsasında müəyyən
edilir.
Maddə 96. Nəqliyyat vasitəsinin idarə
olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin
müayinəsi
96.1.
Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat
vasitəsinin idarə olunmasından kənarlaşdırılır:
96.1.1.
dayandırılmış nəqliyyat vasitəsini idarə edən
şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən
hər hansı birində sürücülük vəsiqəsi,
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi,
yaxud həmin nəqliyyat vasitəsini idarə etmək
hüququ verən digər əsas olmadıqda;
96.1.2.
nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları
və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart
olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə
verilmiş dövlət qeydiyyat nişanı ilə idarə
etdikdə;
96.1.3.
dayandırılmış nəqliyyat vasitəsinin mühərrik,
ban və şassi nömrəsi nəqliyyat vasitəsinin
qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə
uyğun gəlmədikdə;
96.1.4.
dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan,
narkotik vasitələrdən,
psixotrop maddələrdən və ya güclü təsir
göstərən digər maddələrdən istifadə
edilməsi nəticəsində sərxoş vəziyyətdə
olmasını güman etməyə kifayət qədər əsas
olan şəxs tərəfindən idarə olunduqda və
onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
96.1.5.
nəqliyyat vasitəsində
normativ tələblər pozulmaqla avadanlıq
quraşdırıldıqda və ya dəyişdirildikdə,
nəqliyyat vasitəsinin ban şüşələrinə
qanunla tətbiqinə icazə verilməyən örtüklər
çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə
olmadan xüsusi səs (çoxavazlı) və ya
sayrışan işıq siqnalları ilə təchiz edildikdə,
bu pozuntuları yerində aradan qaldırmaq mümkün
olmadıqda;
96.1.6.
yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə
mindiyi gündən 2 ay müddətində icra edilməməsinə
görə nəqliyyat vasitəsinin saxlanılması barədə
məhkəmə və ya müvafiq icra hakimiyyəti
orqanının qərarı olduqda.
96.2. Nəqliyyat
vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə
olmasını güman etməyə kifayət qədər əsas
olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən
edilməsi üçün xüsusi texniki vasitələrdən
istifadə edilir. Həmin
şəxs sərxoş vəziyyətdə
olub-olmamasının xüsusi texniki vasitədən istifadə
edilməklə müəyyən edilməsindən imtina etdikdə
və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi
ilə razılaşmadıqda, tibbi müayinəyə
aparılır.
96.3. Nəqliyyat
vasitəsini idarə etməkdən kənarlaşdırma barədə
və sərxoşluq vəziyyətini müəyyən etmək
üçün xüsusi texniki vasitələrdən istifadə
etmək və ya tibbi müayinəyə göndərmək
barədə protokol tərtib olunur və həmin sənədin
surəti barəsində belə tədbir tətbiq edilən
şəxsə verilir.
96.4. Nəqliyyat
vasitəsini idarə etməkdən kənarlaşdırma barədə
və sərxoşluq vəziyyətini müəyyən etmək
üçün xüsusi texniki vasitələrdən istifadə
etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokolda aşağıdakılar göstərilir:
96.4.1.
protokolun tərtib edildiyi yer, tarix və vaxt;
96.4.2.
protokolu tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
96.4.3.
nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın
və sərxoşluq vəziyyətini müəyyən etmənin
əsasları;
96.4.4.
nəqliyyat vasitəsini idarə edən şəxs barəsində
məlumatlar;
96.4.5.
nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət
qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri
barədə məlumatlar.
96.5. Nəqliyyat
vasitəsini idarə etməkdən kənarlaşdırma barədə
və sərxoşluq vəziyyətini müəyyən etmək
üçün xüsusi texniki vasitələrdən istifadə
etmək və ya tibbi müayinəyə göndərmək
haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs,
habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan
və sərxoşluq vəziyyətini müəyyən etmək
üçün barəsində xüsusi texniki vasitələrdən
istifadə edilən və ya tibbi müayinəyə göndərilən
sürücü tərəfindən imzalanır.
Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə
protokolda müvafiq qeyd aparılır. Sürücünün
izahat vermək və protokolun məzmunu barədə öz
mülahizələrini təqdim etmək, habelə protokolu
imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək
hüququ vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur. Protokolun surəti sürücüyə
təqdim edilir.
96.6. Sərxoşluq
vəziyyətini müəyyən etmənin tibbi müayinəsi
barədə akt müvafiq protokola əlavə olunur.
Maddə 97. Nəqliyyat vasitələrinin
saxlanılması
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində
nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər
sürücü həmin nəqliyyat vasitəsinin yanında
deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci
maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi
müvəqqəti olaraq müvafiq icra hakimiyyəti
orqanının mühafizə olunan duracağında
saxlanılır.
97.2. Nəqliyyat
vasitəsinin saxlanılması səbəbinin aradan
qaldırıldığı barədə lazımi sənədlər
təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh
verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi
və onun orada saxlanılması üçün haqq ödənildikdən
dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi
sahibinə qaytarılır.
97.3. Nəqliyyat vasitəsi dayanma və
durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin
müəyyən edilmiş müddətdə ödənilməməsinə
görə tətbiq edilən nəqliyyat vasitəsinin
saxlanılması barədə qərara əsasən
müvafiq icra hakimiyyəti orqanının mühafizə
olunan duracağına gətirilmişdirsə, nəqliyyat
vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş
şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış
dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin
duracağa gətirilməsi və onun orada saxlanılması
üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər.
Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh
tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat
vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat
vasitəsi onun saxlanılması barədə qərara əsasən
müvafiq icra hakimiyyəti orqanının mühafizə
olunan duracağına gətirilmişdirsə, bu qərarın
surəti də sürücüyə verilir. Sürücü
inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi
yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta
haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
97.4. Yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar haqqında işlər üzrə sənədləri
ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi
yer üzrə tapılmaması və onunla birlikdə
yaşayan yetkinlik yaşına çatmış ailə
üzvlərinin olmaması səbəbindən 10 gün
müddətində bu Məcəllənin 57-ci maddəsində
nəzərdə tutulmuş qaydada çatdırmaq
mümkün olmadıqda, həmin sənədlərin surətinin
verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən nəqliyyat vasitəsinin
dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda
saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə
həmin sənədlərin surəti təqdim edildikdən və
müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat
vasitəsi buraxılır.
97.5. Nəqliyyat
vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir,
onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə
edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən
şəxsə verilir.
Maddə 98. Nəqliyyat vasitələrinin
istismarının qadağan edilməsi
Tormoz
sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici
işıq cihazları və ya qabaq şüşənin
şüşə silgəcləri, şüşəyuyanları
və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər
ünsürləri nasaz olan və belə nasazlığın
aradan qaldırılması mümkün olmayan nəqliyyat
vasitəsinin istismarı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
qadağan edilir.
İnzibati
xəta haqqında iş üzrə icraatın mərhələləri
İnzibati
xəta haqqında iş üzrə icraata başlama
Maddə 99. İnzibati xəta
haqqında iş üzrə icraata başlamağa səbəblər
və əsas
99.1.
İnzibati xəta haqqında iş üzrə icraata
başlamağa səbəblər
aşağıdakılardır:
99.1.1.
inzibati xəta hadisəsinin mövcudluğunu göstərən
kifayət qədər halların səlahiyyətli vəzifəli
şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilməsi;
99.1.2.
dövlət orqanlarından və
təşkilatlarından və ya bələdiyyələrdən
məlumatların daxil olması;
99.1.3.
fiziki və ya hüquqi şəxslər tərəfindən
təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində
dərc olunmuş məlumatlar.
99.2. Məlumatlara
inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti
olan vəzifəli şəxs tərəfindən
baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin
olması və inzibati xəta haqqında iş üzrə
icraatı rədd edən halların olmaması inzibati xəta
haqqında işin başlanmasına əsasdır.
99.3.
Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən
səbəblərdən biri və bu Məcəllənin
99.2-ci maddəsində göstərilən kifayət qədər
əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs
tərəfindən inzibati xəta haqqında iş üzrə
icraat başlanılır.
99.4.
İnzibati xata haqqında iş üzrə icraat
aşağıda göstərilən vaxtdan
başlanılmış hesab edilir:
99.4.1.
bu Məcəllənin 86-cı maddəsində nəzərdə
tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib
edildikdə;
99.4.2.
inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud
inzibati xəta haqqında iş üzrə icraata başlama
haqqında prokuror tərəfindən qərar qəbul edildikdə;
99.4.3.
bu Məcəllənin 102-ci maddəsində nəzərdə
tutulan inzibati araşdırılma tələb olunduğu
hallarda inzibati xəta haqqında iş üzrə icraata
başlama haqqında qərardad qəbul edildikdə.
99.5.
Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində
göstərilən səbəblərin əsassız
olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən
inzibati xəta haqqında işin başlanmasının rədd
edilməsi haqqında əsaslandırılmış qərardad
qəbul edilir.
99.6.
İnzibati xəta haqqında işin başlanmasının rədd
edilməsi haqqında qərardadın surəti bu Məcəllənin
99.1.2 və 99.1.3-cü maddələrində göstərilən
məlumatları vermiş şəxslərə göndərilir.
99.7.
Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində
nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli
şəxsin) inzibati xəta haqqında işin
başlanmasının rədd edilməsi haqqında qərardadından onun rəsmi qaydada verildiyi vaxtdan
on gün müddətində
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə),
prokurora və ya məhkəməyə şikayət verilə
bilər.
Maddə 100. İnzibati xəta
haqqında protokol
100.1.
Bu Məcəllənin 54-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi
haqqında protokol tərtib edilir. İnzibati xəta
haqqında protokolda aşağıdakılar göstərilir:
100.1.1.
protokolun tərtib edildiyi tarix və yer;
100.1.2.
protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
100.1.3.
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxs haqqında məlumat;
100.1.4.
inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın
mahiyyəti;
100.1.5.
inzibati xətaya görə məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi;
100.1.6.
olduğu halda, şahidlərin və zərər çəkmiş
şəxslərin adı, atasının adı, soyadı və
onların yaşadığı yerin ünvanı;
100.1.7.
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin
nümayəndəsinin izahatları;
100.1.8.
inzibati xətanın aşkar
edilməsində xüsusi texniki vasitələrdən istifadə
olunmuşdursa, onların göstəriciləri, habelə
istifadə olunmuş xüsusi texniki vasitənin tipi,
markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin
son dəfə müqayisəli dövlət yoxlamasından
keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi,
tarixi) və növbəti yoxlamanın keçirilməli
olduğu vaxt barədə məlumatlar;
100.1.9.
inzibati xətanın törədilməsi
nəticəsində şəxsin sağlamlığına
yüngül zərər vurulmuşdursa və ya maddi zərər
yetirilmişdirsə, bu hallar barədə qeydlər;
100.1.10.
inzibati xəta haqqında iş üzrə icraat
üçün zəruri olan digər məlumatlar.
100.2.
Protokol tərtib edilərkən, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxsə
və ya hüquqi şəxsin nümayəndəsinə,
habelə inzibati xəta haqqında iş üzrə
icraatın digər iştirakçılarına bu Məcəllədə
nəzərdə tutulmuş hüquqları və vəzifələri
izah edilir və bu barədə protokolda müvafiq qeyd
aparılır.
100.3. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxsə
və ya hüquqi şəxsin nümayəndəsinə
inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati
xəta haqqında iş üzrə zərər çəkmiş
şəxsin də inzibati xəta haqqında protokolun surətini
almaq hüququ vardır.
100.4.
Protokol onu tərtib etmiş şəxs, barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi
tərəfindən imzalanır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxs
və ya hüquqi şəxsin nümayəndəsi protokolu
imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq
qeyd aparılır. Barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan fiziki şəxsin və ya
hüquqi şəxsin nümayəndəsinin izahatlar və
protokolun məzmunu barəsində öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin
səbəblərini göstərmək hüquqları
vardır. Onların bu izahatları və mülahizələri
protokola əlavə olunur.
100.5.
Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş
blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
Maddə 101. İnzibati xəta
haqqında protokolun tərtib edilməsi müddətləri
101.1.
İnzibati xətanın törədilməsi faktı
aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında
protokol tərtib edilir.
101.2.
İşin hallarının, eləcə də barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi
şəxs barəsində məlumatların əlavə
aydınlaşdırılması tələb olunduğu
hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın
aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib
edilir.
101.3.
İnzibati araşdırma aparıldığı hallarda,
inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci
maddəsində göstərilən müddətdə tərtib
edilir.
Maddə 102. İnzibati araşdırma
102.1. Sağlamlıq əleyhinə,
yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf
mühitin mühafizəsi, yanğın
təhlükəsizliyi və cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə
inzibati xəta aşkar edildikdən sonra kifayət qədər
vaxt tələb edən ekspertizanın və ya digər
prosessual hərəkətlərin aparılması zərurəti
yarandıqda inzibati araşdırma aparılır.
102.2.
İnzibati xəta haqqında iş üzrə icraatın
başlanması və inzibati araşdırma aparılması
haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci
maddələrinə müvafiq olaraq inzibati xəta haqqında
protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs
tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta
haqqında iş üzrə icraatın başlanması və
inzibati araşdırma aparılması haqqında qərar qəbul
edir.
102.3.
İnzibati xəta haqqında iş üzrə icraatın
başlanması və inzibati araşdırmanın
aparılması haqqında qərardadda
aşağıdakılar göstərilir:
102.3.1.
qərardadın tərtib edildiyi yer və tarix;
102.3.2.
qərardadı tərtib edən şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı;
102.3.3.
inzibati xəta haqqında iş üzrə icraatı
başlamaq üçün səbəblər və əsaslar;
102.3.4.
inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi.
102.4.
İnzibati araşdırma inzibati xəta törədilən,
yaxud aşkar edilən yerdə aparılır.
102.5.
İnzibati araşdırma inzibati xəta haqqında iş
üzrə icraatın başlama vaxtından bir aydan artıq
olmayan müddətə aparılır. İcraatında
inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli
şəxsin əsaslandırılmış vəsatəti
olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən
bir ayadək müddətə uzadılır.
102.6.
İnzibati araşdırma başa çatdıqda, inzibati xəta
haqqında protokol tərtib edilir və ya inzibati xəta
haqqında işin icraatına xitam verilməsi barədə qərar
qəbul edilir.
Maddə 103. Protokolun (prokurorun qərarının)
baxılması üçün göndərilməsi
103.1.
İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib
edildiyi vaxtdan 48 saatadək
müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilir.
103.2.
İnzibati həbs nəzərdə tutan inzibati xəta
haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən
dərhal sonra baxılması üçün hakimə
göndərilir.
Maddə 104. İnzibati xəta
haqqında iş üzrə icraatın
dayandırılması
104.1.
İnzibati xəta haqqında iş üzrə icraat
aşağıdakı hallarda dayandırılır:
104.1.1.
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə
və ya digər səbəblərdən barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki
şəxsin olduğu yer müəyyən edilmədikdə;
104.1.2.
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin ağır xəstəliyi
ilə əlaqədar inzibati xəta haqqında iş üzrə
icraatda iştirakı mümkün olmadıqda;
104.1.3.
inzibati xətanı törədən şəxs müəyyən
olunmadıqda.
104.2.
İnzibati xətalar haqqında iş üzrə icraatın
dayandırılmasına qədər səlahiyyətli vəzifəli
şəxs, barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin iştirakı olmadan
həyata keçirilməsi mümkün olan bütün
prosessual hərəkətləri aparmalı, bu Məcəllənin
104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə
tutulmuş və inzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması üçün səbəb
olmuş halların aradan qaldırılması
üçün bütün tədbirləri görməlidir.
104.3.
İnzibati xəta haqqında iş üzrə icraat səlahiyyətli
vəzifəli şəxsin qərarı ilə
dayandırılır. İnzibati xəta haqqında iş
üzrə icraatın dayandırılması haqqında qərarda
bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar
göstərilir.
104.4.
İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması
haqqında qərarı qəbul edən səlahiyyətli vəzifəli
şəxs 48 saat ərzində həmin qərarın surətini
müvafiq prokurora göndərməlidir.
104.5.
Prokuror inzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərarı
aldığı vaxtdan bir ay müddətində həmin qərarın
qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin
tətbiq edilməsinin düzgünlüyünü
yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror
müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli
şəxsdən inzibati xəta haqqında iş üzrə
icraatın materiallarını tələb etdikdə,
materiallar bir gün ərzində prokurora təqdim edilməlidir.
104.6.
Prokuror inzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərarın bu Məcəllənin
104.1-ci maddəsi pozulmaqla qəbul edildiyini müəyyən
etdikdə, həmin qərarın ləğv edilməsi barədə
qərar qəbul edir və onun surətini qərarı qəbul
etmiş səlahiyyətli vəzifəli şəxsə
göndərir. Bu halda prokuror həmçinin səlahiyyətli
vəzifəli şəxs barəsində bu Məcəllənin
596.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta
haqqında iş üzrə icraatın başlanması
haqqında qərar qəbul edir.
104.7.
İnzibati xəta haqqında iş üzrə icraatın
dayandırılması haqqında qərarın ləğv
edilməsi barədə qərar qəbul edildikdə və ya
bu Məcəllənin 104.1.1 - 104.1.3-cü maddələrində
göstərilən hallar aradan qaldırıldıqda, səlahiyyətli
vəzifəli şəxsin qərarı ilə inzibati xəta
haqqında iş üzrə icraat təzələnir və bu
barədə 48 saat ərzində müvafiq prokurora
yazılı məlumat verilir.
104.8. Bu Məcəllənin 38-ci maddəsində
nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş
üzrə dayandırılmış icraata xitam verilir.
Qeyd: Bu Məcəllənin 104.4 – 104.7-ci və
596-cı maddələrində “səlahiyyətli
vəzifəli şəxs” dedikdə hakim nəzərdə
tutulmur.
Maddə 105. İnzibati xəta
haqqında işin icraatına xitam verilməsi
105.1.
Bu Məcəllənin 53-cü maddəsində nəzərdə
tutulmuş hallardan hər hansı biri olduqda, icraatında
inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan
(vəzifəli şəxs) inzibati xəta haqqında
işin icraatına xitam verilməsi haqqında qərar qəbul
edir.
105.2.
İnzibati xəta haqqında işin icraatına xitam verilməsi
haqqında qərarın surəti barəsində belə qərar
qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə
göndərilir.
İnzibati
xəta haqqında işlərə baxılması
Maddə 106. İnzibati xəta
haqqında işin baxılmağa hazırlanması
106.0.
Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati xətalar haqqında işlərə baxarkən
aşağıdakı məsələləri həll edir:
106.0.1.
işin baxılması onun səlahiyyətinə aiddirmi;
106.0.2.
işin hakim, kollegial orqanın üzvü, vəzifəli
şəxs tərəfindən baxılmasını istisna edən
hallar mövcuddurmu;
106.0.3.
inzibati xəta haqqında protokol və işin digər
materialları bu Məcəllənin tələblərinə
müvafiq olaraq tərtib edilmişdirmi;
106.0.4.
işin icraatını rədd edən hallar mövcuddurmu;
106.0.5.
mahiyyəti üzrə baxılması üçün
işdə kifayət qədər sübutlar
toplanmışdırmı;
106.0.6.
işə baxılmasının yeri və vaxtı barədə
işdə iştirak edən şəxslər məlumatlandırılıbmı;
106.0.7.
iş üzrə vəsatətlər və etiraz etmə
vardırmı.
Maddə 107. Hakim, kollegial orqanın
üzvü, vəzifəli şəxs tərəfindən
işin baxılmasını istisna edən hallar
107.0.
İnzibati xəta haqqında işin baxılması
icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli
şəxs aşağıdakı hallarda bu işə baxa
bilməz:
107.0.1.
o, barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsin, zərər çəkmiş
şəxsin, onların qanuni nümayəndələrinin,
müdafiəçinin və ya nümayəndənin
qohumudursa;
107.0.2.
o, şəxsən düzünə və ya dolayısı ilə
işin həllində maraqlıdırsa.
Maddə 108. Hakimin, kollegial orqanın
üzvünün, vəzifəli şəxsin
özü-özünə etiraz etməsi və ya onlara etiraz
etmə
108.1.
Bu Məcəllənin 107-ci maddəsində nəzərdə
tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli
şəxs özü-özünə etiraz etməlidir. Özü-özünə
etiraz etmə barədə ərizə müvafiq məhkəmənin
sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli
şəxsə verilir.
108.2.
Bu Məcəllənin 107-ci maddəsində nəzərdə
tutulan hallardan biri olduqda, barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs, zərər
çəkmiş şəxs, fiziki şəxsin qanuni
nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi,
müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən
hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli
şəxsə etiraz edir.
108.3.
Ərizəyə icraatında inzibati xəta haqqında iş
olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən
baxılır.
108.4.
Ərizəyə baxmanın nəticəsi barədə onun təmin
edilməsi və ya təmin edilməməsi haqqında qərardad
qəbul edilir.
Maddə 109. İnzibati xəta
haqqında işin baxılmağa hazırlanması zamanı
qərarın (qərardadın) qəbul edilməsi
109.1.
İnzibati xəta haqqında işin baxılmağa
hazırlanması zamanı aşağıdakı məsələlər
barəsində qərardad qəbul edilir:
109.1.1.
işin baxılması tarixinin və yerinin təyin edilməsi;
109.1.2.
işin baxılmasında iştirak etmək üçün
bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində
göstərilən şəxslərin
çağırılması;
109.1.3.
iş barəsində zəruri olan əlavə materialların
tələb edilməsi;
109.1.4.
ekspertizanın təyin edilməsi;
109.1.5.
işə baxılmanın təxirə salınması;
109.1.6.
protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər
tərəfindən tərtib edildikdə, protokol və digər
sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim
edilmiş materiallar natamam olduqda, işə baxılarkən
tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında
protokolun və ya digər sənədlərin onu tərtib
etmiş orqana, vəzifəli şəxsə geri
qaytarılması;
109.1.7.
əgər bu məsələnin baxılması hakimin,
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə
aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə,
vəzifəli şəxsə etiraz etmə barədə qərardad
çıxarılmışdırsa, inzibati xəta
haqqında protokolun və ya digər materialların
baxılması üçün aidiyyəti üzrə
göndərilməsi.
109.2.
Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə
tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə
icraata xitam verilməsi və ya inzibati xəta haqqında
iş üzrə icraatın dayandırılması barədə
qərar qəbul edilir.
109.3.
Barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin
nümayəndəsinin, yetkinlik yaşına
çatmayanların qanuni nümayəndəsinin, habelə
şahidlərin üzrlü səbəblər olmadan
çağırış üzrə gəlməkdən qəsdən
boyun qaçırması nəticəsində inzibati xəta
haqqında iş üzrə icraatın baxılması təxirə
salındıqda, bu isə inzibati xəta haqqında işin
hallarının tam, ətraflı, obyektiv və vaxtında
araşdırılmasına və onun ədalətli həll
olunmasına mane olarsa, inzibati
xətanın baxıldığı yer üzrə məhkəmə
həmin şəxslərin gətirilməsi barədə qərardad
qəbul edə bilər.
Maddə 110. İnzibati xəta
haqqında işin baxılması yeri
110.1.
İnzibati xəta haqqında işə onun törədildiyi
yerdə baxılır. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə
əsasən inzibati xəta haqqında işə onun
yaşadığı yer üzrə baxıla bilər.
110.2.
Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar
haqqında işlərə şəxsin
yaşadığı yer üzrə baxılır.
110.3.
Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına
səbəb ola bilən inzibati xətalar haqqında işlərə,
müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminin məlumatları
nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci
maddəsində nəzərdə
tutulmuş qaydada baxılır.
Maddə 111. İnzibati xətalar
haqqında işlərə baxılması müddətləri
111.1.
İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti
olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə
inzibati xəta haqqında protokolu və işin digər
materiallarını aldığı vaxtdan on beş gün
müddətində baxır.
111.2.
İnzibati xəta haqqında iş üzrə icraatın
iştirakçılarının vəsatəti və ya əlavə
müəyyən edilməli hallar olarsa, işə baxan hakim,
səlahiyyətli orqan (vəzifəli şəxs)
özünün əsaslandırılmış qərardadı
ilə işin baxılmasını bir ayadək müddətə
uzadır.
111.3.
İnzibati həbs tənbeh növü nəzərdə tutan
inzibati xətalar haqqında işlərə inzibati xəta
haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan
şəxslər barəsində isə onların tutulduğu
vaxtdan ən geci 48 saat keçənədək baxılır.
Maddə 112. İnzibati xəta
haqqında işə baxılma qaydası
112.1.
İnzibati xəta haqqında işə baxılarkən:
112.1.1.
işə baxan şəxs, baxılan işin qısa məzmunu,
işinə baxılan şəxs elan olunur;
112.1.2.
inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin
və ya hüquqi şəxsin qanuni nümayəndəsinin,
habelə işin baxılmasında iştirak edən digər
şəxslərin iştirakı müəyyənləşdirilir;
112.1.3.
fiziki şəxsin qanuni nümayəndəsinin və
hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin
və nümayəndənin səlahiyyətləri müəyyən
edilir;
112.1.4.
iş üzrə icraatda iştirak edən şəxslərin
gəlməmələrinin səbəbləri
araşdırılır və həmin şəxslərin
iştirakı olmadan işə baxılma və ya işə
baxılmanın başqa vaxta keçirilməsi məsələsi
həll edilir;
112.1.5.
işin baxılmasında iştirak edən şəxslərə
onların hüquqları və vəzifələri izah olunur;
112.1.6.
edilmiş etirazlar və verilmiş vəsatətlər həll
edilir.
112.2.
Aşağıda göstərilən hallarda işə
baxılmanın başqa vaxta keçirilməsi barədə
qərardad qəbul edilir:
112.2.1.
əgər etiraz etmə işin mahiyyəti üzrə
baxılmasına mane olursa, özü-özünə etiraz
etmə və ya işə baxan hakimə, vəzifəli şəxsə,
yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə
ərizə daxil olduqda;
112.2.2.
mütəxəssisə, ekspertə və ya tərcüməçiyə
etiraz etmə işin mahiyyəti üzrə baxılmasına
mane olduqda;
112.2.3.
işdə iştirak edən şəxsin gəlməsi və
ya əlavə sənədlərin tələb olunması,
yaxud ekspertizanın təyin edilməsi vacib olduqda.
112.3.
Bu Məcəllənin 109.3-cü maddəsinə müvafiq
olaraq iştirakı məcburi olan şəxsin gətirilməsi
barədə qərardad çıxarılır.
112.4.
Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq
işin aidiyyəti üzrə göndərilməsi barədə
qərardad çıxarılır.
112.5.
İşə baxılma davam edərsə, inzibati xəta
haqqında protokol, zəruri hallarda isə işin digər
materialları elan edilir. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan fiziki şəxsin,
hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta
haqqında iş üzrə icraatda iştirak edən digər
şəxslərin, habelə mütəxəssisin
izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar
araşdırılır, işə baxılmada prokuror
iştirak etdikdə, onun rəyi dinlənilir.
Maddə 113. İnzibati xəta
haqqında işə baxma ilə əlaqədar iclas
protokolunun məzmunu
113.1.
İnzibati xəta haqqında işə kollegial orqan və ya
məhkəmə tərəfindən baxılarkən iclas
protokolu tərtib olunur.
113.2.
İnzibati xəta haqqında işə baxma ilə əlaqədar
iclas protokolunda aşağıdakılar göstərilir:
113.2.1.
işə baxılmanın tarixi və yeri, iclasın başlanma və qurtarma
vaxtı;
113.2.2. işə baxan kollegial orqanın adı və
tərkibi, yaxud hakimin və məhkəmə
iclasının katibinin adı;
113.2.3.
baxılan işin qısa məzmunu;
113.2.4.
işdə iştirak edən şəxslərin gəlməsi
haqqında məlumatlar;
113.2.5. işdə
iştirak edən şəxslərə onların prosessual
hüquq və vəzifələrinin elan edilməsinə dair
məlumatlar;
113.2.6.
etirazlar, vəsatətlər və onların baxılmasının
nəticələri;
113.2.7.
işə baxılmasında iştirak edən şəxslərin
izahatları və rəyləri;
113.2.8. iclas vaxtı
edilmiş çıxışların məzmunu;
113.2.9.
işə baxılarkən tədqiq edilən sənədlər
barədə məlumatlar;
113.2.10. yazılı
sübutların elan edilməsinə dair məlumatlar, maddi
sübutların müayinəsinə, səs
yazılarının dinlənilməsinə, videoyazılara
baxılmasına dair məlumatlar;
113.2.11. işdə
iştirak edən şəxslərə protokolla tanış
olmaq və ona dair qeydlər vermək hüquqlarının
izah olunmasına dair məlumatlar;
113.2.12. protokolun tərtib
olunma tarixi.
113.3.
Kollegial orqanın iclasının protokolu iclasa sədrlik edən
və katib tərəfindən, məhkəmə
iclasının protokolu isə hakim və məhkəmə iclasının katibi tərəfindən imzalanır.
113.4. Protokol inzibati
xəta haqqında işə baxma ilə əlaqədar iclas
qurtardıqdan sonra 5 gündən gec olmayaraq tərtib edilməli
və imzalanmalıdır.
Maddə 114. İnzibati xəta
haqqında işə baxılarkən çıxarılan qərar
(qərardad)
114.1. İnzibati xəta haqqında işə
baxılarkən aşağıdakı məsələlər
barəsində qərar çıxarılır:
114.1.1. inzibati tənbeh vermə haqqında;
114.1.2. inzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında;
114.1.3. inzibati xəta haqqında iş üzrə
icraatın dayandırılması haqqında;
114.1.4. inzibati xəta haqqında iş üzrə
icraata xitam verilməsi haqqında.
114.2.
İnzibati xəta haqqında iş üzrə icraata xitam
verilməsi haqqında qərar aşağıdakı hallarda
çıxarılır:
114.2.1.
bu Məcəllənin 53-cü maddəsində nəzərdə
tutulan hallardan biri mövcud olduqda;
114.2.2.
bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq
olaraq intizam məsuliyyətinə cəlb etmək barədə
qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə;
114.2.3.
inzibati xəta haqqında işdə cinayətin əlamətləri
olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya
istintaq orqanına göndərildikdə;
114.2.4.
bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq
inzibati xəta haqqında iş yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə.
114.3.
İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə
aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti
üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilməsi barədə qərardad
çıxarılır.
114.4.
Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
inzibati xəta
haqqında işə baxılarkən çıxarılan qərar
(qərardad) ciddi hesabat sənədi olmaqla, nömrələnmiş
blanklarda tərtib olunur. Həmin qərarın (qərardadın)
formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə 115. İnzibati xəta
haqqında iş üzrə qərar
115.1.
İnzibati xəta haqqında iş üzrə qərarda
aşağıdakılar göstərilir:
115.1.1.
qərarı çıxarmış hakimin, vəzifəli
şəxsin vəzifəsi, soyadı, adı, atasının
adı, kollegial orqanın adı və tərkibi;
115.1.2.
işin baxılması tarixi və yeri;
115.1.3.
işinə baxılan şəxs haqqında məlumat;
115.1.4.
işə baxılarkən müəyyən edilmiş hallar;
115.1.5.
inzibati xətaya görə məsuliyyət nəzərdə
tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə
tətbiq edilən inzibati tənbeh növü;
115.1.6. inzibati cərimə şərti olaraq tətbiq edildikdə,
hüquqpozmanın aradan qaldırılması
üçün müəyyən edilmiş müddət və
bu müddətdə hüquqpozma aradan
qaldırıldığı təqdirdə, cərimənin
ödənilməməsi barədə qeyd;
115.1.7. iş üzrə icraata xitam verilməsi və
ya dayandırılması üçün əsas olan bu Məcəllənin
müvafiq maddəsi;
115.1.8. qərardan şikayət verilməsi müddəti
və qaydası.
115.2.
İnzibati xətaya görə inzibati tənbeh tətbiq etmə
ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə
tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə
ehtiyacı olan şəxsə məcburi müalicənin təyin
edilməsi məsələləri hakim tərəfindən
həll edilir.
115.3. İnzibati xətaya görə
inzibati həbs növündə inzibati tənbeh tətbiq etmə
ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan
şəxslər barəsində məcburi müalicənin tətbiqi
məsələsi hakim tərəfindən həll edilir.
115.4.
İnzibati xəta haqqında iş üzrə qərarda
götürülmüş əşyalar və sənədlər
barədə məsələlər aşağıdakı
qaydada həll olunmalıdır:
115.4.1.
dövriyyədən çıxarılmamış sənədlər
və əşyalar onun qanuni sahibinə qaytarılmalı,
qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin
mülkiyyətinə verilməlidir;
115.4.2.
dövriyyədən çıxarılmış əşyalar
aidiyyəti dövlət orqanlarına verilməli, yaxud məhv
edilməlidir;
115.4.3.
maddi sübut hesab edilən sənədlər inzibati xəta
haqqında işdə müəyyən edilmiş saxlama
müddəti ərzində saxlanılır və ya sahibinə
verilir;
115.4.4.
alınmış orden, medal, döş nişanları
onların qanuni sahibinə qaytarılır, qanuni sahib müəyyən
edilmədikdə isə müvafiq
icra hakimiyyəti orqanına göndərilir.
115.5. İnzibati xəta haqqında iş üzrə qərar
onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik
edən şəxs, habelə vəzifəli şəxs tərəfindən
imzalanır.
Maddə 116. İnzibati cərimənin
şərti olaraq tətbiq edilməsi
116.1. Eyni inzibati xətanın
inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə
mindiyi gündən bir il ərzində təkrar törədilməsi
halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1,
394.0.5, 394.0.7, 395, 518.1, 532, 536, 537.2, 539 – 544, 551.2, 557.2, 603,
604, 606.2 və 606.3-cü maddələrində nəzərdə
tutulan inzibati xətanı törətmiş şəxs barəsində
səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərar
çıxarır.
116.2. İnzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərarda
şəxsin törətdiyi hüquqpozmanı aradan
qaldırması üçün müddət nəzərdə
tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın
aradan qaldırılmasının mürəkkəbliyi və
bunun üçün əlavə vaxtın tələb
olunması nəzərə alınaraq bir aydan iki ayadək
müəyyən olunur.
116.3. Bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddətdə
hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə
ödənilmir. Əks təqdirdə, inzibati cərimənin
şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə
tutulan cərimə ödənilməlidir. Cərimənin
ödənilməsi şəxsi törətdiyi
hüquqpozmanın aradan qaldırılması öhdəliyindən
azad etmir.
116.4. İnzibati xəta törətmiş
şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində
inzibati xəta haqqında işə baxan səlahiyyətli
orqana (vəzifəli şəxsə) bu barədə məlumat
verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin
116.2-ci maddəsində nəzərdə tutulan müddətin
axımı dayanır. İşə baxan səlahiyyətli
orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi
gündən 5 iş günü müddətində bu məlumatın
düzgünlüyünü araşdırır və
araşdırmanın nəticəsi barədə inzibati xəta
törətmiş şəxsə yazılı bildiriş
göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə,
inzibati cərimənin şərti olaraq tətbiq edilməsi
haqqında qərarda nəzərdə tutulan cərimə
ödənilməlidir.
Maddə 117. İnzibati xəta
haqqında iş üzrə qərarın elan edilməsi
117.1.
İnzibati xəta haqqında iş üzrə qərar onun
baxılmasından dərhal sonra elan olunur.
117.2.
Qərarın surəti iki gün müddətində barəsində
qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi
şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə
verilir.
Maddə 118. İnzibati xəta
haqqında iş üzrə qərardad
118.1.
İnzibati xəta haqqında qərardadda
aşağıdakılar göstərilir:
118.1.1.
qərardad çıxarmış hakimin, vəzifəli şəxsin
vəzifəsi, soyadı, adı, atasının adı,
kollegial orqanın adı və tərkibi;
118.1.2.
ərizənin, vəsatətin, işin materiallarının
baxılma tarixi və yeri;
118.1.3.
ərizə, vəsatət vermiş və ya işinə
baxılan şəxs haqqında məlumat;
118.1.4.
ərizənin, vəsatətin məzmunu;
118.1.5.
ərizəyə, vəsatətə, işin materiallarına
baxılarkən müəyyən edilən hallar;
118.1.6.
ərizəyə, vəsatətə, işin materiallarına
baxılmasının nəticəsi.
118.2.
İnzibati xəta haqqında iş üzrə qərardad onu
qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik
edən şəxs və vəzifəli şəxs tərəfindən
imzalanır.
Maddə 119. İnzibati xətanın
törədilməsinə kömək edən səbəbləri
və şəraiti aradan qaldırmaq haqqında təqdimat
119.1.
İnzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə
kömək edən səbəbləri və şəraiti müəyyən
etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara,
vəzifəli şəxslərə onların aradan
qaldırılması üçün tədbirlər görmək
haqqında təqdimat verir.
119.2.
Təqdimatın alındığı gündən bir ay ərzində
həmin müəssisələr, idarələr, təşkilatlar,
habelə vəzifəli şəxslər təqdimat vermiş
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə)
görülən tədbirlər haqqında məlumat verməyə
borcludurlar.
Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlərə baxılmanın xüsusiyyətləri
Maddə 120. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlərə baxılmanın ümumi qaydası
Bu Məcəllənin 327 - 348-ci maddələrində
nəzərdə tutulmuş yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətalar haqqında işlərə,
bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər
nəzərə alınmaqla, bu Məcəllə ilə
müəyyən edilmiş qaydada baxılır.
Maddə 121. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta haqqında iş
üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli
orqana çağırılmasının yolverilməzliyi
Bu Məcəllənin 122.7, 122.8 və
124.3-cü maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xəta haqqında iş üzrə barəsində
icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən
çağırılması qadağandır.
Maddə 122. İnzibati xəta hadisəsi
foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edildikdə
icraatın aparılması qaydası
122.1. Bu Məcəllənin 327.1 - 327.5,
328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində
nəzərdə tutulmuş xətalar foto və ya video
qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin
məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin proqram təminatı əsasında real vaxt
rejimində elektron formada birbaşa həmin mərkəzi
informasiya sisteminə ötürülür, inzibati xətanı
törətmiş şəxsin iştirakı olmadan real vaxt
rejimində, “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada elektron sənəd şəklində inzibati
xəta haqqında elektron protokol tərtib olunur və həmin
mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının
elektron imzası ilə təsdiqlənir. İnzibati xəta
haqqında elektron protokol tərtib edildikdən dərhal sonra,
xüsusi texniki vasitələrin məlumatları əlavə
edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə göndərilir.
122.2. İnzibati xəta haqqında
elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat
vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə
müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə
etmə və ya ona dair sərəncam vermə hüquqları
ilə bağlı etibarnamə əsasında sonuncu dəfə
təkrar dövlət qeydiyyatından keçirilərkən
qeydiyyata götürülmüş şəxs, hüquqi
şəxsin mülkiyyətində və ya istifadəsində
olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat
olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi)
barəsində tərtib edilir.
122.3. İnzibati xəta haqqında
elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində
nəzərdə tutulanlarla yanaşı
aşağıdakılar göstərilir:
122.3.1. inzibati xətanın aşkar
edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə
əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin
baş verdiyini və hansı nəqliyyat vasitəsinin
sürücüsü tərəfindən törədildiyini
sübut edən foto və ya video materiallar əlavə edilməklə);
122.3.2. inzibati xəta haqqında elektron
protokolla əlaqədar vəsatət verilməsi qaydası;
122.3.3. inzibati cərimənin məbləği
və ödənilməsi qaydası.
122.4. İnzibati xəta hadisəsinin
fotosu, bu Məcəllənin 327.1 - 327.3 və 330-cu maddələrində
nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin
videoyazısı həmin inzibati xəta haqqında is üzrə
icraat başa çatanadək saxlanılmalıdır.
122.5. Foto və ya video qeydiyyat
funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi
ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat
vasitəsini dayandıraraq, törədilmiş belə xətalar
haqqında inzibati xəta haqqında protokol tərtib etmək
və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar
çıxarmaq qadağandır. Bütün foto və ya
video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr
müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin
köməyi ilə aşkar edilmiş inzibati xətalar
haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada elektron protokol tərtib
olunur.
122.6. Barəsində bu Məcəllənin
122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs protokolda qeyd olunan cəriməni ödədikdə
protokolla razılaşmış olur və həmin protokol eyni
məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab
edilir.
122.7. Barəsində bu Məcəllənin
122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsinin digər şəxsin
sahibliyində və ya istifadəsində olması, yaxud digər
şəxslərin qanunsuz əməlləri nəticəsində
onun sahibliyindən çıxması ilə bağlı və
ya digər səbəbdən protokolla
razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə
müraciət edə bilər. Vəsatət inzibati xəta
haqqında protokol barədə bu Məcəllənin
125.2.3-cü maddəsində nəzərdə tutulmuş
qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində
şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə
göndərilə bilər. Vəsatət verən şəxs
inzibati xətanın törədilməsi zamanı nəqliyyat
vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə
göstərə bilər. Vəsatətdə göstərilən
məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta
haqqında protokol tərtib edilmiş şəxs haqqında
olan iş üzrə icraata xitam verilir və inzibati xətanı
törətmiş şəxsin inzibati məsuliyyətə cəlb
edilməsi üçün müvafiq tədbirlər
görülür.
122.8. Barəsində bu Məcəllənin
122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində
nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı
vaxtdan 10 gün müddətində vəsatət vermədikdə,
həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar
hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin
qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada şikayət verilə bilər.
Maddə 123. Foto və
ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilən və hüquqi
şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi
tərəfindən törədilən inzibati xəta
haqqında iş üzrə icraatın aparılması
qaydası
123.1. Bu Məcəllənin 122.1-ci maddəsində
nəzərdə tutulmuş xətalar hüquqi şəxsin
mülkiyyətində və ya istifadəsində olan nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən
törədildikdə və müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində inzibati xətanın
törədilməsi zamanı nəqliyyat vasitəsini idarə
etmək hüququna malik fiziki şəxs barədə məlumat
olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən bu barədə
dərhal sorğu göndərilir.
123.2. Hüquqi şəxs sorğunu rəsmi
qaydada aldığı vaxtdan 5 gün müddətində
inzibati xətanın törədilməsi zamanı nəqliyyat
vasitəsini idarə etmək hüququna malik fiziki şəxs
barədə səlahiyyətli orqana (vəzifəli şəxsə)
məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli
şəxs) belə məlumatı aldığı vaxtdan 3
gün müddətində barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin
iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib
edir. İnzibati xəta haqqında protokol həmin günün
sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində yerləşdirilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin protokol barədə bu Məcəllənin
125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
123.3. Bu Məcəllənin 123.1-ci maddəsində
nəzərdə tutulmuş sorğuya cavab verməyən
hüquqi şəxs bu Məcəllənin 347-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə
görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin
məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı
təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə
törətdiyi əmələ görə məsuliyyətdən
azad etmir.
Maddə 124. İnzibati xəta hadisəsi
səlahiyyətli vəzifəli şəxs tərəfindən
bilavasitə aşkar edildikdə icraatın aparılması
qaydası
124.1. İnzibati xətalar haqqında
işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə
aid edilmiş yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs
tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə
ilə müəyyən olunmuş qaydada inzibati xəta
haqqında protokol tərtib edilir və baxılmaq
üçün məhkəməyə göndərilir. Məhkəmə
inzibati xəta haqqında iş üzrə qərar qəbul
etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi
informasiya sisteminə yerləşdirilməsi üçün
müvafiq icra hakimiyyəti orqanına göndərir.
Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı
daxil olduğu gün mərkəzi informasiya sisteminə yerləşdirir.
Barəsində inzibati xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs həmin qərar barədə
bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılır.
124.2. İnzibati xətalar haqqında
işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli
şəxsə) aid edilmiş yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli
vəzifəli şəxs tərəfindən bilavasitə
aşkar edildikdə və barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs
inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşdıqda, inzibati tənbeh tətbiq etmə
haqqında qərar çıxarılır.
124.3. Barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxs
inzibati xəta hadisəsinin mövcudluğu ilə
razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs
inzibati xəta haqqında protokol tərtib edir.
124.4. İnzibati tənbeh tətbiq etmə
haqqında qərar və ya inzibati xəta haqqında protokol
operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda
həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sistemində yerləşdirilir və
barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə bu Məcəllənin
125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu
barədə məlumat verilir. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın və ya inzibati xəta
haqqında protokolun kağız daşıyıcıda surəti
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
yerindəcə barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsə, həmçinin
belə müraciəti olduqda inzibati xəta haqqında iş
üzrə zərər çəkmiş şəxsə
verilir. Bu Məcəllənin 124.3-cü maddəsində
nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında
protokol baxılması üçün yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) göndərilir.
Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
həmin iş üzrə qəbul edilən qərar qəbul
edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi
informasiya sistemində yerləşdirilir və barəsində
inzibati xəta haqqında iş üzrə icraat aparılan
şəxsə həmin qərar barədə bu Məcəllənin
125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
124.5. Bu Məcəllənin 346.1 və
ya 346.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətanı törətmiş şəxs nəqliyyat
vasitəsinin yanında deyilsə, inzibati xəta törətmiş
şəxsin iştirakı olmadan foto və ya video çəkiliş
aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə
inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat
vasitəsi mühafizə edilən duracağa aparılır.
Bu halda inzibati xəta haqqında protokolda nəqliyyat vasitəsinin
aparıldığı duracağın ünvanı göstərilir.
Protokol operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompüter vasitəsilə
tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin protokol barədə
bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.
124.6. Bu Məcəllənin 346.1 və
ya 346.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətanı törətmiş şəxs nəqliyyat
vasitəsinin yanında olmadığı və nəqliyyat
vasitəsinin mühafizə edilən duracağa
aparılması mümkün olmadığı hallarda inzibati
xəta törətmiş şəxsin iştirakı olmadan
foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat
vasitəsinin istifadəçisi barədə inzibati xəta
haqqında protokol tərtib edilir. İnzibati xəta hadisəsinin
baş verdiyini və hansı nəqliyyat vasitəsinin
sürücüsü tərəfindən törədildiyini
sübut edən foto və ya video materiallar əlavə
olunmaqla, həmin protokolun surəti nəqliyyat vasitəsinin
ön şüşəsinə qoyulur. Protokol operativ nəqliyyat
vasitəsində quraşdırılmış bort-kompüter
vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sistemində
yerləşdirilir və barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsə
həmin protokol barədə bu Məcəllənin 125.2.1 və
125.2.2-ci maddələrində nəzərdə tutulmuş
qaydada məlumat verilir.
Maddə 125. İnzibati xəta
haqqında protokol və inzibati xəta haqqında iş
üzrə qərar barədə məlumatlandırma
125.1. Müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş
inzibati xəta haqqında protokol və ya inzibati xəta
haqqında iş üzrə qərar həmin anda elektron
qaydada, həmçinin müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə yerləşdirilir.
125.2. İnzibati xətanı törətmiş
nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin
mülkiyyətində və ya istifadəsində olan nəqliyyat
vasitələri ilə əlaqədar hüquqi şəxs)
inzibati xəta haqqında protokol və inzibati xəta
haqqında iş üzrə qərar barədə
aşağıdakı qaydada məlumatlandırılır:
125.2.1. müvafiq icra hakimiyyəti
orqanının informasiya sistemi inzibati xəta haqqında
elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə
qərarı və onların əlavələrini hər bir nəqliyyat
vasitəsinin istifadəçisi üçün internet
informasiya resursunda yaradılmış elektron kabinetə dərhal
yerləşdirir və barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin elektron
ünvanına (olduğu halda) göndərir;
125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti
orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin
mobil telefon nömrəsinə inzibati xəta törətməsi,
törətdiyi xətanın qısa məzmunu, xətanın
törədildiyi yer və vaxt, bu Məcəllənin hansı
maddəsinə əsasən inzibati məsuliyyətə cəlb
olunması, cərimənin məbləği, inzibati xəta
haqqında elektron protokolun və ya inzibati xəta haqqında
iş üzrə qərarın nömrəsi, həmin sənədlə
və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi
elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə
ödənişsiz SMS məlumatı dərhal göndərir;
125.2.3. inzibati xəta haqqında elektron
protokol və ya inzibati xəta haqqında iş üzrə qərar
ona əlavə edilmiş materiallarla birlikdə kağız
daşıyıcıda çap olunaraq səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən inzibati xətanın
törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş rəsmi
qaydada verilir.
125.3. Nəqliyyat vasitəsinin istifadəçisi
üçün internet informasiya resursunda yaradılmış elektron
kabinetdə şəxsin hansı tarixdə inzibati xəta
haqqında protokol və ya inzibati xəta haqqında iş
üzrə qərar barədə bu Məcəllənin 125.2.1
– 125.2.3-cü maddəsində nəzərdə tutulmuş
qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir.
125.4. Foto və
ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
köməyi ilə aşkar edilmiş inzibati xətalara
görə tərtib edilmiş inzibati xəta haqqında
elektron protokol və ya inzibati xəta haqqında iş üzrə
qərarın bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş qaydada
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt göndərişi
vasitəsilə rəsmi çatdırılması barədə
məlumatlar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə göndərilir.
125.5. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin
1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat
vasitəsini dövlət qeydiyyatından keçirərkən
fiziki şəxslər qeydiyyatda olduğu və
yaşadığı ünvanı, mobil telefon nömrəsini
və olduğu halda elektron ünvanını və
sürücülük vəsiqəsinin nömrəsini,
hüquqi şəxslər isə nəqliyyat vasitəsinin
idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat
vasitəsi sürücüsünün) müvafiq məlumatlarını
dövlət qeydiyyatını həyata keçirən orqana
verməli və həmin məlumatlar dəyişdikdə,
onları 3 gün müddətində yeniləməlidirlər.
Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon,
poçt və internet vasitəsilə elektron qaydada verilməsi
və yenilənməsi üçün müvafiq imkanların
olmasını təmin etməlidir.
125.6. Müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sisteminə daxil
edilmiş, bu Məcəllənin 125.4 və 125.5-ci maddələrində
nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminə də göndərilir.
125.7. Elektron kabinetdə şəxsə
aid, qüvvədə olan (icra olunmamış, ödənilməmiş)
inzibati xəta haqqında iş üzrə qərar və ya
yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta
haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə
çap və ya elektron formada çıxarış əldə
edə bilər.
125.8. İnzibati xəta haqqında
elektron protokol və ya inzibati xəta haqqında iş üzrə
qərar elektron
kabinetdə yerləşdirilməyənədək onun icra
olunması (o cümlədən cərimə növündə
inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə
pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən
nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq
duracağa gətirilə bilməz.
Maddə 126. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayətə
baxılma qaydası
126.1. Barəsində inzibati xəta
haqqında iş üzrə qərar qəbul edilmiş şəxs
inzibati xəta törətməsi barədə bu Məcəllənin
125.2.3-cü maddəsində nəzərdə tutulmuş
qaydada məlumatlandırıldığı və ya inzibati xəta
haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində
nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq
etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və ya məhkəməyə şikayət edə bilər.
Şikayət şəxsən verilə və ya poçt,
yaxud internet vasitəsilə göndərilə bilər.
126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli
şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan
şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli
şəxs) videomüşahidə vasitələrinin qeydə
aldığı videoyazıya baxış keçirməklə
və araşdırma aparmaqla qərarın ləğv edilməsi
üçün əsaslar müəyyən etdikdə,
inzibati xəta haqqında iş üzrə qərarı ləğv
edir, belə əsaslar müəyyən olunmadıqda isə
inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən
saxlanılması barədə qərar qəbul edilir.
126.3. Bu Məcəllənin 126.2-ci maddəsində
nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti
orqanının mərkəzi informasiya sistemində yerləşdirilir
və barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə həmin qərar barədə
bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumat verilir.
Maddə 127. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın icra edilməməsi
ilə əlaqədar xətalar üzrə icraatın
aparılması qaydası
Bu Məcəllənin 529.3-cü maddəsində
nəzərdə tutulmuş inzibati xətanı törətmiş
şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada məlumatlandırılmaqla, onun
iştirakı olmadan barəsində inzibati xəta haqqında
protokol tərtib edilir və müvafiq sənədlərlə
birlikdə baxılmaq üçün aidiyyəti üzrə
məhkəməyə göndərilir.
İnzibati
xəta haqqında iş üzrə qərara yenidən
baxılma
Maddə 128. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest vermək hüququ
128.1.
Barəsində qərar çıxarılmış fiziki
şəxs, yetkinlik yaşına çatmayanların qanuni
nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi,
zərər çəkmiş şəxs, müdafiəçi
və nümayəndə, həmçinin bu Məcəllənin
43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli
şəxs inzibati xəta haqqında iş üzrə qərardan
şikayət, prokuror isə protest verə bilər.
128.2.
İnzibati xəta haqqında iş üzrə qərardan
şikayət və ya protest aşağıdakı məhkəməyə
və ya səlahiyyətli orqana (vəzifəli şəxsə)
verilir:
128.2.1.
hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;
128.2.2.
kollegial orqanın qərarından - kollegial orqanın
olduğu yerin məhkəməsinə;
128.2.3.
səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından
- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə)
və ya məhkəməyə.
Maddə 129. İnzibati xəta
haqqında iş üzrə qərardan şikayət və ya
protest vermə qaydası
129.1. İnzibati xəta haqqında
iş üzrə qərardan şikayət və ya protest
aşağıdakı qaydada verilir:
129.1.1. hakimin qərarından apellyasiya
instansiyası məhkəməsinə verilən şikayət
və ya protest - həmin qərarı qəbul etmiş hakim
vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə;
129.1.2. kollegial orqanın qərarından
məhkəməyə verilən şikayət - birbaşa
kollegial orqanın olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;
129.1.3. səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarından məhkəməyə verilən
şikayət - şikayət verən şəxsin
yaşayış yeri və ya hüquqi şəxsin
ünvanının olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;
129.1.4. səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarından məhkəməyə verilən
protest - səlahiyyətli orqanın olduğu yer üzrə
rayon (şəhər) məhkəməsinə;
129.1.5. səlahiyyətli orqanın (vəzifəli
şəxsin) qərarından yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə) verilən şikayət
- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).
129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda hakim şikayətin daxil
olduğu gündən üç gün müddətində
şikayəti və ya protesti iş üzrə bütün
materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə
göndərir.
129.3. İnzibati
həbs tənbeh növünün tətbiqi barədə qərardan
şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə
şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
129.4. Şikayətə
və ya protestə baxılma hakimin, orqanın (vəzifəli
şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət
və ya protest üç gün müddətində aidiyyəti
üzrə göndərilir.
129.5. İnzibati
xəta haqqında iş üzrə qərardan verilən
şikayətdən dövlət rüsumu tutulmur.
Maddə 130. Qərardan şikayət və
ya protest vermə müddətləri
130.1.
Qərarın surəti bu Məcəllənin
57-ci maddəsində nəzərdə tutulmuş rəsmi
qaydada verildiyi vaxtdan on gün müddətində inzibati
xəta haqqında iş üzrə qərardan şikayət
verilə bilər.
130.2.
Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə
tutulmuş müddət üzrlü səbəbdən
buraxıldıqda, şikayət verən şəxsin vəsatəti
ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən bərpa edilir.
130.3.
Buraxılmış müddətin bərpası
qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd
etmə haqqında qərardad qəbul edilir.
Maddə 131. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma müddətləri
131.1.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə daxil olduğu
gündən on gün müddətində baxılır.
131.2.
İnzibati xəta törədən şəxs barəsində
inzibati həbs tənbeh növü tətbiq edildikdə,
inzibati həbs barəsində verilmiş qərardan şikayətə
və ya protestə həmin şikayətin və ya protestin
verildiyi vaxtdan bir gün müddətində baxılır.
Maddə 132. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxmağa hazırlıq
132.1.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxmağa
hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən aşağıdakı məsələlər
həll edilir:
132.1.1.
inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli
orqana (vəzifəli şəxsə) aiddirmi;
132.1.2.
inzibati xəta haqqında iş üzrə icraatı rədd
edən hallar mövcuddurmu;
132.1.3.
vəsatətlərə baxılır, zəruri olduqda
ekspertiza təyin edilir, əlavə materiallar tələb
olunur, şikayətə və ya protestə baxılma
üçün lazım olan şəxslər
çağırılır.
132.2.
Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə
aid olmadıqda, şikayət və ya protest bütün
materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.
Maddə 133. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma
133.1.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə hakim və ya
vəzifəli şəxs tərəfindən təkbaşına
baxılır.
133.2.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxılarkən:
133.2.1.
şikayətə və ya protestə kim tərəfindən
baxılması, hansı şikayətə və ya protestə
baxılması, şikayətin kim tərəfindən verilməsi
elan olunur;
133.2.2.
barəsində inzibati xəta haqqında iş üzrə qərar
qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin
nümayəndəsinin, habelə şikayətə və ya
protestə baxılmada iştirak etmək üçün
çağırılmış digər şəxslərin
gəlib-gəlmədiyi müəyyən edilir;
133.2.3.
fiziki şəxsin qanuni nümayəndəsinin və ya
hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin
və nümayəndənin səlahiyyətləri müəyyən
edilir;
133.2.4.
inzibati xəta haqqında iş üzrə icraatın
iştirakçılarının gəlməməsi səbəbləri
aydınlaşdırılır, şikayətə və ya
protestə həmin şəxslərin iştirakı olmadan
baxılma məsələsi həll edilir, yaxud şikayətə
və ya protestə baxılma təxirə salınır,
şikayətə və ya protestə baxılma
üçün vacib olan şəxslərin gətirilməsi
barədə qərardad qəbul edilir;
133.2.5.
şikayətə və ya protestə baxılmada iştirak edən
şəxslərin hüquqları və vəzifələri
onlara izah edilir;
133.2.6.
etiraz etmə və ya vəsatət haqqında müraciətlər
həll edilir;
133.2.7.
inzibati xəta haqqında iş üzrə qərardan
verilmiş şikayət və ya protest elan edilir;
133.2.8.
inzibati xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxılarkən qəbul
edilmiş qərarın qanuniliyi və əsaslılığı
iş üzrə olan və əlavə təqdim edilmiş
materiallar əsasında yoxlanılır;
133.2.9.
inzibati xəta haqqında iş üzrə icraatda prokuror
iştirak etdiyi hallarda onun rəyi dinlənilir.
Maddə 134. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayətə
və ya protestə baxılma haqqında qərar
134.1.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayətə və ya protestə baxılaraq
aşağıdakı qərarlardan biri qəbul edilir:
134.1.1.
qərarın dəyişdirilmədən, şikayətin və
ya protestin isə təmin edilmədən saxlanılması
haqqında;
134.1.2.
bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə
müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi
haqqında və ya qərarı ləğv
edərək yeni qərarın
çıxarılması haqqında;
134.1.3.
bu Məcəllənin 53-cü maddəsində nəzərdə
tutulduğu hallarda qərarı ləğv edərək
inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi
haqqında;
134.1.4.
bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri
ilə müəyyən edilmiş hallarda qərarın ləğv
edilməsi və inzibati xəta haqqında işin yenidən
baxılmaq üçün hakimə, səlahiyyətli orqana
(vəzifəli şəxsə) göndərilməsi
haqqında;
134.1.5.
şikayətə və ya protestə baxılarkən inzibati
xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti
çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul
etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi
və işin aidiyyəti üzrə baxılmaq
üçün göndərilməsi haqqında.
134.2.
Şikayətə və ya protestə baxılma haqqında qərarda
bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar
göstərilir.
Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın
ləğv edilməsi və ya dəyişdirilməsi
üçün əsaslar
135.1. İnzibati xəta haqqında iş üzrə
qərarın ləğv edilməsi və ya dəyişdirilməsi
üçün əsaslar aşağıdakılardır:
135.1.1. hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr
üzrə mühüm əhəmiyyət kəsb edən
bütün faktiki halların araşdırılmaması;
135.1.2. hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin
işin faktiki hallarına uyğun olmaması;
135.1.3. hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən
müəyyən edilmiş iş üçün əhəmiyyətli
olan halların sübuta yetirilməməsi;
135.1.4. inzibati məsuliyyət
müəyyən edən qanunun normasının düzgün
tətbiq edilməməsi;
135.1.5. tətbiq edilmiş tənbehin
bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə
uyğun olmaması;
135.1.6. bu Məcəllə
ilə müəyyən edilmiş tələblərin
işin hallarının hərtərəfli, tam və obyektiv
araşdırılmasına maneə törədəcək dərəcədə
pozulması.
135.2. İnzibati
xəta haqqında iş üzrə qərardan verilən
şikayətə və ya protestə baxan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs), barəsində qərar
qəbul edilmiş şəxsin vəziyyətini
ağırlaşdıran qərarı yalnız bununla əlaqədar
zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində
nəzərdə tutulan vəzifəli şəxsin
şikayəti və ya prokurorun protesti olduqda qəbul edə
bilər.
Maddə 136. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest barəsində çıxarılmış qərarın
elan edilməsi
136.1.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayət və ya protest haqqında qərar qəbul
edildikdən dərhal sonra elan edilir.
136.2.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayət və ya protest üzrə qəbul
edilmiş qərarın surəti, onun qəbul olunduğu
gündən iki gün müddətində, barəsində
inzibati xəta haqqında iş üzrə qərar qəbul
edilmiş fiziki şəxsə, hüquqi şəxsin
nümayəndəsinə, zərər çəkmiş
şəxsə və ya protest vermiş prokurora verilir.
136.3.
İnzibati həbs haqqında tənbeh növünün tətbiq
edilməsi barədə qərardan verilən şikayət və
ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli
orqana (vəzifəli şəxsə), habelə barəsində
inzibati həbs tətbiq edilən şəxsə qərarın
qəbul olunduğu gün verilir.
Maddə 137. İnzibati xəta
haqqında iş üzrə qərardan verilən şikayət
və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə
yenidən baxılma
137.1.
İnzibati xəta haqqında iş üzrə qərardan
verilən şikayət və ya protest üzrə qəbul
edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına
çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin
nümayəndəsi, zərər çəkmiş şəxs,
habelə müdafiəçi və nümayəndə tərəfindən
verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə
bu Məcəllədə
müəyyən edilmiş qaydada və müddətdə
baxılır.
137.2.
İnzibati xəta haqqında iş üzrə qərardan
şikayət və ya protest üzrə hakim (vəzifəli
şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində
nəzərdə tutulmuş müddətdə şikayət
verilə bilər.
İnzibati
xəta haqqında iş üzrə qərarın icrası
Ümumi
müddəalar
Maddə 138. İnzibati xəta
haqqında iş üzrə qərarın, şikayət ya
protest üzrə qəbul edilmiş qərarın qanuni
qüvvəyə minməsi
138.1.
İnzibati xəta haqqında iş üzrə qərar, habelə
şikayət və ya protest üzrə qəbul edilmiş qərar
aşağıdakı hallarda qanuni qüvvəyə minir:
138.1.1.
əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə,
inzibati xəta haqqında iş üzrə qəbul edilmiş
qərardan şikayətin verilməsi müddətinin bitdiyi
gün;
138.1.2.
əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə,
inzibati xəta haqqında iş üzrə qərardan
şikayət və ya protest üzrə hakim (vəzifəli
şəxs) tərəfindən qəbul edilmiş qərardan
şikayətin verilməsi müddətinin bitdiyi gün;
138.1.3.
apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul
edilmiş qərarı elan olunduğu andan dərhal
sonra.
Maddə 139. İnzibati xəta
haqqında iş üzrə qərarın icrasının məcburiliyi
139.1.
İnzibati xəta haqqında iş üzrə qərarın
icrası bütün dövlət orqanları, bələdiyyələr,
vəzifəli şəxslər, fiziki şəxslər,
hüquqi şəxslər üçün məcburidir.
139.2.
İnzibati xəta haqqında iş üzrə qərar qanuni
qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.
Maddə 140. İnzibati xəta
haqqında iş üzrə qərarın icraya yönəldilməsi
İnzibati
xəta haqqında iş üzrə qərarın icraya
yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli
orqanın (vəzifəli şəxsin) üzərinə
qoyulur.
Maddə 141. İnzibati xəta
haqqında iş üzrə qərarın icrası
141.1.
İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə
və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada icra edilir.
141.2. Məhkəmələr tərəfindən
baxılan inzibati xətalara dair işlər üzrə
inzibati cərimə tətbiq edilməsi barədə qərarlar,
bu Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2, 150.8,
150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə
alınmaqla, “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq icra edilir.
141.3.
Bir şəxs barəsində bir neçə inzibati tənbeh
tətbiq etmə haqqında qərar qəbul edildikdə, hər
bir qərarın icrası müstəqil həyata
keçirilir.
Maddə 142. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın icrası ilə əlaqədar
məsələlərin həll edilməsi
142.1.
İnzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasının təxirə salınması,
dayandırılması, onun icrasına möhlət və ya
xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin
üzərinə qoyulmuş cərimənin onun valideynlərindən
və ya digər qanuni nümayəndələrindən
tutulması məsələlərinin baxılmasına əsaslar
olduqda, həmin məsələlərə qərarı
çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən üç gün müddətində
baxılır.
142.2.
Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən
məsələlərin həllində maraqlı olan şəxslərə
həmin məsələlərə baxılmanın yeri və
vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin
üzrlü səbəblər olmadan iştirak etməmələri
göstərilən məsələlərə
baxılması üçün maneə yaratmır.
142.3.
Qərarın icrasının təxirə salınması,
dayandırılması, onun icrasına möhlət və ya
xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin
üzərinə qoyulmuş cərimənin onun valideynlərindən
və ya digər qanuni nümayəndələrindən
tutulması barədə qərardad qəbul edilir. Qərardadın
surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki
şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə,
yetkinlik yaşına çatmayan şəxsin
qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə
bu barədə müvafiq qeyd aparılmaqla verilir.
Maddə 143. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın icrasının təxirə
salınması və ya onun icrasına möhlət verilməsi
143.1.
İnzibati həbs, inzibati xəta törətmiş fiziki
şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması
və ya inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın müəyyən
edilmiş müddətdə icrasının həyata
keçirilməsini qeyri-mümkün edən hallar mövcud
olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) qərarın icrasını
bir ayadək müddətə təxirə salır.
143.2.
İnzibati məsuliyyətə cəlb olunan şəxsin
maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin
ödənilməsi bu barədə qərar qəbul etmiş
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən
altı ayadək müddətə uzadıla bilər.
Maddə 144. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın icrasının
dayandırılması
144.1.
Qərardan şikayət və
ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə
haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) həmin qərarın
icrasını şikayətə
və ya protestə baxılanadək dayandırır.
İcranın dayandırılması barədə qərardad
qəbul edilir və qərardad dərhal onu icra edən orqana
(vəzifəli şəxsə) göndərilir.
144.2.
İnzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq
etmə haqqında qərardan şikayət
və ya protest verilməsi həmin qərarın
icrasının dayandırılmasına səbəb olmur.
Maddə 145. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın icrasına xitam verilməsi
145.1.
İnzibati tənbeh tətbiq etmə haqqında qərarı
qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) aşağıdakı hallarda qərarın
icrasına xitam verir:
145.1.1.
bu Məcəllənin inzibati məsuliyyət müəyyən
edən müvafiq müddəaları qüvvədən
düşmüş hesab edildikdə;
145.1.2.
barəsində inzibati xəta haqqında iş üzrə qərar
çıxarılmış şəxs öldükdə və
ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş qaydada ölmüş hesab
edildikdə;
145.1.3.
inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin
146.1-ci maddəsində müəyyən edilmiş icra
müddəti keçdikdə;
145.1.4.
bu Məcəlləyə əsasən
şəxsin inzibati məsuliyyətdən azad edilməsi
üçün əsaslar yarandıqda;
145.1.5.
ictimai işlər
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icrası zamanı bu Məcəllənin
28.4-cü maddəsində nəzərdə tutulmuş hallar
yarandıqda;
145.1.6.
barəsində inzibati xəta
haqqında iş üzrə qərar
çıxarılmış şəxs həmin qərarı
icra etməməyə görə bu Məcəllənin 529.1,
529.2 və ya 529.4-cü maddələrinə əsasən
inzibati məsuliyyətə cəlb edildikdə.
145.2.
İnzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) tərəfindən qərardad
qəbul edilir.
Maddə 146. İnzibati tənbeh tətbiq
etmə haqqında qərarın icra müddəti
146.1. Bu Məcəllənin 22.1.2-ci maddəsində
nəzərdə tutulmuş inzibati tənbeh istisna olmaqla, digər
inzibati tənbeh tətbiq etmə haqqında qərar
qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində
icra edilməmişdirsə, daha icra edilmir.
146.2.
İnzibati məsuliyyətə cəlb edilmiş şəxs
inzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasından boyun qaçırarsa, bu Məcəllənin
146.1-ci maddəsində müəyyən edilmiş müddətin
axımı dayanır. Belə halda icra müddəti həmin
şəxsin tutulduğu vaxtdan hesablanır.
146.3.
Bu Məcəllənin 142 - 144-cü maddələrinə
uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın
icrasına möhlət verildikdə və ya onun icrası
dayandırıldıqda, qərarın icrası müddətinin
axımı möhlət verilmə və ya dayandırılma
müddəti bitənədək dayanır.
Maddə 147. İnzibati tənbeh tətbiq
etmə haqqında qərar üzrə icraatın başa
çatması
İnzibati
tənbehin tətbiqi üzrə icraat tamamilə başa
çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla,
inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun
icrasını həyata keçirən səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən həmin qərarı
qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli
şəxsə) qaytarılır.
Maddə 148. Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan və
Azərbaycan Respublikasının ərazisində əmlakı
olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrası
Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan və
Azərbaycan Respublikasının ərazisində əmlakı
olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə
haqqında qərar Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq icra edilir.
İnzibati
tənbehin ayrı-ayrı növlərinin icrası qaydası
Maddə 149. Xəbərdarlıq
haqqında qərarın icrası
Xəbərdarlıq
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərar onu qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) tərəfindən bu Məcəllənin 117-ci maddəsində
nəzərdə tutulmuş qaydada qərarın surətinin
göndərilməsi və ya təqdim edilməsi yolu ilə
icra olunur.
Maddə 150. İnzibati cərimənin tətbiqi
haqqında qərarın icrası
150.1.
İnzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarı qanuni
qüvvəyə mindikdən və ya bu Məcəllənin
143-cü maddəsində nəzərdə tutulmuş möhlət
verilmənin, təxirəsalmanın müddəti bitdikdən
otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş
şəxs inzibati cəriməni ödəməlidir.
150.2. İnzibati cərimə
növündə inzibati tənbeh tətbiq etmə haqqında
məhkəmənin qərarı qanuni qüvvəyə
mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə
tutulmuş möhlət verilmənin, təxirəsalmanın
müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta
törətmiş şəxs inzibati cəriməni
ödəməlidir.
150.3.
Yetkinlik yaşına çatmayanın müstəqil
qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən
və ya digər qanuni nümayəndəsindən tutulur.
150.4.
İnzibati cərimə inzibati
xəta törətmiş şəxs tərəfindən
yalnız bank, poçt, plastik
kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi
qaydası barədə müvafiq məlumat inzibati xəta
haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən inzibati xətanı
törətmiş şəxsə verilir. Yol
hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların
törədilməsinə görə tətbiq edilmiş
inzibati cərimə ilə əlaqədar ödənişi qəbul
edən bank və ya poçt müvafiq ödənişin
edildiyi barədə məlumatı dərhal elektron qaydada
müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə
göndərir.
150.5.
Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə
tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə,
onun ödənilməsi məqsədi ilə inzibati cərimə
tətbiq etmə haqqında qərarın surəti həmin qərarı
qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən:
150.5.1.
fiziki şəxslər barəsində - onun əməkhaqqından,
təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən
tutulması üçün inzibati məsuliyyətə cəlb
edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud
əməkhaqqı aldığı müəssisəyə,
idarəyə, təşkilata və
ya pensiya təyin edən orqana;
150.5.2.
hüquqi şəxslər barəsində - hüquqi şəxsin
pul vəsaitlərindən və ya gəlirlərindən
tutulması üçün banka və ya digər kredit təşkilatlarına
göndərilir. Bank və ya
digər kredit təşkilatı qərarı onun daxil
olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin
müddət ərzində hüquqi şəxsin hesabında
pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı
inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı,
onun icra edilməməsinin səbəbini göstərməklə,
qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli
şəxsə) dərhal qaytarmalıdır.
150.6.
İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs
işdən çıxdıqda və ya inzibati cəriməni
onun əməkhaqqından, yaxud digər gəlirlərindən
tutmaq imkanı olmadıqda, işəgötürən
üç günədək müddətdə inzibati məsuliyyətə
cəlb edilən şəxsin yeni iş yerini göstərməklə
(əgər bu mümkündürsə), ödəmənin
mümkünsüzlüyünün səbəblərini, eləcə
də ödəmə olmuşdursa, bu barədə müvafiq
qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın
surətini onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli
şəxsə) qaytarır.
150.7.
Barəsində inzibati cərimə növündə tənbeh
tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud
onun əməkhaqqından və ya digər gəlirlərindən
inzibati cərimənin ödənilməsi mümkün
deyildirsə, eləcə də hüquqi
şəxsin banklarda və digər kredit təşkilatlarında
hesabları barədə məlumat və ya hüquqi
şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə
könüllü qaydada ödənilmədikdə inzibati cərimə
tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada məcburi icraya yönəldilir.
150.8. Bu Məcəllənin 150.2-ci
maddəsində nəzərdə
tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə,
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında məhkəmənin qərarı məcburi
icraya yönəldilir.
150.9. Fiziki və ya vəzifəli şəxs
barəsində inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli
şəxsin) məcburi icraya yönəldilmiş qərarı
2 ay müddətində, məhkəmənin məcburi icraya
yönəldilmiş qərarı isə 15 gün müddətində
icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və
ya 529.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə
münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
məcburi icra tədbirləri davam etdirilir.
150.10.
İnzibati məsuliyyətə
cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə
bilən həcmdə əmlakı və ya gəlirləri bu
Məcəllənin 150.9-cu maddəsində göstərilən müddətlərdə
aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2-ci
maddələrində nəzərdə tutulmuş inzibati xəta
haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri
davam etdirilir.
150.11. Yol hərəkəti qaydaları əleyhinə
olan inzibati xətaların törədilməsinə görə
inzibati cərimə növündə inzibati tənbeh tətbiq
etmə haqqında qərar qanuni qüvvəyə mindiyi
gündən 30 gün müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən
şəxsə onun ödənilmədiyi hər növbəti
gün üçün cərimə məbləğinin 1
faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə
pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan
çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın
qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində
cərimə qanunla müəyyən edilmiş əsaslar
olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli
şəxs) inzibati xəta törətmiş şəxsin
inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin
duracağa gətirilməsinə və onun orada
saxlanılmasına görə haqq ödənildikdən sonra
saxlanılmış nəqliyyat vasitəsi sahibinə
qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi
gündən 3 ay müddətində cərimə qanunla
müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə,
barəsində inzibati tənbeh tətbiq edilən şəxsin
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına
dair qərar qəbul edilir və cərimənin ödənilməsini
təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq
etmə haqqında qərar könüllü icra
üçün qanunla müəyyən edilmiş vaxtda borclu
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi
icra tədbirləri görür. Yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə barəsində inzibati cərimə tənbeh
növü tətbiq edilən şəxs qərarı dərhal
və ya qərarın qanuni qüvvəyə mindiyi gündən
5 iş günü müddətində icra edərsə, tətbiq
olunan cərimənin 10 faizi məbləğində ödənişdən
azad edilir.
150.12. Hüquqi və ya fiziki şəxs
olan işəgötürənin mülkiyyətindəki və
ya istifadəsindəki nəqliyyat vasitəsinin
sürücüsü inzibati xəta törətdikdən
sonra onun işəgötürənlə əmək
münasibətlərinə xitam verilmişdirsə və
inzibati xətanı törətmiş şəxs 2 ay müddətində
inzibati cəriməni ödəməmişdirsə, nəqliyyat
vasitəsinin saxlanılması barədə qərar qəbul
edilmədən, inzibati xətanı törətmiş şəxsin
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
barədə qərar qəbul edilir və cərimənin
ödənilməsini təmin etmək məqsədi ilə məcburi
icraya yönəldilir.
150.13.
Ətraf mühitin mühafizəsi,
təbiətdən istifadə və ekoloji təhlükəsizlik
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərar qanuni qüvvəyə
mindiyi gündən 30 gün müddətində cəriməni
qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən
şəxsə onun ödənilmədiyi hər növbəti
gün üçün cərimə məbləğinin 1
faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə
pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan
çox olmamaq şərti ilə tətbiq edilir. Qərar
qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində
cərimə qanunla müəyyən edilmiş əsaslar
olmadan ödənilmədikdə, məcburi icraya yönəldilir.
Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq
etmə haqqında qərar könüllü icra
üçün qanunla müəyyən edilmiş vaxtda borclu
tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi
icra tədbirləri görür.
150.14.
Ətraf mühitin mühafizəsi,
təbiətdən istifadə və ekoloji təhlükəsizlik
qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə
görə barəsində inzibati cərimə tənbeh
növü tətbiq edilən şəxs qərarı dərhal
və ya qərarın qanuni qüvvəyə mindiyi gündən
5 iş günü müddətində icra edərsə, tətbiq
olunan cərimənin 10 faizi məbləğində ödənişdən
azad edilir.
Maddə 151. İnzibati xətanın
törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında
qərarın icrası
151.1.
İnzibati xətanın törədilməsində alət və
ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin
müsadirəsi haqqında qərar müsadirə edilmiş
predmetin alınması və ödənişsiz, məcburi
olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə
icra edilir.
151.2.
Predmetin müsadirəsi haqqında qərarın icrası
başa çatdıqda, bu barədə müvafiq qeyd
aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə
qaytarılır.
Maddə 152. Fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması
haqqında qərarın icrası
152.1.
Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərar sürücülük vəsiqəsinin
alınması yolu ilə icra edilir.
152.2.
Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış
şəxs sürücülük vəsiqəsini təhvil
verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin
alınması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
təmin edilir.
152.3.
Gəmiləri (kiçik həcmli gəmiləri) idarə etmək
hüququnun məhdudlaşdırılması haqqında qərarın
icrası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
152.4.
Ov etmə hüququnun məhdudlaşdırılması
haqqında qərarın icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
152.5. Barəsində yol hərəkəti
qaydaları əleyhinə olan inzibati xəta törətməyə
görə inzibati cərimə növündə inzibati tənbeh
tətbiq etmə haqqında qərarın icra edilməməsinə
görə nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılmasına dair qərar
çıxarılmış şəxs inzibati cəriməni
və müvafiq olaraq hesablanmış dəbbə pulunu
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə
tərəfindən həmin şəxsin vəsatəti əsasında
xitam verilir.
Maddə 153. Fiziki şəxsə
verilmiş xüsusi hüququn məhdudlaşdırılması
müddətinin hesablanması
153.1.
Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən
həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış
hesab olunur.
153.2. Xüsusi hüququn məhdudlaşdırılması
haqqında qərar qanuni qüvvəyə mindiyi gündən
üç iş günü
müddətində xüsusi hüququ məhdudlaşdırılmış
fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən
müvafiq sənədi bu Məcəllənin 152.2 -
152.4-cü maddələrində
nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli
(əgər həmin sənəd bu Məcəllənin 94.2-ci
maddəsinə əsasən
daha əvvəl götürülməmişdirsə),
müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə
qeyd olunan orqana bu barədə ərizə verməlidir.
153.3. Xüsusi hüququ məhdudlaşdırılmış
fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən
müvafiq sənədi təqdim etmədikdə, xüsusi
hüququn məhdudlaşdırılması müddətinin
axımı dayanır. Bu halda müddətin axımı
müvafiq sənədin alındığı və ya həmin
sənədin itirilməsi barədə ərizənin verildiyi
gündən başlayır.
153.4.
Xüsusi hüququn məhdudlaşdırılması müddəti
qurtardıqda, bu Məcəllənin
152.5-ci maddəsinə
uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılması haqqında qərara
xitam verildikdə, barəsində həmin inzibati tənbeh
növü tətbiq edilmiş şəxsdən alınan sənədlər
ona qaytarılır.
153.5. Nəqliyyat vasitəsini idarə
etmək hüququnun məhdudlaşdırılması müddəti
qurtardıqda, sürücülük vəsiqəsi
aşağıdakı qaydada qaytarılır:
153.5.1.
nəqliyyat vasitəsini idarə
etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış
şəxslərə nəqliyyat vasitəsini idarə etmək
vərdişləri üzrə təcrübi imtahanı
müvəffəqiyyətlə verdiyi gün;
153.5.2.
nəqliyyat vasitəsini idarə
etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış
şəxslərə imtahansız, həmin müddət
bitdiyi gün.
153.6. Nəqliyyat vasitəsini idarə
etmək hüququ məhdudlaşdırılmış şəxs
barəsində bu Məcəllənin 511.2 və 529.3-cü
maddələrinə əsasən nəqliyyat vasitəsini idarə
etmək hüququnun məhdudlaşdırılması barədə
qərar qəbul edildikdə, sonuncu qərara əsasən nəqliyyat
vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
müddəti əvvəlki qərara əsasən təyin
edilmiş nəqliyyat vasitəsini idarə etmək
hüququnun məhdudlaşdırılması müddətinin
son günündən etibarən hesablanmağa başlayır.
Maddə 154. İctimai işlər
haqqında qərarın icrası
154.1. İctimai işlər
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarı, barəsində bu tənbeh növü tətbiq
edilən şəxsin yaşadığı ərazinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi ictimai yerlərdə icra məmuru icra edir.
154.2. Barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxs
icra məmurunun icraata başlamaq haqqında qərar qəbul
etdiyi gündən sonra ən geci on gün müddətində
ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur.
154.3. İcra məmuru, barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxslərin qeydiyyatını aparır, onlara
ictimai işlərin icrasının qayda və şərtlərini
izah edir, müvafiq icra hakimiyyəti orqanı ilə ictimai
işlərin həyata keçiriləcəyi yerlərin
siyahısını razılaşdırır, barəsində
ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxslərin davranışına nəzarət
edir, onların işləmiş olduğu vaxtın
uçotunu aparır.
154.4. Barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxslər
ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili
intizam qaydalarına riayət etməli, əməyə vicdanla
yanaşmalı, onlar üçün müəyyən
olunmuş yerlərdə və məhkəmənin qərarında
müəyyən olunmuş müddətdə işləməli
və yaşayış yerini dəyişdikdə, bu barədə
icra məmuruna məlumat verməlidirlər.
154.5. Barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxsə
əsas iş yerində növbəti məzuniyyətin verilməsi
ictimai işlər növündə inzibati tənbehin
icrasını dayandırmır.
154.6. İctimai işlər
növündə inzibati tənbeh tətbiq etmə haqqında
qərarın icrası zamanı bu Məcəllənin
28.4-cü maddəsində nəzərdə tutulmuş hallar
yarandıqda, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun
qanuni nümayəndəsi qərarın icrasına xitam verilməsi
barədə ərizə ilə məhkəməyə
müraciət edə bilər.
154.7. İctimai işlər
növündə inzibati tənbehin müddəti saatla
hesablanır.
154.8. İctimai işlər
növündə inzibati tənbehin müddəti həftə
ərzində on iki saatdan az olmayaraq müəyyən edilir.
İctimai işlər növündə inzibati tənbehin
müddəti istirahət, səsvermə, iş günü
hesab edilməyən bayram günlərində, ümumxalq
hüzn günündə və barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxsin
əsas işindən və ya təhsilindən asudə
vaxtlarında dörd saatdan, iş günlərində isə
iki saatdan, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxsin
razılığı ilə isə dörd saatdan çox ola
bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru
barəsində ictimai işlər növündə inzibati tənbeh
tətbiq edilən şəxsə həftə ərzində
müəyyən olunmuş vaxtdan az işləməyə
icazə verir.
154.9. İctimai işlər
növündə inzibati tənbehin icrası zamanı işəgötürən,
barəsində bu tənbeh növü tətbiq edilən
şəxslər üçün müəyyən
edilmiş işin yerinə yetirilməsinə nəzarət
edir, onların işlədikləri saatların uçotunu
aparır və ictimai işləri yerinə yetirməkdən
boyun qaçırma halları barədə icra məmuruna məlumat
verir.
154.10. Barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxs
ictimai işlər növündə inzibati tənbehin çəkilməsi
qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət
daşıyacağı barədə rəsmi xəbərdarlıq
edir.
154.11. Barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxs
ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin
529.4-cü maddəsində nəzərdə tutulmuş
inzibati xəta haqqında protokol tərtib edir.
Maddə 155. Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrası
155.1.
Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma
haqqında qərarda müəyyən olunmuş müddətdə
ölkəni tərk etməlidirlər.
155.2.
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında səlahiyyətli
orqanların (vəzifəli şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
155.3. Əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrasından boyun
qaçırdıqda və ya belə boyun
qaçırmanı ehtimal etməyə kifayət qədər
əsaslar olduqda, onlar Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsi ilə müəyyən olunmuş qaydada və
müddətdə müvafiq icra hakimiyyəti orqanının
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə
yerləşdirilirlər.
155.4. Əcnəbi və ya vətəndaşlığı
olmayan şəxsin ölkədən getmək hüququ
müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılması məhdudlaşdırmaya səbəb
olan hallar aradan qalxdıqdan sonra icra edilir.
155.5.
Azərbaycan Respublikasının ərazisindən inzibati
qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin çıxarılmasına görə
xərclər onların öz üzərinə
düşür. Bu şəxslərin
çıxarılması üçün onların vəsaiti
olmadıqda, belə xərclərin ödənilməsi
onları qəbul edən şəxslərin, idarə, müəssisə
və təşkilatların, qəbul edən tərəf olmadıqda
isə müvafiq icra hakimiyyəti orqanının üzərinə
düşür.
155.6.
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən
sonra, çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin
qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli
şəxsə) qaytarılır.
155.7. Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarma
inzibati tənbeh tədbirinin tətbiqindən irəli gələn
digər məsələlər bu Məcəllədə nəzərdə
tutulan müddəalara zidd olmamaq şərti ilə Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinə uyğun
olaraq həll edilir.
Maddə 156. İnzibati həbs
haqqında qərarın icrası
156.1.
Hakim tərəfindən inzibati həbs haqqında qərar
çıxarıldıqdan sonra həmin qərar dərhal
icra edilir.
156.2.
Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər
müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi
yerlərdə mühafizə altında saxlanılır.
İnzibati həbs haqqında qərar icra olunarkən, həbs
edilənlər şəxsi axtarışdan keçirilir.
156.3.
İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə
daxil edilir.
Xüsusi
hissə
İnzibati
xətalar
Sağlamlıq
əleyhinə olan inzibati xətalar
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə
qəsdən fiziki ağrı yetirməyə görə -
beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir və ya işin hallarına görə, xətanı
törədənin şəxsiyyəti nəzərə
alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq
olunur.
Qeyd: Bu maddədə nəzərdə
tutulmuş əməl sağlamlığa ağır, az
ağır və ya yüngül zərər vurmaqla törədildikdə,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət
zorakılığının qarşısının
alınması haqqında qanunvericiliyin pozulması
158.1. Məişət zəminində
iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə,
yəni şəxs tərəfindən digər şəxsin
onun mülkiyyətində, sərəncamında və ya
istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum
edilməsinə, iqtisadi asılılıq yaradılmasına,
belə asılılığın saxlanılmasına və
ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə
görə-
yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə
edilir.
158.2. Məişət zəminində
psixi zorakılığa, yəni şəxs tərəfindən
digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə
və ya dözülməz psixi şərait
yaradılmasına yönəlmiş hərəkətlərə
görə-
üç
yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə edilir.
158.3. Məişət zorakılığından
zərər çəkmiş şəxslərə
qeyri-dövlət yardım mərkəzlərinin
akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə
görə-
otuz
beş manatdan əlli manatadək məbləğdə cərimə
edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində
“şəxs” dedikdə, “Məişət zorakılığının
qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü
maddəsində nəzərdə tutulmuş şəxslər
başa düşülür.
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri
həmin maddələrdə göstərilən əməllər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 159. Zöhrəvi xəstəliklərə
yoluxmuş şəxsin müalicədən boyun
qaçırması
Zöhrəvi xəstəliklərə
yoluxduğu barədə kifayət qədər məlumatı
olan şəxsin səhiyyə orqanları tərəfindən
xəbərdarlıq edildikdən sonra da müalicədən
boyun qaçırmasına görə-
yüz
manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 160. Zöhrəvi xəstəliklərə
və ya insanın immunçatışmazlığı
virusuna yoluxmuş şəxslə əlaqədə olmuş
şəxsin müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə
və ya insanın immunçatışmazlığı
virusuna yoluxmuş şəxslə əlaqədə olmuş
və müayinəyə ehtiyacı olan şəxsin səhiyyə
orqanları tərəfindən xəbərdarlıq edildikdən
sonra da müayinədən boyun qaçırmasına görə-
səksən
manatdan yüz iyirmi manatadək məbləğdə cərimə
edilir.
Maddə 161. Zöhrəvi xəstəliklərə
və ya insanın immunçatışmazlığı
virusuna yoluxma mənbəyinin gizlədilməsi
161.1. Zöhrəvi xəstəliyi olan
şəxs tərəfindən yoluxma mənbəyinin, habelə
onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə
görə-
yüz
manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
161.2. İnsanın
immunçatışmazlığı virusuna yoluxmuş şəxs
tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə
olub, insanın immunçatışmazlığı virusuna
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə
görə-
iki yüz
manatdan dörd yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 162. Qanın, qan komponentlərinin
donorluğu və qan xidməti haqqında qanunvericiliyin
pozulması
162.1. Donor olmaq istəyən şəxs
tərəfindən əvvəllər keçirdiyi və
hazırkı xəstəlikləri, həmçinin narkotik
vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi
barədə düzgün məlumatın verilməməsinə
görə-
otuz
manatdan qırx manatadək məbləğdə cərimə
edilir.
162.2. Tibbi müayinə keçirilmədən
donordan qanın, qan komponentlərinin götürülməsinə
görə-
fiziki
şəxslər qırx manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər əlli manatdan altmış
beş manatadək məbləğdə, hüquqi şəxslər
yüz manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
162.3. Müalicə müəssisələri
tərəfindən qanın, qan komponentlərinin resipiyentə
köçürülməsi nəticəsində baş verən
hər hansı ciddi əlavə təsirlər barədə
köçürülən qanın, qan komponentlərinin tədarükünü
edən qan xidməti müəssisəsinə (qan bankına)
və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə
görə-
fiziki
şəxslər qırx manatdan əlli manatadək məbləğdə,
vəzifəli şəxslər əlli manatdan altmış
beş manatadək məbləğdə, hüquqi şəxslər
yüz manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının
qanunsuz aparılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə
kəsiyi əməliyyatının aparılmasına görə-
vəzifəli
şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Siyasi,
sosial və əmək hüquqları əleyhinə olan
inzibati xətalar
Maddə 164. Seçkiqabağı və
ya referendumla bağlı təşviqatın aparılması
qaydalarının və müddətinin pozulması
164.1.
Seçkiqabağı və ya referendumla bağlı təşviqatın
aparılmasının Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə müəyyən
edilmiş qaydalarının və müddətinin
pozulmasına görə-
yüz
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
164.2. Qeydə alınmış namizədə
seçkiqabağı təşviqatın müddəti
başa çatana kimi şərəf və ləyaqətini
seçki qanunvericiliyi ilə müəyyən olunmuş
teleradio verilişləri təşkilatlarının teleradio
proqramlarında və dövri nəşrlərdə
onların vəzifəli şəxsləri tərəfindən
müdafiə etmək imkanının verilməməsinə
görə -
vəzifəli şəxslər yüz əlli
manatdan iki yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz manatdan dörd
yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 165. Təşviqat-nəşr
materiallarını qəsdən məhv etmə və ya namizədin
seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin
və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı təşviqat
materiallarının yerləşdirilməsi üçün
nəzərdə tutulan yerlərdə
asılmış seçkiqabağı
(referendumqabağı) təşviqat plakatlarını və
digər belə təşviqat materiallarını məhv etməyə,
korlamağa və ya təşviqat materiallarının
yayılmasına mane olmağa, yaxud namizədin
seçicilərlə görüşünə mane olmağa
görə-
altı
yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 166. Namizəd haqqında bilərəkdən
yalan məlumatlar yayma
Seçkinin
nəticəsinə təsir göstərmək məqsədi
ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə)
namizəd haqqında bilərəkdən
yalan məlumatlar dərc etməyə və ya onları
başqa üsullarla yaymağa görə-
yeddi
yüz manatdan doqquz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 167. Seçki (referendum)
komissiyası üzvünün, müşahidəçilərin,
vəkil edilmiş şəxslərin, namizədlərin,
siyasi partiyaların, siyasi partiyaların bloklarının,
referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri
nümayəndələrinin hüquqlarının pozulması
Seçki
(referendum) komissiyası üzvünün, müşahidəçilərin,
vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
partiyaların, siyasi partiyaların bloklarının, referendum
üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri
nümayəndələrinin Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə müəyyən
edilmiş hüquqlarını, o
cümlədən seçki sənədlərinin surətlərinin
və məlumatların vaxtında alınması və
seçki sənədlərinin surətlərinin təsdiqi ilə
bağlı hüquqlarını pozmağa görə-
yüz əlli
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 168. Seçicilər haqqında
məlumatların düzgün, tam və vaxtında verilməməsi
Seçicilər haqqında məlumatları
təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həmin məlumatların düzgün, tam və vaxtında
verilməməsinə görə -
iki yüz
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 169. Seçki bülletenlərinin,
səsvermə protokollarının və vəsiqələrinin
verilməsi və saxlanması qaydalarının pozulması
Seçki komissiyalarının sədrləri
tərəfindən seçki bülletenlərinin, səsvermə
protokollarının və vəsiqələrinin verilməsi və
saxlanması qaydalarının pozulmasına görə-
xəbərdarlıq
edilir və ya əlli manatdan yetmiş manatadək məbləğdə
cərimə edilir.
Maddə 170. Dövlət
avtomatlaşdırılmış informasiya sistemindən
istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan sonra
seçkilərin yekunları və səsvermənin nəticələri
barədə protokollar imzalananadək yuxarı seçki
komissiyalarının informasiya xidmətlərindən
aşağı seçki komissiyalarının informasiya xidmətlərinə
məlumatların qəbulunu təsdiq edən siqnallardan
başqa hər hansı məlumatın verilməsinə
görə -
fiziki şəxslər iki yüz manatdan
üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz manatdan altı
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 171. Seçki (referendum) ilə əlaqədar
hədə-qorxu və ya zorakılığa
çağıran çıxışlar edilməsi, yaxud
belə materialların yayılması
Seçki (referendum) ilə əlaqədar
hədə-qorxu və ya zorakılığa
çağıran çıxışlar edilməsinə,
yaxud belə materialların yayılmasına görə-
altı
yüz manatdan doqquz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 172. Seçicinin bilərəkdən
birdən çox seçici siyahısına daxil edilməsi
Seçicinin bilərəkdən birdən
çox seçici siyahısına daxil edilməsinə
görə -
səkkiz
yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
Maddə 173. Seçici siyahıları
ilə vətəndaşların tanış olmaq hüququnun
və digər hüquqlarının pozulması
173.0.
Seçki (referendum) komissiyasının üzvü tərəfindən:
173.0.1.
vətəndaşların seçici siyahıları
(referendumda iştirak etmək hüququ olan vətəndaşların
siyahısı) ilə tanış olmaq hüququnun
pozulmasına;
173.0.2.
seçici siyahılarındakı (referendumda iştirak etmək
hüququ olan vətəndaşların
siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların
ərizələrinə Azərbaycan Respublikasının
Seçki Məcəlləsi ilə müəyyən
edilmiş müddətdə baxılmamasına;
173.0.3.
qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların
vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə
görə-
yüz əlli
manatdan iki yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Maddə 174. Seçkilərdə
(referendumda) iştirak etmək üçün məzuniyyət
verilməsindən imtina etmə
Dövlət və ya yerli
özünüidarəetmə orqanlarına seçkilərin
hazırlanmasında və ya keçirilməsində onun
iştirakının təmin edilməsi məqsədi ilə
deputatlığa və ya seçkili orqana (vəzifəyə)
qeydə alınmış namizədə, namizədin vəkilinə
və ya seçki (referendum) komissiyasının üzvünə
məzuniyyət verilməsindən imtina etməyə görə-
iki min
manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 175. Qeydə alınmış
namizədin seçkilərdə iştirak etdiyi müddətdə
xidməti vəzifələrinin icrasını
dayandırmaması
Dövlət və ya bələdiyyə
xidmətində olan qeydə alınmış namizəd
seçkilərdə iştirak etdiyi müddətdə xidməti
vəzifələrinin icrasını dayandırmamasına
görə-
min beş
yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 176. Seçici imzalarının
toplanması qaydasının pozulması
Mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslərin, dövlət
və bələdiyyə orqanlarının, qurumların və
təşkilatların seçici imzalarının
toplanmasında iştirak etməsinə görə-
vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 177. Seçkilərin
(referendumun) maliyyələşdirilməsi və ya maliyyə
hesabatlarının təqdim edilməsi qaydalarının
pozulması
177.1. Seçkilərin (referendumun)
maliyyələşdirilməsinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən edilmiş qaydalarını pozmağa görə-
fiziki
şəxslər üç yüz manatdan beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
177.2.
Seçkilərin hazırlanmasına və keçirilməsinə
ayrılmış vəsaitlərin xərclənməsi barədə
namizədlər, qeydə alınmış namizədlər,
siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat
qrupları tərəfindən maliyyə
hesabatlarının təqdim və ya dərc edilməməsinə
görə-
min manatdan
iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 178. Anonim təşviqat
materiallarının və ya reklamların hazırlanması və
yayılması qaydalarının pozulması
178.1.
Seçkiqabağı və ya referendum ilə bağlı nəşr
və audiovizual təşviqat materiallarında bu
materialları hazırlayan və hazırlanmasını
sifariş edən təşkilatların adı,
materialların tirajı və buraxılış tarixi barədə
məlumatların göstərilməməsinə görə-
yüz əlli
manatdan iki yüz manatadək məbləğdə
cərimə edilir.
178.2.
Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər
və ya qeydə alınmış namizədlər barəsində
reklamların hazırlanmasının və
yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin
Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyən edilmiş qaydalarının
pozulmasına görə-
yüz əlli
manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
178.3.
Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin
və ya qeydə alınmış namizədlərin yazılı
formada razılığı olmadan seçkiqabağı nəşr
materiallarının hazırlanmasına, yaxud yayılmasına
görə-
iki yüz
manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 179. Səsvermənin nəticələri
və ya seçkilərin yekunları haqqında məlumatın
bilərəkdən təqdim edilməməsi və ya dərc
olunmaması
179.1.
Seçicilərin, qeydə alınmış namizədin,
siyasi partiyaların, siyasi partiyaların bloklarının və
namizədlərin vəkil edilmiş şəxslərinin,
müşahidəçilərin, siyasi partiyaların, siyasi
partiyaların bloklarının,
referendum üzrə təşviqat qruplarının səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri
nümayəndələrinin tələbi ilə onların
tanış olmaları üçün müvafiq seçki
komissiyasının sədrləri tərəfindən səsvermənin
yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim
edilməməsinə görə-
min beş
yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
179.2.
Səsvermənin yekunlarına və nəticələrinə
aid məlumatların bilərəkdən
Azərbaycan Respublikasının Seçki Məcəlləsində
nəzərdə tutulmuş qaydada və müddətdə dərc
edilməməsinə görə-
iki min
manatdan iki min beş yüz
manatadək məbləğdə
cərimə edilir.
Maddə 180. Yığıncaqların,
mitinqlərin, nümayişlərin, küçə
yürüşlərinin və piketlərin keçirilməsinə
mane olma
“Sərbəst toplaşmaq azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada təşkil edilən yığıncaqların, mitinqlərin,
nümayişlərin, küçə yürüşlərinin
və piketlərin keçirilməsinə mane olmağa
görə-
fiziki
şəxslər min beş yüz manatdan üç min
manatadək məbləğdə, vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 181. Təhsil haqqında
qanunvericiliyin pozulması
181.0. Təhsil haqqında qanunvericiliyin
pozulmasına, yəni:
181.0.1. təhsilin hər hansı pilləsindən,
səviyyəsindən və formasından şəxsin məhrum
edilməsinə;
181.0.2. təhsil müəssisəsində
təhsilalana qarşı cinayət əlamətləri olmayan
psixoloji zorakılığa yol verilməsinə;
181.0.3. qanunvericiliklə müəyyən
edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil
prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə
cəlb edilməsinə;
181.0.4. dövlət təhsil və elmi
tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin
qrantların verilmə məqsədlərinə uyğun gəlməyən
fəaliyyət sahələrinin maliyyələşdirilməsinə
yönəldilməsinə görə -
fiziki
şəxslər yüz manat məbləğində, vəzifəli
şəxslər üç yüz manat məbləğində,
hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
Maddə 182. İnsanın
immunçatışmazlığı virusuna yoluxması səbəbinə
görə təhsil hüququnun pozulması
İnsanın
immunçatışmazlığı virusuna yoluxması səbəbinə
görə şəxsin özünün və ya ailə
üzvlərinin təhsil almaq hüququnun hər hansı
formada məhdudlaşdırılmasına, o cümlədən
onların təhsil müəssisələrinə qəbulundan
imtina olunmasına və ya onların istənilən tədbirlərdə
iştirakına məhdudiyyət qoyulmasına, yaxud təhsil
müəssisəsindən xaric edilməsinə görə-
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 183. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə
yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsi
İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə
yerləşdirilməsindən və onlara sosial xidmət
göstərilməsindən imtina edilməsinə görə-
vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Maddə 184. Siyasi partiyalar haqqında
qanunvericiliyin pozulması
184.1. Siyasi partiyalar haqqında
qanunvericiliyin pozulmasına, yəni:
184.1.1. siyasi partiya tərəfindən
dövlət orqanının və ya vəzifəli şəxsin
fəaliyyətinə müdaxilə edilməsinə;
184.1.2. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
qadağan olunmuş vəsaitin, o cümlədən ianələrin
siyasi partiyalar tərəfindən qəbul edilməsinə;
184.1.3. Azərbaycan Respublikasının ərazisində
xarici dövlətlərin siyasi partiyalarının, habelə
onların bölmələrinin və təşkilatlarının
yaradılmasına və fəaliyyətinə;
184.1.4. ləğv edilmiş siyasi
partiyanın adından çıxış etməyə və
ya fəaliyyət göstərməyə, yaxud onun fəaliyyətinin
qanunsuz təşkilində və ya işində iştirak etməyə
görə-
fiziki
şəxslər yeddi yüz əlli manatdan min beş yüz
manatadək məbləğdə, vəzifəli şəxslər
min beş yüz manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər səkkiz min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir.
184.2. Bu Məcəllənin 184.1-ci maddəsində
nəzərdə tutulmuş xətaların inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən
bir il ərzində təkrar törədilməsinə görə-
fiziki
şəxslər min beş yüz manatdan üç min
manatadək məbləğdə, vəzifəli şəxslər
üç min manatdan altı min manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 185. Müəlliflik hüququnun
və əlaqəli hüquqların pozulması
Müəlliflik
hüququnu və əlaqəli hüquqları pozmağa
görə, bu az miqdarda ziyan vurduqda-
pirat nüsxələr, həmçinin
pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində)
və yayılmasında istifadə olunan materiallar,
avadanlıqlar və hüquqpozmaya səbəb olan digər
vasitələr müsadirə edilməklə səksən
manatdan yüz əlli manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 185 - 188-ci maddələrində
“az miqdarda ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa
düşülür.
Maddə 186. İnteqral sxem
topologiyasından istifadəyə müstəsna hüququn
pozulması
Müəllifin və ya digər
hüquq sahibinin icazəsi olmadan inteqral sxem
topologiyasının orijinal olmayan hissəsinin
çıxarılması istisna olmaqla, bütövlükdə,
yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil
edilməsi yolu ilə və ya surətinin başqa şəkildə
çıxarılmasına, habelə topologiyanın və ya
həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsinə,
gətirilməsinə, satış üçün təklif
edilməsinə, satılmasına, yaxud başqa formada təsərrüfat
dövriyyəsinə daxil edilməsinə görə, bu az
miqdarda ziyan vurduqda-
səksən
manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 187. Folklor nümunələrindən
istifadə tələblərinin pozulması
Folklor nümunələrindən istifadə
tələblərinin pozulmasına görə, bu az miqdarda
ziyan vurduqda-
folklor nümunələrinin istifadəsinə
qoyulan tələblərin pozulması ilə
hazırlanmış (istehsal edilmiş) və
yayılmış folklor obyekti nüsxələri (pirat
nüsxələr) müsadirə edilməklə, fiziki şəxslər
səksən manatdan yüz əlli manatadək məbləğdə,
vəzifəli şəxslər altı yüz manatdan səkkiz
yüz manatadək məbləğdə, hüquqi şəxslər
min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 188. Məlumat toplularından
qeyri-qanuni istifadə edilməsi
Məlumat toplularından qeyri-qanuni
istifadə edilməsinə görə, bu az miqdarda ziyan
vurduqda-
məlumat toplusunun pirat nüsxələri,
həmçinin pirat nüsxələrin hazırlanmasında
(istehsal edilməsində) və yayılmasında istifadə
olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb
olan digər vasitələr müsadirə edilməklə, fiziki
şəxslər səksən manatdan yüz əlli manatadək
məbləğdə, vəzifəli şəxslər
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
hüquqi şəxslər min beş yüz manatdan iki min
beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 189. Uşaqların təlim-tərbiyəsi
vəzifələrinin valideynlər və ya onları əvəz
edən şəxslər tərəfindən yerinə yetirilməməsi
189.1.
Yetkinlik yaşına çatmayanların tərbiyə və
təlimi vəzifələrinin valideynlər və ya
onları əvəz edən şəxslər tərəfindən
üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə
və ya lazımınca yerinə yetirilməməsinə
görə –
xəbərdarlıq
edilir və ya qırx manatdan altmış manatadək məbləğdə
cərimə edilir.
189.2.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari
ümumi оrta təhsil üzrə dərs gününün
şagird tərəfindən bir ay ərzində 7 gündən
çox buraxılmasına görə -
valideynlər
və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə
edilir.
189.3.
Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər yetkinlik yaşına
çatmayanların baxımsız qalmasına səbəb
olduqda –
altmış
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
189.4.
Bu Məcəllənin 189.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər yetkinlik yaşına
çatmayanların spirtli içki, narkotik vasitələr və
ya psixotrop maddələr qəbul etməsinə və ya
avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə
cəlb etməyə imkan verən yaş həddinə
çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri
olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on
altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri
olan əməlin törədilməsinə səbəb olduqda-
altmış
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 190. Valideynlərə kömək
göstərməkdən qəsdən boyun qaçırma
Yetkinlik
yaşına çatmış şəxslərin əmək
qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara
baxmaqdan qəsdən boyun qaçırmasına görə-
xəbərdarlıq edilir və
ya altmış
manatdan yüz manatadək
məbləğdə cərimə
edilir.
Maddə 191. Əmək pensiyaları
haqqında qanunvericiliyin pozulması
191.1. Əmək pensiyasını təyin
edən orqan tərəfindən əmək pensiyasının
ödənilməsi barədə qərarın “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş müddətdə qəbul
edilməməsinə, əmək pensiyasının təyin
olunmasından imtina barədə qərarda pensiya təyin
olunmasından imtinanın səbəblərinin göstərilməməsinə
və əmək pensiyasının təyin olunmasından
imtina barədə qərarın həmin Qanunda nəzərdə
tutulan müddətdə müraciət edənə göndərilməməsinə
görə-
min manatdan
min beş yüz manatadək məbləğdə cərimə
edilir.
191.2. Əmək pensiyaçısı
və işəgötürən tərəfindən əmək
pensiyasının və əmək pensiyasına əlavənin
məbləğinin dəyişməsinə və ödənilməsinin
dayandırılmasına səbəb olan hallar barədə məlumatın
əmək pensiyasını təyin edən orqana verilməməsinə
görə-
səksən
manatdan yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 192. Əmək qanunvericiliyinin
pozulması
192.1. Azərbaycan Respublikasının
Əmək Məcəlləsində nəzərdə
tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxsləri hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb
edilməsinə görə-
fiziki
şəxslər min manatdan iki min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan beş
min manatadək məbləğdə, hüquqi şəxslər
iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə
cərimə edilir.
192.2. İşəgötürən tərəfindən
işçilərin və iş yerlərinin attestasiyasının
keçirilməsi qaydalarının pozulmasına görə-
yeddi
yüz manatdan min iki yüz manatadək məbləğdə
cərimə edilir.
192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə
əməkhaqqı verilməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə
cərimə edilir.
192.4. İşçinin əmək və
məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində,
riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar
istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-
vəzifəli
şəxslər yeddi yüz manatdan min beş yüz manatadək
məbləğdə cərimə edilir.
192.5. İşçinin məzuniyyət
hüquqlarının pozulmasına, işçiyə əmək
məzuniyyətinin verilməməsinə, habelə istifadə
edilməmiş əmək məzuniyyətinə görə
müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə
görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.6. İşçinin əmək
müqaviləsinə əmək qanunvericiliyinin tələbləri
pozularaq xitam verilməsinə görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.7. İşəgötürən tərəfindən
əmək qanunvericiliyində müəyyən edilmiş
müddətdə işçiyə əmək
kitabçasının açılmamasına görə-
vəzifəli
şəxslər beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
192.8. İşəgötürən tərəfindən
15 yaşına çatmamış şəxsin işə cəlb
edilməsinə görə-
vəzifəli
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min
manatadək məbləğdə cərimə edilir.
192.9. İşəgötürən tərəfindən
uşaqların onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə
törədə bilən fəaliyyətə cəlb edilməsinə
görə-
vəzifəli
şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on min
manatdan on üç min manatadək məbləğdə cərimə
edilir.
192.10. İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
şəxsləri, işləməsinə yol verilməyən
peşə növləri və vəzifələr istisna
olmaqla, insanın immunçatışmazlığı
virusuna yoluxması səbəbinə görə işə qəbul
etməkdən imtinaya və ya həmin səbəbdən
onları işdən azad etməyə görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
192.11. Şəxsin dağınıq
skleroz xəstə olması səbəbinə görə
onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə
və ya əmək müqaviləsinə xitam verilməsinə
(işəgötürənin müvafiq işi (vəzifəsi)
olmadığı, həmçinin belə şəxslərin
əməyindən istifadə olunmasına yol verilməyən
iş yerlərinə işə götürməkdən
imtina edilən hallar istisna olmaqla) görə-
vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə
göstərilən əməllər Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən
cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 193. İşçini əmək
funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə
məcbur etmə
Əmək müqaviləsinə xitam
veriləcəyi və ya kollektiv müqavilədə müəyyən
edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi
hədə-qorxusu ilə işçini əmək
funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə
məcbur etməyə görə-
min manatdan
iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 194. Kvota üzrə müəyyən
olunmuş iş yerlərinə qəbul etməmə
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
göndərilmiş əlillərin, sağlamlıq
imkanları məhdud 18 yaşınadək şəxslərin
və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər
şəxslərin onlar üçün kvota üzrə
müəyyən olunmuş iş yerlərinə qəbul
edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait
köçürülməməsinə görə-