"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Müasir texnoloji inkişaf mərhələsində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən getməsi və ölkəyə gəlməsi, onların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və inkişaf etdirilməsi zəruridir.

Bu sahədə aidiyyəti dövlət orqanlarının səmərəli fəaliyyətinin təşkil edilməsi, onların informasiya təminatı, sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması prosesinin, qarşılıqlı informasiya mübadiləsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təşkilati-hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə qərara alıram:

1. "Giriş-çıxış" avtomatlaşdırılmış məlumat-axtarış sistemi" "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi" adlandırılsın.

2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

3.1. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarını təmin edən normativ hüquqi aktları təsdiq etsin;

3.2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini müəyyən etsin;

3.3. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 aprel 2008-ci il

№ 744

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

       22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.  Bu Əsasnamə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin aidiyyəti dövlət orqanları tərəfindən əlaqələndirilmiş qaydada istifadəsinin, informasiya resurslarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

2.  "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir:

2.1. şəxsiyyət vəsiqələri, pasport-viza və digər sərhədkeçmə sənədlərinin fərdi olaraq doldurulması və verilməsi;

2.2. yaşayış və olduğu yer üzrə qeydiyyat;

2.3. Sistem çərçivəsində istifadə olunan sənəd blanklarının və onların hərəkətinin uçotu;

2.4.  ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması;

2.5.  şəxslərin, sənədlərin, nəqliyyat vasitələrinin nəzarət siyahıları ilə yoxlanılması və sərhədkeçmə uçotu;

2.6.  şəxslərin identifikasiyası, sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi;

2.7.  Sistemin tərkibinə daxil olan paylanmış, habelə onunla qarşılıqlı əlaqədə olan digər informasiya sistemləri arasında uzlaşmanın aparılmasında iştirak edilməsi;

2.8.  biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması.

3.  Sistemin informasiya resurslarının formalaşdırılması və onlardan istifadə edilməsi insan hüquq və azadlıqlarına riayət olunmaqla həyata keçirilir.

4.  Sistemin fəaliyyəti "vahid pəncərə" prinsipi əsasında yeni texnologiyalar tətbiq edilməklə təmin olunur. Sistemin informasiya resursları, habelə təminat, inteqrasiya və təhlükəsizlik vasitələri milli informasiya fəzasının tərkib hissəsidir və Azərbaycan Respublikasının mülkiyyətidir.

5.  Sistemin maliyyələşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət büdcəsində nəzərdə tutulan vəsait hesabına həyata keçirilir.

 

II. SİSTEMİN STRUKTURU

 

6. Sistem bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən aşağıdakı altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokal seqmentlərdən ibarətdir:

6.1.  "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi";

6.2.  "Azərbaycan Respublikası vətəndaşının pasportları";

6.3.  "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi";

6.4.  "Şəxslərin yaşadığı və olduğu yer üzrə qeydiyyatı";

6.5.  "Azərbaycan Respublikasının vətəndaşlığına dair məlumatlar";

6.6.  "Dənizçinin şəxsiyyət sənədi";

6.7.  "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi";

6.8.  "Viza";

6.9.  "Biometrik informasiya";

6.10.  "Sərhədkeçməyə məhdudiyyət";

6.11.  "Sərhəd nəzarəti";

6.12.  "Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə";

6.13.  "İnformasiya mübadiləsi";

6.14.  "Elektron xəritə ilə vizual nümayiş";

6.15.  "Sorğu, təhlil və hesabat";

6.16.  "Blanklar";

6.17.  "Audit".

7. Sistem vasitəsilə aşağıdakı informasiya resurslarının formalaşdırılması təmin edilir:

7.1.  "Azərbaycan Respublikasının vətəndaşları";

7.2.  "Əcnəbilər";

7.3.  "Sərhədkeçmə";

7.4.  "Sərhədkeçməyə məhdudiyyət siyahısı";

7.5.  "Blankların uçotu";

7.6.  "Audit jurnalı".

 

III. SİSTEM ÇƏRÇİVƏSİNDƏ DÖVLƏT ORQANLARININ VƏZİFƏLƏRİ. SİSTEMLƏ İNTEQRASİYA OLUNAN DİGƏR DÖVLƏT İNFORMASİYA

RESURSLARI

 

8.  Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır:

8.1.  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

8.1.1.  Sistemin mərkəzi serverlər kompleksinin idarə və mühafizə edilməsi;

8.1.2. Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.1.3.  Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqələrinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.1.4.  şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi;

8.1.5.  Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.1.6.  Sistem vasitəsilə verilmiş ümumvətəndaş pasportlarının, müvafiq vəsiqələrin və digər sənədlərin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi barədə məlumatların Sistemə daxil edilməsi;

8.1.7.  yaşayış yeri üzrə qeydiyyat barədə məlumatların verilməsi ilə bağlı fəaliyyətin təmin edilməsi;

8.1.8.  biometrik məlumatlar üzrə informasiya resurslarının formalaşdırılması üçün məlumatların toplanılması, identifikasiya işlərinin təşkili;

8.1.9.  şəxsin başqa fərdi məlumatlarla sənəd almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin, şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin (FİN) verilməsi hallarının biometrik texnologiyalarla aşkarlanması və aradan qaldırılması işlərinin təmin edilməsi və müvafiq məlumatların Sistemə daxil edilməsi;

8.1.10.  Sistemlə digər əlaqəli dövlət və beynəlxalq informasiya resursları arasında məlumat mübadiləsinin təşkil edilməsi;

8.1.11.  Sistem çərçivəsində aidiyyəti dövlət orqanları və onların struktur bölmələri arasında informasiya mübadiləsinin, o cümlədən yoxlama və razılaşdırma işlərinin elektron sənəd dövriyyəsi qaydasında təşkil edilməsi;

8.1.12.  axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.1.13.  etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasportlar, vəsiqələr, axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi;

8.1.14.  öz səlahiyyətləri daxilində "Sərhədkeçməyə məhdudiyyət siyahısı"nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi;

8.1.15.  readmissiya üzrə sorğuların, onlara əlavə olunan sənədli və biometrik məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılması və identifikasiya-sorğu işinin təşkili;

8.1.16.  sorğu, təhlil və hesabat işlərinin mərkəzləşdirilmiş qaydada təşkil və təmin edilməsi;

8.1.17.  Sistem çərçivəsində verilən sənəd blanklarının və onların hərəkətinin uçotu;

8.1.18. sistemdaxili audit fəaliyyətinin təşkili və öz səlahiyyətləri daxilində sistemdaxili auditin həyata keçirilməsi;

8.2.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

8.2.1. xidməti və diplomatik pasportların fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.2.2. xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.2.3. Azərbaycan Respublikasına qayıdış şəhadətnamələrinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.2.4. xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu barədə məlumatların Sistemə daxil edilməsi;

8.2.5.  Azərbaycan Respublikasının konsulluqları tərəfindən aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında məlumatların Sistemə daxil edilməsi;

8.2.6.  Sistem vasitəsilə əcnəbilərə viza, o cümlədən elektron viza verilməsi işinin təşkili;

8.2.7.  viza verilməsi ilə bağlı müvafiq sorğuların, viza əcnəbiyə dəvət əsasında verildikdə əcnəbini ölkəyə dəvət edən fiziki və hüquqi şəxslər haqqında məlumatların, habelə verilmiş vizalar barədə, o cümlədən onların müddətlərinin bitməsi haqqında məlumatların Sistemə daxil edilməsi;

8.2.8.  Sistem vasitəsilə verilmiş pasport-viza sənədlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi barədə məlumatların Sistemə daxil edilməsi;

8.2.9.  Sistem çərçivəsində verilən sənəd blanklarının və onların hərəkətinin uçotu;

8.2.10.   ölkəyə daxil olması arzuolunmaz şəxslər, etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasport-viza və digər sərhədkeçmə sənədləri haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi;

8.3. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası:

8.3.1.  dənizçinin şəxsiyyət sənədinin fərdi olaraq doldurulması, verilməsi və bu barədə məlumatların Sistemə daxil edilməsi;

8.3.2.  dənizçinin şəxsiyyət sənədinin blanklarının və onların hərəkətinin uçotu;

8.3.3.  dənizçinin şəxsiyyət sənədinin qanunvericiliklə müəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsi barədə məlumatların Sistemə daxil edilməsi;

8.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti:

8.4.1.  ölkəyə gələn və ölkədən gedən şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə nəzarəti və qeydiyyatı;

8.4.2.  sərhədkeçmə yoxlamasının, o cümlədən sərhədi keçən şəxslərin biometrik identifikasiyasının nəticələri barədə məlumatların Sistemə daxil edilməsi;

8.4.3.  sərhədkeçmə rejimini pozmuş, ölkədən çıxarılmış şəxslər, ölkə ərazisinə əvvəllər müxtəlif səbəblərdən buraxılmamış əcnəbilər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi;

8.4.4.  axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.4.5. itmiş, oğurlanmış və saxta pasportlar, vizalar, vəsiqələr, axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi;

8.4.6. şəxsin başqa fərdi məlumatlarla pasport və digər sərhədkeçmə sənədləri almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin aşkarlanması işlərinin öz səlahiyyətləri daxilində həyata keçirilməsi və müvafiq məlumatların Sistemə daxil edilməsi;

8.4.7. öz səlahiyyətləri daxilində readmissiya üzrə sorğuların, onlara əlavə olunan məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılmasında və identifikasiya - sorğu işində iştirak edilməsi;

8.5. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi:

8.5.1. xaricə daimi yaşamağa getmək hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırılmış dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vətəndaşlar haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.5.2. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.5.3. terrorçuluq və mütəşəkkil transmilli cinayətkarlığın digər formalarında iştirak etməkdə şübhəli bilinən, habelə ölkəyə daxil olması milli təhlükəsizlik baxımından arzuolunmaz şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi;

8.5.4. Sistemdə tətbiq olunan informasiya mühafizə, o cümlədən şifrləmə vasitələrinə aid təkliflərin verilməsi və onların sertifikatlaşdırılması işlərinin təşkili;

8.5.5. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi ilə bağlı rəylərin Sistemə daxil edilməsi;

8.5.6. etibarsız hesab edilmiş, itmiş, oğurlanmış və saxta pasport-viza və digər sərhədkeçmə sənədləri, vəsiqələr, axtarışda olan nəqliyyat vasitələri haqqında məlumatların   "Sərhədkeçməyə   məhdudiyyət   siyahısı"na   daxil edilməsi;

8.5.7. öz səlahiyyətləri daxilində readmissiya üzrə sorğuların, onlara əlavə olunan məlumatların, habelə verilən cavabların informasiya resursunun formalaşdırılmasında və identifıkasiya-sorğu işində iştirak edilməsi;

8.5.8. şəxsin başqa fərdi məlumatlarla pasport, şəxsiyyət vəsiqəsi, digər sərhədkeçmə və şəxsiyyəti təsdiq edən sənədi almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin aşkarlanması işlərinin öz səlahiyyətləri daxilində həyata keçirilməsi və müvafiq məlumatların Sistemə daxil edilməsi;

8.5.9. öz səlahiyyətləri daxilində sistemdaxili audit fəaliyyətinin həyata keçirilməsi;

8.6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

8.6.1.     aşağıdakı məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi:

8.6.1.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında;

8.6.1.2. müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş şəxslər haqqında;

8.6.1.3. şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmuş şəxslər haqqında;

8.6.1.4. azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, lakin hökmün icrası təxirə salınan şəxslər haqqında;

8.6.1.5. tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslər haqqında;

8.6.2.     əcnəbilər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsi haqqında məlumatların Sistemə daxil edilməsi;

8.7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi:

axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi;

8.8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:

intizam xarakterli hərbi hissədə saxlanılan şəxslər haqqında məlumatların "Sərhədkeçmə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası:

Azərbaycan Respublikası vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilən qərarlar barədə məlumatların Sistemə daxil edilməsi;

8.10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

8.10.1. "elektron sağlamlıq kartı"nda olan pasport və şəxsiyyət vəsiqələrinin doldurulmasına aid məlumatların Sistemə daxil edilməsi;

8.10.2. stasionar tibb müəssisələrində müalicə olunan əcnəbilərin olduğu yer üzrə qeydiyyatı üçün məlumatların Sistemə daxil edilməsi;

8.11. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi:

əcnəbilərin mehmanxana, turist bazalarında və turist infrastrukturuna aid digər yerlərdə olduğu yer üzrə qeydiyyatı üçün məlumatların Sistemə daxil olunmasının təmin edilməsi;

8.12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

əcnəbi tələbə və müəllimlərin yataqxanalarda olduğu yer üzrə qeydiyyatı üçün məlumatların Sistemə daxil olunmasının təmin edilməsi;

8.13. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:

sərhədkeçməyə məhdudiyyət qoyulan şəxslərin müəyyənedici və qeydiyyat məlumatlarının Sistemə daxil edilməsi;

8.14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında məlumatların Sistemə daxil edilməsi;

8.15. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı:

sərnişindaşıma sahəsində bilet, o cümlədən elektron bilet alınması,

sərnişinlərin qeydiyyatı üçün təqdim olunan sənədlər üzrə məlumatların Sistemə daxil edilməsi;

8.16. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti:

daşınmaz əmlakın ərazilər üzrə sxematik planı barədə məlumatların,

daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən və ünvanlar reyestrindən məlumatların Sistemə daxil edilməsi.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Dəniz Administrasiyası, Xüsusi Dövlət Mühafizə Xidməti, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası Sistem çərçivəsində öz səlahiyyətləri daxilində sorğular verir və müvafiq məlumatları alırlar.

10. Sistem məlumat-axtarış işlərinin operativliyi, tamlığı və ilkin mənbələrdən qarşılıqlı istifadə olunması, pərakəndəliyin və təkrarçılığın qarşısının alınması, fərdi məlumatlar üzrə qarşılıqlı informasiya mübadiləsinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan Azərbaycan Respublikası əhalisinin dövlət reyestri və Qüvvədən düşmüş sənədlərin dövlət reyestri, habelə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan miqrasiya sahəsində vahid informasiya sistemi ilə inteqrasiya olunur.

Sistemlə inteqrasiya olunan informasiya resurslarının formalaşdırılmasını təmin edən dövlət orqanları arasında mübadilə edilən məlumatlar aşağıdakılardır:

10.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti:

10.1.1.   Sistemə təqdim olunan məlumatlar:

10.1.1.1. fərdi identifikasiya nömrələri (FİN);

10.1.1.2. Sistem vasitəsilə şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarından zəruri məlumatlar;

10.1.1.3. qüvvədən düşmüş sənədlər haqqında məlumatlar;

10.1.2.   Sistem tərəfindən təmin olunan məlumatlar:

10.1.2.1. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim edilməsi nəzərdə tutulmuş məlumatlar;

10.1.2.2. Azərbaycan Respublikasının konsulluqları tərəfindən aparılan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında məlumatlar;

10.1.2.3. qüvvədən düşmüş sənədlər haqqında məlumatlar;

10.2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:

10.2.1.   Sistemə təqdim olunan məlumatlar:

10.2.1.1. miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

10.2.1.2. ölkədə müvəqqəti yaşamaq üçün icazə almış, habelə immiqrant və qaçqın (sığınacaq axtaran) statusu almış şəxslər haqqında;

10.2.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında;

10.2.2.   Sistem tərəfindən təmin olunan məlumatlar:

10.2.2.1. əcnəbilərin pasport və vizaları, habelə sərhədkeçmə qeydiyyatı haqqında;

10.2.2.2. əcnəbilərin ölkə ərazisində yaşayış və olduğu yer üzrə qeydiyyatı haqqında;

10.2.2.3. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilmiş şəxsiyyət vəsiqələri haqqında;

10.2.2.4. Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilər haqqında;

10.2.2.5. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ya məhkum olunmuş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında;

10.2.2.6. xarici ölkələrdə yaşayan və Azərbaycan Respublikasının konsulluqlarında uçotda olan Azərbaycan Respublikasının vətəndaşları haqqında;

10.2.2.7. readmissiya üzrə sorğular, habelə onlara verilən cavabların informasiya resursunda olan məlumatlar;

10.2.2.8. miqrasiya proseslərinin idarə olunması üçün zəruri olan digər məlumatlar.

11. Sistemdən aşağıdakı dövlət orqanlarının informasiya alması onların səlahiyyətləri çərçivəsində təmin edilir:

11.1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi - siyahıya alınan şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatlar;

11.2. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - abituriyentlərin və imtahan verən digər şəxslərin ərizə-anketində şəxsiyyət vəsiqəsi üzrə məlumatlar;

11.3. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası - seçici siyahılarının tərtibi və dəqiqləşdirilməsi üçün əhalinin yaşayış və olduğu yer üzrə qeydiyyat haqqında, habelə seçicilərin şəxsiyyət vəsiqələri üzrə məlumatlar;

11.4. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu - dövlət sosial sığorta sistemində fərdi uçot üçün şəxsiyyət vəsiqələri üzrə məlumatlar.

 

IV. SİSTEMİN TƏRKİB HİSSƏLƏRİNİN TƏYİNATI

 

12. Sistemin tərkibinə daxil olan altsistemlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən aşağıda göstərilən qaydada təmin edilir:

12.1. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi", "Azərbaycan Respublikası vətəndaşının pasportları", "Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə", "Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi", "Dənizçinin şəxsiyyət sənədi" və "Viza" altsistemləri:

12.1.1. altsistemlərdə göstərilən sənədlərin verilməsi Sistemin aşağıdakı standart sxemi üzrə həyata keçirilir:

12.1.1.1. şəxslərin müvafiq forma üzrə ərizə-anketdə göstərilən məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, doğum yeri, biometrik məlumatlar, ailə vəziyyəti, ünvanı və s.) Sistemə daxil edilir;

12.1.1.2. təqdim olunan məlumatların düzgünlüyü, əldə olan sənədlərə uyğunluğu və qanunvericiliklə müəyyən olunan məhdudiyyət hallarının mövcudluğu yoxlanılır;

12.1.1.3. sənədin blankı müvafiq standartlara uyğun fərdi qaydada doldurulur;

12.1.1.4. sənəd və onun çap keyfiyyəti pasport oxuyan xüsusi proqram-texniki vasitə ilə yoxlanılır və verilir;

12.1.1.5. toplanılan məlumatlar saxlanılma və istifadə üçün Sistemin mərkəzi serverinə köçürülür;

12.1.2. fərdi olaraq doldurulmuş sənədin blankının nömrəsi aktiv statuslu müvafiq sənədlərin siyahısına daxil olunur;

12.2. "Şəxslərin yaşadığı və olduğu yer üzrə qeydiyyatı" altsistemi vasitəsilə Sistemə şəxslərin yaşadığı və olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar daxil edilir;

12.3. "Azərbaycan Respublikasının vətəndaşlığına dair məlumatlar" altsistemi vasitəsilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul, xitam və bərpa məsələləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul olunmuş qərarlar barədə məlumatlar icrası üçün Sistemə daxil edilir;

12.4. "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi" altsistemi vasitəsilə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələrinin verilməsi üçün zəruri olan məlumatların yoxlanılması həyata keçirilir;

12.5. "Biometrik informasiya" altsistemi:

12.5.1. pasport-viza və digər sərhədkeçmə sənədlərinin, şəxsiyyət və qeydiyyat vəsiqələrinin fərdi olaraq doldurulması, sərhəd nəzarətinin aparılması, readmissiya üzrə sorğuların icrası zamanı müvafiq biometrik məlumatlar Sistemin müvafiq informasiya resurslarında toplanılır;

12.5.2. Altsistem aşağıdakı məsələlərin həllini təmin edir:

12.5.2.1. biometrik məlumatlar üzrə milli informasiya resurslarının formalaşdırılması məqsədilə məlumatların toplanılması;

12.5.2.2. əldə edilən və Sistemdə mövcud olan biometrik məlumatların standartlara uyğun formata çevrilməsi;

12.5.2.3. şəxsin başqa fərdi məlumatlarla sənəd almaq, belə sənədlərdən istifadə etmək cəhdlərinin, şəxsə müxtəlif fərdi identifikasiya nömrələrinin (FİN) verilməsi hallarının biometrik identifikasiya texnologiyaları ilə aşkarlanması, aradan qaldırılma mexanizminin və sənədlərin mühafizə dərəcələrinin gücləndirilməsi;

12.5.2.4. biometrik məlumatlar üzrə informasiya resurslarından qanunvericiliyə müvafiq qaydada şəxsiyyəti təsdiq edən sənədlərin rəsmiləşdirilməsi, sərhəd nəzarəti, cinayət təqibi, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti, ictimai asayişin qorunması, xilasetmə sahələrində identifikasiya və verifikasiya işlərində istifadəsi;

12.5.2.5. axtarışda olan şəxslərin kütləvi toplantı və gediş-gəliş yerlərində real vaxt rejimində şəkillərinə görə tanınması və müşahidəsi sistemi ilə inteqrasiyanın həyata keçirilməsi;

12.5.2.6. biometrik məlumatlar üzrə dövlət və beynəlxalq informasiya sistemləri arasında məlumat mübadiləsində iştirak edilməsi;

12.6. "Sərhədkeçməyə məhdudiyyət" altsistemi:

12.6.1. altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur:

12.6.1.1. sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi;

12.6.1.2. şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması;

12.6.1.3. şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən nəzarətin təmin edilməsi;

12.6.2. "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi üçün əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişilir;

12.7. "Sərhəd nəzarəti" altsistemi:

12.7.0.   altsistem vasitəsilə ölkəyə gələn-gedən şəxslərin, nəqliyyat vasitələrinin sərhədkeçmə nəzarəti aşağıdakı sxem üzrə həyata keçirilir:

12.7.0.1. sərhəd keçən şəxslər və nəqliyyat vasitələri barədə məlumatlar (şəxsin pasport-viza və digər yol sənədləri, biometrik məlumatları, sərhəd-keçmə vaxtı, nəqliyyat vasitəsi və reysi, sərhəd məntəqəsi, yoxlama nöqtəsi və s.) Sistemə daxil edilir;

12.7.0.2. şəxsin identifikasiyası və məlumatların müqayisəsi həyata keçirilir, ölkəyə ilk dəfə gələn əcnəbiyə sistemdaxili identifikasiya nömrəsinin verilməsi təmin edilir;

12.7.0.3. sərhədkeçmə üzrə toplanan məlumatlar real vaxt rejimində "Sərhədkeçməyə məhdudiyyət siyahısı", habelə aktiv pasportlar və vizalar, habelə digər yol sənədlərinin siyahısı ilə yoxlanılır;

12.7.0.4. yoxlamanın nəticəsi və sərhədkeçməyə verilən icazə, yaxud imtina barədə sərhəd nəzarətçisi məlumatlandırılır, onun əlavə qeydləri Sistemə daxil edilir;

12.7.0.5. toplanan məlumatlar saxlanılma və istifadə üçün Sistemin mərkəzi serverinə "Sərhədkeçmə" informasiya resursuna köçürülür;

12.8. "Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə" altsistemi:

12.8.1. altsistem aşağıdakı işlərin həyata keçirilməsini təmin edir:

12.8.1.1. informasiyanın lokal server və kompüterləşmiş əlahiddə işçi yerlərdən qəbulu, saxlanması, mühafizəsi və aidiyyəti üzrə ötürülməsinin mərkəzləşmiş qaydada təmin edilməsi;

12.8.1.2. Sistemin informasiya resurslarının ehtiyat surətinin yaradılması və saxlanılması;

12.8.1.3. fövqəladə hallarda informasiya proseslərinin ehtiyat serverə keçirilməsi;

12.8.1.4. Sistemin informasiya resurslarından aidiyyəti dövlət orqanlarının fəaliyyət sahələrinə və səlahiyyətlərinə uyğun istifadə olunmasının təmin edilməsi;

12.8.1.5. audit jurnallarının mərkəzləşdirilmiş qaydada aparılması;

12.8.1.6. Sistemin texniki vasitələrinə, informasiya daşıyıcılarına, informasiya təminatı vasitələrinə və kommunikasiya xətlərinə kənar və nəzarətsiz müdaxilələrin qarşısının alınması;

12.8.1.7. proqram təminatı vasitələrinin fəaliyyətinin təmin edilməsi;

12.8.1.8. Sistemin təhlükəsizlik idarəedicisinin fəaliyyətinin proqram-texniki təminatı;

12.8.2. Sistemin informasiya təhlükəsizliyi modeli mümkün təhdidlər nəzərə alınaraq müvafiq standartlara uyğun qurulur və tətbiq edilir. Sistemin proqram-texniki və enerji təminatına təhdidlər Sistemin formalaşdırılması, istifadəsi, idarə olunması və inkişafı işlərində nəzərə alınır;

12.9. "İnformasiya mübadiləsi" altsistemi:

12.9.1.   Sistemin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində olan Mərkəzi serverlər kompleksi və onun lokal seqmentləri, o cümlədən aidiyyəti dövlət orqanlarındakı lokal serverləri və onların tabeçiliyində olan struktur bölmələrindəki kompüterləşmiş işçi yerləri arasında informasiya mübadiləsi dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat xətlərə malik xüsusi telekommunikasiya və proqram-texniki təminat
vasitələri ilə həyata keçirilir;

12.9.2.   paylanmış informasiya resursları arasında mübadilənin təşkili aşağıdakı vasitələrin tətbiqi ilə həyata keçirilir:

12.9.2.1. fərdi identifikasiya nömrəsi (FİN) və digər uzlaşdırma rekvizitləri;

12.9.2.2. razılaşdırılmış protokollar;

12.9.2.3. qəbul olunmuş təhlükəsizlik tələbləri;

12.9.3.   aidiyyəti dövlət orqanlarının informasiya təminatı üçün aşağıdakı resurslardan istifadə olunur:

12.9.3.2. Sistemin informasiya resursları;

12.9.3.2. Sistemə inteqrasiya olunan və ya qoşulan digər dövlət informasiya sistemləri;

12.9.3.3. miqrasiya və fərdi məlumatlar üzrə aidiyyəti beynəlxalq, regional və xarici təşkilat və qurumların müvafiq informasiya sistemləri;

12.9.4.   Sistemin telekommunikasiya təminatı və ona xidmət mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və aidiyyəti dövlət orqanlarının rabitə üzrə struktur bölmələri tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir;

12.10. "Elektron xəritə ilə vizual nümayiş" altsistemi:

12.10.0. Altsistem aşağıdakı işlərin həyata keçirilməsini təmin edir:
           12.10.0.1. ərazi vahidləri və ünvanların elektron rəqəmli xəritəyə bağlanması və vizuallaşdırılması;

12.10.0.2. əhalinin yaşayış və olduğu yer üzrə qeydiyyat haqqında məlumatların və sorğuların elektron xəritə ilə vizuallaşdırılması;

12.11. "Sorğu, təhlil və hesabat" altsistemi:

12.11.1. altsistemin fəaliyyəti müvafiq telekommunikasiya, təhlükəsizlik, inteqrasiya və uzlaşdırma vasitələri ilə həm stasionar kompüterlərlə, həm də mobil terminallarla həyata keçirilir, aidiyyəti dövlət orqanlarının aşağıdakı sahələrdə informasiya təminatının operativ aparılması təmin edilir:

12.11.1.1. müvafiq informasiya resurslarının strukturunda olan məlumat sahələri üzrə müxtəlif kombinasiyalı sorğuların verilməsi;

12.11.1.2. statistik hesabatların tərtibi və təhlillərin aparılması;

12.11.1.3. əldə olunan nəticələrin siyahı, cədvəl, arayış, say və digər formalarda vizual nümayişi və çapı;

12.11.1.4. sorğu üzrə nəticənin yaddaşda saxlanılması, sənədlərin hazırlanması üçün müvafiq formatlara çevrilməsi imkanlarının təmin edilməsi;

12.11.1.5. müxtəlif arayış formalarının hazırlanmasını, təhlil üçün məlumatları əlaqələndirib sxemlərin tərtib olunmasını yerinə yetirən universal proqram vasitələrinin tətbiqi;

12.11.2. altsistemin tətbiq sahələri aşağıda göstərilən məsələlərdən asılı olaraq davamlı genişləndirilir:

12.11.2.1. aidiyyəti dövlət orqanlarının artan tələbatı və texnologiyaların inkişafı;

12.11.2.2. Sistemin informasiya resurslarının strukturunun təkmilləşdirilməsi;

12.11.2.3. Sistemin tətbiq sahələrinin genişlənməsi;

12.11.3. altsistemdə həmçinin aşağıdakılar təmin edilir:

12.11.3.1. yalnız aidiyyəti dövlət orqanlarının və onların struktur bölmələrinin səlahiyyətlərinə aid olan imkanlarından və məlumatlardan istifadə;

12.11.3.2. məxfilik rejiminə nəzarət;

12.12.    "Blanklar" altsistemi:

12.12.0. Sistem vasitəsilə verilən sənədlərin blanklarının hərəkətinə, onların verilməsi ilə bağlı ödənilən dövlət rüsumlarının toplanmasına nəzarətin həyata keçirilməsi məqsədilə onların mərkəzləşmiş uçotu aparılır, aşağıdakı məlumatlar Sistemə daxil edilir:

12.12.0.1. anbarda saxlanılan boş blanklar haqqında;

12.12.0.2. istifadəyə verilmiş blanklar haqqında;

12.12.0.3. fərdi olaraq doldurulmuş blanklar haqqında;

12.12.0.4. qüsurlu və zədələnmiş blanklar haqqında;

12.13.    "Audit" altsistemi:

12.13.0. altsistem vasitəsilə Sistemin təhlükəsizliyinə nəzarət olunması məqsədilə aşağıdakı proseslər barədə müvafiq qeydiyyatlar audit jurnalında avtomatik olaraq mərkəzləşmiş toplanılır, qorunur və təhlil edilir, müvafiq tövsiyə və hesabatlar hazırlanır:

12.13.0.1. proqram-texniki modulların yerinə yetirdiyi işlərin nəticələri;

12.13.0.2. müxtəlif informasiya prosesləri;

12.13.0.3. aidiyyəti dövlət orqanlarının sorğuları;

12.13.0.4. Sistemə giriş və çıxışlar;

12.13.0.5. səlahiyyət hədlərinin aşılması cəhdləri;

12.13.0.6. baş vermiş təhdidlər;

12.13.0.7. informasiya təhlükəsizliyi baxımından digər əhəmiyyətli hərəkətlər.

 

V. SİSTEMİN FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ ƏLAQƏLƏNDİRİLMƏSİ

 

13. Sistemin istismarının, inkişafının və təhlükəsizliyin təşkili, göstərilən sahələrdə nəzarət və idarələrarası qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılmış Əlaqələndirmə Şurası və onun ixtisaslaşmış mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən həyata keçirilir.

14. Sistem daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

15. Sistemə yeni subyektlərin qoşulması barədə təkliflər Əlaqələndirmə Şurasının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Sistemə yeni informasiya sistemlərinin qoşulması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən inteqrasiya və informasiya təhlükəsizliyi tələbləri üzrə ekspertiza keçirilir.

16. Toplanmış təcrübə, perspektiv istiqamətlər, prioritetlər, müasir standartlar, yeni texnologiyalar nəzərə alınaraq Sistemin fəaliyyətinə və inkişafına dair perspektiv və illik tədbirlər planları, hesabatlar və Sistemin istismarını təmin edən qaydalar Əlaqələndirmə Şurası tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Təkrarçılığa, pərakəndəliyə, informasiya sızmasına yol verməmək üçün Sistemin istismarı, inkişafı, təhlükəsizliyi üzrə fəaliyyətin və sənədləşmə işlərinin təşkili Əlaqələndirmə Şurasının işçi qrupu tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir, Sistemə göstərilən xidmətlər, baş vermiş təhdidlər qeydiyyata alınır, təhlil edilir, tövsiyə və hesabatlar hazırlanır.

18. Məlumatların Sistemə müəyyən olunmuş qaydada, vaxtında və düzgün daxil edilməsi aidiyyəti dövlət orqanının rəhbəri tərəfindən təmin edilir.

19. Sistemin komponentlərinin yerləşdiyi rejimli obyektlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi, təşkilati və proqram-texniki vasitələrlə, nəzarət sistemləri ilə və səlahiyyətlərin bölünməsi üsulu ilə mühafizə olunur. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.