İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 30 aprel tarixli, 540 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2002-ci il

772

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR[2]

 

 

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra - icra hakimiyyəti orqanları) normativ hüquqi aktlarının "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (bundan sonra - Konstitusiya Qanunu) uyğun olaraq hazırlanması və qəbul edilməsi qaydasını müəyyən edir.[3]

1.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi Konstitusiya Qanununun 2-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

 

2. Normativ hüquqi aktların hazırlanması

 

2.1. Normativ hüquqi akt layihəsinin hazırlanmasının və normayaratma orqanına təqdim edilməsinin ümumi qaydası Konstitusiya Qanununun 4548-ci maddələri ilə müəyyən edilir.

2.2. Normativ hüquqi aktın layihəsi onu qəbul edən icra hakimiyyəti orqanının struktur bölmələri tərəfindən həmin icra hakimiyyəti orqanının hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır. Sahələrarası məsələlərə aid normativ hüquqi aktın layihəsi hazırlanarkən həmin sahələrə aid olan struktur bölmələri ilə razılaşdırılmalıdır.

2.3. Ayrı-ayrı sahələr üzrə hazırlanan normativ hüquqi aktın layihəsi müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları, habelə aidiyyəti üzrə digər dövlət orqanları, Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmalıdır. İnzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı normativ hüquqi aktın layihəsi hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.[4]

2.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna olmaqla) razılaşdırılmaya göndərildiyi andan elektron hökumət portalında yerləşdirilməlidir. Portalda yerləşdirilmiş normativ hüquqi aktların layihələrinə dair verilən təkliflər məqsədəuyğun hesab edildikdə nəzərə alınır, məqsədəuyğun hesab edilmədikdə təklifi verən şəxsə bu barədə əsaslandırılmış cavab təqdim olunur.

2.5. Yuxarı dövlət orqanı tərəfindən müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına normativ hüquqi aktın layihəsinin hazırlanması tapşırıldıqda, tapşırıqda icra müddəti mütləq qeyd edilməklə, müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı əsas icraçı kimi müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan dövlət orqanları və dövlətin hüquqi şəxsləri göstərilməlidir.[5]

2.6. Normativ hüquqi aktın layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən uzadılmanın səbəbləri və mümkün icra tarixi göstərilməklə, müddətin uzadılması haqqında yuxarı dövlət orqanına təklif verməlidir. Belə təklif tapşırığın icrasının başa çatma tarixindən 7 iş günü əvvəl təqdim olunmalıdır.[6]

2.6-1. Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.[7]

2.7. Bu Əsasnamənin 2.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, Konstitusiya Qanununun 46.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktın layihəsinin razılaşdırılması zamanı dövlət orqanının və dövlətin hüquqi şəxsinin müvafiq layihəyə dair razılıq verməsi və ya verməməsi layihənin müəyyən olunmuş qaydada alındığı gündən ən geci 60 gün keçənədək, onun vizalanması isə ən geci 5 gün keçənədək həyata keçirilir.[8]

2.8. Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında normativ hüquqi aktın layihəsinin hazırlanması üçün 3 ay və ya daha az müddət müəyyən edildikdə, razılaşdırılmaq üçün müvafiq dövlət orqanına və dövlətin hüquqi şəxsinə daxil olmuş layihəyə 10 gün müddətində münasibət bildirilməlidir.

2.9. Razılaşdırılma haqqında məlumat bu Əsasnamənin 2.7-ci və ya 2.8-ci bəndləri ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və bu zaman razılaşdırılma müddətinin uzadılması zərurəti və ya bu müddətin uzadılmasından imtina edilməsi əsaslandırılmaqla razılaşdırılma müddətinin uzadılması haqqında təklif olmadıqda, normativ hüquqi aktın layihəsi razılaşdırılmış hesab olunur və normayaratma orqanına təqdim edilən layihəyə razılaşdırılma haqqında məlumatı vaxtında təqdim etməyən dövlət orqanına və dövlətin hüquqi şəxsinə göndərilən müvafiq müşayiət məktubu əlavə olunur.[9]

2.9-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qəbul (təsdiq) edilmək üçün göndərilən normativ hüquqi aktın layihəsi aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırılmış hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş bu layihəni razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərmədən qəbul (təsdiq) edir. Belə layihədə dəyişikliklər yalnız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının razılığı ilə edilə bilər.[10]

2.9-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə münasibət bildirilməsi üçün göndərilən normativ hüquqi aktın layihəsi aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırılır.[11]

2.9-3. Normativ hüquqi aktın layihəsinə dair Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərdiyi təkliflər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə razılaşdırılmış hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş bu təklifləri razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına və dövlətin hüquqi şəxslərinə göndərmədən nəzərə alır.[12]

2.9-4. Bu Əsasnamənin 2.4, 2.7, 2.8 və 2.9-cu bəndlərinin müddəaları razılaşdırılmaq üçün yuxarı dövlət orqanına təqdim olunan normativ hüquqi aktların layihələrinə şamil edilmir.[13]

2.10. Konstitusiya Qanununun 48.248.5-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktın layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:

2.10.1. müşayiət məktubu və normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

2.10.2. layihənin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

2.10.3. layihəyə dair məcburi hüquqi ekspertizanın, o cümlədən layihənin sui-istifadəyə məruz qalmasına dair və digər ekspertizaların rəyləri;

2.10.4. hər bir dövlət orqanı və dövlətin hüquqi şəxsi göstərilməklə, layihəni hazırlamış şəxslərin siyahısı;[14]

2.10.5. qanunda dəyişikliklər edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl;

2.10.6. layihəyə aid digər sənədlər (öz qərarına əsasən).

2.11. Konstitusiya Qanununun 48.7-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Prezidentinə kağız daşıyıcıda və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılmış xüsusi elektron poçt ünvanına elektron fayl formasında göndərilir.

2.12. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə normativ hüquqi aktın layihəsinin hazırlandığı və ya layihənin birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin zərurəti əsaslandırıldığı hallar istisna edilməklə, hər hansı bir dövlət orqanının və ya dövlətin hüquqi şəxsinin hazırladığı normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilməlidir. Belə zərurət əsaslandırılmadıqda və ya bu cür əsaslandırma qaneedici olmadıqda, normativ hüquqi aktın layihəsi münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti qaldırılan məsələni:[15]

2.12.1. məqsədəuyğun hesab etdikdə, normativ hüquqi aktın layihəsini hazırlayaraq bu Əsasnamənin 2.10-cu bəndində müəyyən edilmiş qaydada;

2.12.2. məqsədəuyğun hesab etmədikdə, bu barədə əsaslandırılmış cavab məktubunu Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

2.13. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin III hissəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdiyi qanun layihəsində dəyişikliklərin edilməsinə dair digər icra hakimiyyəti orqanlarının təklifləri Azərbaycan Respublikasının Milli Məclisinə (deputatlara, komitələrə) təqdim oluna bilməz.

 

3. Normativ hüquqi aktların qəbul edilməsi

 

3.1. Normativ hüquqi aktın layihəsinə baxılması və onun qəbul edilməsinin ümumi qaydası Konstitusiya Qanununun XII fəsli ilə müəyyən edilir.

3.2. Mərkəzi icra hakimiyyəti orqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə mərkəzi icra hakimiyyəti orqanının kollegiya qərarını bu orqanın rəhbəri imzalayır.[16]

3.3. Konstitusiya Qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmiş icra hakimiyyəti orqanı onu Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün həmin aktın qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2007-ci il tarixli 655 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1103)

2.       27 iyul 2011-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 29 iyul 2011-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 645)

3.       6 mart 2014-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 8 mart 2014-cü il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 243)

4.       22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 27 iyul 2011-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 29 iyul 2011-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 645) ilə Fərmanın adında və 1-ci hissəsində aktlarına baxılması, qəbul edilməsi və təsdiqi sözləri aktlarının hazırlanması və qəbul edilməsi sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 noyabr 2007-ci il tarixli 655 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1103) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin 8-ci bəndinə yeni məzmunda üçüncü-altıncı abzaslar əlavə edilmişdir.

 

27 iyul 2011-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 29 iyul 2011-ci il, 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 07, maddə 645) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə yeni redaksiyada təsdiq edilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

Azərbaycan Respublikası Prezidentinin

2002-ci il 24 avqust tarixli, 772 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında

 

ƏSASNAMƏ

I. Ümumİ müddəalar

1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra "dövlət orqanları") normativ hüquqi aktlarına "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılması, qəbul edilməsi və təsdiqi qaydasını müəyyən edir.

2. Normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.

3. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan dövlət orqanları və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə müəyyən edilir.

II. Normatİv hüquqİ aktların baxılması

4. Normativ hüquqi akt onu qəbul edən dövlət orqanı aparatının struktur bölmələri tərəfindən hazırlanır və onun layihəsi mütləq həmin aparatın hüquq bölmələri ilə razılaşdırılmalıdır.

Sahələrarası məsələlərə aid layihələr hazırlanarkən onlar həmin sahələrə aid olan struktur bölmələri ilə razılaşdırılmalıdır.

5. Yuxarı dövlət orqanı tərəfindən onun tabeliyində olan orqana normativ hüquqi aktın layihəsinin hazırlanması və aidiyyəti orqanlarla razılaşdırılması tapşırıla bilər. Bu zaman tapşırıqda layihənin baxılmağa təqdim edilmə müddəti və layihənin razılaşdırılması vacib olan orqanlar göstərilməlidir.

Zərurət olduğu hallarda yuxarı dövlət orqanının tapşırığı əsasında hazırlanan normativ hüquqi aktın layihəsinin tapşırıqda göstərilən baxılma müddəti bu layihəni hazırlayan orqanın təqdimatı əsasında həmin tapşırığı verən dövlət orqanı tərəfindən uzadıla bilər.

6. İnzibati ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı layihələr hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.

7. İqtisadiyyatın, dövlət idarəçiliyinin ayrı-ayrı sahələri üzrə hazırlanan layihələr bu sahələrin inkişafı və vəziyyəti üçün cavabdeh olan orqanlarla razılaşdırılmalıdır.

8. Razılıq alınması müvafiq orqanın rəhbərlərinin və ya onun müavininin vizası ilə yaxud ayrıca məktubu ilə təsdiq edilir.

Razılaşdırılmaq üçün təqdim edilən layihəyə etiraz (irad və təkliflər) olduğu halda, məktubda və ya xüsusi rəydə hələ razılaşdırılmamış məsələlər sadalanır, mövcud iradları və təklifləri qəbul etməyin məqsədəuyğun olması dəlillərlə əsaslandırılır.

Bu bəndin dördüncü abzasında nəzərdə tutulan hal istisna olmaqla Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə hazırlanan layihələr razılaşdırılmaq üçün müvafiq dövlət orqanına göndərildikdə, həmin orqan 10 gün müddətində layihəyə münasibət bildirməlidir.

Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə hazırlanan məcəllə layihəsi və sair iri həcmli layihələri razılaşdırılmaq üçün göndərən dövlət orqanının məktubunda daha uzun müddət müəyyən edilmədikdə, həmin layihələrə də 10 gün müddətində münasibət bildirilməlidir.

Bu bəndin üçüncü abzasında nəzərdə tutulan layihələr barəsində 15 gün müddətində, dördüncü abzasında nəzərdə tutulan layihələr barəsində isə 15 gün və ya layihəni göndərən dövlət orqanının məktubunda müəyyən edilən daha uzun müddətdə irad və təkliflər təqdim edilmədikdə, layihə razılaşdırılmış hesab olunur.

Layihəni razılaşdırılmaq üçün göndərən dövlət orqanı 15 gün və ya bu bəndin dördüncü abzasında nəzərdə tutulan halda daha uzun müddətdə barəsində irad və təkliflər təqdim edilməyən layihənin razılaşdırılmış hesab olunmasını öz məktubunda qeyd etməlidir.

9. Normativ hüquqi aktların layihəsini hazırlayan orqan bu layihənin işlənib hazırlanması zərurətini əsaslandırmaqla yanaşı, bu aktların qəbul edilməsinin məqsədini, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin, tətbiqindən gözlənilən sosial-iqtisadi və başqa nəticələrin geniş xarakteristikasını əks etdirən konsepsiya da hazırlayır və layihəyə əlavə edir.

10. Bu Qaydada nəzərdə tutulan hər hansı normativ hüquqi aktın layihəsi ilə birlikdə bu layihənin qəbul edilməsi ilə qüvvədə olan qanunvericilikdə dəyişikliyi nəzərdə tutan aktın layihəsi də baxılmaq üçün təqdim edilir.

11. Normativ hüquqi aktın layihəsi ilə birlikdə aşağıdakılar da təqdim edilməlidir:

layihənin hazırlanmasında iştirak etmiş və layihə barədə razılığı alınmış şəxslərin ortaya çıxan ixtilaflar və onlar barədə əsaslandırılmış rəyləri;

həyata keçirilməsi əlavə maddi və başqa məsrəflər tələb edən layihə təqdim edilərkən onun maliyyə-iqtisadi əsasları;

normativ hüquqi aktın layihəsinin keyfiyyətinin qiymətləndirilməsi üçün ekspertiza keçirildiyi təqdirdə ekspertlərin rəyi.

III. Normatİv hüquqİ aktın qəbulu və təsdİq edİlməsİ

12. Bu Əsasnaməyə əsasən hazırlanmış və qəbul edilmək üçün təqdim edilmiş normativ hüquqi aktın layihəsinə dövlət orqanının rəhbərinin müavini viza qoymalıdır.

Viza layihənin və onun hər bir əlavəsinin son vərəqəsinin arxa tərəfindən qoyulur və sonra dövlət orqanının rəhbəri tərəfindən imzalanır.

13. Normativ hüquqi akt onu qəbul və təsdiq etmək səlahiyyəti olan dövlət orqanının rəhbəri tərəfindən şəxsən və ya həmin dövlət orqanının kollegial qərarı ilə qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə dövlət orqanının kollegial qərarı bu orqanın rəhbəri tərəfindən təsdiq edilir.

 

[3] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 1.1-ci bəndində, 2.2-ci bəndin birinci cümləsində (hər iki halda) və 3.3-cü bəndində dövlət sözü icra hakimiyyəti sözləri ilə əvəz edilmişdir.

 

[4] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.3-cü bəndinin birinci cümləsində dövlət orqanları sözləri mərkəzi icra hakimiyyəti orqanları, habelə aidiyyəti üzrə digər dövlət orqanları, Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra dövlətin hüquqi şəxsləri) sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.5-ci bəndində dövlət orqanına sözləri mərkəzi icra hakimiyyəti orqanına sözləri ilə, dövlət orqanı sözləri (ikinci halda) mərkəzi icra hakimiyyəti orqanı sözləri ilə əvəz edilmişdir və həmin bəndə dövlət orqanları sözlərindən sonra və dövlətin hüquqi şəxsləri sözləri əlavə edilmişdir.

 

[6] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-cı bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.6. Normativ hüquqi aktın layihəsi iri həcmli olduqda, layihənin üçdən artıq dövlət orqanı ilə razılaşdırılması və ya dəvət olunmuş müstəqil ekspertlərin layihə ilə bağlı əlavə ekspertizalar keçirməsi zərurəti yarandıqda, layihəni hazırlayan dövlət orqanının əsaslandırılmış təqdimatına əsasən, onun hazırlanması üçün müəyyən edilmiş müddət tapşırığı verən müvafiq dövlət orqanı tərəfindən uzadılır.

 

[7] 6 mart 2014-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 8 mart 2014-cü il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 243) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnaməyə yeni məzmunda 2.6-1 bənd əlavə edilmişdir.

 

22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinin birinci cümləsində və ya müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları sözləri , digər aidiyyəti dövlət orqanları və dövlətin hüquqi şəxsləri sözləri ilə, orqanlarla sözü dövlət orqanları və dövlətin hüquqi şəxsləri ilə sözləri ilə əvəz edilmişdir.

 

[8] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.7-ci bəndinə dövlət orqanının sözlərindən sonra və dövlətin hüquqi şəxsinin sözləri əlavə edilmişdir.

 

[9] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.8-ci və 2.9-cu bəndlərinə dövlət orqanına sözlərindən sonra və dövlətin hüquqi şəxsinə sözləri əlavə edilmişdir.

 

[10] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.9-1-ci bəndinin birinci cümləsinə dövlət orqanları sözlərindən sonra və dövlətin hüquqi şəxsləri sözləri, ikinci cümləsinə dövlət orqanlarına sözlərindən sonra və dövlətin hüquqi şəxslərinə sözləri əlavə edilmişdir.

 

[11] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.9-2-ci bəndinə dövlət orqanları sözlərindən sonra və dövlətin hüquqi şəxsləri sözləri əlavə edilmişdir.

 

[12] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.9-3-cü bəndin birinci cümləsinə dövlət orqanları sözlərindən sonra və dövlətin hüquqi şəxsləri sözləri, ikinci cümləsinə dövlət orqanlarına sözlərindən sonra və dövlətin hüquqi şəxslərinə sözləri əlavə edilmişdir.

 

[13] 6 mart 2014-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika qəzeti, 8 mart 2014-cü il, 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 3, maddə 243) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnaməyə yeni məzmunda 2.9-1, 2.9-2, 2.9-3 və 2.9-4-cü bəndlər əlavə edilmişdir.

 

[14] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.10.4-cü yarımbəndinə dövlət orqanı sözlərindən sonra və dövlətin hüquqi şəxsi sözləri əlavə edilmişdir.

 

[15] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.12-ci bəndinin birinci cümləsində dövlət orqanı və ya qurumunun sözləri dövlət orqanının və ya dövlətin hüquqi şəxsinin sözləri ilə əvəz edilmişdir.

 

[16] 22 may 2018-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 may 2018-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 948) ilə İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 3.2-ci bəndinin birinci cümləsində Dövlət sözü Mərkəzi icra hakimiyyəti sözləri ilə, dövlət sözü mərkəzi icra hakimiyyəti sözləri ilə əvəz edilmişdir və ikinci cümlədə dövlət sözü mərkəzi icra hakimiyyəti sözləri ilə əvəz edilmişdir.