2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Son illər Azərbaycan Respublikasında aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.

Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir.

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı təsdiq edilsin.

2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin. [1]

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 sentyabr 2008-ci il

3043

 


 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il

15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf

 

DÖVLƏT PROQRAMI

 

Fəsil 1

 

Giriş

 

2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini (MİM) əks etdirən birgə Bəyannamə imzalamış və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirmişlər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilmişdir. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.

Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından xalqımızın ümummilli lideri Heydər Əliyev imzalamışdır.

Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan Respublikasında da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı təsdiq edilmişdir.

Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2003-2005-ci illərdə Respublikada ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artımın davamlılığı təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Bu isə ölkədə mövcud olan sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmışdır. Belə ki, 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7%-dən 29,3%-ə enmişdir.

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meylləri davam etdirmək məqsədilə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (YADİDP) hazırlanmışdır.

 

Fəsil 2

 

AZƏRBAYCANDA YOXSULLUQ

 

 

2.1. Yoxsulluğun profili, səviyyəsi və göstəriciləri

 

2002-2007-ci illər üzrə statistik məlumatlardan və ev təsərrüfatlarının tədqiqatının (ETT) nəticələrindən istifadə etməklə, ölkədə yoxsulluq səviyyəsi üzrə ümumiləşdirilmiş göstəricilər 2.1 nömrəli cədvəldə təqdim edilir.

 

 

Cədvəl 2.1. Azərbaycan Respublikası üzrə yoxsulluq səviyyəsi

 

 

2002

2003

2004

2005

2006

2007

Yoxsulluq həddi, manat

35

35,8

38,8

42,6

58

64

Yoxsulluq səviyyəsi, faizlə

46,7

44,7

40,2

29,3

20,8

15,8

 

 

Cədvəldən göründüyü kimi, 2007-ci ildə yoxsulluq səviyyəsi 15,8 %-ə enmişdir.

ETT məlumatlarının təhlili ölkədə yoxsulluq riskinin aşağıdakı amillərlə bağlı olduğunu göstərir:

-          şəhər və kənd yerlərində yaşayan əhalinin yoxsulluq səviyyələri arasında fərqlərin az olmasına baxmayaraq, ötən dövr ərzində şəhər yerlərində yoxsulluğun azalma tempi kənd yerlərinə nisbətən daha yüksək olmuşdur;

-          iqtisadi rayonlar üzrə adambaşına aylıq gəlirlərin ən aşağı səviyyəsi Yuxarı Qarabağ, Aran, Dağlıq Şirvan zonalarında olmuşdur. Lakin əsas fərq Bakı şəhəri ilə regionların arasındadır (Bakı şəhəri ilə Yuxarı Qarabağ və Aran zonasındakı fərq müvafiq olaraq 25,9 və 19,7 manat təşkil edir);

-          ev təsərrüfatlarının tərkibinin (ailə üzvlərinin sayı) böyük olması yoxsulluq riskini artırır; dörd uşaqlı ailələrdə adambaşına aylıq gəlir uşaqsız ailələrdən 1,5 dəfə, bir uşaqlı ailələrdən 1,3 dəfə azdır. Tək yaşayan şəxslər üzrə adambaşına gəlir uşaqlı ailələrə nisbətən 2 dəfə çoxdur;

-          ev təsərrüfatı başçısının təhsil səviyyəsi yüksəldikcə, xüsusilə ali təhsilə malik olduqda, onların yoxsulluq riski azalmış olur;

-          ailə başçısı 30-39, 40-49 və 60-dan yuxarı yaş qruplarında olan ev təsərrüfatlarında adambaşına aylıq gəlir orta göstəricidən aşağı olduğu halda, ailə başçısı 18-29 və 50-59 yaş qruplarında olan ev təsərrüfatlarında bu göstərici orta göstəricidən yuxarıdır.

Gəlirlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm vasitə olsa da, yoxsulluğun azaldılmasına təsir edən yeganə amil deyildir. Ölkədə yoxsulluq probleminin həll edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, sosial sahədə göstərilən xidmətlərin də inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan, körpə və uşaq ölümü, ana ölümü, ərzaq təhlükəsizliyi və uşaqların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə davamiyyət və qeydiyyat səviyyələri, habelə təlim nailiyyətləri kimi göstəricilərin monitorinqinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Yoxsulluğun yuxarıda sadalanan aspektlərinin monitorinqi üçün göstəricilərin müəyyənləşdirilməsində bir sıra çətinliklər olsa da, mövcud məlumatlar əsasında aşağıdakıları ümumiləşdirmək olar:

-          müasir dövrdə atmosferin ozon qatının dağıdılması, iqlimin pisləşməsi, bioloji müxtəlifliyin kəskin azalması, aramsız təbii fəlakətlər, ətraf mühitin çirklənməsi müxtəlif xəstəliklərin geniş yayılmasına gətirib çıxarır. Respublikanın əhalisi arasında tənəffüs orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklər, qan dövranı sisteminin xəstəlikləri, həzm orqanlarının xəstəlikləri üstünlük təşkil edir;

-          vərəm və malyariya kimi qarşısı asanlıqla alına bilən yoluxucu xəstəliklərə tutulma halları azalsa da, onların nəzarətdə saxlanılması vacibdir. Bunun üçün isə, ictimai səhiyyə xidmətlərində profilaktik tədbirlərin maliyyələşdirilməsi və uşaqların immunlaşdırma proqramları ilə tam əhatə olunması üçün müvafiq dövlət investisiyaları tələb olunur;

-          məcburi köçkünlərlə yanaşı, əhalinin digər həssas qrupları arasında da az qidalanma və düzgün qidalanmama problemləri mövcuddur. Bu baxımdan, həmin qruplar üçün bu sahədə xüsusi proqramların həyata keçirilməsi məqsədəuyğundur;

-          məktəblərdə qeydiyyat səviyyəsi yüksək olsa da, təhsilin keyfiyyətində fərqlər qalmaqdadır. Bu fərqlərin aradan qaldırılması və bütün uşaqlar üçün bərabər imkanların təmin edilməsi məqsədilə dövlət büdcəsində təhsil sektoruna ayrılan xərclərin artırılması davam etdirilməlidir;

-          əhalinin həssas təbəqələrinin yaşayış şəraitinin qənaətbəxş olmaması onların sağlamlığına mənfi təsir göstərir. Sıx məskunlaşma, təmiz olmayan yanacaqdan istifadə, fasiləsiz elektrik enerjisi təchizatının və mərkəzləşdirilmiş su təchizatının olmaması məcburi köçkünlərin geniş kütləsinin və digər həssas qrupların qarşılaşdığı əsas problemlərdəndir. Həmin qrupların sosial infrastrukturunun yaxşılaşdırılması dövlət investisiya qoyuluşunun prioritet istiqamətlərindən olmalıdır.

 

2.2. Siyasətin formalaşdırılmasında əhəmiyyət kəsb edən məsələlər

 

Siyasət prioritetlərinin formalaşdırılması zamanı ETT nəticələrinə uyğun olaraq aşağıdakı məsələlər nəzərə alınmalıdır.

1.      Ölkənin digər şəhər və kənd yerlərinə nisbətən Bakıda gəlir əldə etmək imkanları kifayət qədər yüksək olmuşdur. Bakıya nisbətən digər regionlarda əhalinin yaşayış səviyyəsi aşağı, məşğulluq imkanları isə məhduddur. Bu baxımdan, regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi, o cümlədən, yerli xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif sahələrin inkişaf etdirilməsi zərurəti mövcuddur.

2.      Əmək qabiliyyətli yaşda olan əhalinin yoxsulluq riskinin yüksək olması (pensiya yaşında olanlarda isə risk daha yüksəkdir) göstərir ki, mövcud məşğulluq ev təsərrüfatlarını və fərdləri yoxsulluqdan kifayət qədər qoruya bilmir. Bu baxımdan, məşğulluğun yüksək gəlirli və səmərəli olmasını təmin etmək, yəni yüksək əlavə dəyər tutumu olan sahələri inkişaf etdirmək və geniş əhali kütləsinin natamam məşğulluğunu tam səmərəli məşğulluqla əvəz etmək vacibdir.

3.      Uşaqlar, çoxuşaqlı ailələr ən yüksək yoxsulluq riskinə malikdir. Ev təsərrüfatlarında uşaqlarla əlaqədar əlavə xərclər tələb olunduğundan həmin ailələrdə böyüklərin gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqla yoxsulluq riskini azaltmaq mümkündür. Eyni zamanda aztəminatlı uşaqlı ailələrin zəruri yardımlarla təmin edilməsi məqsədilə onların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilməlidir. Çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən aşağı yaş qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini zəruri edir.

4.      Son zamanlar planetar miqyasda ərzağa olan tələbatın durmadan artması, enerji resurslarının qiymətlərinin kəskin surətdə yüksəlməsi, habelə əkin torpaqlarından bioenerji xammalı yetişdirilməsində istifadə olunması ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olmuşdur. Bu isə ölkədə əhalinin aztəminatlı hissəsinin ərzaqla təminatına və ümumilikdə həyat səviyyəsinə mənfi təsir göstərir. Dünyada və respublikada mövcüd olan vəziyyət ərzaq təhlükəsizliyi məsələlərinə yeni prizmadan baxılmasını tələb edir.

Fəsil 3

YADİDP ÜMUMİ İCMAL

 
3.1. Strateji məqsədlər

2008-2015-ci illərdə YADİDP-nin aşağıdakı əsas doqquz strateji məqsədi müəyyənləşdirilmişdir:

I)              makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

II)            əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

III)          səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması;

IV)         qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

V)           təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması;

VI)         sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;

VII)       ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi;

VIII)     gender bərabərliyinin dəstəklənməsi;

IX)         institusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi.

 
3.2. Spesifik cəhətlər

 

YADİDP-nin spesifik xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirilə bilər:

-          MİM-lərə tam uyğunlaşdırılmışdır və ölkə üzrə müvafiq siyasətin məqsədlərini və konkret hədəfləri müəyyənləşdirir;

-          həmin məqsədlər eyni zamanda tam metodoloji varislik prinsipi gözlənilməklə, 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının (YAİİDP) məntiqi davamını ehtiva edir;

-          hazırda həyata keçirilən digər dövlət proqramları ilə uzlaşdırılmışdır;

-          hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin cəlb olunduğu iştirak və monitorinq prosesinə əsaslanır.

Əvvəlki bölmədə təqdim edilən strateji məqsədlərə nail olmaq məqsədilə həyata keçiriləcək tədbirlər 4 funksional istiqamətdə qruplaşdırılmış və Dövlət Proqramının müvafiq olaraq 4 - 7-ci Fəsillərində açıqlanmışdır:

1.            makroiqtisadi sabitlik və iqtisadi artım (Fəsil 4);

2.            məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi (Fəsil 5);

3.            insan kapitalının inkişafı və sosial tərəqqi (Fəsil 6);

4.            institusional siyasət və səmərəli idarəetmə (Fəsil 7).

YADİDP-in sonuncu, 8-ci Fəslində (İştirak və monitorinq) onun uğurla həyata keçirilməsində vacib amil olan hökümət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların birgə fəaliyyətinə yönəldilmiş iştirak prosesi, habelə Dövlət Proqramı üzrə həyata keçirilən tədbirlərin və ümumi nəticələrin monitorinq mexanizmləri ilə bağlı məsələlər öz əksini tapmışdır.

YADİDP çərçivəsində prioritetlər və hədəflər 2008-2015-ci illəri əhatə etməklə, səkkizillik dövr, sahələr üzrə tədbirlər isə Dövlət Proqramının ilk üç ili 2008-2010-cu illər üçün müəyyənləşdirilmişdir (Dövlət Proqramına 1 nömrəli əlavə). Eyni zamanda, bu tədbirlərin icrasının nəticələrinə görə 2011-2015-ci illər üçün yeni tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.

Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsinin, Dövlət Neft Fondunun və Dövlət Sosial Müdafiə Fondunun bu məqsədlər üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir.

YADİDP üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək üçün maliyyə mənbələri və zəruri vəsaitlərin həcmi hər il dövlət büdcəsinin və büdcədənkənar fondların, habelə OMXS-nin tərtibatı zamanı nəzərə alınmaqla müəyyənləşdiriləcəkdir. Eyni zamanda, YADİDP-in icrasına yönəldilmiş vəsaitlərin istiqamətlər və tədbirlər üzrə məbləği, YADİDP-in uzlaşdırılmış olduğu digər strategiya, dövlət proqramları, konsepsiya, fəaliyyət və tədbirlər planlarının (Dövlət Proqramına 2 nömrəli əlavə) maliyyə təminatına uyğunlaşdırılacaq, həmçinin beynəlxalq maliyyə qurumları ilə bağlanılan əməkdaşlıq sazişlərinə müvafiq olaraq dəqiqləşdiriləcəkdir.

 

 
3.3. Məqsədlərin, hədəflərin və göstəricilərin icmalı

 

Dövlət Proqramının doqquz əsas strateji məqsədi üzrə müvafiq hədəf və göstəricilərin ümumiləşdirilmiş sistemi 3.1 nömrəli cədvəldə verilmişdir.

 

Cədvəl 3.1.

YADİDP üzrə strateji məqsəd, hədəf və göstəricilərin xülasəsi

 

Strateji məqsədlər

Hədəflər

Monitorinqlərin və baza ilinin göstəriciləri

1. Makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi

1. İnflyasiya səviyyəsinin 2008-2010-cu illərdə ilbəil azaldılmaqla idarəolunan həddə saxlanılmasını, 2011-ci ildən isə bu göstəricinin birrəqəmli çərçivədə olmasını təmin etmək

inflyasiya səviyyəsi - 16,7 % (2007)

 

2. 2008-2015-ci illərdə adambaşına ÜDM-in həcmini 2 dəfə artırmaq

adambaşına ÜDM-in həcmi - 3168,5 manat (2007)

3. 2008-2015-ci illərdə qeyri-neft sektoru üzrə ÜDM-in real həcmini 2 dəfə artırmaq

qeyrineft sektoru üzrə ÜDM-in həcmi - 9,5 mlrd. manat (2007)

 

4. 2008-2015-ci illərdə qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempini minimum 7-8% civarında saxlamaq

2007-ci ilə qeyri-neft sektoru üzrə ÜDM-in real artımı - 11,3%

 

2. Əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılması

5. 2015-ci ilin sonunadək ölkədə yoxsulluğun səviyyəsinin 2 dəfə azaldılmasına nail olmaq

yoxsulluq səviyyəsi - 15,8% (2007)

6. 2015-ci ilin sonunadək işsizlik səviyyəsini 3-4% həddinədək azaltmaq

işsizlik səviyyəsi - 6,5% (2007)

3. Səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması

7. Minimum əməkhaqqının və əmək pensiyalarının baza hissəsinin mütəmadi olaraq artırılmasını və 2011-ci ildən ölkə üzrə yaşayış minimumu səviyyəsini üstələməklə müəyyənləşdirilməsini təmin etmək

ölkə üzrə yaşayış minimumu - 70 manat (2008)

 

minimum əməkhaqqı - 60 manat (2008-ci ilin əvvəlinə)

 

əmək pensiyanın baza hissəsi - 60 manat (2008-ci ilin əvvəlinə)

8. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarınının həddini yaşayış minimumu səviyyəsinə uyğunlaşdırmaq məqsədilə mərhələlərlə artırmaq

ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının həddi - 45 manat (2008-ci ilin əvvəlinə)

4. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi

 

 

9. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq

yaşayış üçün yararlı yerlərdə məskunlaşmış qaçqınların və məcburi köçkünlərin say nisbəti - 46% (2007)

10. Qaçqınlar və məcburi köçkünlər arasında məşğulluq səviyyəsini ölkə üzrə orta məşğulluq səviyyəsinə çatdırmaq

qaçqınlar və məcburi köçkünlər arasında məşğulluq səviyyəsi - 31,7% (2007)

5. Təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması

11. 2015-ci ilin sonunadək məktəbyaşlı uşaqların ümumi təhsil (I-XI sinif) almalarını tam təmin etmək

xalis qeydiyyat əmsalı (2007):

ibtidai təhsil üzrə - 94,9%

əsas təhsil üzrə - 79,9%

orta təhsil üzrə - 48,8%

12. 2015-ci ilin sonunadək məktəbəqədər təhsil ilə əhatə olunmuş uşaqların sayını 2 dəfə artırmaq

 

məktəbəqədər təhsilin əhatə dairəsi - 17,2% (2007)

13. 2015-ci ilin sonunadək təhsil sistemində bütün şagirdlərin kompyuterə və internetə çıxışını tam təmin etmək

 

orta ümumtəhsil müəssisələrində kompyuter - şagird nisbəti (2007):

ümumilikdə - 47

V-XI-cu siniflər üzrə - 29

 

internetə çıxışı olan orta ümumtəhsil məktəblərinin xüsusi çəkisi 3% (2007)

14. 2015-ci ilin sonunadək 1 yaşınadək uşaqlar arasında ölüm hallarının səviyyəsinə gorə Avropa ölkələri üzrə orta gostəriciyə çatmaq

1 yaşınadək uşaqlar arasında ölüm halları - hər 1000 nəfər diri doğulana hesabı ilə 12,1 (2007)

 

15. 2015-ci ilin sonunadək ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta göstəriciyə çatmaq

ana ölümü halları - hər 100000 nəfərə 35,5 (2007)

 

16. 2015-ci ilin sonunadək vərəm, malyariya, brusellyoz xəstəliklərinin yayılmasının qarşısını almaq

vərəmə yoluxanların sayı - 7783 (2007)

malyariyaya yoluxanların sayı - 106 (2007)

brusellyoza yoluxanların sayı - 475 (2007)

17. 2010-ci ilin sonunadək İİÇV/QİÇS hallarının yayılmasının qarşısını almaq

İİÇV/QİÇS-ə yoluxanların sayı -1379 qeydə alınmış hal (2007)

18. 2015-ci ilin sonunadək orta ömür uzunluğunu 76 yaşa, o cümlədən qadınlar arasında 77,5 və kişilər arasında 74,5 yaşa çatdırmaq

orta ömür uzunluğu - 72,4 il (2007), o cümlədən:

kişilər arasında - 69,7 il (2007)

qadınlar arasında - 75,1 il (2007)

 

6. Sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi

19. 2015-ci ilin sonunadək yerli bulaqlardan və yeraltı su mənbələrindən istifadə etməklə rayon mərkəzlərində və kəndlərdə etibarlı su təchizatı sistemi yaratmaq və mərkəzləşdirilmiş su təchizatı sistemi vasitəsilə bütün əhalini keyfiyyətli içməli su ilə təmin etmək

rayon mərkəzlərində və kəndlərdə etibarlı su təchizatı ilə təmin edilmiş əhalinin say nisbəti - 46,5% (2007)

20. 2015-ci ilin sonunadək ölkənin şəhər və qəsəbələrinin təmizləyici qurğular və kanalizasiya xidmətləri ilə tam təmin edilməsi

mərkəzləşdirilmiş qaydada kanalizasiya xidmətləri ilə təmin olunmuş əhalinin say nisbəti -33,7%(2006)

21. Ev təsərrüfatlarının mərkəzləşdirilmiş xətt vasitəsilə qazla təminatını daha da yaxşılaşdırmaq

ev təsərrüfatlarının qazla təmin olunma səviyyəsi - 81,2% (2007)

22. 2015-ci ilin sonunadək yaşayış və qeyri-yaşayış binalarını istilik təchizatı ilə tam təmin etmək

yaşayış binalarının istilik təchizatı səviyyəsi - 22,7% (2006)

 

 

23. 2015-ci ilin sonunadək daxili resurslar hesabına ölkənin elektrik enerjisinə ehtiyacının tam ödənilməsi və ev təsərrüfatlarının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi

ölkə üzrə elektrik enerjisinin istehsalı 21,4 mlrd kvt/saat (2007)

24. 2015-ci ilin sonunadək bütün ev təsərrüfatlarına məişət tullantıları sahəsində xidmətin göstərilməsi

Bakı şəhəri üzrə 700 min abunəçiyə bu sahədə xidmət göstərilir (2006)

25. 2015-ci ilin sonunadək hər 100 nəfərə düşən telefon aparatlarının sayını şəhərlərdə və rayon mərkəzlərində 50-yə, kənd yerlərində 30-a çatdırmaq

hər 100 nəfərə düşən telefon aparatlarının sayı - 14,6 (2007)

 

şəhərlərdə - 33 (2007)

kəndlərdə - 9,4 (2007)

26. 2015-ci ilin sonunadək hər 100 nəfərə düşən internet istifadəçilərinin sayını 50-yə çatdırmaq

internet istifadəçilərinin sayı - hər 100 nəfərə 12 (2007)

27. 2015-ci ilin sonunadək ölkənin avtomobil yollarının 2800 km-lik hissəsini beynəlxalq standartlara uyğun olaraq yenidən qurmaq

beynəlxalq standartlara uyğun olaraq yenidən qurulmuş avtomobil yolları - 1020 km (2007)

7. Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunması

28. 2015-ci ilin sonunadək meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbətini 12,5%-ə qədər artırmaq

meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti - 11,5% (2007)

29. 2015-ci ilin sonunadək mühafizə olunan ərazilərin sahəsinin ümumi əraziyə olan nisbətini 12%-dək artırmaq

mühafizə olunan ərazilərin sahəsinin ümumi əraziyə nisbəti - 8,1% (2007)

30. 2015-ci ilin sonunadək energetika sektorunda istixana effekti yaradan emissiyaların azaldılması üçün 1 kvt enerjiyə sərf olunan şərti yanacağın miqdarını 20% azaltmaq

1 kvt enerjiyə sərf olunan şərti yanacağın miqdarı - 386 qram (2006)

31. 2015-ci ilin sonunadək respublika ərazisində çirkab suların tam təmizlənməsinə nail olmaq

respublika ərazisində çirkab suların təmizlənmə səviyyəsi - 57,9% (2006)

 

32. 2015-ci ilin sonunadək böyük şəhərlərdə yaranan bərk məişət tullantılarının 80%-ə qədərinin utilizə edilməsi və zərərsizləşdirilməsinə nail olmaq

böyük şəhərlərdə bərk məişət tullantılarının utilizə edilməsi və zərərsizləşdirilməsi səviyyəsi - 10,9% (2006)

8. Gender bərabərliyinin dəstəklənməsi

33. 2015-ci ilin sonunadək qərarların qəbul edilməsi prosesində qadınların iştirak səviyyəsinin yüksəldilməsini təmin etmək

mərkəzi icra strukturlarının rəhbərləri arasında qadınların iştirak səviyyəsi - 4 % (2007)

 

parlament üzvləri arasında qadınların iştirak səviyyəsi - 11,2% (2005)

 

bələdiyyə üzvləri arasında qadınların iştirak səviyyəsi - 4,08% (2004)

 

hakimlər arasında qadınların iştirak səviyyəsi - 16% (2007)

9. İnstitusional islahatların davam etdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi

34. 2015-ci ilin sonunadək idarəetmənin təkmilləşdirilməsi və Avropa Birliyinin (AB) standartlarına uyğunlaşdırılması

 

Fəsil 4

 

MAKROİQTİSADİ SABİTLİK VƏ İQTİSADI ARTIM

 

4.1. Yoxsulluqla əlaqə

 

Yoxsulluq sosial və institusional məsələlərlə yanaşı, iqtisadi məsələləri də əhatə edən çoxşaxəli bir problemdir. Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər nəticəsində əldə edilməsə də, iqtisadi artım və makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq, çoxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində mühüm amildir.

İqtisadi artımın davamlılığını təmin edən ən başlıca cəhətlərdən biri iqtisadi inkişafın sahəvi və coğrafi diversifikasiyasıdır. Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, həmçinin, regionların tarazlı inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Məhz dayanıqlı iqtisadi artım makroiqtisadi sabitliyin əsasını təşkil etməlidir.

Makro səviyyədə iqtisadi sabitliyin qorunub saxlanılması ölkənin bütün dövlət xərclərinin davamlı və inflyasiya yaratmayan şəkildə idarə edilməsini tələb edir. Tədqiqatlar göstərir ki, inflyasiyanın sürətli artımı ilk növbədə əhalinin yoxsul təbəqələrinə daha ağır zərbə vuraraq, yoxsulluq həddindən bir az yuxarı səviyyədə olan ailələrin yoxsulluğa düçar olmalarına gətirib çıxarır. Bu baxımdan makroiqtisadi sabitlik, davamlı olaraq iqtisadi artımın təmin edilməsi, ölkənin gəlir və xərclərinin səmərəli idarə edilməsi mühüm əhəmiyyətə malikdir.

 

 

4.2. Mövcud vəziyyət və əsas problemlər [2]

 

Son illərdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, sahibkarlığın inkişafı geniş vüsət almış, xüsusilə regionlarda yeni iş yerlərinin yaradılması genişləndirilmişdir. Bütün bunlar əhalinin gəlir əldə etmək imkanlarının artmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsirini göstərmişdir.

4.1 nömrəli cədvəldən göründüyü kimi, Azərbaycanda ÜDM-in 2004-2007-ci illər üzrə yüksək artım sürəti ölkənin bu göstərici üzrə nəinki regionda, hətta dünyada liderlik mövqeyi əldə etməsinə gətirib çıxarmışdır.

 

Cədvəl 4.1. 2004-2007-ci illər üzrə ÜDM-in əsas göstəriciləri

 

 

2004

2005

2006

 

2007

 

ÜDM-in ümumi həcmi, mlrd. manatla

8,5

12,5

18,7

26,8

o cümlədən qeyri-neft sektorunun həcmi

5,24

6,1

7,6

9,5

Adambaşına ÜDM-in həcmi, manatla

1042

1513,9

2241,1

3168,5

ÜDM-in artım sürəti, faizlə

10,2

26,4

34,5

25,0

ÜDM-in deflyatoru, faizlə

108,4

116,1

111,3

114,4

ÜDM-də qeyri-dövlət sektorunun payı, faizlə

73,5

77,8

81,0

84,0

 

Bu dövr ərzində neftdən gələn gəlirlərin ARDNF-də toplanılması davam etdirilmiş, habelə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə bağlı dövlət büdcəsinə daxil olan əlavə vəsaitlər xüsusi hesabda yerləşdirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən valyuta bazarına mümkün səviyyədə alışyönlü müdaxilələr həyata keçirilmiş, iqtisadiyyatda yaranmış izafi likvidliyi neytrallaşdırmaq üçün sterilizasiya siyasəti çərçivəsində Mərkəzi Bank qısamüddətli notlardan istifadəsi davam etdirilmişdir.

Eyni zamanda, gözlənilən irihəcmli neft və qaz gəlirlərinin iqtisadiyyata mümkün mənfi təsirinin qarşısının alınması, onun qeyri-neft sektorunun inkişafına yönəldilməsi, yoxsulluğun azaldılması və insan kapitalının inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı ilə Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya təsdiq edilmişdir. Bu strategiyaya əsasən, qeyri-neft sektorunun beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaqla onun dünya iqtisadiyyatına inteqrasiyasına şərait yaradılmalıdır.

Manatın mövcud nominal məzənnəsi uzunmüddətli dövrdə real səmərəli məzənnə indeksinin əlverişli dinamikasını təmin etməklə, ölkənin beynəlxalq rəqabət qabiliyyətinin daha da yüksəldilməsinə şərait yaratmışdır. Belə ki, manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2007-ci il üzrə 5,4% bahalaşmış, lakin 2000-ci ilin dekabrına nəzərən 11% ucuzlaşmışdır. Beləliklə də, qısamüddətli dövrdə real effektiv məzənnənin möhkəmlənməsinə baxmayaraq, uzunmüddətli dövrdə o, ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunmasına şərait yaradan səviyyədə dəyişmişdir.

Valyuta ehtiyatlarının həcmi ötən dövr ərzində əhəmiyyətli dərəcədə artmışdır. Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 1 yanvar 2008-ci il tarixinə 4,0 mlrd. ABŞ dollarını ötmüşdür. Eyni zamanda ölkənin məcmu valyuta ehtiyatları neft sektoru çıxılmaqla idxal olunan mal və xidmətləri maliyyələşdirmə müddəti üzrə qəbul edilmiş beynəlxalq normadan 5 dəfə yüksəkdir. Dövlət zəmanətli xarici borcların ümumi həcminin ÜDM-dəki xüsusi çəkisi isə müntəzəm surətdə azaldılaraq 2004-cü ildə 18,6%-ə, 2007-ci ildə 8,2%-ə endirilmişdir.

2007-ci ildə əsas kapitala bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyaların həcmi 2004-cü ilə nisbətən 1,5 dəfə artaraq 7,5 mlrd. manat (8,7 mlrd. ABŞ dolları) təşkil etmişdir. Bunun da 3,3 mlrd. ABŞ dolları (90,5 %-i neft sektoru olmaqla) xarici investisiyaların payına düşür. Eyni zamanda, həmin dövr ərzində daxili maliyyə mənbələri hesabına yatırılan investisiyaların həcmi 3,5 dəfə artaraq, investisiyaların ümumi həcmində xüsusi çəkisi 2004-cü ildəki 26,9%-dən 2007-ci ildə 61,9%-ə qədər yüksəlmişdir.

2007-ci il ərzində aparılmış ticarət əməliyyatlarının ümumi həcmi 27 mlrd. ABŞ dolları olmuşdur. Bunun 21 mlrd. ABŞ dolları ixracın, 6 mlrd. ABŞ dolları isə idxalın payına düşmüş, həmin dövr üçün ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 15 mlrd. ABŞ dolları təşkil etmişdir.

Qiymətli kağızlar bazarının normativ hüquqi bazasının təkmilləşdirilməsi, investorların hüquqlarının qorunması, korporativ idarəetmə normalarının tətbiqinin gücləndirilməsi, emitentlər tərəfindən məlumatların lazımi şəkildə açıqlanmasının təmin edilməsi, habelə mütəşəkkil borc bazarının formalaşması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində emitentlərin sayı və səhm buraxılışının həcmi artmışdır. Belə ki, 2004-cü ildə 50 emitent tərəfindən ümumi həcmi 91,9 mln. manat olan 62 səhm buraxılmışdırsa, 2005-ci ildə 84 emitent tərəfindən ümumi həcmi 225,7 mln. manat olan 108 səhm, 2006-cı ildə 100 emitent tərəfindən ümumi həcmi 340,8 mln. manat olan 135, 2007-ci ildə isə 113 emitent tərəfindən ümumi həcmi 795,4 mln. manat olan 137 səhm buraxılmışdır.

İnvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasının həvəsləndirilməsi məqsədilə mənfəət vergisinin dərəcəsi 27%-dən 2003-cü ildə 25%-ə, 2004-cü ildə 24%-ə, 2006-cı il yanvarın 1-dən isə 22%-ə endirilmişdir. Həmçinin işəgötürənlərdən alınan məcburi sosial sığorta haqları üzrə faiz dərəcələri 29%-dən 2003-cü ildə 27%-ə, 2005-ci ildə isə 22%-dək azaldılmışdır. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçıları növbəti dəfə, torpaq vergisi istisna edilməklə, bütün vergilərdən 5 il müddətinə (2004-2008-ci illər) azad edilmişlər. Sadələşdirilmiş vergi sisteminin tətbiqi dairəsinin genişləndirilməsi məqsədilə, 2003-cü ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsi aylıq gəlirin vergi tutulmayan məbləğinin 300 mislindən (6000 manat) şərti maliyyə vahidinin 22500 mislinədək (yəni 24750 manat) artırılmışdır. Sahibkarlıq fəaliyyətinin inkişafını stimullaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin bir pəncərə prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Sərəncam imzalamışdır.

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılan güzəştli kreditlərin həcmi hər il artırılaraq 2005-ci ildəki 40 mln. manatdan 2006-cı ildə 80 mln. manata, 2007-ci ildə isə 90,7 mln. manata çatdırılmışdır. Eyni zamanda, müntəzəm olaraq təşkil edilmiş biznes forumları yerli və müxtəlif ölkələrdən olan iş adamlarını, eləcə də rəsmi dairələri bir araya gətirməklə, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə və onların məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir.

Bank sisteminin inkişaf etdirilməsi, özəl bankların gücləndirilməsi və əhalinin onlara inamının artırılması məqsədilə bankların nizamnamə kapitalının minimum miqdarına olan tələblər artmış, xarici bank kapitalının ümumi bank kapitalında iştirak limiti aradan qaldırılmış və mərkəzləşdirilmiş kredit reyestri istifadəyə verilmişdir. Əhalinin, xüsusilə regionlarda, bank xidmətləri əldə etmək imkanlarının genişləndirilməsi məqsədilə təkcə 2005-ci ildə 19 bankın 40 yeni filialı fəaliyyətə başlamışdır ki, bunun da 21-i regionların payına düşür. Ümumilikdə isə, 2007-ci ilin sonuna ölkədə 485 bank filialı fəaliyyət göstərmişdir.

2007-ci ilin yekunu üzrə banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşları 4,7 mlrd. manat təşkil etmiş, bank aktivlərinin və kredit qoyuluşlarının ÜDM-ə nisbəti müvafiq surətdə 20,9% və 18,7% olmuşdur. Banklar tərəfindən özəl sektora ayrılan kreditlərin həcmi əvvəlki ilə nisbətən 2007-ci ildə 97,4% artmış və ümumi kredit qoyuluşlarında onların xüsusi çəkisi 57,3% təşkil etmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 30 mindən artıq kiçik müəssisə və obyekt özəlləşdirilmiş, 1500-ə yaxın səhmdar cəmiyyəti yaradılmış və 400 mindən artıq vətəndaş səhm və əmlak sahibinə çevrilmişdir. Hazırda əsas məsələ əhalini daha keyfiyyətli sosial xidmətlərlə təmin etmək üçün profili saxlanılmaqla, sosial obyektlərin, habelə iqtisadiyyatın daha dinamik inkişafına təsir göstərəcək iri müəssisələrin özəlləşdirilməsini nəzərdə tutan ikinci mərhələni sürətləndirməkdən ibarətdir.

YAİİDP-nin icrası dövründə büdcənin şəffaflığı, səmərəliliyi və ünvanlılığını təmin etmək məqsədilə Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli Qərarı ilə 2005-2008-ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram təsdiq olunmuş, xəzinədarlığın kompyuterləşdirilməsi davam etdirilmişdir.

Bütün ölkə üzrə və xüsusilə də regionlarda infrastrukturun yaxşılaşdırılması məqsədilə nəqliyyat, su və kanalizasiya, meliorasiya və suvarma, enerji kimi kommunal infrastruktura, habelə səhiyyə və təhsil sahələri üzrə sosial infrastruktura irihəcmli dövlət investisiyaları yönəldilmişdir.

Eyni zamanda, Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərinin tikintisinin davam etdirilməsi, Böyük İpək Yolunun (TRASECA) bərpası və Şimal-Cənub nəqliyyat dəhlizi layihələrinin davam etdirilməsi, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilişi üzrə prinsipial razılığın əldə edilməsi ölkənin regional əhəmiyyətini artırmaqla yanaşı, bölgələrdə yaşayan əhalinin infrastruktura və bazarlara çıxış imkanlarını yaxşılaşdıraraq, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əsaslı zəmin yaradacaqdır.

4.3. YADİDP və iqtisadi siyasət

 

4.3.1. Ümumi məqsədlər və hədəflər

 

İqtisadi inkişaf üzrə prioritet istiqamətlər aşağıdakılardır:

-          makroiqtisadi sabitliyin təmin edilməsi;

-          qeyri-neft sektorunun inkişaf etdirilməsi, xüsusilə regionlarda və kənd yerlərində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş iqtisadi inkişafın təmin edilməsi.

Bu bölmədə olan siyasət tədbirlərinin əksəriyyəti YADİDP-in digər strateji məqsədləri ilə, xüsusilə də institusional islahatlar və səmərəli idarəetmənin təmin edilməsi ilə sıx bağlıdır. Bundan başqa, aşağıdakı sahələrlə də əlaqə vardır: gender bərabərliyinin dəstəklənməsi və inkişaf etdirilməsi (ölkənin iqtisadi həyatında kişi və qadınlar üçün bərabər iştirak imkanlarının yaradılması) və ətraf mühitin davamlılığı prinsiplərinə riayət edilməsi (təbii resursların gələcək nəsillər üçün qorunub saxlanılması, habelə təbii resursların ifrat istismarı və ətraf mühitin çirklənməsi nəticəsində yaranan xəstəliklərdən və digər problemlərdən indiki nəslin sağlamlığını mühafizə etmək məqsədilə iqtisadi inkişaf siyasətinin ölkənin təbii resurslarının səmərəli idarə olunmasına əsaslanması).

Makroiqtisadi sabitlik və iqtisadi artım bölməsində olan siyasət tədbirləri aşağıdakı sahələr üzrə qruplaşdırılmışdır: büdcə-vergi siyasəti; pul və məzənnə siyasəti; maliyyə bazarlarının inkişafı; investisiya siyasəti; sənayenin və energetikanın inkişafı; kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi; turizm siyasəti.

 

 

4.3.2. Büdcə-vergi siyasəti

 

YADİDP çərçivəsində büdcə-vergi siyasətinin təkmilləşdirilməsi məqsədilə əsasən, aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-          büdcə qanunvericiliyinin təkmilləşdirilməsi;

-          büdcə gəlirlərinin artırılması;

-          büdcə xərclərinin səmərəliliyinin yüksəldilməsi;

-          dövlət borcunun idarə edilməsi mexanizminin təkmilləşdirilməsi.

Həyata keçiriləcək iqtisadi siyasətə uyğun olaraq, büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mövcud normativ hüquqi baza təhlil ediləcək, Azərbaycan Respublikasının vergi və gömrük məcəllələrinə müvafiq dəyişikliklər ediləcək, Gömrük Məcəlləsinin beynəlxalq konvensiya və normalara uyğunlaşdırılması prosesi başa çatdırılacaqdır.

Büdcə gəlirlərinin artırılması istiqamətində vergilərdən azadolmaların sayı azaldılacaq, gömrük-tarif sistemində lüzumsuz güzəştlər ləğv ediləcək, qeydiyyatdan yayınan hüquqi və fiziki şəxslərin qeydiyyata alınması işi gücləndiriləcəkdir. Eyni zamanda, mövcud vergi və rüsumların, habelə sosial sığorta haqlarının dərəcələrinə yenidən baxılaraq, onların optimal səviyyəsi və strukturu müəyyənləşdiriləcək, sadələşdirilmiş verginin tətbiqi mexanizmi və ƏDV-nin tətbiqi qaydaları təkmilləşdiriləcək, habelə idxalda ƏDV-dən azadolmalar minimuma endiriləcəkdir. Həmçinin, cəmiyyətdə vergi mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə əhalinin maarifləndirilməsi gücləndiriləcəkdir.

Büdcə xərclərinin səmərəliliyinin artırılması istiqamətində aşağıdakı alt istiqamətlər üzrə tədbirlər həyata keçiriləcəkdir:

-          büdcə xərclərinin sağlamlaşdırılması;

-          büdcə xərclərinə nəzarətin gücləndirilməsi;

-          büdcə prosesinin şəffaflığının artırılması.

Dövlət büdcəsinin xərclərinin sağlamlaşdırılması üçün icmal büdcə xərclərinin strukturu təkmilləşdiriləcək, icmal büdcənin qeyri-neft kəsirinin ÜDM-də xüsusi çəkisinin kəskin artmasına yol verilməyəcək, büdcə xərcləri proqnozlaşdırılarkən və müəyyənləşdirilərkən qəbul edilmiş məqsədli proqramlar nəzərə alınacaqdır. Həmçinin, büdcə xərclərində normativ (adambaşına) maliyyələşmə prinsipinə keçidin qanunvericilik bazası yaradılacaqdır.

Büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdiriləcək, büdcə prosesində perspektiv maliyyə planının rolu artırılacaq, eləcə də müntəzəm planlı təftiş və təhlillər aparılması yolu ilə büdcə vəsaitləri üzərində maliyyə nəzarəti daha da gücləndiriləcəkdir.

Büdcə prosesinin şəffaflığının artırılması üçün dövlət satınalmaları sahəsində qanunvericilik bazası təkmilləşdiriləcək, onun monitorinq sistemi gücləndiriləcək, elektron satınalmaların tətbiqinə başlanılacaq, habelə büdcə xərclərinin hesablanması zamanı istifadə olunan norma və standartlar təkmilləşdiriləcəkdir. Eyni zamanda, dövlət satınalmaları üzrə institusional baza gücləndiriləcək, həmçinin təlimlər vasitəsilə bu sahədə çalışan işçilərin peşə bacarıqları artırılacaqdır.

Dövlət borcunun idarəetmə mexanizmi təkmilləşdiriləcək, xarici borcun, o cümlədən dövlət zəmanəti ilə alınmış kommersiya kreditlərinin dövlət büdcəsində müntəzəm olaraq əks etdirilməsi təmin ediləcəkdir. Dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyəti üzərində nəzarət mexanizmi də təkmilləşdiriləcəkdir.

 

 

4.3.3. Pul və məzənnə siyasəti

 

Qarşıdakı dövrdə neft gəlirlərinin ölkənin inkişafının mühüm mənbəyi olacağını nəzərə alaraq, pul siyasətinin yüksək makroiqtisadi səmərəliliyinin təmin olunması ön plana çəkiləcəkdir. Bu məqsədlə monetar siyasətin sterilizasiya potensialının gücləndirilməsi, qeyri-neft kəsirinin optimal dinamikasının gözlənilməsi, OMXS-in müntəzəm olaraq adekvat şəkildə işlənilməsi və həyata keçirilməsi, real səmərəli məzənnənin uzunmüddətli dövrdə kəskin möhkəmlənməsinə yol verilməməsi nəzərdə tutulur. Bununla da, inflyasiyanın məqbul səviyyədə hədəflənməsi praktiki olaraq həyata keçiriləcəkdir.

Eyni zamanda, daha adekvat qərarların qəbuluna şərait yaratmaq üçün pul siyasətinin institusional bazası inkişaf etdiriləcək, pul siyasəti alətlərinin və bank sistemində likvidliyin, habelə valyuta ehtiyatlarının idarə edilməsi sistemi təkmilləşdiriləcəkdir. Eləcə də real sektorun monitorinqi sistemi yaradılacaq və statistik hesabatların avtomatlaşdırılmış rejimdə əldə edilməsi imkanlarının artırılması məqsədilə bank statistikası beynəlxalq standartlara uyğunlaşdırılacaqdır.

 

 

4.3.4. Maliyyə bazarlarının inkişaf etdirilməsi

 

Maliyyə bazarlarının inkişaf etdirilməsi məqsədilə YADİDP çərçivəsində aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-          bank sektorunun inkişaf etdirilməsi;

-          qiymətli kağızlar bazarının inkişaf etdirilməsi;

-          sığorta bazarının inkişaf etdirilməsi.

Bank sektorunun inkişaf etdirilməsi istiqamətində bank sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə nizamnamə kapitalına olan minimum tələblərin artırılması ilə bank sisteminin kapitallaşması davam etdiriləcək, Bazel II standartları tətbiq ediləcək, elektron ödəniş sistemi inkişaf etdiriləcək və əmanətlərin sığortalanması sistemi təkmilləşdiriləcəkdir. Əhalinin, habelə sahibkarların, xüsusilə regionlarda bank sektorunun xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bankların, mikromaliyyələşdirmə təsisatlarının və kredit ittifaqlarının şəbəkələri genişləndiriləcək, poçt-əmanət sistemi yaradılacaq, həmçinin ixtisaslaşmış bankların, o cümlədən tikinti-əmanət banklarının yaradılması dəstəklənəcəkdir. Eyni zamanda, əhalinin mənzillə təmin edilməsinə yardım məqsədilə ipoteka kreditləşdirilməsi təkmilləşdiriləcəkdir, əhalinin, xüsusilə aztəminatlı təbəqənin, ipoteka kreditlərinə çıxış imkanları artırılacaqdır. Özəl bankların potensialının genişləndirilməsi, xarici sərmayələrin bank sisteminə daha fəal cəlb edilməsi vasitəsilə bank xidmətləri bazarında rəqabət mühitinin yaxşılaşdırılmasına şərait yaradılacaqdır.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi istiqamətində mövcud normativ hüquqi baza təkmilləşdiriləcək və investorlarının hüquqlarının daha səmərəli şəkildə qorunması işi təşkil olunacaqdır. Eyni zamanda, qiymətli kağızlar bazarının genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə hesablaşmalar sistemi təkmilləşdiriləcək və regionlarda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının, o cümlədən Milli Depozit Mərkəzinin yeni filialları fəaliyyətə başlayacaqdır. Tənzimləmə prosesini təkmilləşdirmək məqsədilə qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünütənzimləyən (qeyri-dövlət) təşkilatlarının yaradılması dəstəklənəcək, səhmdar cəmiyyətlərinin fəaliyyətinin monitorinqi sistemi yaradılacaq, ipoteka bazarında qiymətli kağızların tətbiqi genişləndiriləcək və qiymətli kağızlarla əməliyyatlar üzrə məlumat bazası formalaşdırılacaqdır. Beynəlxalq qiymətli kağızlar bazarlarına inteqrasiya və xarici investisiyaların daha fəal cəlb olunması məqsədilə avroistiqrazların buraxılması və investisiya fondlarının yaradılması dəstəklənəcəkdir.

Sığorta bazarının inkişaf etdirilməsi istiqamətində onun beynəlxalq standartlara uyğunlaşdırılması və səmərəliliyinin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdiriləcək, sığorta, təkrar sığorta işi təşviq olunacaq, sığortaçılar arasında əməkdaşlıq inkişaf etdiriləcək, habelə xarici təkrar sığortaçıların və xarici sığorta brokerlərinin vahid reyestri yaradılacaqdır. Sığorta fəaliyyətinin inkişafı məqsədilə tədqiqat, ixtisas təşkilatları, sığorta birlikləri yaradılacaqdır, sığorta fəaliyyətinə dövlət nəzarəti sistemi təkmilləşdiriləcəkdir.

 

 

4.3.5. İnvestisiya siyasəti

 

İnvestisiya siyasətinin təkmilləşdirilməsi məqsədilə YADİDP çərçivəsində aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-          investisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi;

-          səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi;

-          sahibkarlığın inkişafının (xüsusilə regionlarda) dəstəklənməsi;

-          istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi və ölkənin ixrac potensialının artırılması üzrə tədbirlərin görülməsi;

-          informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi.

İnvestisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi istiqamətində xüsusi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması məqsədilə mövcud normativ hüquqi baza təkmilləşdiriləcək, Birbaşa özəl investisiyalar haqqında yeni qanunun, habelə digər zəruri normativ hüquqi sənədlərin qəbul edilməsi üçün zəruri addımlar atılacaqdır. İnfrastruktura ayrılacaq dövlət investisiyalarının prioritetləşdirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə hazırlanan dördillik (növbəti ili və sonrakı üç ili əhatə edən) ortamüddətli dövlət investisiya proqramlarında müntəzəm olaraq hər il YADİDP-in prioritetləri üzrə infrastruktur layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulacaqdır. Eyni zamanda, regionların davamlı və sistemli inkişafının təmin edilməsi və bu prosesdə dövlət investisiyalarının səmərəliliyinin artırılması məqsədilə müvafiq beynəlxalq təşkilatlarla birgə şəhər və regionların uzunmüddətli kompleks inkişaf planlarının hazırlanması və həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Burada milli sahibkarlıq subyektlərinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müəssisə və təşkilatlarda beynəlxalq mühasibat uçotu standartlarına keçid prosesinin yekunlaşdırılması da nəzərdə tutulmuşdur.

Səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi istiqamətində Rəqabət Məcəlləsi qəbul olunacaq, istehlak bazarının bölüşdürülməsi və razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün müntəzəm monitorinqlər aparılacaq və müvafiq məsuliyyət tətbirləri tətbiq ediləcəkdir. Eyni zamanda, istehlakçıların hüquqlarının dövlət müdafiəsinin gücləndirilməsi, istehlak mallarının istehsalı, idxalı və ixracının, topdan və pərakəndə satışının həyata keçirilməsi zamanı normativ sənədlərin tələblərinə əməl edilməsini təmin etmək məqsədilə müntəzəm monitorinqlər aparılacaq və məsuliyyət tədbirləri tətbiq olunacaqdır.

Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində fəaliyyət göstərən qurumlar arasında səmərəli əməkdaşlıq təmin ediləcək, sahibkarların ictimai birliklərinin, o cümlədən peşə assosiasiyalarının yaradılması və inkişaf etdirilməsi dəstəklənəcəkdir. Sahibkarlığın inkişafında qabaqcıl təcrübənin tətbiqi məqsədilə sənaye zonaları (sənaye şəhərciyi və biznes inkubatorları) yaradılacaq, sahibkarlıq fəaliyyətinin məsləhət və informasiya təminatı yaxşılaşdırılacaq, habelə yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə müntəzəm biznes-forumlar keçiriləcəkdir.

Sahibkarlığın inkişafına yardım üçün dövlət büdcəsindən ayrılan güzəştli kreditlərin həcminin artırılması və regionlarda sahibkarların bu vəsaitlərə çıxış imkanlarının genişləndirilməsi təmin ediləcəkdir, kreditləşmənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcəkdir. YADİDP çərçivəsində gənclərin və əhalinin həssas qruplarının sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş tədbirlər də həyata keçiriləcəkdir.

Dövlət müəssisələrinin özəlləşdirilməsi və idarə edilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində dövlət özəlləşdirmə proqramlarına uyğun olaraq, özəlləşdirməyə açılmış müvafiq sektorlar üzrə özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcək və bu prosesdə şəffaflıq və səmərəlilik təmin ediləcəkdir. YADİDP çərçivəsində Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi başa çatdırılacaqdır.

Milli istehsalın rəqabət qabiliyyətliyinin gücləndirilməsi, ölkənin ixrac potensialının artırılması və milli iqtisadiyyatın dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiya olunması məqsədilə ÜTT-yə qəbulolma prosesinə dair danışıqlar davam etdiriləcək və xarici ticarət üzrə milli qanunvericilik bazası beynəlxalq ticarət sisteminin tələblərinə uyğun olaraq təkmilləşdiriləcəkdir. Eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunması üçün antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcək, ixracyönümlü məhsulların istehsalı dəstəklənəcək, keyfiyyətə nəzarətə dair milli standartlar hazırlanacaq, sertifikatlaşdırma və qiyməti dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin) qiymətlərinin müəyyənləşdirilməsi sistemi təkmilləşdiriləcəkdir. YADİDP çərçivəsində beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə yerli və beynəlxalq daşımaların idarə olunması prosesi təkmilləşdiriləcək və Böyük İpək Yolunun bərpası (TRASECA), Şimal-Cənub dəhlizi kimi layihələr vasitəsilə ölkənin milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası gücləndiriləcəkdir.

İnformasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi istiqamətində milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə ümumi istifadəli rabitə və informasiya texnologiyaları şəbəkələrinə qoşulma imkanları yaxşılaşdırılacaq, həmçinin yeni texnika və texnologiyalar vasitəsilə radio-televiziya yayımı və peyk rabitəsi xidmətlərinin keyfiyyəti yaxşılaşdırılacaqdır. Eyni zamanda, dövlət, ictimai və sahə informasiya resurslarının formalaşdırılması, informasiya sistemləri və şəbəkələrinin yaradılması məqsədilə regional informasiya mərkəzləri fəaliyyətə başlayacaq, habelə informasiya cəmiyyətinin qurulması sahəsində fundamental və tətbiqi elmi tədqiqatların aparılması dəstəklənəcəkdir. Rabitə və informasiya texnologiyaları sahəsində dövlət tənzimləməsini təkmilləşdirmək üçün bu sahədə standartlaşdırma, sertifikatlaşdırma, radiotezlik və nömrələnmə ehtiyatlarının tənzimlənməsi beynəlxalq standartlara uyğun olaraq təşkil ediləcəkdir. Burada əhalinin, xüsusilə kənd yerlərində, informasiya və kommunikasiya xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə poçt xidmətlərinin modernləşdirilməsi və bu sahədə yeni xidmət növlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.

 

 

4.3.6. Sənaye və enerji siyasəti

 

Sənayenin, o cümlədən qeyri-neft sektorunun kompleks inkişafını təmin etmək məqsədilə YADİDP çərçivəsində bu sahənin hərtərəfli inkişafını və dövlət tərəfindən ortamüddətli dövrdə həyata keçiriləcək kompleks tədbirləri özündə əks etdirəcək müvafiq dövlət proqramı qəbul ediləcəkdir. Həmçinin yanacaq-energetika kompleksinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramına uyğun olaraq həmin sektorda sağlam rəqabət mühitinin formalaşdırılması, sahənin strukturunun təkmilləşdirilməsi, cəlb edilən sərmayələrin həcminin artırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi, yanacaq-enerji resurslarının istehlakına görə ödənişlərin daha dolğun yerinə yetirilməsinin təmin olunması istiqamətində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi gücləndiriləcəkdir.

Elektrik enerjisindən səmərəli istifadə və bu sahədə maliyyə intizamının gücləndirilməsi məqsədilə əhalinin sayğaclarla təmin olunması prosesi başa çatdırılacaq və enerji resurslarından qənaətli və səmərəli istifadəyə nail olmaq üçün müvafiq maarifləndirmə tədbirləri həyata keçiriləcəkdir.

Energetika sektorunda səmərəliliyin artırılması və rəqabət mühitinin inkişaf etdirilməsi məqsədilə bu sahədə özəl sektorun geniş iştirakı dəstəklənəcək, iqtisadiyyatın qeyri-neft sektorunun investisiyaya olan tələbatının ödənilməsi, yeni texnologiya və biliklərin tətbiqi, eləcə də xarici investorlarla strateji əməkdaşlığın təşviqi məqsədilə yeni yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti gücləndiriləcəkdir.

Alternativ və bərpa olunan enerji mənbələrinə əsaslanan yeni güclərin (kiçik su elektrik stansiyalarının, külək qurğularının və s.) yaradılması vasitəsilə alternativ və bərpa olunan enerji potensialından istifadə imkanları genişləndiriləcək, yanacaq-energetika kompleksinin inkişafının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi məqsədilə müntəzəm monitorinqlər aparılacaq və müvafiq məsuliyyət tədbirləri tətbiq ediləcəkdir.

 

 

4.3.7. Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi

 

Ölkə əhalisinin təqribən 48%-dən çoxu kənd yerlərində yaşadığına görə kənd təsərrüfatı sektoru ailə təsərrüfatlarının müvafiq iş yerləri ilə və gəlirlərlə təmin edilməsində mühüm mənbədir. Bu baxımdan, torpaqların istifadəsində ekoloji davamlılıq prinsiplərini qorumaqla, kənd təsərrüfatı istehsalçılarının müvafiq olaraq kreditlərdən, kənd təsərrüfatı texnikasından və digər zəruri resurs və xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

YADİDP çərçivəsində kənd təsərrüfatının inkişafının təmin olunması məqsədilə, ilk növbədə, sahə üzrə idarəetmənin səmərəliliyinin artırılması istiqamətində müvafiq institusional islahatlar davam etdiriləcəkdir. Kənd yerlərində layiqli məşğulluq və özünüməşğulluq imkanlarının genişləndirilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının vergilərdən azad olunması məsələsinə baxılacaq, kənd təsərrüfatı ilə məşğul olan əhalinin maliyyə-kredit mənbələrindən istifadə imkanları yaxşılaşdırılacaqdır. Təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən ziyanın azaldılması məqsədilə sığorta mexanizmi təkmilləşdiriləcəkdir.

Fermerlərin kənd təsərrüfatı texnikasından istifadə imkanlarının yaxşılaşdırılması məqsədilə "Aqroservis" xidmətləri şəbəkəsi genişləndiriləcək, istehsalı zəruri olan kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması məqsədilə ayrı-ayrı təşviq və subsidiya mexanizmləri hazırlanaraq tətbiq ediləcəkdir. Emal müəssisələri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi dəstəklənəcək, habelə özəl sektorun iştirakı ilə kənd təsərrüfatının zəruri bazar infrastrukturu ilə təmin olunması genişləndiriləcəkdir.

Bitkiçilik məhsulları istehsalının intensiv inkişafının təmin olunması məqsədilə fermerlərin gübrə ilə təminatı yaxşılaşdırılacaq, kənd təsərrüfatı məhsullarına tətbiq olunan standartlar təkmilləşdiriləcək, idxal və ixrac olunan kənd təsərrüfatı məhsullarının fumiqasiyası (zərərsizləşdirilməsi) gücləndiriləcəkdir.

Baytarlıq və bitki mühafizəsi xidmətlərinin təkmilləşdirilməsi məqsədilə özəl baytarlıq xidmətləri genişləndiriləcək, həmçinin rayon baytarlıq idarələrinin, fitosanitariya xidmətlərinin, bitki mühafizəsi stansiyalarının və karantin məntəqələrinin maddi-texniki bazası gücləndiriləcəkdir.

Torpaqların mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması, eləcə də otlaqlardan istifadənin tənzimlənməsi məqsədilə otlaqların münbitliyinin bərpası, eroziyadan mühafizəsi və istifadəsi yaxşılaşdırılacaqdır. Həmçinin toxumçuluq, tingçilik və damazlıq təsərrüfatı müəssisələrinin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə onların maddi-texniki bazası möhkəmləndiriləcəkdir.

Kənd təsərrüfatının yüksək ixtisaslı mütəxəssislərlə təmin olunması məqsədilə aqrar sahədə kadr hazırlığı sistemi təkmilləşdiriləcək, aqrar elmin maddi-texniki bazası möhkəmləndiriləcək, fermerlərin idarəetmə vərdişlərinin və biliklərinin artırılması üçün təlimlərin, təcrübələrin yayılması və elmi tədqiqatlar həyata keçiriləcəkdir.

Kənd təsərrüfatının inkişafı kənd yerlərində məşğulluğun artması və aqrar sahədə çalışan əhali qrupu üçün gəlir mənbəyinin genişlənməsi ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin yüksəldilməsində də həlledici əhəmiyyətə malikdir. Son vaxtlar dünya ərzaq bazarlarında, eləcə də, Azərbaycanda müşahidə olunan bahalaşma əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin ərzaqla təminatına və həyat səviyyəsinə mənfi təsir göstərməyə bilməz. Bu baxımdan, daxili ərzaq bazarının idxaldan asılılığının azaldılması və əhalinin ərzaq məhsullarına tələbatının əsasən yerli istehsal hesabına təminatı xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı təsdiq edilmişdir.

Ərzaq təminatının yaxşılaşdırılması məqsədilə ilk növbədə ölkədə aqrar sahibkarlığın inkişafı, ev təsərrüfatlarının iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi, eyni zamanda yerli ərzaq növlərinin istehlakı və istehsalına üstünlük verilməsi üçün əhalinin istehlak vərdişlərinin dəyişdirilməsi sahəsində sistemli tədbirlər həyata keçiriləcəkdir.

 

 

4.3.8. Turizmin inkişaf etdirilməsi

 

Ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, eləcə də regionlarda məşğulluq və özünüməşğulluğun inkişaf etdirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin daha səmərəli əlaqələndirilməsi məqsədilə 2008-2016-cı illərdə turizm sektorunun inkişafına dair Dövlət Proqramı layihəsi hazırlanmışdır. Turizm fəaliyyətinin stimullaşdırılması üçün normativ hüquqi baza təkmilləşdiriləcəkdir.

Turizmin inkişafında zəruri infrastrukturun olmasının əhəmiyyətini nəzərə alaraq, Dövlət İnvestisiya Proqramı çərçivəsində regionlarda yolların, rabitə-kommunikasiya xətlərinin, elektrik enerjisi və qaz təminatının bərpası tədbirləri həyata keçiriləcəkdir. Eyni zamanda, milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla, ekoturizm, kənd turizmi və digər alternativ turizm növləri inkişaf etdiriləcək və müvafiq turizm marşrutları yaradılacaqdır.

Turizm sektoru üçün kadr hazırlığı sisteminin təkmilləşdirilməsi və onun yüksək ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə YADİDP çərçivəsində yeni yaradılmış Turizm İnstitutunun və Mingəçevir Turizm Kollecinin potensialı gücləndiriləcəkdir. Turizm sahəsində informasiya-təbliğat və reklam işinin gücləndirilməsi üçün mövcud turizm-informasiya mərkəzlərinin işi təkmilləşdiriləcək, H.Əliyev adına beynəlxalq hava limanında, Qala kəndində, İmişli, İsmayıllı, Qəbələ, Masallı rayonlarında yeni turizm-informasiya mərkəzləri yaradılacaqdır.

 

Fəsil 5

 

MƏŞĞULLUQ SİYASƏTİ VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ

 

5.1. Məşğulluq və əmək bazarının tənzimlənməsi

 

5.1.1. Yoxsulluqla əlaqə

 

Makrosabitliyin qorunması və iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi nəticə etibarı ilə əhalinin pul gəlirlərinin artmasına şərait yaradır. Lakin bununla yanaşı, yoxsul əhalinin müvafiq iş yerlərinə və istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, işsizliyin azaldılmasına yönəldilmiş məqsədyönlü siyasətin aparılması vacibdir. Bu baxımdan sahibkarlığın dəstəklənməsinə və məşğulluğun inkişafına istiqamətlənmiş sistemli tədbirlər insanların gəlir əldə etmək imkanlarının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Sahibkarlığın inkişafı məsələləri geniş şəkildə əvvəlki bölmədə öz əksini tapmışdır. Məşğulluq problemləri YADİDP çərçivəsində digər sektorlarda bu və digər aspektlərdə yer tutur. Bu fəsildə işsizliyin azaldılması, işsizlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi və əmək münasibətlərinin, o cümlədən əməkhaqqının tənzimlənməsi, habelə həssas qrupların məşğulluğunun inkişafı problemləri diqqət mərkəzindədir.

5.1.2. Mövcud vəziyyət və əsas problemlər

 

Məlum olduğu kimi, işsizlik yoxsulluğu yaradan əsas amillərdən biridir. Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən aparılmış hesablamalara görə, 2007-ci ildə ölkədə işsizlərin sayı 281,1 min nəfər, yaxud iqtisadi fəal əhalinin 6,5%-ni təşkil etmişdir.

Məşğulluq imkanlarının artırılmasının əhalinin rifahının yaxşılaşdırılmasında əhəmiyyəti nəzərə alınaraq, ötən dövr ərzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) və digər əlaqədar dövlət proqramları çərçivəsində 672 minə yaxın yeni iş yeri yaradılmışdır.

Bu dövr ərzində sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, düşünülmüş məşğulluq strategiyasının və sosial siyasətin yürüdülməsi əhalinin pul gəlirlərinin artırılmasında öz təsirini göstərmişdir. Son 5 il ərzində respublika əhalisinin gəlirləri 2,5 dəfə artmış və 2007-ci idə 14,3 mlrd. manat və yaxud adambaşına 1690,3 manat təşkil etmişdir. Əhalinin gəlirlərinin 31,9 faizini əməkhaqqı, 50,4 faizini sahibkarlıq fəaliyyətindən gəlirlər, 17,2 faizini alınmış cari və əsaslı transferlər, 0,5 faizini mülkiyyətdən gələn gəlirlər təşkil etmişdir.

Dövlət məşğulluq siyasəti aktiv və passiv tədbirlər vasitəsilə işsizlərə yardım göstərilməsini nəzərdə tutur. Passiv tədbirlər, əsasən, işsizliyə görə müavinətlərin verilməsindən ibarətdir. 2007-ci ildə 2523 işsizə müavinət ödənilmişdir, ödənilən işsizlik müavinətinin minimum məbləği 24 manat təşkil etmişdir. Aktiv tədbirlər isə, əsasən, peşə təlimlərinin təşkil edilməsi, əmək yarmarkalarının keçirilməsi və sair kimi çoxsaylı tədbirləri əhatə edir və əsasən, əmək bazarının təşkilinə və təkmilləşdirilməsinə, işçi qüvvəsinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasına yönəlmişdir.

Hazırda bu sahədə əsas məsələ əmək qabiliyyətli əhali üçün xüsusilə də qeyri-neft sektorunda, səmərəli məşğulluq imkanlarının daha da genişləndirilməsindən ibarətdir. 2007-ci ildə sənaye istehsalının 68%-i mədənçıxarma sənayesi təşkil etsə də, məşğul əhalinin yalnız 1,1%-i bu sektorda çalışır. Yuxarıdakı bölmələrdə göstərildiyi kimi, məşğulluğun, əsasən, özəl sektorun inkişafı vasitəsilə əldə edilməsi ilə yanaşı, eyni zamanda, işaxtaran vətəndaşların peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu sahədə işçilərin hüquqlarının qorunması, eləcə də əmək bazarının və məşğulluq vəziyyətinin monitorinqi üçün etibarlı və müntəzəm məlumat bazasının olması da xüsusi əhəmiyyət daşıyır.

Digər mühüm məsələ əməkhaqqının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsidir. İkinci fəsildə təhlil edilən yoxsulluğun monitorinqi nəticələrindən məlum olur ki, azmaaşlı və azməhsuldar iş yerlərinin çoxluğu məşğul əhalinin yoxsulluq riskini azaltmağa imkan vermir. Məşğul əhali arasında yoxsulluq riskini azaltmaq üçün son illərdə minimum əməkhaqqının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, 2003-cü ildən minimum əməkhaqqı mərhələlərlə artırılaraq, 5,5 manatdan 60 manata çatdırılmışdır.

Bu sahədə mühüm məsələlərdən biri də eyni səviyyə üzrə dövlət və özəl təşkilatlarda çalışanların əməkhaqları arasında ciddi fərqlərin olmasıdır. 2007-ci ildə orta aylıq nominal əməkhaqqı dövlət sektorunda 171,9 manat, qeyri-dövlət sektorunda isə 296,5 manat, yəni 1,7 dəfə artıq olmuşdur.

 

 

Cədvəl 5.1. 2006 - 2007-ci illərdə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı

 

(manatla)

 

Dövlət

 

Qeyri-dövlət

 

 

2006

2007

2006

2007

Təhsil

86,4

144,9

128,8

186,0

Səhiyyə və sosial xidmətlərin göstərilməsi

67,2

92,5

150,7

160,7

Tikinti

198,1

298,7

403,8

454,2

Mədənçıxarma sənayesi

349,4

515,5

1183,2

1414,8

Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi

134,3

210,3

272,9

198,4

Cədvəl 5.1-dən göründüyü kimi, özəl müəssisələrdə çalışanların əməkhaqqı dövlət müəssisələrində işləyənlərinkindən səhiyyədə - 1,7 dəfə, təhsildə - 1,3 dəfə, tikintidə -1,5 dəfə, mədənçıxarma sənayesində - 2,8 dəfə çoxdur. Bu isə bacarıqlı kadrların dövlət təşkilatlarından özəl təşkilatlara axınına səbəb olur ki, bu da dövlət təşkilatlarında xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir.

 

 

5.1.3. YADİDP və məşğulluq siyasəti

 

YADİDP çərçivəsində məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi sahəsində aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-          məşğulluq sisteminin inkişaf etdirilməsi və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi;

-          kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması;

-          əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi;

-          əmək bazarının monitorinqi prosesinin gücləndirilməsi;

-          həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi.

Məşğulluq sisteminin inkişaf etdirilməsi və işsizlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli 2167 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər) təsdiq edilmişdir. Bu Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində Dövlət Məşğulluq Xidmətinin idarəetmə sistemi, məşğulluq və əməyin mühafizəsi sahəsində normativ hüquqi baza təkmilləşdiriləcəkdir. Habelə, işaxtaran və işsiz vətəndaşların vakansiyalar haqqında müntəzəm məlumat almaq imkanlarının genişləndirilməsi üçün vahid informasiya bazası yaradılacaq və bununla əlaqədar əhalinin məlumatlandırılması təşkil ediləcəkdir. Yeni məsləhət xidmətləri və əmək birjaları yaradılacaqdır. İşsiz vətəndaşların işlə təmin olunmaları üçün onların peşə hazırlığı məsələlərinə dövlət səviyyəsində diqqət artırılacaqdır.

İşsizlərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə işsizliyə görə verilən müavinətlərin minimum məbləği mərhələlərlə artırılaraq ölkə üzrə yaşayış minimumuna çatdırılacaqdır. Eyni zamanda bu artım vasitəsilə işaxtaranlarda passivlik və ələbaxımlılıq meyillərinin yaranmasının qarşısını almaq məqsədilə monitorinqlərin aparılması və verilən müavinətlərin işsizlərin işaxtarma və yeni peşələrə yiyələnmə səyləri ilə əlaqələndirilməsi planlaşdırılır.

Kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində ölkə Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) təsdiq edilmişdir.

YADİDP çərçivəsində texniki peşə təhsili istiqamətində aşağıda göstərilən tədbirlərin həyata keçirilməsi vacibdir:

-          peşə təhsili sistemi ilə işəgötürənlər arasında birbaşa əlaqələrin yaradılması, işəgötürənlərin sifarişi əsasında tələb olunan ixtisaslar üzrə mütəxəssislərin hazırlanması;

-          Azərbaycanda Avropa ixtisaslar sisteminin prinsiplərinə əsaslanan, beynəlxalq səviyyə ilə müqayisə oluna bilən, milli iqtisadiyyatın və sosial sferanın inkişafı ilə müəyyənləşən milli kontekstə malik ixtisaslar sisteminin (Milli İxtisaslar Strukturunun (MİS) yaradılmasına başlamaq.

Milli İxtisaslar Strukturu milli və beynəlxalq səviyyələrdə qəbul olunan çoxpilləli ixtisas sistemidir ki, onun vasitəsi ilə təlimin (formal və qeyri-formal) nəticələrinin ölçülməsi və onlar arasında qarşılıqlı əlaqələr həyata keçirilir və bütün təhsil və təlim diplomları/sertifikatları arasında nisbət müəyyən olunur, yəni öyrənənlərin əldə etdikləri nailiyyətlər şəhadətnamə və diplomlar vasitəsilə ölçülə bilir və qarşılıqlı əlaqədə olur.

Bu sahədə müvafiq proqnozlaşdırma sistemi yaradılacaq, kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrində marketinq xidmətləri təşkil ediləcəkdir.

Həmçinin, yaşlıların təhsili sistemini inkişaf etdirmək məqsədilə müvafiq qanunvericilik bazası yaradılacaq, bu sahədə kadr bazası formalaşdırılacaq, yeni tədris proqramları hazırlanacaq, peşəyönümü və maarifləndirmə istiqamətində resurs mərkəzləri yaradılacaqdır.

Yaşlıların təhsili sistemi aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcəkdir:

-          yaşlı işsizlərin təhsili, onların ixtisaslarının artırılması, sosial-psixoloji korreksiyası, yeni əmək növlərində işləməyə hazırlanmaları;

-          yaşlı işçilərin bilik və bacarığının zənginləşdirilməsi, intellektual və elmi hazırlığı səviyyələrinin yüksəldilməsi məqsədilə onlar üçün ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkili;

-          yaşlı qaçqın və məcburi köçkünlərin təhsilinin və sosial adaptasiyasının təşkili;

-          yaşlı əlillərin cəmiyyətə inteqrasiyasına yol açan təhsilin həyata keçirilməsi.

 

Eyni zamanda, yaşlıların təhsili prosesi üzrə həyata keçirilən tədbirlərin səmərəliliyinin və davamlılığının təmin edilməsi məqsədilə müvafiq informasiya bazası formalaşdırılacaq və mövcud statistika təkmilləşdiriləcəkdir. Bu sistemin fəaliyyətinin səmərəli təşkil edilməsi, bir tərəfdən, ölkə vətəndaşlarının ictimai-sosial həyatda iştirakına yardım edəcək, digər tərəfdən isə iqtisadiyyatda aparılan struktur dəyişikliklərinin təsirinə məruz qalmış insanların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək, yeni bacarıqlar əldə etməsinə şərait yaradacaqdır.

Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması üçün tədbirlər planı hazırlanaraq həyata keçiriləcək, eləcə də kollektiv sazişlərin və müqavilələrin icrasına nəzarət gücləndiriləcəkdir. Həmin saziş və müqavilələrdə məşğulluğun təmin edilməsi və işçilərin sosial müdafiəsi məsələlərinə diqqət daha da artıralacaqdır.

Minimum əməkhaqqının məbləği mütəmadi olaraq artırılacaq və 2011-ci ildən ölkə üzrə yaşayış minimumu səviyyəsini üstələmək şərtilə müəyyənləşdiriləcəkdir. Bu işləyən əhalinin yoxsulluq risklərinin aradan qaldırılmasında önəmli amil olacaqdır.

Əməkhaqqı siyasətinin təkmilləşdirilməsi istiqamətində əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədilə büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin ödənilməsi sistemi təkmilləşdiriləcək, həmin təşkilatlarının maliyyə müstəqilliyinin və məsuliyyətinin artırılması, əməkhaqqı sisteminin son nəticəni təşviqləndirməsi istiqamətində tədbirlər nəzərdə tutulacaqdır. Bu zaman nəzərdə tutulan tədbirlər YADİDP çərçivəsində 4-cü fəsildə büdcə-vergi siyasəti tədbirləri sırasında qeyd olunmuş normativ (adambaşına) maliyyələşmə prinsipinin tətbiqi ilə uzlaşdırılacaqdır.

Bunlarla yanaşı, əməkhaqlarına ərazi xüsusiyyətlərinə və əmək şəraitinin digər cəhətlərinə görə əlavələrin təşviqləndirici rolunu təmin etmək üçün əməkhaqları tənzimlənəcək, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vəzifə maaşlarına əlavələrin və mükafatların unifikasiyası, eləcə də onların verilməsinin ümumiləşdirilmiş prinsipləri müəyyən ediləcəkdir.

Əmək bazarının monitorinqi prosesinin gücləndirilməsi istiqamətində əmək bazarının müntəzəm monitorinqi aparılacaq, bu sahədə çevik siyasətin həyata keçirilməsi məqsədilə əmək bazarı, məşğulluq, əməyin təhlükəsizliyi normaları və standartlarına dair milli informasiya sistemi yaradılacaqdır. Eyni zamanda, bu istiqamətdə əmək miqrasiyası üzrə idarəetmə sistemi təkmilləşdiriləcəkdir.

Həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, onların yenidən ixtisaslaşdırılması üzrə tədbirlər planı hazırlanacaq, biznes-təlim proqramları təşkil ediləcək, habelə özəl sektorda işləyənlərin, xüsusilə də qadınların əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, hər hansı cinsin üstünlük təşkil etdiyi sahələrdə gender bərabərliyinin dəstəklənməsi məqsədilə tədbirlər planı hazırlanacaq və yeni iş yerləri yaradılacaqdır. Bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatının ailə öhdəlikləri olan işçilər haqqında Konvensiyası ratifikasiya ediləcək və milli qanunvericilik bu Konvensiyaya uyğunlaşdırılacaqdır.

 

 

5.2. Əhalinin sosial müdafiəsi

 

5.2.1. Yoxsulluqla əlaqə

 

Beynəlxalq təcrübə göstərir ki, iqtisadi artım vasitəsilə ölkənin bütün regionlarında və iqtisadiyyatın müxtəlif sektorlarında məşğulluq və gəlir əldəetmə imkanlarını genişləndirməklə uzunmüddətli dövrdə yoxsulluğun azaldılmasına nail olmaq mümkün olsa da, cəmiyyətdə hər zaman maddi durumu dövlətin sosial müdafiə sistemindən asılı olan insanlar mövcud olacaqdır. Həssas qrupların sosial müdafiəsinin səmərəli təşkil edilməsi dövlətin əsas vəzifəsidir. Sosial müdafiə sistemi ölkənin sərvətinin müəyyən bir hissəsinin cəmiyyətin varlı təbəqəsindən yoxsul təbəqəsinə istiqamətləndirilməsində əhəmiyyətli hesab edilən mexanizmlərdən biridir.

Qeyd olunmalıdır ki, sosial müdafiə sistemi əhalinin yoxsulluqdan davamlı müdafiəsi üçün uzunmüddətli həll yolu hesab edilə bilməz. Bu sahədə müxtəlif ölkələrdə toplanmış təcrübə göstərir ki, sosial müdafiə sahəsinin qeyri-mütənasib şişirdilməsi əslində insanlarda ələbaxımlılıq meyillərinin güclənməsinə gətirib çıxarır. Bu isə, nəticə etibarı ilə, iqtisadi aktivliyə mənfi təsir etməklə, iqtisadi inkişafı əngəlləyən amildir.

Geniş mənada sosial müdafiənin üç əsas elementi vardır. Birinci element vətəndaşlar gəlir əldə etmək imkanlarını itirdikdə (qocalıq, xəstəlik və işsizlik səbəbindən) onların müdafiəsini nəzərdə tutan sosial sığorta sistemidir. Sosial sığorta sistemi (əmək pensiyaları və sosial sığorta müavinətləri) vətəndaşların işlədikləri zaman vətəndaşlar və işəgötürənlər tərəfindən edilən sığorta ödənişlərinə əsaslanır.

Sosial müdafiənin digər elementi sığortası və hər hansı gəlir mənbəyi olmayan, yaxud gəlirinin məbləği qəbul olunmuş meyarlar baxımından yetərli olmayan aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən ünvanlı dövlət yardımından və sosial müavinətlərdən ibarət sosial yardım sistemidir.

Sosial müdafiənin üçüncü elementi sosial cəhətdən xüsusilə həssas əhali qruplarına (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) sosial müdafiə və xüsusi sosial tədbirlər sistemidir.

 

 

5.2.2. Mövcud vəziyyət və əsas problemlər

 

Azərbaycanda son illər ərzində sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində bir sıra addımlar atılmışdır. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, 2006-cı ildən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması praktiki olaraq həyata keçirilmişdir.

Sığorta-pensiya sistemi. 2008-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı təqribən 1,25 mln. nəfər (əhalinin təqribən 14,4%-i) təşkil etmişdir. Onlardan 821 min nəfərinə yaşa, 291 min nəfərinə əlilliyə, 137 min nəfərinə ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir. Son illər ölkədə dövlət sosial sığorta sisteminin idarə olunmasının təkmilləşdirilməsi və pensiya sisteminin real sosial sığorta prinsiplərinə əsaslanmasının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu istiqamətdə sosial sığorta haqlarının müəyyən edilməsi və toplanılması sahəsində müvafiq dəyişikliklər edilmiş, sığorta olunanların fərdi uçotu yaradılmış və pensiya sisteminin idarə olunması sahəsində islahatlar vahid orqanda cəmləşdirilmişdir. 2006-cı ildən etibarən qüvvəyə minmiş Əmək pensiyaları haqqında Qanuna əsasən, əmək pensiyalarının ümumi məbləği baza, sığorta və yığım hissələrindən ibarətdir, bu da beynəlxalq təcrübədə özünü doğrultmuş mütərəqqi sistemə uyğundur.

Ötən dövr ərzində əmək pensiyalarının baza hissəsi mütəmadi olaraq artırılaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2008-ci il 1 yanvar tarixindən 60 manata çatdırılmışdır.

Eyni zamanda, pensiya sistemində sığortaolunanların fərdi uçotuna və məcburi dövlət sosial sığorta haqlarının fərdi sığorta hesablarında toplanmasına başlanılmışdır. Yeni əmək pensiyaları sisteminin əsas məzmunu vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında onların ödədikləri sığorta haqlarının məbləğinə uyğun olmaqla aparılmasından ibarətdir.

Ölkədə pensiyaların ödənişində kart sistemlərinin tətbiqi təmin olunmuşdur. 2008-ci ilin əvvəlinə olan məlumatlara görə, pensiyaçıların təqribən 80%-nin pensiyalarının ödənişi plastik kartlarla bankomatlar vasitəsilə aparılır.

Hazırda əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və ödənilməsi mexanizmləri uğurla tətbiq edilir. Əmək pensiyalarının üçüncü pilləsi olan yığım hissəsinin tətbiqi qarşıda duran mühüm məsələlərdəndir. Son dövrdə ölkədə maliyyə bazarının sürətli inkişafı bunun üçün şərait yaradır.

Bununla yanaşı, bu gün pensiyaçıların böyük hissəsinin pensiyasının məbləği əsasən baza hissəsindən ibarətdir. Bu da o deməkdir ki, yoxsulluq riskinin aradan qaldırılması üçün pensiyaçıların digər gəlir mənbələrinə ehtiyacı vardır. Ailə üzvlərinin sayı 2-dən az olmayan ev təsərrüfatlarında yaşayan pensiyaçıların ailə daxilində vəsaitlərin yenidən bölüşdürülməsində iştirak etmələri onların yoxsulluqdan qorunmalarına kömək etmiş olur. Lakin ev təsərrüfatında əsas və ya yeganə gəlir mənbəyi pensiya olarsa, bu, yoxsulluq riskini artmasına səbəb olur.

Bu məqam pensiyaların baza hissəsinin ölkə üzrə yaşayış minimumunu üstələməklə müəyyənləşdirilməsini yaxın perspektivdə reallaşdırılması vacib olan bir məqsəd kimi qarşıya qoyur. Eyni zamanda, 1990-cı illərdə pensiyaya çıxmış vətəndaşların pensiya məbləği az olmaqla, müxtəlif illərdə pensiyaya çıxan insanlar arasında sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Pensiyaların baza hissəsinin artırılması bu problemi bir qədər yumşaltsa da, məsələnin köklü həlli keçmiş sistemdə pensiyaya çıxmış insanların yeni sığorta-pensiya münasibətlərinə ədalətli əsaslarda inteqrasiyası ilə bağlıdır.

Ünvanlı dövlət sosial yardımı. Ünvanlı dövlət sosial yardımı mexanizminin yaradılması istiqamətində tədbirlərin icrasına 2002-ci ildən başlanılmış, 2006-cı ilin əvvəlinə müvafiq qanunvericilik bazası formalaşdırılmış və onun icrası üçün müvafiq institusional dəyişikliklər edilmişdir. 2006-cı ilin iyul ayından başlayaraq, ünvanlı dövlət sosial yardımının həyata keçirilməsi üçün 30 manat məbləğində ehtiyac meyarı müəyyənləşdirilmiş və 2008-ci ilin əvvəlinə bu göstərici 45 manata çatdırılmışdır.

Ünvanlı dövlət sosial yardımı sosial müdafiə vasitəsi kimi ölkəmiz üçün yeni olsa da, bu sahədə artıq toplanmış təcrübə yoxsulluğun azaldılmasında onun səmərəliliyinə dəlalət edir. 2008-ci ilin əvvəlinə olan məlumatlara əsasən, üzvlərinin sayı 364059 nəfər olan 78092 ailəyə ünvanlı yardım təyin olunmuşdur. 1 nəfərə düşən yardımın məbləği 17,38 manat təşkil etmişdir.

Ünvanlı dövlət sosial yardımı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sistemli olaraq tədbirlər görülür. Ehtiyac meyarının mütəmadi olaraq artırılması, ünvanlı yardımın təyin olunma və verilmə prosedurlarının sadələşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təyinat müddətinin artırılması bu sıradan olan tədbirlərdir. Bununla yanaşı, ünvanlı yardımın təyinatında şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin bu prosedurlarda daha fəal iştirakının təmin olunması bu gün vacib sayılan məsələlərdəndir.

Ünvanlı dövlət sosial yardımı yoxsulluq içində yaşayan ailələrə ünvanlı olaraq dövlət yardımıdır və bu baxımdan aztəminatlı ailələrin sosial risklərinin aradan qaldırılmasında təsirli vasitədir. Lakin, ünvanlı yardım ailələrə müvəqqəti dəstəkdir və insanlar üçün yoxsulluqdan qurtarmaq demək deyil. Hazırkı mərhələdə isə söhbət yalnız ifrat yoxsulluq vəziyyətinə düşmüş ailələrə müəyyən zaman çərçivəsində göstərilən sosial yardımla yanaşı həm də onların bu vəziyyətdən çıxarılma mexanizmlərin tətbiqindən getməlidir. Bu mənada ünvanlı dovlət sosial yardımı ilə bərabər, aztəminatlı ailələrə peşə və ixtisas təhsili, işlə təmin olunma və s. kimi tədbirləri nəzərdə tutan sosial reabilitasiya proqramlarının təklif olunması və həyata keçirilməsi vacibdir.

Sosial müavinətlər. Ölkəmizdə sosial müavinətlər sistemi 2006-cı ildən etibarən Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə fəaliyyət göstərməyə başlamışdır. 2008-ci ilin əvvəlinə olan məlumata görə, ölkə üzrə sosial müavinət təyin olunanların sayı 275402 nəfər təşkil etmişdir. Müavinətlər üzrə bir nəfərə düşən orta aylıq məbləğ 23,35 manat olmuşdur.

Sosial müavinətlər əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilir və onların yaşayışını minimal səviyyədə təmin etmək məqsədi güdür. Lakin müavinətlərin təyinatı ünvanlı dövlət sosial yardımından fərqli olaraq, ehtiyac və fərdi ünvanlılıq prinsipi əsasında aparılmır. Bu səbəbdən bəzi hallarda sosial müavinətlər heç də aztəminatlılıq meyarlarına uyğun gəlməyən və dövlət yardımına ehtiyacı olmayan şəxslərə də verilir. Bu isə əslində dövlətin sosial müdafiə funksiyasının (ölkənin sərvətinin müəyyən hissəsinin yoxsul təbəqəyə istiqamətləndirilməsi) səmərəliliyini aşağı salan amildir. Bu baxımdan, sosial müavinətlərin mütəmadi monitorinqi aparılmalı, müavinətlərin siyahısı müntəzəm olaraq müasirləşdirilməli və əhalinin səmərəli sosial müdafiəsi nəzərindən optimallaşdırılmalıdır.

Sosial cəhətdən xüsusilə həssas əhali qruplarının sosial müdafiəsi. Sosial cəhətdən xüsusilə həssas əhali qruplarına həyat şəraiti və maddi durumu bu və ya digər kütləvi xarakterli səbəbdən kəskin pisləşmiş (qaçqınlar və məcburi köçkünlər), habelə öz fiziki, yaxud sosial-demoqrafik xüsusiyyətləri səbəbindən sosial riski boyük olan və dövlət qayğısına ehtiyacı olan əhali qrupları (əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, tənha ahıllar) aid edilir.

Qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı məsələlər YADİDP çərçivəsində 5.3-cü hissədə öz əksini tapmışdır.

Son dövrdə ölkədə sosial cəhətdən xüsusilə həssas əhali qruplarının rifahının yüksəldilməsi, onların həyat və fəaliyyət şəraitinin yaxşılaşdırılması istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir. Əlillərin reabilitasiyası tədbirləri, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər geniş vüsət almaqdadır. Aparılan işlər gələcəkdə də davam etdirilməsi vacibdir.

Bu zaman əsas məsələlərdən biri dövlət orqanları ilə yanaşı, bütün cəmiyyətin köməyindən yararlanmaq, sosial cəhətdən xüsusilə həssas əhali qruplarının təcrid olunmalarının qarşısını almaq, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Respublikada son illərdə sosial cəhətdən xüsusilə həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə dair bir sıra mühüm sənədlər qəbul olunmuşdur. Ölkə Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramında tənha ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması üçün sosial xidmətlərin təkmilləşdirilməsi, internat evlərində və pansionatlarda yaşayan ahıl vətəndaşlar üçün sosial-məişət və tibbi xidmət səviyyəsinin yüksəldilməsi, həmin müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılmasına nail olunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Uşaq müəssisələrində böyüyən və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi də daim diqqət mərkəzindədir. Beynəlxalq təcrübə göstərir ki, uşaq müəssisələrində böyümə və valideyn himayəsindən məhrumolma uzun müddət uşaqların inkişafında öz mənfi izlərini saxlayır. Bu müəssisələrdəki uşaqların sayını azaltmaq, onları maddi yardımla təmin etmək, öz ailələrində və ya qəyyum ailələrdə böyümələrini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) təsdiq edilmişdir.

Son illər ərzində internat məktəblərində və uşaq evlərində olan uşaqların sayında xeyli azalma qeydə alınmışdır. Belə ki, uşaq müəssisələrində olan uşaqların sayı 2003-cü ildə 23,5 mindən 2007-ci ilin əvvəlinə 16,9 min nəfərədək azalmışdır. Həmin dövr ərzində körpə və uşaq evlərində olan uşaqların sayı 922-dən 790-a, valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərində uşaqların sayı 516-dan 450-ə, ümumi tipli internat məktəblərində isə 18,9 mindən 12,6 minədək azalmışdır. Eyni zamanda, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində uşaqların sayı həmin dövr ərzində 2860-dan 2751-ə, əqli cəhətdən geri qalan uşaqlar üçün internat məktəblərində isə 359-dan 300-dək azalmışdır. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir. Lakin uşaqların, xüsusilə də sağlamlıq imkanları məhdud olan uşaqların ailələrə qəyyumluğa verilməsi prosesi ciddi dövlət nəzarəti altında aparılmalıdır.

 

5.2.3. YADİDP və sosial müdafiə

 

2008-2015-ci illər üçün sosial müdafiə sahəsində aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilmişdir:

-          sığorta-pensiya sisteminin təkmilləşdirilməsi;

-          ünvanlı dövlət sosial yardımının və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi;

-          əhalinin xüsusilə həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi.

Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində məcburi dövlət sosial sığorta haqları üzrə qanunvericilik bazası, eləcə də sığorta-pensiya sisteminin idarə olunması təkmilləşdiriləcəkdir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəticəsində yeni pensiya sisteminin və sığorta prinsiplərinin əhatəsi genişləndiriləcək, pensiyaçıların ayrı-ayrı qrupları arasındakı əvvəlki pensiya sistemində mövcud olan fərqlərin aradan qaldırılması məqsədilə konkret addımlar atılacaqdır.

Eyni zamanda pensiya təminatında tədricən real yığım komponentinin tətbiqinə nail olunacaqdır. Bu məqsədlə qiymətləndirmələrin və hazırlıq tədbirlərinin görülməsi davam etdiriləcək, real qeyri-dövlət vəsaitlərinin investisiya olunması şərtləri və qaydalarına dair, habelə qeyri-dövlət pensiya fondlarının yaradılmasını və fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılacaqdır.

Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək, hərtərəfli aktuar hesablamalara əsaslanmış uzunmüddətli proqnozlar tərtib ediləcəkdir.

YADİDP çərçivəsində 2010-cu ilədək əmək pensiyalarının baza hissəsinin məbləğinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması təmin ediləcəkdir. 2011-ci ildən başlayaraq əmək pensiyalarının baza hissəsi yaşayış minimumunu üstələməklə müəyyənləşdiriləcəkdir.

Sığorta-pensiya sisteminin inkişafı tədbirlərinin həyata keçirilməsi nəticəsində pensiya təminatında tədricən real yığım kompanentinin tətbiqinə nail olunması üçün qiymətləndirmələrin və hazırlıq tədbirlərinin görülməsi davam etdiriləcək, pensiyaçıların ayrı-ayrı qrupları arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər sisteminin təkmilləşdirilməsi istiqamətində ünvanlı dövlət sosial yardımı haqqında qanunvericilik bazası, sistemin idarəetmə strukturu təkmilləşdiriləcək, onun mərkəzləşdirilmiş qaydada idarə edilməsi üçün müvafiq informasiya sistemi yaradılacaq və ünvanlı dövlət sosial yardımı mexanizminin icrasını təmin edən kadrların potensialı gücləndiriləcəkdir. Ehtiyac meyarının mərhələlərlə yaşayış minimumuna çatdırılmasını təmin etmək üçün hər il ehtiyac meyarı həddinə baxılaraq, müvafiq vəsaitin dövlət büdcəsindən ayrılması təmin ediləcəkdir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmə sistemi yaradılacaqdır. Aztəminatlı ailələrin yoxsulluq risklərinin azaldılması istiqamətində ünvanlı reabilitasiya proqramları tətbiq olunacaq, bu istiqamətdə lazımi hüquqi normativ baza yaradılacaqdır.

Sosial müavinətlər sistemi mütəmadi olaraq müasirləşdiriləcək, müavinətlərin strukturu sosial müdafiənin səmərəliliyi baxımından optimallaşdırılacaqdır.

Əhalinin xüsusilə həssas qruplarının sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində mövcud qanunvericilik bazasının vəziyyətinə dair monitorinq aparılacaq, əlillər yeni yaşayış yerləri ilə təmin ediləcək, mövcud regional reabilitasiya mərkəzlərinin işi gücləndiriləcək və müvafiq olaraq yeniləri yaradılacaqdır. Həmçinin əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün münasib həyat və fəaliyyət şəraitinin yaradılması məqsədilə, məişətdə, nəqliyyatda və ictimai yerlərdə zəruri avadanlıqlar quraşdırılacaqdır. Ahıl və tənha vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mövcud sosial xidmətlər sistemi təkmilləşdiriləcəkdir. Eyni zamanda, uşaq əməyinin vəziyyəti ilə bağlı tədqiqatlar aparılacaq və onun nəticəsində tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Uşaq müəssisələrində uşaqların vəziyyətinin monitorinqi gücləndiriləcək və kimsəsiz uşaqlarının cəmiyyətə inteqrasiyasının yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçiriləcəkdir. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı üzrə təsdiq edilmiş Dövlət Proqramının icrası gücləndiriləcək, kimsəsiz və atılmış uşaqların cəmiyyətə inteqrasiyasının davamlılığının təmin edilməsi üçün SOS-Uşaq kəndi modelinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə keçiləcək, habelə həmin modelə əsasən SOS-Gənclər tipli mərkəzlər yaradılacaqdır. Dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir.

 

5.3. Qaçqınlar və məcburi köçkünlər

 

5.3.1. Yoxsulluqla əlaqə

 

1988-ci ildən başlayaraq ölkəmizə qarşı hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal olunmuşdur. Bunun nəticəsində Dağlıq Qarabağdan 60 min, digər ətraf rayonlardan isə 600 min nəfərdən çox azərbaycanlı məcburi köçkünə çevrilmişdir. Ermənistan Respublikasının ərazisində yaşayan 250 min nəfər azərbaycanlı da planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurd-yuvasından zorla deportasiya olunaraq Azərbaycana pənah gətirmişdir. Bundan başqa, Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağstafa, Tovuz, Ağcabədi, Gədəbəy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək azərbaycanlı həyat üçün təhlükəli olduğuna görə öz daimi yaşayış yerini tərk etməyə məcbur olmuşdur. Hazırda qaçqın və məcburi köçkünlər respublikanın 68 şəhər və rayonunda 1600-dan çox obyektdə müvəqqəti məskunlaşmışdır.

Qaçqınlar və məcburi köçkünlər əhalinin xüsusilə həssas qrupu hesab edilir. Münaqişənin həll olunmaması əksər məcburi köçkün ailələrinin uzun illər ərzində müvəqqəti və qeyri-sabit şəkildə yaşamasına səbəb olmuşdur. Bu qrupdan olan insanların maddi, təhsil, səhiyyə, ərzaq təhlükəsizliyi, normal qidalanma, mənzil təminatı və sosial təcridolunma kimi müxtəlif xarakterli problemlərinin həll edilməsi istiqamətində konkret tədbirlər planının həyata keçirilməsinə ehtiyac vardır.

 

5.3.2. Mövcud vəziyyət və əsas problemlər

 

Öz yaşayış yerini tərk etmiş məcburi köçkün əhalinin əksəriyyəti evlə təminatı özlərinin ən ağrılı məsələsi hesab edir. Belə ki, bu qrupdan olan bir çox ailələr hələ də lazımi sanitariya şəraiti və ya daimi su təchizatı olmayan müvəqqəti yaşayış yerlərində yaşayırlar. Bu səbəbdən, xüsusən ölkənin mərkəzi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər infeksion xəstəliklərə və digər tibbi problemlərə daha çox həssasdır. Qaçqınlar və məcburi köçkünlərin bir qismi münaqişənin başlandığı dövrdən az bir müddət sonra yaşayış yerləri ilə təmin olunmuşdur. Son dövrlərdə sıx şəkildə və ya antisanitariya şəraitində yaşayan məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi istiqamətində mühüm tədbirlər görülmüş və 2007-ci ilin sonuna bütün çadır şəhərcikləri ləğv edilmişdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin verdiyi məlumatlara əsasən, əmək qabiliyyətli 292,8 min məcburi köçkündən yalnız 92,9 min nəfəri (yəni təqribən 31,7%-i) rəsmi olaraq məşğul hesab edilir. Ölkədə işsizlik səviyyəsinə dair məlumatlar göstərir ki, məcburi köçkün əhali işsizlər arasında üstünlük təşkil edir. Bu da onların bir çoxunun qeyri-formal sektorda məşğul olmasını və bununla da, işçilər üçün nəzərdə tutulan sosial müdafiə imkanlarından faydalana bilməmək ehtimalını meydana çıxarır.

Son illərdə əhalinin digər qruplarında olduğu kimi, məcburi köçkünlər arasında da yoxsulluq səviyyəsinin azalması müşahidə olunur. Lakin bu azalma ilə yanaşı, həmin əhali qrupu daxilində yaşayış səviyyələrində kifayət qədər böyük fərqlər (onların bəziləri həddindən artıq yoxsuldur, bəzilərinin yaşayışı isə təminat baxımından əhalinin digər hissəsindən fərqlənmir) var. YAİİDP-yə əsasən, məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 2001-ci ildə 63% təşkil edirdisə, 2007-ci ildə bu göstərici 35%-ə enmişdir. Qaçqınlar və məcburi köçkünlər arasında ən yüksək yoxsulluq səviyyəsi kənd yerlərində müşahidə edilmişdir. Şəhər yerlərində isə onların yoxsulluq səviyyəsi yerli əhalidən çox fərqlənmir. Bu da, şəhər yerlərində məşğulluq imkanlarının nisbətən çox olması ilə izah edilə bilər. Kənd yerlərində torpaqdan istifadə imkanlarının məhdud olması da məcburi köçkünlərin məşğulluq vəziyyətinə ciddi mənfi təsir göstərir.

Dövlət tərəfindən məcburi köçkünlərin əsas səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür: məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən göstərilən bütün xidmətlərə görə ödənişdən azad edilməsi; məcburi köçkünlərin dövlət tibb müəssisələri tərəfindən müəyyən edilmiş bütün tibbi məhsullara görə ödənişlərdən azad edilməsi (məsələn, pulsuz dərmanlar və s.); məcburi köçkün uşaqların tam peyvəndlənməsi.

Məcburi köçkünlər arasında ümumi savadlılıq səviyyəsi əhalinin digər qruplarından o qədər də fərqlənmir. Məktəbyaşlı məcburi köçkün uşaqların əksəriyyəti məktəbə getsə də, onların bir çoxu məcburi köçkün düşərgələrindəki məktəblərin maddi-texniki təchizatının qənaətbəxş olmamasından (material, avadanlıq, parta və pedaqoji kadr çatışmazlığı) əziyyət çəkir. Hazırda hökumət tərəfindən qaçqın və məcburi köçkün gənclərin ali təhsilə həvəsləndirilməsi və onların dəstəklənməsi məqsədilə bir sıra imtiyazlar (dövlət ali təhsil müəssisələrinin ödənişli fakültələrində ödənişdən azad olunma, təhsil müəssisələrinin yataqxanalarından pulsuz istifadə etmə və s.) müəyyənləşdirilmişdir.

Bu sektorda qarşıda duran əsas məsələ əhalinin digər hissəsi ilə müqayisədə qaçqınların və məcburi köçkünlərin təcridolunma səviyyəsini azaltmaqdan, onların ölkənin ictimai və iqtisadi həyatında bərabər iştirak imkanlarını təmin etməkdən, eyni zamanda, münaqişə həll olunduqdan sonra onların doğma yaşayış yerlərinə qaytarılması strategiyasını işləyib hazırlamaqdan ibarətdir.

Dövlət və digər təşkilatlar tərəfindən məcburi köçkün ailələrə göstərilən sosial yardımlar onların yoxsulluqdan müdafiəsi üçün əhəmiyyətli hesab edilir. Bununla yanaşı, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yardımların düzgün istiqamətləndirilməsi və həssas qruplara ünvanlanması daha böyük əhəmiyyət kəsb edir. Bunun üçün məcburi köçkünlərin həyat səviyyəsinin və yaşayış şəraitinin monitorinqi sisteminin müntəzəm təkmilləşdirilməsi tələb edilir.

 

5.3.3. YADİDP: qaçqınlar və məcburi köçkünlər

 

Qaçqınlar və məcburi köçkünlər sektorunda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində, əsasən, aşağıdakı prioritet istiqamətlər üzrə siyasət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-          məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması;

-          qaçqınlar və məcburi köçkünlərin gəlir əldə etmək imkanlarının artırılması, onların məşğulluğunun inkişaf etdirilməsi;

-          qaçqınların və məcburi köçkünlərin təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması;

-          qaçqınlara və məcburi köçkünlərə edilən yardımların ödənişinin maliyyə şəffaflığının artırılması;

-          qaçqınlar və məcburi köçkünlər üzrə statistik məlumat bazasının təkmilləşdirilməsi.

Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması istiqamətində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpa edilməsi davam etdiriləcək, həmçinin mövcud vəziyyətə uyğun olaraq, yeni Repatriasiya Proqramı işlənib hazırlanacaqdır.

Qaçqınların və məcburi köçkünlərin gəlir əldə etmək imkanlarının artırılması, məşğulluğunun inkişaf etdirilməsi istiqamətində onlar yeni qəsəbələrin salınması ilə bağlı ödənişli əsaslarla tikinti işlərinə cəlb ediləcəklər. Yerlərdə sahibkarlıq fəaliyyəti və fermer təsərrüfatları üçün kredit almaq imkanları genişləndiriləcək, mikrokredit proqramlarının həyata keçirilməsi və biznes-məsləhət xidmətlərinin yaradılması ilə kiçik və orta sahibkarlıq fəaliyyəti dəstəklənəcək, eləcə də əmək bazarının tələblərinə müvafiq olaraq peşə və ixtisaslar üzrə hazırlıq kursları təşkil ediləcəkdir. Həmçinin əmək yarmarkaları vasitəsilə əmək qabiliyyətli qaçqın və məcburi köçkünlərin müvafiq işlərə cəlb edilməsinə xüsusi diqqət yetiriləcək, yeni qəsəbələrdə məskunlaşmış qaçqın və məcburi köçkün əhali bu qəsəbələrdə qurulmuş sosial-iqtisadi infrastruktur obyektlərində işlə təmin ediləcəkdir. Kənd təsərrüfatı ilə məşğul olan məcburi köçkünlərin istehsal etdikləri məhsulların emalı və satışı üçün yeni sexlər və kiçik müəssisələr yaradılacaqdır.

Qaçqınların və məcburi köçkünlərin səhiyyə və təhsil xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması istiqamətində onlar səhiyyə müəssisələrində pulsuz müayinə, müalicə və dərman preparatları ilə təmin olunacaq, həmçinin onların sıx məskunlaşdığı yerlərdə sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda, məcburi köçkün ailələrinə aylıq yemək xərci müavinətinin verilməsi və aylıq ərzaq yardımının göstərilməsi davam etdiriləcəkdir. Lakin müavinət, aylıq yemək xərcləri seçmə üsulu ilə verilməlidir ki, onlardan yalnız imkansızlar bəhrələnsin.

Qaçqınlara və məcburi köçkünlərə edilən yardımların ödənişində maliyyə şəffaflığının artırılması istiqamətində onların istehlak etdiyi su, qaz və elektrik enerjisindən səmərəli istifadəni təmin etmək məqsədilə bu insanların yığcam yaşadıqları yerlərdə sayğaclar quraşdırılacaqdır.

Qaçqınlar və məcburi köçkünlər üzrə statistik məlumat bazasının təkmilləşdirilməsi istiqamətində onların həyat səviyyəsinin müntəzəm öyrənilməsi məqsədilə illik sorğular aparılacaqdır. Eyni zamanda, qaçqın və məcburi köçkün əhaliyə dair rəsmi demoqrafik və sosial-iqtisadi göstəricilərin toplanılması və monitorinqi prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq təşkilatların potensialı gücləndiriləcəkdir.

 

Fəsil 6

 

İNSAN KAPİTALININ İNKİŞAFI VƏ SOSİAL TƏRƏQQİ

 

6.1. Təhsil

 

6.1.1. Yoxsulluqla əlaqə

 

Təhsil səviyyəsinin aşağı olması ailələrin yoxsulluq riskini artırmaqla, yoxsul əhalinin məşğulluq imkanlarını və yoxsulluqdan xilas olmaq ehtimalını məhdudlaşdırır. Bilik və bacarıqlar insanların iş yeri və gəlir mənbələri tapmaq imkanlarına əhəmiyyətli təsir göstərir. Təsadüfi deyil ki, BMT XXI əsri təhsil əsri elan etmişdir. Təhsil insan inkişafına təsir edən əsas amil olmaqla yanaşı onların iqtisadi, siyasi və sosial proseslərdə iştirakının gücləndirilməsinə kömək edir. Digər tərəfdən, ailələr yoxsulluq səbəbindən gündəlik tələbatlarının ödənilməsi ilə təhsil almaq arasında seçim etmək məcburiyyətində qalırlar. Belə ki, onlar ya öz uşaqlarının təhsil xərclərini ödəyə bilmir, ya da bu xərcləri ödəmək üçün gündəlik yaşayışları ilə əlaqədar zəruri xərcləri azaltmalı olurlar.

 

 

6.1.2. Mövcud vəziyyət və əsas problemlər

 

Təhsil sektorunun qarşısında duran əsas məsələ müxtəlif ailələrdən olan uşaqlar üçün bərabər təhsil imkanlarının, o cümlədən regionlar üzrə bərabər keyfiyyətli təhsil xidmətlərinin təmin edilməsindən ibarətdir. Belə ki, təhsil almaq imkanları və onun keyfiyyətində olan fərqlər müxtəlif amillərlə bağlıdır.

Təhsil almaq imkanlarına təsir edən əsas amillərdən biri valideynlərin tədris materiallarını ala bilməməsi, digəri isə bəzi regionlarda məktəb binalarının yararsız vəziyyətdə olmasıdır. Son illər dövlət ümumtəhsil məktəblərinin pulsuz dərsliklərlə tam təmin edilməsinə nail olunmuş və çoxlu sayda yeni məktəb binası tikilmişdir ki, bu da əhalinin təhsil almaq imkanlarına öz müsbət təsirini göstərmişdir. Təhsil almaq imkanlarında bərabərsizliyi köklü şəkildə azaltmaq üçün bu siyasətin gələcəkdə də davam etdirilməsi vacibdir.

Məktəbəqədər təhsil almaq imkanları. 1-5 yaş arasında olan uşaqların məktəbəqədər təhsili onların formalaşmasına, eləcə də sosial və idrakı inkişafına müsbət təsir göstərməklə yanaşı, valideynlərə işləmək imkanı yaradaraq, yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynayır. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrdə qoyulur. Bu yaş qrupuna daxil olan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 2007-ci ildə respublika üzrə 17,2%, o cümlədən şəhərlərdə 27%, kənd yerlərində 9% olmuşdur. Müqayisə üçün, bu göstərici Finlandiyada 99%, Almaniyada 80%, bir sıra MDB ölkələrində 30-50% təşkil edir.

Ölkə Prezidentinin 2007-ci il 12 aprel tarixli 2089 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər) təsdiq edilmişdir. Proqramda müəssisələrin şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi, idarəetmənin yeni iqtisadi münasibətlər zəminində təkmilləşdirilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatan olması, kadr təminatının yaxşılaşdırılması, yeni tədris proqramlarının hazırlanması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi vəzifələri qarşıya qoyulmuşdur. Proqramda eyni zamanda dünya təcrübəsinə uyğun olaraq 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi də nəzərdə tutulmuşdur.

Ümumi orta təhsil almaq imkanları. Orta təhsil əhatə dairəsi və miqyasına görə təhsil sisteminin ən böyük pilləsidir. 2007/2008-ci tədris ilində respublikada 4538 dövlət və 17 qeyri-dövlət gündüz ümumtəhsil məktəblərində 1,5 mln şagird təhsil almışdır. Hazırda ümumtəhsil məktəblərinin 45,5%-də bir növbədə, 54,5%-də isə iki və ya üç növbədə dərslər aparılır. Yəni şagirdlərin 74,3%-i birinci növbədə, 25,7%-i isə ikinci və üçüncü növbələrdə oxuyur. Dövlət vəsaitləri və digər mənbələr hesabına respublikada son beş ildə 210,1 min şagird yerlik 1217 məktəb tikilib istifadəyə verilmişdir.

Araşdırmalar göstərir ki, yoxsul ailələrin maddi çətinlikləri uşaqların əsas təhsil, xüsusilə orta təhsil əldə etmək imkanlarına mənfi təsir edir. Adətən, belə ailələrdən olan uşaqlar valideynlərinin onlar üçün geyim və məktəb ləvazimatı əldə etmək imkanlarının məhdud olması səbəbindən və işləyərək ailə büdcəsinə kömək etmək üçün təhsildən yayınırlar. Kənd yerlərində məktəbdən yayınma hallarının sayı daha yüksəkdir. Bu, uşaqların kənd təsərrüfatı işlərinə cəlb edilməsi və qızların erkən yaşda nikaha daxil olması ilə bağlıdır.

Texniki peşə təhsili. Texniki peşə təhsili, ənənəvi olaraq, əsas təhsil pilləsində nailiyyət göstəriciləri aşağı olan şagirdlər üçün seçim imkanı olmaqla, əsasən orta və aşağı gəlirli ailələrdən olan şagirdləri cəlb etməyə meyillidir. Bu sahəyə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması və tədris proqramlarının bugünkü tələblərə cavab verməməsi həmin təhsil müəssisələrində təlimin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Lakin texniki peşə təhsili ölkənin məhsuldar və çevik işçi qüvvəsinə malik olmasında böyük əhəmiyyət kəsb edir. Əmək bazarının dəyişən tələblərinə uyğun olaraq, işçi qüvvəsinin iqtisadiyyatın bir sektorundan digər sektoruna keçmək imkanları müvafiq şəraitə uyğun zəruri bacarıqların əldə edilməsindən asılıdır.

2008-ci ilin dövlət büdcəsində ümumi təhsil xərclərinin yalnız 5,2 %-i texniki peşə təhsili və liseylər üçün nəzərdə tutulmuşdur. Digər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da təhsilin bütün pillələrində tələbə/müəllim nisbəti aşağıdır. Belə ki, peşə təhsili sistemində bu nisbət təqribən 8:1-dir. Təhsilin digər pillələrində olduğu kimi, burada da müəllimlərin əməkhaqqı səviyyəsi aşağıdır ki, bu da müəllimlərin maddi və mənəvi durumuna mənfi təsir edir.

Bu gün bir çox inkişaf etmiş ölkələrdə orta məktəb məzunlarının 40-60%-i texniki peşə təhsili ilə əhatə olunduğu halda, Azərbaycanda bu göstərici 4,2% təşkil edir. Eyni zamanda Azərbaycanın ümumilikdə və müxtəlif sahələr üzrə sosial-iqtisadi inkişaf templəri göstərir ki, yaxın gələcəkdə ilkin peşə təhsilli mütəxəssislərə böyük tələbat olacaqdır. Odur ki, ölkə iqtisadiyyatının ixtisaslı fəhlə kadrları ilə təmin olunması üçün ilk öncə, əmək bazarının tələblərini nəzərə ala bilən dinamik təhsil sistemi (həm də ilk növbədə ilkin peşə təhsili üzrə) yaradılmalıdır. Bu zaman əsas diqqət təlimin nəticələrinə olan tələblərin standartlaşdırılmasına və bu tələblərin əmək bazarının real və potensial tələblərinə maksimum yaxınlaşdırılmasına yetirilməlidir. Bununla əlaqədar olaraq işəgötürənlərin peşə təhsili müəssisələri məzunlarının əmək potensialına tələblərini nəzərə alan peşə standartlarının qiymətləndirilməsinə yeni yanaşmaların və meyarların işlənməsi məsələləri kifayət qədər aktualdır.

Texniki peşə təhsili sahəsindəki əsas məsələləri aşağıdakı kimi ümumiləşdirmək olar: mövcud tədris proqramları zamanın tələblərinə uyğunlaşdırılmalıdır; latın əlifbası ilə çap edilmiş dərsliklərin sayının artırılması zəruridir; müəllim heyətinin ixtisaslarının artırılmasına ehtiyac vardır; müasir tələblərə cavab verən ixtisaslı müəllim kadrları çatışmır; tədris müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları lazımi səviyyədə deyil; maddi-texniki baza müasir tələblərə cavab vermir; təhsilin bu sahəsinə ayrılan maliyyə vəsaiti kifayət etmir.

Texniki peşə təhsilinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər) təsdiq edilmişdir. Dövlət Proqramının əsas istiqamətlərini texniki peşə təhsili sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin və kadr hazırlığı işinin təkmilləşdirilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsi və onun məzmununun müasir tələblər səviyyəsində yeniləşməsi təşkil edir.

Ali təhsil. Azərbaycanda hazırda 42 ali təhsil müəssisəsi, o cümlədən 28 dövlət (bunlardan 6-sı xüsusi təyinatlı) və 14 özəl təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə ümumilikdə 130,4 min tələbə təhsil alır ki, onların da təhsili ilə 13,7 min nəfərlik professor-müəllim heyəti məşğul olur və 7113 tələbəni əhatə edən magistratura pilləsi fəaliyyət göstərir.

Son illərdə ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən ali təhsilin strukturunda əsaslı dəyişikliklər aparılmışdır. Ali təhsilin dövlət standartları və buna müvafiq olaraq bütün fənlər (ixtisaslar) üzrə baza təhsil proqramları hazırlanaraq təsdiq edilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası üzrə normativ hüquqi baza formalaşdırılmışdır.

Ölkənin ali təhsil sisteminin Avropa ali təhsil sisteminə inteqrasiyası istiqamətində müəyyən işlər görülmüşdür. Azərbaycan Avropa təhsil nazirlərinin 2005-ci il mayın 19-da Norveçdə keçirilən növbəti yığıncağında Bolonya prosesinə qoşulmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Avropanın mövcud norma və standartlarına müvafiq olaraq, ali təhsil sahəsində yeni qanunvericilik sənədlərinin hazırlanması və tətbiq edilməsi, Bolonya prosesinə uyğun olaraq, ali təhsildə islahatların aparılması, Avropa Şurasının (AŞ) təhsil və ali təhsildə tədqiqat komitələrinin təşəbbüsü ilə həyata keçirilən proqramlarda fəal iştirakın təmin edilməsi, eləcə də vahid Avropa təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə informasiya və təcrübə mübadiləsi mexanizmlərinin dəstəklənməsi kimi öhdəliklər götürülmüşdür və 2010-cu ilədək onların icrasının başa çatdırılması nəzərdə tutulmuşdur.

Müasir dövrdə ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsi niyyətinin bəyan edildiyi ölkəmizdə qara qızılı insan qızılına çevirək ideyası çərçivəsində neft və qaz gəlirlərindən istifadənin əsas istiqamətlərindən biri kimi insan kapitalının inkişafı, o cümlədən yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə diqqət xüsusilə artırılmışdır.

Ölkəyə daxil olan neft gəlirlərindən səmərəli istifadə edilməsi, həmçinin insan kapitalının inkişaf etdirilməsi, azərbaycanlı gənclərin ali təhsil almalarını və onların müstəqil Azərbaycanın inkişafı üçün güclü amilə çevrilmələrini təmin etmək məqsədilə ölkə Prezidentinin 2007-cı il 16 aprel tarixili 2090 nömrəli Sərəncamı ilə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı qəbul edilmişdir. Bu sənəddə Azərbaycanın bütün istedadlı gənclərinə xaricdə təhsil almaq istiqamətində bərabərhüquqlu imkanların təmin edilməsi, normativ hüquqi və təşkilatı-idarəetmə məsələləri üzrə vahid institusional sistemin yaradılması nəzərdə tutulur. Adıçəkilən Dövlət Proqramı üzrə artıq 2007-ci ildə 45 nəfər ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, İsveç, Niderland və digər ölkələrin aparıcı universitetlərinə göndərilmişdir.

Təhsil sahəsində islahatların strateji istiqamətlərindən biri də təhsilin idarəetmə sistemində inzibati-amirlik sistemindən demokratik modellərə keçidlə bağlı yeni mexanizmlərin tətbiq edilməsidir. Bu istiqamətdə Təhsil Nazirliyində bəzi struktur dəyişiklikləri aparılmış və yeni şöbələr yaradılmışdır. Həmçinin ölkənin təhsil strategiyasının müəyyənləşdirilməsi istiqamətində ilk addımlar atılmış, strateji təhlil və planlaşdırma əsasında sahənin inkişafı siyasətinin müəyyənləşdirilməsi, eləcə də idarəetmə strukturunun əks-mərkəzləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu sahədə ilk tədbirlərdən biri ölkənin altı aparıcı dövlət universitetinə muxtariyyət statusunun verilməsi olmuşdur. Bu prosesin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Digər tərəfdən, təhsil menecerlərinin hazırlanması üçün təşkil ediləcək təlimlər də bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə imkan verəcəkdir.

Təhsil sektoruna ayrılan büdcə xərcləri 2007-ci ildə 2006-cı ilə nisbətən 50,9% artaraq, dövlət büdcə xərclərinin 11,9%-ni təşkil etmişdir. Lakin dövlət büdcəsindən təhsilə ayrılan xərclərin ÜDM-ə nisbəti 2007-ci ildə 2,7% təşkil etmişdir. Təhsil müəssisələrinin mövcud maliyyələşmə mexanizminin səmərəli olmaması onun təkmilləşdirilməsinə böyük zərurət yaradır. Hazırda təhsil müəssisələrinin, demək olar ki, maliyyə müstəqilliyi yoxdur. Bu baxımdan, vəsaitlərin bölüşdürülməsi və istifadəsini təkmilləşdirmək üçün bu sahədə adambaşına maliyyələşdirmə prinsipinin tətbiq olunması zəruri hesab edilir. Təhsil sistemində aparılan islahatların əsas istiqamətlərindən biri də mövcud maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, dünya təcrübəsində uğurla istifadə edilən müasir modellərin tətbiqidir. Yeni modelə əsasən, indikindən fərqli olaraq müəyyən olunmuş vəsait birbaşa məktəbin özünə yönəldiləcək, vəsaitin hara xərclənməsini məktəb müstəqil olaraq müəyyənləşdirəcəkdir. Bu prosesdə yeni normativ hüquqi baza əsasında yaradılmış Məktəb Şuraları aparıcı rol oynayacaqlar ki, bu da idarəetmənin ictimai xarakterini xeyli gücləndirməlidir.

2007-ci ilin yanvarından etibarən eksperiment qaydasında Şirvan şəhərinin, Ucar və İsmayıllı rayonlarının 59 pilot məktəbində adambaşına maliyyələşmə mexanizmi tətbiq edilir. Məktəb rəhbərlərinə müstəqil idarəetmə səlahiyyətləri verən və qərarqəbuletmə prosesində valideynlərin yaxından iştirakını təmin edən bu mexanizmin tətbiqi sahəsində ilk addımlar atılır və nəticələr təhlil edildikdən sonra növbəti illərdə əhatə dairəsi genişləndiriləcəkdir. Artıq ilkin nəticələr müzakirə edilmiş, 2008-ci ildən Bakı şəhərinin 20 məktəbində, bir sıra texniki peşə və orta ixtisas məktəblərində yeni mexanizmin tətbiqi qərara alınmışdır.

Mütərəqqi maliyyələşdirilmə modellərinin tətbiqi təhsil sistemində əməkhaqqı səviyyəsini də köklü şəkildə qaldırmağa imkan yaradacaqdır. Hazırda təhsil sektorunda əməkhaqqı səviyyəsinin aşağı olması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, yüksək səviyyəli peşəkar müəllim heyətini cəlb etmək və işdə saxlamaq üçün təhsil sahəsində əməkhaqqı səviyyəsinin artırılması və həvəsləndirmə sisteminin tətbiq edilməsi zəruridir. 2007-ci ildə təhsil sistemində orta aylıq nominal əməkhaqqı 143 manat olmuşdur ki, bu da ölkə üzrə orta aylıq əməkhaqqının 66,8 %-nə bərabərdir. Əməkhaqqının aşağı olması müəllimlərin fərdi qaydada repetitorluqla məşğul olmasına səbəb olur və onların iş yerində saxlanılmasını çətinləşdirir.

Təhsil sahəsində təhsilin bütün pillələri üzrə kurrikulumların təkmilləşdirilməsi və müntəzəm olaraq yeniləşdirilməsi vacib əhəmiyyətə malikdir. Bu istiqamətdə ilk addımlar Azərbaycan Hökuməti və Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış II Kredit sazişinə əsasən Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində həyata keçirilmişdir. Eyni zamanda, müəllimlərin hazırlanması prosesinin səviyyəsinin qaldırılmasına, eləcə də bu sahədə təşkil edilən təlim və ixtisasartırma kurslarının məzmununun təkmilləşdirilməsinə ehtiyac vardır.

Təhsilin müasir standartlara cavab verməsi üçün təhsilin bütün pillələrində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi aparıcı amildir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) çərçivəsində məktəblərin kompyuter və digər İKT avadanlığı ilə təmin edilməsi çox mühüm əhəmiyyətə malik olmuşdur. 2007-ci ilin gostəricilərinə əsasən, ölkədə orta məktəblərin 65 %-i müasir kompyuterlərlə təmin olunmuşdur. Görülən işləri daha yüksək səviyyəyə qaldırmaq məqsədilə təhsilin bütün pillələrində İKT-nin geniş tətbiqinə nail olmaq hazırkı mərhələnin əsas tələbidir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramında təhsil sisteminin bütün pillələrində şəbəkə infrastrukturunun inkişafı və sürətli internetə çıxışın təmin olunması, məlumat və resurs mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Həmçinin, kadrlara İKT-dən istifadə bacarıqlarının aşılanması, yenilikçi və yaradıcı müəllimlər üçün qiymətləndirmə və motivasiya sisteminin yaradılması, bütün fənlər üzrə müasir elektron elmi-metodik vəsaitlər kompleksinin işlənməsi və elektron tədris resursları bazasının yaradılması, təhsil sisteminin effektiv idarə olunması və monitorinqi üçün İKT-nin geniş istifadə olunması, cəmiyyətin təhsil sistemində mövcud proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün vahid təhsil portalının hazırlanması həyata keçiriləcəkdir.

Bu istiqamətdə atılan addımlar sırasında ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə elektron təlim materiallarının və əyani vəsaitlərin hazırlanıb məktəblərə çatdırılmasını göstərmək olar. Bu iş gələcəkdə də davam etdiriləcəkdir. İKT-nin tətbiqi sahəsində əhəmiyyətli işlərdən biri də dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq edilən Elektron məktəb Layihəsidir. Bu Layihə məktəbdə çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsinə, şagirdlərin dərsə davamiyyətinə nəzarətə, məktəblərarası elektron əlaqələrinin genişləndirilməsinə, ən vacibi isə şagirdlərin nailiyyətləri barədə dərhal məlumatlandırmaya zəmin yaradır. 2007-ci ildən Bakı şəhərinin 2 məktəbində (Bakı Avropa Liseyi və 23 nömrəli orta məktəb) bu Layihə artıq həyata keçirilir.

Təhsil sahəsində əsas məsələlərdən biri də təlim nailiyyətlərinin qiymətləndirilməsi vasitəsilə təhsilin keyfiyyətinin monitorinqidir. Yaxın gələcəkdə şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi sistemi köklü surətdə dəyişdirilməli, tədricən gündəlik qiymətləndirməni aradan qaldırmaqla, artıq sınaqdan keçirilmiş və müsbət nəticə vermiş məktəbdaxili qiymətləndirmənin yeni modelləri tətbiq edilməlidir. Qarşıda duran məsələ ölkə səviyyəsində standart qiymətləndirmə sisteminin tətbiq edilməsindən ibarətdir. Eyni zamanda, təhsil əldə etmək imkanlarındakı qeyri-bərabərliyin daha yaxşı monitorinq edilməsi təhsilin bütün pillələrində, xüsusən də orta təhsilin yuxarı pillələrində davamiyyət səviyyəsinə dair cinslər üzrə dezaqreqasiya edilmiş məlumatların müntəzəm toplanılması və nəşr edilməsi vasitəsilə mümkündür.

Bu gün təhsil sahəsinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi ön planda durur. Qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanunu, bəzi mütərəqqi cəhətlərinə baxmayaraq, müstəqilliyin ilk illərində qəbul edildiyindən, ölkənin indiki inkişaf perspektivlərini, mövcud təhsil islahatlarını, bu sahədə beynəlxalq təcrübəni və dünya birliyinə inteqrasiya meyllərini əks etdirmir. Yeni qanunun qəbul edilməsi təhsil islahatlarının sürətləndirilməsinə təkan verəcəkdir.

 

6.1.3. YADİDP və təhsil

 

YADİDP çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün təhsil sektoru üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən edilmişdir:

-          təhsil əldə etmək üçün bərabər imkanların təmin edilməsi;

-          təhsilin keyfiyyətinin yaxşılaşdırılması;

-          təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, yeni iqtisadi və maliyyə münasibətlərinin formalaşdırılması;

-          təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi;

-          təhsildə monitorinq sisteminin və təhsilin statistikasının təkmilləşdirilməsi.

Təhsil əldə etmək üçün bərabər imkanların təmin edilməsi istiqamətində növbəti illərdə dövlət ümumtəhsil məktəblərində oxuyan bütün şagirdlərin pulsuz dərsliklərlə təmin olunması davam etdiriləcəkdir. Eyni zamanda, təhsil müəssisələrinin (məktəbəqədər təhsil, ümumtəhsil, texniki peşə və ixtisasartırma müəssisələri) maddi-texniki bazası gücləndiriləcək, onların əsaslı bərpası və tikintisi genişləndiriləcək, eləcə də ümumtəhsil məktəblərinin zəruri avadanlıqlarla və istiliklə təminat səviyyəsi yaxşılaşdırılacaqdır. Ümumtəhsil məktəbləri kitabxanalarının latın qrafikalı ədəbiyyatlarla zənginləşdirilməsi, aztəminatlı ailələrdən olan uşaqların yay istirahət düşərgələrində istirahət imkanlarının genişləndirilməsi kimi tədbirlər həyata keçiriləcəkdir. Həmçinin ibtidai sinif şagirdlərinə pulsuz yemək verilməsi mexanizminin hazırlanması və tətbiq edilməsi, eləcə də ucqar kənd yerlərində şagirdlərin məktəblərə nəqliyyat vasitələri ilə daşınması da nəzərdə tutulur. Bundan əlavə, texniki peşə, orta ixtisas və ali təhsildə gender məsələləri araşdırılacaq, bu sahədə mövcud problemlərin aradan qaldırılması üzrə tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması. Azərbaycan Respublikası 2005-ci ildə vahid Avropa ali təhsil məkanının yaradılmasını nəzərdə tutan Bolonya prosesinə qoşulmaqla ali təhsil sisteminin yeniləşdirilməsi, təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılması sahəsində öz üzərinə mühüm vəzifələr götürmüşdür. Bu vəzifələrin reallaşdırılmasına, ilk növbədə, hərtərəfli təhlillərin nəticələrinə əsaslanan məzmun dəyişikliklərindən başlanmışdır. Ötən müddətdə bakalavr hazırlığının məzmunu xeyli təkmilləşdirilmiş, bütün istiqamətlər üzrə seçmə fənlərə ayrılan saatların və təcrübəkeçmə müddətinin artırıldığı yeni nəsil dövlət standartları hazırlanıb təsdiq olunmuş, yeni attestasiya qaydaları müəyyən edilmişdir. Aparılmış təşkilati işlərin nəticəsi olaraq, 2006-cı ilin sentyabrından 10 ali məktəbdə 30 ixtisas üzrə kredit sisteminin tətbiqinə başlanmışdır. Eyni zamanda müəyyən edilmiş qaydalar əsas tutulmaqla 5 ali və 2 orta ixtisas təhsili müəssisəsi akkreditə olunmuşdur. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməklə və milli dəyərlər nəzərə alınmaqla hazırlanmış Ümumi Təhsilin Konsepsiyası (Milli Kurrikulumu) Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Sənədə əsasən 2008/2009-cu tədris ilindən bütün ümumtəhsil məktəblərində birinci siniflərdən başlayaraq yeni hazırlanmış fənn kurrikulumları tətbiq ediləcəkdir.

Bununla yanaşı, Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası sənədi hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Həmin konsepsiyanın müddəalarına əsasən, yaxın gələcəkdə ilkin müəllim hazırlığı proqramlarından bilavasitə bu proseslə bağlı olmayan fənlərin çıxarılması, birbaşa praktik müəllim hazırlığına yönəlmiş fənlər üzrə dərs saatlarının artırılması, pedaqoji təcrübənin prioritet səviyyəyə qaldırılması, qoşaixtisaslı müəllimlərin hazırlanması, proqramlara təhsilin idarə edilməsi ilə bağlı fənlərin daxil olunması nəzərdə tutulur.

Gələcək müəllimlərin praktiki hazırlığına, pedaqoji ünsiyyət və idarəetmə bacarıqlarına yiyələnmələrinə yardım etmək məqsədilə pedaqoji profilli təhsil müəssisələrində pedaqogikanı, psixologiyanı, metodikanı, ən başlıca isə fəal/interaktiv təlim texnologiyası üzrə bacarıqların aşılanmasını özündə birləşdirən və Azərbaycan təhsili üçün tamamilə yeni olan Təhsilin əsasları fənninin tədrisi nəzərdə tutulur. Bu tədbirin həyata keçirilməsi müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, nəzəriyyədən təcrübəyə keçidin təmin olunmasında mühüm rol oynayacaqdır. Hazırda müəllim hazırlığında mühüm əhəmiyyətə malik olacaq Təhsilin əsasları dərsliyinin hazırlanması istiqamətində işlər davam etdirilir.

2005/2006-cı dərs ilində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mövcud neqativ halların aradan qaldırılması məqsədilə eksperiment olaraq Bakı şəhərinin Xətai rayonunun və İmişli rayonunun, 2006/2007-ci dərs ilində Bakı şəhərinin Səbail rayonunun, Sumqayıt şəhərinin məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanılmışdır. Növbəti dərs illərində bu sistem ölkənin bütün məktəblərini əhatə edəcəkdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli 20 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə üzrə İnkişaf Proqramı (2005-2009-cu illər) təsdiq edilmiş və həmin Proqrama uyğun olaraq xüsusi tipli internat məktəblərinin maddi-texniki və tədris bazası gücləndirilir, inkluziv təhsil layihələrinin həyata keçirilməsi davam etdirilir.

Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində təhsil sahəsi üzrə normativ hüquqi baza təkmilləşdiriləcək, yeni iqtisadi münasibətlərin formalaşdırılması davam etdiriləcək, mövcud maliyyələşmə mexanizmi təkmilləşdiriləcək və adambaşına normativ maliyyələşmə prinsipi tətbiq olunacaq, təhsil menecerlərinin hazırlanması sistemi yaradılacaq, yeni yaradılmış valideyn-müəllim assosiasiyalarının fəaliyyəti gücləndiriləcək və assosiasiyalara daxil olan ümumtəhsil məktəblərin sayı xeyli artacaqdır.

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi istiqamətində ümumtəhsil məktəblərinin kompyuter təchizatı və onların internet şəbəkəsinə qoşulma səviyyəsi yaxşılaşdırılacaq, eləcə də yeni texnologiyalara əsaslanan elektron təlim proqramlarının təminat səviyyəsi yüksəldiləcəkdir. Eyni zamanda, təhsil sistemində distant təhsil inkişaf etdiriləcək, elektron kitabxanalar yaradılacaq, müasir texnologiyalardan istifadə və informasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaqdır.

Təhsildə monitorinq sisteminin və təhsilin statistikasının təkmilləşdirilməsi istiqamətində təhsilin idarə edilməsi üzrə məlumat sisteminin yaradılması, şagird və tələbələrin biliklərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə gender və regionlar üzrə dezaqreqasiya olunmuş xalis qeydiyyat və real davamiyyət səviyyəsinə dair məlumatların müntəzəm toplanması və nəşr edilməsi kimi tədbirlər həyata keçiriləcəkdir.

 

6.2. Səhiyyənin inkişafı

 

6.2.1. Yoxsulluqla əlaqə

 

Sağlamlığın pisləşməsi insanların gəlir əldə etmək imkanlarına, habelə uşaqların məktəbdə davamiyyətinə və təlimdə müvəffəqiyyətinə mənfi təsir göstərir, insanların yoxsulluqdan çıxmaq imkanlarını məhdudlaşdırır. Əslində, sağlam olmayan aztəminatlı insanlar özlərinin yoxsulluq yükünü uşaqlarının üzərinə qoymaqla, həmin ailələr üçün çıxışı olmayan yoxsulluq dairəsinin yaranma ehtimalını artırmış olurlar. Yoxsul insanların, ümumən mövcud səhiyyə xidmətlərindən istifadə etmək üçün kifayət qədər maliyyə vəsaiti olmur ki, bu da onlarla yoxsul olmayanlar arasındakı bərabərsizliyi gücləndirir.

Ailələrin aztəminatlılığı uşaq və ana ölümü hallarına təsir edən yeganə amil olmasa da, aztəminatlılığın bu göstəricilərə mənfi təsiri şübhəsizdir. Belə ki, yoxsul ailələrdən olan qadın və uşaqların hamiləlik və erkən uşaqlıq dövründə lazımi səviyyədə qidalanması və keyfiyyətli səhiyyə xidmətlərindən istifadə etməsi imkanları digər ailələrə nisbətən aşağı olur.

 

6.2.2. Mövcud vəziyyət və əsas problemlər

 

Müstəqillik əldə edildikdən sonrakı dövrdə ölkədə xəstəliklərin iki istiqamətdə inkişafı müşahidə olunmuşdur. Bir tərəfdən, yoxsul ölkələr üçün keçid dövründə səciyyəvi olan yoluxucu xəstəliklərə (məsələn, vərəm, brusellyoz və s.) tutulma halları artmış, digər tərəfdən isə, inkişaf etmiş ölkələr üçün səciyyəvi olan qeyri-yoluxucu xəstəliklərin (məsələn, ürək-damar və qan dövranı ilə bağlı xəstəliklər) baş verməsi halları yüksəlmişdir.

Qeydiyyata alınmış xəstəliklərin 90%-i qeyri-yoluxucu xəstəliklər kateqoriyasına aid olsa da, yoluxucu xəstəliklərin antisanitariya şəraitində daha sürətlə yayılması səbəbindən yoxsul əhali arasında bu xəstəliklər daha geniş yayılmışdır. 1990-cı illərin sonlarından başlayaraq, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması sahəsində irəliləyişlər əldə olunsa da, hazırda qarşıda duran vəzifə bu azalma meylini qoruyub saxlamaqdan ibarətdir.

İİÇV/QİÇS-in yayılması hazırda kompakt xarakter daşıyır və həmin xəstəliklər xüsusilə müəyyən qruplar, yəni məhbuslar, narkomanlar, fahişələr, homoseksuallar, miqrantlar arasında yayılmışdır. Azərbaycanda İİÇV ilə Mübarizə Mərkəzinin məlumatlarına görə, 2007-cı ilin sonuna İİÇV-ə yoluxanların ümumi sayı 1379 nəfərə çatmışdır. Bununla yanaşı, həmin sahədə aparılan testlər yalnız əhalinin məhdud hissəsini əhatə etdiyi üçün bu xəstəliyə yoluxan insanların sayının qeydiyyata alınanların sayından yüksək olduğu ehtimal edilir.

Əhalinin müəyyən qrupları arasında qida çatışmazlığı, xüsusilə də qidalandırıcı mikroelementlərin çatışmazlığı mövcuddur. Belə ki, hamilə qadınlar arasında anemiya halları geniş yayılmışdır ki, bu da sonradan uşaqların sağlam inkişafına təhlükə yaradır. Rəsmi statistikaya əsasən, anemiya xəstəliyi olan hamilə qadınların xüsusi çəkisi 1990-cı ildəki 6,7%-dən 2007-ci ildə 20 %-ə çatmışdır.

Adətən, qohumlar arasında nikah nəticəsində yaranan irsi qan xəstəliyi olan talassemiya halları da son illərdə artaraq, 2002-ci ildəki 361 nəfərdən 2007-ci ildə 1267 nəfərə çatmışdır.

Bir çox hallarda qeyri-yoluxucu xəstəliklərin artması müharibə, yoxsulluq və ekoloji problemlərin yaratdığı streslə bağlı olsa da, sağlam həyat tərzinin əhəmiyyəti haqqında maarifləndirmənin gücləndirilməsi kimi qabaqlayıcı tədbirlər bu problemin həllində səmərəlidir. Bu baxımdan, ümumilikdə, əhali arasında düzgün qidalanma, gigiyena və körpələrin ana südü ilə qidalandırılmasının əhəmiyyəti, habelə alkoqol, tütün, təhlükəsiz olmayan cinsi əlaqələr, kontraseptiv vasitələr əvəzinə abortdan istifadə edilməsi və qohumlararası nikahın ziyanlı tərəfləri barəsində maarifləndirmə tədbirləri xəstəliklərin profilaktikasına müsbət təsir göstərir.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və qeyri-yoluxucu xəstəlikləri məhdudlaşdırmaqdan ötrü profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı, bu sahənin qarşısında duran digər mühüm məsələ əsas səhiyyə xidmətlərindən bərabər istifadə imkanlarının təmin edilməsidir. Bu, eyni zamanda, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bilavasitə bağlıdır. Dövlət səhiyyə müəssisələrində əsas xidmətlərin rəsmən pulsuz olmasına baxmayaraq, bu sahədə əməkhaqqı aşağı olduğuna görə qeyri-rəsmi ödənişlər problemi meydana çıxır. Bu isə yoxsulların səhiyyə xidmətlərindən istifadə imkanlarını azaltmış olur. Nəticədə yoxsul əhali çox zaman xəstəliklərini müalicə etmək üçün ya ənənəvi üsullara müraciət edir, ya da həkim göstərişi olmadan dərmanlar qəbul edir, bəzən isə səhiyyə xidmətlərindən istifadə etsə də, ya tam müalicə kursu keçə bilmir, ya da həkimin tövsiyə etdiyi bütün dərmanları ala bilmir. Belə vəziyyət isə onların səhhətini daha da ağırlaşdıraraq sonrakı mərhələdə müalicəni mürəkkəbləşdirir və müalicə xərclərini daha da artırır. Bu baxımdan, səhiyyə xidmətlərindən istifadə imkanlarının yaxşılaşdırılması bilavasitə idarəetmənin səmərəliliyinin artırılması, korrupsiya ilə mübarizə və səhiyyə sektoru işçilərinin əməkhaqlarının yüksəldilməsi məsələləri ilə sıx bağlıdır.

Xəstəxana xidmətləri üçün xərclər ana və uşaq ölümünün səviyyəsinə də təsir edir. Yoxsul ailələrdən olan qadınların doğum evlərində bu ödənişləri etmək imkanları məhdud olduğundan onlar bəzən ev şəraitində doğuşa üstünlük verirlər ki, bu da ağırlaşma halları ilə bağlı riski artırır. Doğuşdan sonrakı dövrün, doğuşun və hamiləliyin ağırlaşmasından zahı və hamilə qadınların ölümü hallarının sayı 2003-cü ilə nisbətən 2 dəfəyədək artmışdır.

Epidemiya zamanı yoxsul əhalinin müraciət etməsi və müvafiq xidmətlərlə təmin edilməsi üçün isə cəmiyyətin hər bir üzvünün fövqəladə hallar üzrə tibbi yardımdan bərabər istifadə imkanlarının təmin edilməsinin böyük əhəmiyyəti var. Buna görə də ölkədə fövqəladə hallar üzrə tibbi yardım sisteminin mövcudluğu və bununla da, yoluxucu xəstəliklərin yayılmasına nəzarətin gücləndirilməsi vacibdir.

Səhiyyə sahəsində qarşıda duran digər məsələ əhaliyə göstərilən səhiyyə xidmətlərindən istifadə imkanları ilə yanaşı, onun keyfiyyəti məsələsidir. Belə ki, ümumilikdə ölkə ərazisinin səhiyyə müəssisələri ilə, demək olar ki, əhatə olunmasına baxmayaraq, bu xidmətlərdən istifadə üçün edilən rəsmi və qeyri-rəsmi ödənişlərlə yanaşı, mövcud binaların və avadanlıqların vəziyyəti, habelə tibbi heyətin təmin etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı problemlər mövcuddur. Səhiyyə xidmətlərinin keyfiyyətindəki fərqlər şəhər və kənd yerlərində bu sahədə bərabərsizliyə şərait yaradır. Bu baxımdan, təmin edilən səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkənin bütün regionlarında yüksək səviyyəli bərabər səhiyyə xidmətlərini təmin etmək məqsədilə, bu sahəyə yönəldilən dövlət investisiyaları artırılmalıdır. Belə ki, 2007-ci ildə dövlət tərəfindən səhiyyəyə ayrılan ümumi xərclərin ÜDM-ə nisbəti 1%-dən də aşağıdır. Bu da bir sıra inkişaf etməkdə olan ölkələrdəki maliyyələşmə səviyyəsindən aşağı göstəricidir.

Səhiyyə xidmətlərinə ayrılan xərclərin artırılması ilə yanaşı cari xərclərin səmərəliliyinin təmin edilməsi də zəruridir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2008-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası səhiyyə üçün ayrılan dövlət vəsaitlərinin idarə olunmasının mövcud mexanizmlərinin dəyişdirilməsini, maliyyələşmənin yeni iqtisadi əsaslarının yaradılmasını və nəticə etibarı ilə icbari tibbi sığortanın tətbiqini nəzərdə tutur. Bu, bir tərəfdən, səhiyyəyə ayrılan dövlət vəsaitlərinin daha səmərəli və əhalinin tibbi ehtiyacları ilə daha sıx əlaqələndirilməklə istifadəsinə şərait yaradacaq, digər tərəfdən isə, səhiyyənin maliyyələşməsinin yeni mənbəyinin yaradılmasına, həmçinin bütövlükdə sistemin şəffaflığının artırılmasına təkan verəcəkdir.

Səhiyyə xidmətlərinin keyfiyyəti həm də tibb işçilərinin peşəkarlığından və təlimlərin səviyyəsindən asılıdır. Buna görə də ali təhsil müəssisələrində tibbi kadrların hazırlığı vəziyyətinə yenidən baxılması və onun təkmilləşdirilməsi zəruridir.

Səhiyyə sahəsində digər mühüm məsələ xəstəliklərin müalicəsi ilə yanaşı, onların profilaktikası üçün kifayət qədər vəsaitin ayrılmamasıdır. Bir tərəfdən, yoluxucu xəstəliklərin uşaqlar arasında yayılmasına qarşı tam peyvəndləmə işinin aparılması məqsədilə zəruri vəsait və avadanlıqlarla təmin olunma, digər tərəfdən isə, vərəm və digər yoluxucu xəstəliklər üzrə qısa kurs ərzində birbaşa müşahidə olunan müalicə (QBMM) strategiyası çərçivəsində əhali arasında maarifləndirmə işinin təşkili zəruridir.

Bu sahənin iqtisadi inkişaf sektoru (dövlət investisiyaları) ilə əlaqəsi xüsusilə təmiz su əldə etmək imkanlarının yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, bu imkanın olmaması suda həll edilən quru südlə qidalanan körpələrin həyatı üçün təhlükə yaradır (hazırda 3 aylığına qədər olan körpələrin yalnız 32,6%-i ana südü ilə qidalanır). Uşaqlar arasında xəstələnmə və ölüm halları, həm də təmiz olmayan sudan istifadə nəticəsində baş verən ishalla bağlıdır. Bu, eyni zamanda, uşaqlar arasında parazitar xəstəliklərin yayılmasına gətirib çıxaran amillərdəndir. ÜƏP-in və Səhiyyə Nazirliyinin apardığı son tədqiqatın nəticələrinə əsasən, ibtidai sinif şagirdlərinin 31%-i bağırsaq parazitlərinə yoluxmuşdur.

Yuxarıda deyilənlərə əsasən, hazırda səhiyyə sahəsinin qarşısında duran əsas məsələ profilaktik tədbirlərin gücləndirilməsi ilə yanaşı, keyfiyyətli və münasib səhiyyə xidmətlərindən bərabər istifadə imkanların təmin edilməsindən ibarətdir.

 

6.2.3. YADİDP və səhiyyə

 

Səhiyyə sektorunda qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1)      ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi;

2)      səhiyyədə maddi-texniki bazanın təkmilləşdirilməsi vasitəsilə əhalinin səhiyyə xidmətləri əldə etmək imkanlarının genişləndirilməsi;

3)      səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və maliyyələşmə sahəsində islahatların aparılması;

4)      əhali arasında sağlam həyat tərzinin təşviq edilməsi;

5)      sanitar-epidemioloji nəzarətin təkmilləşdirilməsi və fövqəladə hallara qarşı hazırlığın gücləndirilməsi;

6)      tibbi təhsil sisteminin təkmilləşdirilməsi;

7)      əhalinin sağlamlığı üzrə monitorinq sisteminin gücləndirilməsi.

Eyni zamanda, digər sektorlara daxil olan bəzi prioritetlər də səhiyyə sektoru ilə əlaqəlidir. Bunlara iqtisadi inkişaf (büdcə və infrastruktur), səmərəli idarəetmə (dövlət idarəetməsində islahatlar və korrupsiyaya qarşı mübarizə), qaçqın və məcburi köçkünlər (səhiyyə xidmətlərindən istifadə imkanlarının təmin edilməsi), gender (anaların rifahı və yeniyetmələrin nikahı), gənclər (gənclərin səhiyyə xidmətlərinə çıxış imkanları və sağlam həyat tərzinin formalaşdırılması) və ətraf mühit (ətraf mühitin çirklənməsinin əhalinin sağlamlığına təsirinin azaldılması) sektorlarını misal göstərmək olar.

YADİDP-də ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində səhiyyə sistemində müvafiq islahatlar həyata keçirməklə, mövcud ilkin səhiyyə xidmətləri sistemi təkmilləşdiriləcək, yoxsul ailələr əsas dərmanlarla pulsuz təmin ediləcək, doğuş təhlükəsizliyi gücləndiriləcək və yeni doğulmuşlara qayğı artırılacaqdır. Eyni zamanda, uşaqlıq dövrü xəstəliklərinin profilaktikası gücləndiriləcək, dövlət tərəfindən tam maliyyələşdirmə əsasında idarəolunan yoluxucu xəstəliklərə qarşı immunlaşdırma davam etdiriləcək, habelə malyariya, vərəm, brusellyoz, helmintoz, şəkərli diabet, xərçəng, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya xəstəliklərinin profilaktikası və müalicəsi gücləndiriləcəkdir. YADİDP çərçivəsində ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində fəaliyyət göstərən mərkəzlərin işi, o cümlədən yüksək keyfiyyətli kontraseptivlərin paylanması sistemi təkmilləşdiriləcək və ailə təbabəti sisteminin yaradılması üçün ölkəyə uyğunlaşdırılmış model hazırlanaraq tətbiq ediləcəkdir.

Səhiyyədə maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində mövcud səhiyyə müəssisələrinin təmiri və yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi davam etdiriləcək, eləcə də onların müasir tibbi avadanlıqlarla təminat səviyyəsi gücləndiriləcəkdir.

Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində bu sahənin konseptual inkişafına dair qərarların verilməsinə kömək etmək məqsədilə faktlara əsaslanan təhlillər aparılacaq, səhiyyə sektoru üzrə menecerlərin hazırlanması işi təkmilləşdiriləcək, Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasına uyğun olaraq səhiyyə sektoruna büdcə ayırmalarının səmərəliliyini artırmaq üçün cari maliyyələşmə mexanizmi təkmilləşdiriləcək, adambaşına maliyyələşdirmə prinsipinə keçid təmin olunacaq, pullu xidmətlər sistemi inkişaf etdiriləcək, eləcə də icbari tibbi sığorta sistemi yaradılacaqdır.

Əhali arasında sağlam həyat tərzinin təşviq edilməsi istiqamətində ümumilikdə əhali, xüsusilə də yüksək risk qrupları arasında İİÇV/QİÇS-in və dəri-zöhrəvi xəstəliklərin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər gücləndiriləcək, hamilə qadınlar və yeniyetmə qızlar arasında anemiya hallarını azaltmaq üçün profilaktik tədbirlər həyata keçiriləcək, yaxın qohumlar arasında nikahın və erkən hamiləliyin təhlükəli tərəfləri, habelə düzgün qidalanma və digər bu kimi mühüm məsələlərə dair ictimai maarifləndirmə genişləndiriləcəkdir. Eyni zamanda, narkotik maddələr, tütün və alkoqollu içkilərdən istifadə əleyhinə təbliğat işi genişləndiriləcəkdir.

Sanitar-epidemioloji nəzarətin təkmilləşdirilməsi və fövqəladə hallara qarşı hazırlığın gücləndirilməsi istiqamətində səhiyyə sahəsində fövqəladə halların idarə edilməsi üzrə müvafiq qurumların fəaliyyəti təkmilləşdiriləcək, sanitar-epidemioloji müəssisələrdə kadrların potensialı artırılacaq, həmçinin ərazi gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki bazası gücləndiriləcəkdir.

Tibbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində ali və orta tibbi təhsildə yeni kurrikulum və tədris metodları tətbiq ediləcək, ali tibbi təhsildə ailə həkimlərinin hazırlığı üzrə yeni ixtisas açılacaq, eləcə də həkim və orta tibb işçilərinin diplomdan sonrakı hazırlığı işi təkmilləşdiriləcəkdir.

Əhalinin sağlamlığı üzrə monitorinq sisteminin gücləndirilməsi istiqamətində mövcud qanunvericiliyin AB-nin standartlarına uyğunlaşdırılmasına dair ekspertiza aparılacaq, əhalinin sağlamlığının monitorinqi üzrə vahid mərkəzləşdirilmiş informasiya sistemi, eləcə də əhali üçün elektron sağlamlıq kartı sistemi yaradılacaqdır.

 

 

6.3. Ətraf mühit

 

6.3.1. Yoxsulluqla əlaqə

 

Ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Belə ki, havanın və suyun çirklənməsi insanların sağlamlıq vəziyyətinə birbaşa təsirə malikdir. Yuxarıda səhiyyə sektorunda təmiz suyun olmamasının körpə və uşaqlar arasında xəstəlik və ölüm hallarına təsiri barədə məlumat verilmişdir. Havanın çirklənməsi, həm də uşaqlar arasında respirator xəstəliklərinin artmasına səbəb olur. Meşələrin qırılması, torpağın eroziyası və ya şoranlaşması becərilən torpaqların məhsuldarlığına mənfi təsir edərək, xüsusilə kənd əhalisinin gəlir əldəetmə imkanlarını azaldır. Ölkənin təbii resurslarının davamlı idarə olunması həm bugünkü, həm də gələcək nəsil üçün xüsusi əhəmiyyət kəsb edir.

 

 

6.3.2. Mövcud vəziyyət və əsas problemlər

 

Ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyəti iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlıdır. Ölkə ərazisinin xeyli hissəsinin işğal edilməsi və insanların öz daimi yaşayış yerlərindən didərgin düşməsi nəticəsində əkin üçün yararlı torpaqların, suvarma və tullantıların idarə edilməsi sistemlərinin həddən artıq yüklənməsi ətraf mühitin mühafizəsi problemlərini daha da ağırlaşdırmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölkənin ekologiyası sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Bu sıradan 2003-2010-cu illəri əhatə edən Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram, 2003-2008-ci illəri əhatə edən Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram", Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" və s. hazırda icra olunmaqdadır. Bununla belə, ölkədə ətraf mühitin davamlı idarə olunması öz vacibliyinə görə gələcəkdə də ən öndə olan və daim diqqət tələb edən məsələ olaraq qalacaqdır.

Torpaq. Torpaq örtüyünün korlanması nəticəsində onun eroziyası və şoranlaşması kənd təsərrüfatı istehsalına və əhalinin torpaqdan gəlir vasitəsi kimi istifadə imkanlarına mənfi təsirini göstərmişdir. Ölkə ərazisinin 59,8%-i yəni 671,2 min hektarı orta və şiddətli eroziyaya məruz qalmışdır. Gəncə-Qazax və Şəki-Zaqatala bölgələri suvarma ilə bağlı eroziyadan əziyyət çəkir.

Hazırda kənd təsərrüfatı üçün istifadə olunan torpaqların həcmi qeyri-kənd təsərrüfatı torpaqlarının hesabına artır. Keçmiş kolxoz, sovxoz və digər dövlət kənd təsərrüfatı müəssisələrinin dağılması nəticəsində bəzi meliorasiya və suvarma sistemləri və qurğuları yararsız vəziyyətə düşmüşdür və artıq istifadə olunmur. Bu isə torpaqların meliorativ vəziyyətini (suvarma və drenaj sistemləri) pisləşdirmişdir. 2005-ci il yanvarın 1-nə olan meliorasiya kadastrına əsasən, 165,2 min hektar suvarılan torpaq orta səviyyədə, 103,7 min hektar isə yüksək səviyyədə şoranlaşmaya məruz qalmışdır. Bundan əlavə, ölkədə 1393 min hektar qış otlaqları müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır və son illərdə bəzi rayonlarda qrunt sularının səviyyəsində artım müşahidə edilmişdir.

Torpaqların eroziyaya uğramasının əsas səbəblərindən biri də bəzi yerlərdə meşə örtüyünün sürətlə seyrəldilməsidir. Meşələrin nizamsız şəkildə qırılmasının əsas səbəblərindən biri ev təsərrüfatlarının yanacağa olan tələbatının çoxalmasıdır. Xüsusilə də bəzi rayonlarda enerji təminatında olan problemlər sakinləri istilik əldə etmək üçün odundan istifadə etməyə məcbur edir ki, bununla da, ölkənin ekoloji vəziyyətinin ağırlaşması və təmiz olmayan yanacaqdan istifadə nəticəsində ailə üzvlərinin sağlamlığı ilə bağlı problemlər yaranır. Bu baxımdan, həm dövlətə, həm də özəl təşkilatlara aid torpaqlarda ağacların Milli meşəsalma planına uyğun əkilməsi çay hövzələrinin mühafizə sisteminin yaxşılaşdırılmasına və bioloji müxtəlifliyin qorunub saxlanmasına şərait yaratmış olardı.

Kür-Araz ovalığında və Abşeron yarımadasında bir çox ərazilər hazırda yerli sənaye müəssisələrinin çirkli tullantılarının təsirinə məruz qalmışdır ki, bu da həmin ərazilərdə torpaqda və qida məhsullarında ağır metalların və davamlı üzvi çirkləndiricilərin yığılmasına səbəb olur. Belə ki, Abşeron yarımadasında hazırda təxminən 10 min hektar torpaq sahəsi neftlə çirklənmişdir və bu, təbii biotoplara mənfi təsir göstərərək səhralaşmaya aparıb çıxarır.

Hava. Respublikada həm stasionar, həm də səyyar mənbələrdən havaya atılan çirkləndirici maddələrin ümumi miqdarı azalma meyilli olmuşdur ki, bu da, qismən 1990-cı illərin əvvəllərində baş vermiş iqtisadi tənəzzüllə bağlıdır. Belə ki, 1990-cı ildə stasionar mənbələrdən havaya atılan tullantıların ümumi miqdarı 2,1 mln. ton olmuşdusa, 2006-cı ildə bu rəqəm 344 min ton təşkil etmişdir. Lakin son dövrlərdə iqtisadiyyatda baş verən inkişafla paralel olaraq, havaya atılan zərərli maddələrin həcmi də artır. Havanın çirklənməsi paytaxt Bakı şəhərində və digər iri şəhərlərdə, o cümlədən, kimya sənayesi mərkəzi hesab edilən Sumqayıtda ciddi xarakter almışdır. Atmosferin çirklənməsinə həm nəqliyyat vasitələri, həm də elektrik stansiyaları və sənaye obyektləri təsir göstərir.

Böyük şəhərlərdə nəqliyyat vasitələri havanın çirklənməsinin əsas mənbəyidir. Respublikada 1995-ci ildə qeydiyyatdan keçmiş minik avtomobillərinin ümumi sayı 271 min ədəd olmuşdusa, 2007-ci ildə bu rəqəm 2,3 dəfə artaraq 616,9 minə çatmışdır. Avtomobil parkının köhnəlməsi, avtomobillərin yoxlanılması və texniki xidmətin lazımi səviyyədə olmaması, aşağı keyfiyyətli yanacaqdan istifadə havanın çirklənməsini daha da gücləndirir. Atmosferə daxil olmuş zərərli maddələrin ümumi həcminin 61%-ni avtomobil nəqliyyatından buraxılan tullantılar təşkil edir. Stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin 79%-i Bakı şəhərinin payına düşür.

Son dövrlərdə Azərbaycanda həm neft, həm də təbii qaz emalı və istifadəsi nəticəsində yaranan təhlükəli tullantıların həcmində artma müşahidə edilmişdir. 2002-ci ilə nisbətən təhlükəli istehsalat tullantılarının həcmi 2006-cı ildə 3 dəfə artmışdır. 2008-ci ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 mln. ton təhlükəli tullantı yığılıb qalmışdır. 2007-ci ildə ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, müayinə edilmiş hər 3 müəssisədən birində atılan tullantılar icazə verilən normadan yüksək olmuşdur.

İşlənmiş qazın təmizlənməsi üçün tətbiq edilən texnologiya və avadanlıqlar köhnəldiyinə və ya ümumiyyətlə olmadığına görə, neft və qaz sənayesi kükürd, karbon və azot oksidləri ilə havanı çirkləndirən əsas mənbədir. Tullantılar əsas etibarılə qızdırıcılarda yandırılan yanacaqdan əmələ gəlir. Bu baxımdan neftayırma zavodlarının müasirləşdirilməsinə ehtiyac vardır. Son dövrlərdə müasir avadanlığın quraşdırılması bu sahədə tullantıların həcminin azalmasına təsir göstərmişdir. Zavod və fabriklərin, (xüsusilə də köhnə avadanlıqlardan istifadə edənlərin) şəhər ətrafına çıxarılması, sənaye müəssisələrindəki qaz-toz tutucularının tam gücü ilə işləməsi, nəqliyyat vasitələrinin mühərriklərinin katalitik qaz neytralizatorları ilə təmin edilməsi, təmiz yanacaq növlərinə keçirilməsi atmosferə atılan zərərli maddələrin həcminin xeyli azalmasına kömək göstərə bilər.

Ölkənin mövcud energetika sisteminin təqribən 80%-i mazut və təbii qazla işləyən istilik enerjisi stansiyalarının payına düşür. Lakin sovet dövründə yaradılmış energetika infrastrukturu, əsasən, qənaətbəxş vəziyyətdə deyildir. Belə ki, generatorların və qazanxanaların təxminən yarısı 40 ildən artıqdır ki istismar olunur. Bunun nəticəsində yanacaq sərfi artmış, istilikyaratma qabiliyyəti aşağı düşmüş və tullantıların miqdarı müvafiq olaraq artmışdır. Enerjipaylama şəbəkəsinin mövcud vəziyyəti istehsal edilmiş elektrik enerjisinin ötürülməsində böyük itkilərə səbəb olur. İstilik elektrik stansiyalarının əsas yanacağı mazutdan, tullantıları isə, əsasən, NOx və CO2-dən ibarətdir. Bununla əlaqədar bütün istilik elektrik stansiyalarının təbii qaz yanacağına keçməsi bir məqsəd kimi qarşıya qoyulmuşdur. Bu baxımdan, Şimal Elektrik Stansiyasında Astara, Şəki, Xaçmaz rayonlarında və Naxçıvan şəhərində gücü 87 meqavat olan modul tipli elektrik stansiyaların, təbii qazla işləyən 400 meqavatlıq yeni əlavə blokun işə salınması NOx və CO2 tullantılarının həcminin azalmasına təsir göstərmişdir. Hazırda Sumqayıt şəhərində 506 meqavat gücündə Sumqayıt elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir. 2009-cu ildə Şirvan şəhərində 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə veriləcəkdir.

Havanın çirklənməsinə qarşı mübarizə aparmaq üçün iqtisadi inkişafın planlaşdırılması ilə bağlı bütün proqram və tədbirlərdə ətraf mühitin davamlılığı prinsiplərinin nəzərə alınmasını və prioritetləşdirilməsini təmin etməkdən ötrü tənzimləyici orqanlarda müvafiq potensialın yaradılması zəruridir. Eyni zamanda, nəqliyyat vasitələrinin atmosferə tullantılarının tənzimlənməsi və azaldılması məqsədilə müvafiq mexanizmlərin işlənilməsi və tətbiq edilməsi böyük əhəmiyyət kəsb edir.

Su və kanalizasiya. Azərbaycanda su mənbələrinin azlığı həm əhalinin fərdi istifadəsində, həm də kənd təsərrüfatının su ilə təchizatında ciddi problemlər yaradır. Burada problem yalnız su mənbələrinin azlığı ilə məhdudlaşmır. Eyni zamanda, suyun istifadəsində israfçılıq və su təchizatı infrastrukturunun texniki vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı problemlər də mövcuddur.

Əhalinin su təchizatı ilə bağlı digər məsələ suyun keyfiyyətidir. ETSN-nin keçirdiyi monitorinqin nəticələrinə əsasən, su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş hər iki müəssisədən birində atılan tullantılar icazə verilən normadan artıq olmuşdur.

ETT məlumatlarına görə, ölkə üzrə ev təsərrüfatlarının kanalizasiya ilə təmin olunma səviyyəsi 90,3 %-dir. Bu göstərici uşaqsız ev təsərrüfatlarında 91,1 % olduğu halda, uşaqlı ev təsərrüfatlarında 89,8 % təşkil edir. Ev təsərrüfatlarının ölçüsünə görə bu göstəricinin təhlili göstərir ki, daha çox üzvləri olan ev təsərrüfatlarında kanalizasiya ilə təminat daha aşağı səviyyədədir. Belə ki, 3 nəfərdən ibarət ev təsərrüfatlarında kanalizasiya ilə təmin olunma səviyyəsi 94,3 %, 6 və daha çox üzvləri olan ev təsərrüfatlarında isə 88,9 %-dir.

Son illərdə respublikanın şəhər və kəndlərinin içməli su ilə, ev təsərrüfatlarının isə kanalizasiya ilə təmin edilməsi sahəsində xeyli iş görülmüşdür. Bakı şəhərini yüksək keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Oğuz-Qəbələ-Bakı su xəttinin tikintisi aparılır. İçməli su ilə təminatı ağır vəziyyətdə olan 50 kənddə sutəmizləyici qurğular quraşdırılmışdır. Daha 50 kənddə də belə qurğuların quraşdırılması başa çatmaqdadır. Hazırda ölkənin üç zonasında (Düzən-Şirvan, Muğan-Salyan və Naxçıvan) Azərbaycan kənd investisiyası Layihəsi həyata keçirilir. 2007-ci ildə bu regionlarda 134 km su xətti, 21,2 km kanalizasiya xətti çəkilmişdir.

Azərbaycan Respublikası əhalisinin dörddə üç hissəsinin su təchizatı Kür çayı ilə bağlıdır və Azərbaycana daxil olan suyun əksər hissəsi Gürcüstandan və Ermənistandan keçir. Gürcüstanın və Ermənistanın şəhərlərindən təmizlənməmiş çirkli suların Kür çayına axıdılması onun hidro-kimyəvi rejiminə və suyun keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, problemin regional səviyyədə həll edilməsi və beynəlxalq təşkilatlar vasitəsilə həm Ermənistan ərazisindən Kür və Araz çaylarına (ildə 350 mln. m3), həm də Gürcüstan ərazisindən Kür çayına (ildə 320 mln. m3) axıdılan çirkli suların təmizlənməsinə ehtiyac vardır.

Biomüxtəliflik. Azərbaycan balıqçılığın inkişafı üçün zəngin potensiala malikdir. Bu, həm nadir balıq növlərinin təbii ehtiyatının artırılması və istifadəsi, həm də ölkə iqtisadiyyatı üçün yeni bir sahə - Xəzər dənizində süni yolla balıq yetişdirilməsi ilə əlaqədardır. Burada inkişaf üçün əlverişli təbii şərait, eləcə də bu sahəni idarə etməyə qadir olan insan potensialı mövcuddur. Bununla belə, bu proses lazımi səviyyədə tənzim olunmadığından, hazırda Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının qorunması və bərpası, eləcə də təsərrüfat əhəmiyyətli bioloji ehtiyatların artırılması böyük əhəmiyyət kəsb edir.

Xəzərin Azərbaycan sektorunda təxminən 120 növ balıq, o cümlədən nərəkimilər fəsiləsindən 7 növ balıq yaşayır. Bu sahədə qarşıda duran vəzifə nərəkimilərin qorunub saxlanılması və artırılması yollarını müəyyən etməkdən ibarətdir. Bu baxımdan, Xəzər dənizində məhvolma təhlükəsi olan nərəkimilərin sayının artırılması məqsədilə Neftçala rayonunun Xıllı qəsəbəsində nərəyetişdirmə müəssisəsi tikilmişdir. Bu müəssisədə nərəkimilər fəsiləsindən (nərə, uzunburun və ağbalıq) 2007-ci ildə 8,28 mln. ədəd körpə balıq yetişdirilmişdir.

Şəki rayonunda 3 forel təsərrüfatı (Aydınbulaq, Qırxbulaq kəndlərində və Əyriçay su anbarı ərazisində) yaradılmışdır.

Balıq resurslarının qorunub saxlanılmasını və balıq ekosistemlərinin yaxşılaşdırılmasını stimullaşdırmaq üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə, habelə balıq növləri üçün yeni bitki aləminin yaradılmasına ehtiyac vardır.

Sənaye və məişət tullantıları. Hazırda neft və qaz sənayesi müəssisələri istisna olmaqla, ölkədəki sənaye müəssisələrinin əksəriyyətinin istehsal gücündən tam istifadə etmək mümkün deyildir. Son dövrlərdə sənaye tullantılarının həcmində müşahidə olunan azalma da, əsasən, bununla bağlıdır. Buna baxmayaraq, mövcud sənaye müəssisələrində istifadə olunan köhnəlmiş istehsal avadanlıqları ətraf mühiti çirkləndirməkdə davam edir və bəzi yerlərdə toplanmış tullantılar (xüsusilə də təhlükəli tullantılar), insanların sağlamlığı və ətraf mühit üçün böyük təhlükə yaradır. 2008-ci ilin əvvəlinə ölkənin müəssisələrində 1,7 milyon ton təhlükəli tullantı yığılıb qalmışdır, onların 1,2 milyon tonu metallurgiya emalında əmələ gələn IV dərəcəli şlaklardır. İri yaşayış məntəqələrində, xüsusilə də sənaye mərkəzlərində, məişət tullantılarının daşınması və yerləşdirilməsi işi lazımi səviyyədə təşkil olunmadığından şəhər kənarları qanunsuz olaraq illərlə yığılmış tullantı poliqonlarına çevrilmişdir ki, bu da ətraf mühitin çirkləndirilməsinə və xəstəlik mənbələrinin yaranmasına səbəb olur .

 

 

6.3.3. YADİDP və ətraf mühit

 

Ətraf mühitin davamlılığı başqa sahələrlə əlaqəli olduğu üçün ətraf mühitlə bağlı məsələlər Dövlət Proqramının digər sektorlarında, xüsusilə də, iqtisadi inkişaf, təhsil (ətraf mühitlə bağlı maarifləndirmənin gücləndirilməsi) sektorlarında da nəzərə alınmışdır.

Beləliklə, ətraf mühitin davamlı idarə olunması sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində əsasən aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-        meşə ehtiyatlarının davamlı idarə olunması;

-        su ehtiyatlarının davamlı idarə olunması;

-        torpaq ehtiyatlarının davamlı idarə olunması və səhralaşma proseslərinin qarşısının alınması;

-        biomüxtəlifliyin davamlı idarə olunması;

-        atmosfer havasının davamlı idarə olunması;

-        alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi;

-        tullantıların kompleks idarə olunması;

-        dağ və sahilyanı ekosistemlərin kompleks idarə olunması;

-        ətraf mühitin idarə olunmasına dair normativ hüquqi bazanın, monitorinq sistemlərinin və resurslarının təkmilləşdirilməsi;

-        ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi.

Meşə ehtiyatlarının davamlı idarə olunması istiqamətində ölkənin mövcud meşə fondunun qiymətləndirilməsi məqsədilə meşə ərazilərinin birdəfəlik dövlət qeydiyyatı aparılacaq, müəyyən edilmiş ərazilərdə (yolkənarı, sahilyanı) meşə örtüyünün bərpası məqsədilə meşəsalma işləri həyata keçiriləcəkdir. Əhalini oduncaqla təmin etmək və əhali tərəfindən meşələrin qırılması problemini həll etmək üçün tezböyüyən ağaclar əkməklə yeni meşə sahələrinin salınması nəzərdə tutulur. Eyni zamanda, meşə landşaftı əsasında ekoturizim və rekreasiya mərkəzləri yaradılacaq və meşə ehtiyatlarının davamlı idarə olunması sahəsində müvafiq mərkəzi icra qurumlarının yerli əməkdaşlarının potensialının gücləndirilməsi üçün zəruri təlimlər təşkil ediləcəkdir.

Su ehtiyatlarının davamlı idarə olunması istiqamətində kənd yerlərinin içməli su mənbələrinin qeydiyyata alınması davam etdiriləcək və onların sanitar-mühafizə zonaları müəyyən ediləcəkdir. Xəzər dənizi, çay və digər su hövzələri sahillərində yerləşən yaşayış məntəqələri, sənaye, kənd təsərrüfatı və istirahət-turizm obyektləri tərəfindən suların çirklənməsinin qarşısının alınması üçün tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Baş kollektorlarda toplanan drenaj sularının təkrar istifadəsi məqsədilə onların tədqiqi aparılacaq və təkrar istifadə olunmasına dair təkliflər hazırlanacaqdır. Mövcud su təchizatı obyektlərinin və kanalizasiya sistemlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə qabaqcıl texnologiyaları tətbiq etməklə respublika ərazisində bərpa işləri həyata keçiriləcəkdir. Belə ki, AsİB tərəfindən maliyyələşdirilən Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində, Almaniyanın KFW Bankı və İsveçrənin SEKO təşkilatı ilə bağlanmış saziş əsasında Gəncə və Şəki şəhərlərində, Dünya Bankı tərəfindən təsdiq edilmiş Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi çərçivəsində respublikanın 22 rayon mərkəzində (Xırdalan, Şamaxı, Ağstafa, Biləsuvar, Goranboy, Qəbələ, Oğuz, Quba, Saatlı, Göygöl, Tovuz, Hacıqabul, Qazax, Qax, Mingəçevir, Sabirabad, Samux, Şəmkir, Tərtər, Zaqatala, Şərur və Babək rayonları) su təchizatı və kanalizasiya sistemlərinin bərpası, Fransa Hökumətinin ayırdığı kredit hesabına Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidənqurulması nəzərdə tutulmuşdur. Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı tərəfindən 10 rayon üzrə (Şirvan, Salyan, Xaçmaz, Neftçala, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan və Naftalan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaitləri cəlb olunacaqdır.

Eyni zamanda respublika ərazisində daşqın və subasma təhlükəsi olan zonalar müəyyənləşdirilərək xəritələşdiriləcək, mütəmadi olaraq proqnozlar tərtib edilərək müvafiq qurumlara təqdim ediləcəkdir. Bununla yanaşı su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması üzrə monitorinq sistemi təkmilləşdiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramına uyğun olaraq Bakı şəhərinin qəsəbələrinə içməli su kəmərləri çəkiləcək və kanalizasiya sistemlərinin quraşdırılması davam etdiriləcəkdir.

Torpaq ehtiyatlarının idarə olunması və səhralaşma proseslərinin qarşısının alınması istiqamətində səhralaşma ilə mübarizə üzrə Milli fəaliyyət planı hazırlanaraq həyata keçiriləcəkdir. Torpaq resurslarından davamlı istifadənin stimullaşdırılması, eləcə də torpaqların münbitliyinin qorunması və artırılması, həmçinin onların su və külək eroziyasına məruz qalmasının qarşısının alınmasına dair tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsinə və torpaqların antropogen çirklənmədən qorunmasının gücləndirilməsinə dair tövsiyələr hazırlanaraq müvafiq qurumlara çatdırılacaqdır. Eyni zamanda, iri sənaye və mədən obyektlərinin fəaliyyəti nəticəsində korlanmış torpaqların reabilitasiyasına dair təkliflər paketi hazırlanacaqdır.

Biomüxtəlifliyin davamlı idarə olunması istiqamətində su, bioloji ehtiyatların artımı ilə məşğul olan müəssisələrin istehsal gücü artırılacaq, mövcud qorunan ərazilərin sahəsi genişləndiriləcək, habelə ekoturizmin inkişaf etdirilməsi məqsədilə zəruri sosial infrastruktur yaradılacaqdır. Eyni zamanda, biomüxtəlifliyin davamlı inkişafını təmin edən tingliklər, meşə heyvanlarının və quşların artırılması üçün yeni bioloji mərkəzlər yaradılacaqdır.

Atmosfer havasının davamlı idarə olunması istiqamətində atmosferə atılan istixana qazlarının miqdarının azaldılması və iqlim dəyişmələrinin ekosistemlərə və iqtisadiyyata mənfi təsirinin azaldılması üzrə tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. Həmçinin istehsal müəssisələri tərəfindən atmosferə işlənmiş qaz və karbon emissiyasının səviyyəsinin azaldılması məqsədilə həmin istehsal müəssisələrinə maliyyə yardımı göstərilməsi üçün Karbon Fondu yaradılacaqdır. Xüsusən iri şəhərlərdə atmosferin nəqliyyat vasitələri tərəfindən çirklənməsinin qarşısının alınması məqsədilə intensiv hərəkət sahələrində qazanalizedici qurğular quraşdırılacaq və ümumilikdə atmosfer havasının monitorinqi sisteminin təkmilləşdirilməsinə dair tədbirlər həyata keçiriləcəkdir.

Alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində üzvi maddəli tullantılardan istilik və gübrə alınması üzrə texnologiyaların işlənilməsi, günəş və külək enerjisi ehtiyatlarından istifadə imkanlarının tədqiqi məqsədilə Abşeron və Quba-Xaçmaz regionlarında pilot enerji stansiyaları inşa ediləcəkdir. Həmçinin Xızıda (Bakı şəhərindən 100 km şimala) 6 elektrik enerjisi istehsal edən külək qurğuları inşa ediləcəkdir.

Tullantıların kompleks idarə olunması istiqamətində əmələ gələn bərk sənaye, kənd təsərrüfatı və məişət tullantılarının təkrar xammal, enerjidaşıyıcısı, gübrə, tikinti və kompozit materiallar kimi utilizasiya edilməsinə dair strategiya hazırlanacaq, həmçinin qeydiyyat və hesabat prosedurunun yaxşılaşdırılması vasitəsilə toplanmış və əmələ gələn tullantıların kəmiyyət və keyfiyyət üzrə qiymətləndirilməsi təkmilləşdiriləcəkdir. Həmçinin iri yaşayış məntəqələri üçün ekoloji və sanitar tələblərə cavab verən yeni tullantı poliqonlarının yaradılmasına dair təkliflər paketi hazırlanacaqdır. Eyni zamanda, mövcud tullantı poliqonlarının, qanuni və qeyri-qanuni zibilliklərin yeri, sahəsi, ətraf mühitə zərərlilik dərəcəsi və digər göstəriciləri üzrə qiymətləndirilmə aparılacaq, eləcə də onların modernləşdirilməsinə və yaxud ləğv edilməsinə dair təkliflər hazırlanacaqdır. Bakı şəhərində tullantıların emalı zavodları tikilib istifadəyə veriləcəkdir. Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2008-ci il tarixli 190s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda bərk tullantıların idarə olunması işinin təkmilləşdirilməsi üzrə Texniki Yardım Layihəsi həyata keçiriləcəkdir.

Dağ və sahilyanı ekosistemlərin kompleks idarə olunması istiqamətində bu ərazilərdə məskunlaşan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun təmin edilməsi məqsədilə həmin ərazilərdə təbii resurslardan geniş istifadəni tələb etməyən istehsal sahələrinin yaradılması dəstəklənəcəkdir. Eyni zamanda, ekosistemlərin idarə olunması, onların monitorinqi və inkişaf etdirilməsinə dair ərazidə məskunlaşmış yerli əhalinin maarifləndirilməsi məqsədilə yerlərdə ekoloji mərkəzlər təşkil olunacaqdır. Həmçinin əhəmiyyətli dərəcədə zədələnməyə məruz qalmış dağ və sahilyanı ekosistemlərin vəziyyətinin yaxşılaşdırılması üçün texniki və maliyyə yardımının göstərilməsi üzrə tədbirlər həyata keçiriləcəkdir.

Ətraf mühitin idarə olunmasını və mühafizəsini tənzimləyən normativ hüquqi baza beynəlxalq norma və standartlara, ölkənin qoşulduğu beynəlxalq konvensiya və müqavilələrin tələblərinə uyğunlaşdırılacaqdır, həmçinin ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinin daha təsirli əks etdirilməsi məqsədilə müvafiq qanunvericilik bazası təkmilləşdiriləcəkdir.

Ekoloji maarifləndirmənin və məlumatlandırmanın gücləndirilməsi istiqamətində mövcud qlobal və lokal ekoloji problemlərin sosial-iqtisadi aspektləri üzrə tədris vəsaitləri hazırlanacaq və bunların əhali arasında paylanılacaqdır. Təbii ehtiyatlardan səmərəli istifadə üzrə təbliğat materialları hazırlanaraq əhali arasında yayılması təşkil ediləcək, eləcə də ixtisaslaşmış kurslar vasitəsilə ekoloji təhsil sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Həmçinin ailələr, tədris müəssisələri, ətraf mühitə potensial təsiri olan sənaye-istehsal müəssisələri, eləcə də bu sahədə səlahiyyətli dövlət məmurları və rəsmiləri üçün müvafiq maarifləndirmə işi təşkil ediləcəkdir. Ekoloji idarəetmə məsələlərinə dair qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının təşviq edilməsi mexanizminin yaradılması istiqamətində də tədbirlər həyata keçiriləcəkdir.

 

 

6.4. Kommunal infrastrukturun inkişafı

 

6.4.1. Yoxsulluqla əlaqə

 

Sosial infrastrukturun, o cümlədən mənzil-kommunal təsərrüfatının və kommunal xidmətlər sisteminin vəziyyəti əhalinin yaşayış şəraitinə təsir göstərən əsas amillərdir. Yaşayış evlərinin, habelə sosial və digər təyinatlı obyektlərin, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin yetərli səviyyədə olmaması insanların həyatının keyfiyyətcə aşağı olmasına və məişət çətinliklərinin yaranmasına səbəb olur. Bu baxımdan, kommunal infrastrukturun yaxşılaşdırılması YADİDP çərçivəsində yoxsulluğun azaldılmasının vacib istiqamətidir.

Qeyd olunan aspektlə yanaşı, kommunal xidmətlərin səviyyəsi əhalinin həyat tərzinə təsir göstərməklə, insanların sağlamlığı ilə bağlı amil kimi mühümdür. Digər tərəfdən isə, kommunal xidmətlərin yüksək səviyyədə olması insanların məişət məsələlərinə daha az vaxt itirməkləri deməkdir. Bu isə yoxsulluq risklərinin azaldılması və gəlir əldə etmək imkanlarının genişləndirilməsi, həmcinin insan kapitalının inkişafı ilə sıx əlaqədədir.

 

 

6.4.2. YADİDP və kommunal sahə

 

YADİDP çərçivəsində respublika üzrə yaşayış məntəqələrində yaşayış evlərinin, habelə sosial və digər təyinatlı obyektlərin, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətlərinin yaradılması infrastruktur sahələrində prioritet olaraq davam etdiriləcəkdir. İstifadəyə verilən fərdi yaşayış fondunun artması, mənzillərin özəlləşdirilməsi prosesinin başa çatdırılması, bələdiyyə mülkiyyətinin formalaşması prosesinin həyata keçirilməsi, mənzil fondunun bazar iqtisadiyyatı şəraitində idarə olunması üçün dünya standartlarına uyğun yeni formaların təşkili və tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Bu məqsədlərə nail olmaq üçün mənzil-kommunal təsərrüfatı sahələrində islahatların həyata keçirilməsi davam etdiriləcəkdir. Bu sahədə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, yeni metodoloji bazanın yaradılması, kommunal xidmətlər sahələrinə investisiyaların cəlb edilməsi məqsədilə restrukturizasiya tədbirlərinin sürətləndirilməsi günün əsas tələbi kimi ön plana çəkiləcəkdir. Dövlət mənzil fondunun özəlləşdirilməsinin başa çatdırılması, çoxmərtəbəli binalarda (evlərdə) özəlləşdirilmiş mənzil mülkiyyətçilərinin payları əsasında mənzil mülkiyyətçilərinin birliklərinin (kondominiumların) yaradılması həyata keçiriləcəkdir. Bununla yanaşı, şəhərsalma qanunvericiliyinə uyğun olaraq respublika şəhərləri (qəsəbələri) üçün rayon planlaşdırma sxemlərinin və layihələrinin, Baş Planlarının mövcud qaydada hazırlanıb təsdiq olunması təmin ediləcəkdir. Bu sənədlər əsasında respublika əhalisinin məskunlaşmasının, təbii resurslarından istifadə olunmasının və istehsal güclərinin ərazilər üzrə yerləşdirilməsinin təmin olunması, memarlıq qaydaları əsasında mühəndis-infrastruktur obyektlərinin yenidənqurulması ilə bağlı işlərin həyata keçirilməsi davam etdiriləcəkdir. Bələdiyyələr və müvafiq icra orqanları tərəfindən tikinti üçün ayrılan torpaq sahələrinin mövcud infrastruktur sistemi ilə təchiz olunması və qanunvericiliyə uyğun şəkildə planlaşdırılmış ərazi üzrə kommunal xidmətlər şəbəkələrinin yaradılması, məişət tullantılarının toplanması və daşınması, zərərsizləşdirilməsi və emalı üzrə yeni müəssisələrin yaradılması, bu sahəyə özəl sektorun cəlb olunması nəzərdə tutulmuşdur.

Eyni zamanda elektrik enerjisinin təchizatını yaxşılaşdırmaq üçün ölkənin elektroenergetika sistemində yeni istilik və su elektrik stansiyalarının tikintisini, mövcud enerji bloklarının modernizasiyasını, alternativ enerji mənbələri hesabına güclərin artırılması istiqamətində işlərin sürətləndirilməsini, bununla yanaşı elektrik enerjisinin ötürülməsi və paylanmasını təmin etmək üçün yüksək gərginlikli paylayıcı xətlərin istismara verilməsi və respublikanın bütün inzibati rayonlarının paylayıcı sistemlərlə və transformator yarımstansiyalar ilə təchiz olunması nəzərdə tutulur. Elektrik enerjisinin istehsalında, ötürülməsində və paylanmasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarəetmə sisteminin qurulması məqsədilə bu sahədə restrukturizasiya tədbirlərinin həyata keçirilməsi davam etdiriləcəkdir.

Qaz təchizatı sektorunda maliyyə intizamının gücləndirilməsi, təbii qazın nəqli, yığılması və paylanması sahələrində bazar iqtisadiyyatına uyğun şəffaf idarəetmə strukturunun yaradılması məqsədilə müvafiq istiqamətlər üzrə islahatların həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, Azəriqaz QSC-nin restrukturizasiyası, təbii qazdan səmərəli istifadə edilməsi, onun paylanması və istehlakının uçota alınma səviyyəsinin artırılması və qaz istehlakçısı olan əhalinin qaz sayğacları ilə təmin olunmasının başa çatdırılması, itkilərin azaldılması, təbii qaz təchizatı sisteminin inkişafı istiqamətində təsərrüfatların maddi-texniki bazasının yaxşılaşdırılması, magistral və paylayıcı boru xətlərinin bərpası, yeraltı qaz anbarlarının yenidənqurulması ilə bağlı işlərin görülməsi, yeni yataqlardan hasil edilən təbii qazın nəqletmə sisteminin yenidən qurulması və qəbul etmə güclərinin artırılması, respublikanın qazla təmin edilməyən rayon mərkəzlərinin qaz təchizatının bərpası, şəhərlərdə çoxmərtəbəli binaların şaxtalarından keçən qaz borularının təhlükəsiz yerə çıxarılması, sayğacların quraşdırılmasının başa çatdırılması həyata keçiriləcəkdir.

İstilik təchizatı sektorunun mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsini təmin etmək üçün Azəristiliktəchizat ASC tərəfindən mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidənqurulması, yeni qazanxanaların tikintisi, binadaxili istilik şəbəkələrinin bərpa olunması, mərkəzləşdirilmiş istilik mənbələrindən avtonom qazanxanalara çevrilməsi üzrə tədbirlərin həyata keçirilməsi, hazırlanmış tədbirlər planı əsasında yenidənqurma və tikinti işlərini həyata keçirərək qazanxanaların istehsal gücünün artırılması, yaşayış binalarında, sosial təyinatlı və inzibati obyektlərdə istilik təchizatının bərpa olunması nəzərdə tutulmuşdur.

Suya artan tələbatın ödənilməsi və əhalinin beynəlxalq standartlara uyğun içməli su ilə təmin olunması problemlərinin həll olunması və bütövlükdə su sektorunun inkişafının təmin edilməsi məqsədilə Azərsu ASC tərəfindən dövlət zəmanətli kreditlə tikilən obyektlərin müəyyən olunmuş müddətdə istifadəyə verilməsi, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin başa çatdırılması, Bakı şəhəri üzrə su kəmərlərinin, anbarların, nasos stansiyalarının, paylayıcı şəbəkələrin, binadaxili su sistemlərinin və kanalizasiya təmizləyici qurğularının yenidən qurulması həyata keçiriləcəkdir.

İstifadə olunan suyun uçotunun aparılması məqsədilə sayğacların quraşdırılması işinin yekunlaşdırılması, göstərilən xidmətlərə görə yığım səviyyəsinin 100%-ə çatdırılması, göstərilən xidmət haqlarının elektron daşıyıcılarla istənilən bank və poçt şöbəsi vasitəsilə ödənişlərinin təmin olunması reallaşdırılacaqdır.

Həmçinin, su sektoruna investisiyaların cəlb edilməsi məqsədilə restrukturizasiya tədbirlərinin davam etdiriləcək, dünya standartlarına uyğun davamlı su təchizatının təmin olunması məqsədilə ölkənin bütün şəhərlərində və rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpa olunması və yeni xətlərin, qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin qanunvericiliyə uyğun olaraq cəlb olunması həyata keçiriləcəkdir.

 

 

6.5. Mədəni inkişaf

 

6.5.1. Yoxsulluqla əlaqə

 

Mədəni irsin qorunub saxlanılması və mədiyyətin inkişafı yoxsulluğun azalmasında qeyri-gəlir aspektləri ilə bağlıdır. Bu məsələlər cəmiyyətin inkişafının ayrılmaz hissəsi olmaqla bərabər, sosial-iqtisadi inkişafın digər sahələrində daha yüksək nailiyyətlərə zəmin yaradan amil kimi çıxış edir.

 

 

6.5.2. Mövcud vəziyyət və əsas problemlər

 

Maliyyə çatışmazlığına görə mədəni irsin qorunması sahəsində də problemlər meydana çıxmış və tarixi abidələr baxımsız hala düşmüşdür. Lakin son illər mədəni irsin qorunmasına diqqət artırılmış və Mədəni irsin qorunması layihəsi çərçivəsində Şirvanşahlar Saray kompleksində, Şəki Xan sarayında, Mömünə Xatun və Qudi Xatun türbələrində və iki minarədə bərpa-konservasiya işləri həyata keçirilmişdir. Eyni zamanda, mədəni irsin qorunması ilə bağlı təlimlər təşkil edilmiş, tarixi abidələrin ətrafında yaşayan icmaların bu abidələrin qorunmasına cəlb edilməsi və onlar üçün gəlir gətirən sahələrin yaradılması istiqamətində İçərişəhərdə (Bakı), Şəki və Naxçıvanda müvafiq tədbirlər həyata keçirilmişdir.

Mədəniyyət və incəsənət obyektlərindən bərabər istifadə imkanlarının genişləndirilməsi üçün onların maddi-texniki bazasının yaxşılaşdırılması zəruridir. Bu istiqamətdə son illərdə M.Maqomayev adına Dövlət Filarmoniyası, M.F.Axundov adına Milli Kitabxana, Lənkəran Dövlət Dram Teatrı əsaslı bərpa edilmişdir. Eyni zamanda, Bakı Xoreoqrafiya Məktəbinin, Dövlət İncəsənət Muzeyinin, gözdən əlillər üçün kitabxanaların, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin də maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə bu obyektlərdə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

 

 

6.5.3. YADİDP və mədəniyyət

 

YADİDP-də mədəniyyət sahəsinin inkişafı üzrə aşağıdakı prioritet istiqamətlər müəyyənləşdirilmişdir:

-           mədəni irsin qorunması və əhalinin ondan istifadə imkanlarının genişləndirilməsi;

-           mədəniyyət və incəsənət obyektlərinə çıxış imkanlarının yaxşılaşdırılması.

Mədəni irsin qorunması və ondan istifadə imkanlarının genişləndirilməsi istiqamətində Atəşgah məbədi, Gilgilçay səddi, Beşbarmaq səddi, Çıraqqala, Ramana qalası, Nardaran qalası, Mərdəkan qalaları, Şağan qalası və Ordubad şəhərində yerləşən kəhriz sistemi, eləcə də Şəki şəhərinin Qala tarix və mədəniyyət qoruğunun ərazisində yerləşən abidələr bərpa və konservasiya ediləcəkdir. Eyni zamanda, Bakı şəhərinin Qala kəndində açıq səma altında Qala mədəni-etnoqrafiya milli parkı yaradılacaqdır. Xalq tətbiqi sənətinin qorunması məqsədilə Bakı və regionlarda mövcud olan mədəniyyət evlərinin nəzdində xalq tətbiqi sənəti emalatxanaları təşkil ediləcəkdir. Mədəni turizm obyektləri kimi istifadəsi nəzərdə tutulan mədəniyyət obyektlərinin siyahısı və mədəni turizm marşrutları tərtib ediləcək, tarix və mədəniyyət abidələrinin ətrafında yaşayan icmalar bu abidələrin qorunmasına cəlb olunacaq və onların gəlir əldə etmək imkanları yaxşılaşdırılacaqdır.

Mədəniyyət və incəsənət obyektlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində mədəniyyət sahəsinin informasiya-kommunikasiya texnologiyaları ilə təminat səviyyəsi yaxşılaşdırılacaqdır. Mədəniyyət və incəsənət obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Kitabxananın və Dövlət İncəsənət Muzeyinin maddi-texniki bazası möhkəmləndiriləcək, muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzi yeni bina ilə təmin ediləcək, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, eləcə də "Muğam Evi" üçün binalar tikiləcəkdir. Həmçinin H.Əliyev adına Saray, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Film Fondu, Mingəçevir Dövlət Dram Teatrı və Bakı Dövlət Sirkində əsaslı təmir və yenidənqurma işləri aparılacaq və onlar modernləşdiriləcəkdir. C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası da modernləşdiriləcək, dövlət nəşriyyatları yığcam və çevik poliqrafiya bazaları ilə təmin ediləcək, dublyaj və dövlət sifarişi ilə kino çəkilişi işi təkmilləşdiriləcəkdir.

 

 

 

 

6.6. Gender siyasəti

 

6.6.1. Yoxsulluqla əlaqə

 

Ölkənin sosial-iqtisadi vəziyyəti hər bir vətəndaşın, xüsusilə də zəif qrupların nümayəndələrinin vəziyyətinə təsir edərək, ailələrin sosial deqradasiyasına səbəb olur. Bu doğum əmsalında, nikahın pozulması hallarının artmasında, uşaqların baxımsız qalmasında özünü büruzə verir.

Ailələrdə olan maddi çətinliklərlə nikahın pozulması, nikahsız yaşama və təkvalideynlilik arasında əlaqə mövcuddur. Keçid dövrünün ilk illərindən başlayaraq, nikahdankənar doğulmuş uşaqların sayında artım müşahidə edilmişdir. Belə ki, bu göstərici 1990-cı ildən indiyə kimi şəhər və kənd yerlərində müvafiq olaraq 3,3 və 6,6 dəfə artmışdır. Ehtimal olunur ki, əsasən kənd yerlərində baş verən bu artım erkən nikaha daxilolma və ya qeydiyyatsız nikah hallarının artması ilə əlaqədardır. Qadınlar üçün qanuni nikah yaşı 17 yaş müəyyən olunsa da, xüsusilə kənd yerlərində qızlar nikaha daha erkən yaşlarında daxil olurlar. Bu da, əsasən, qız uşaqlarının valideynlərinin onlar üçün gələcəkdə gözlənilən xərclərini erkən nikahın vasitəsilə azaltmaq, eləcə də qızlarının böyüməsi və gələcəkdə onların nikahı ilə bağlı yarana biləcək problemləri özlərindən kənarlaşdırmaq niyyətindən irəli gəlir. Erkən nikah halları fiziki, əqli, psixoloji və emosional təsirə malik olmaqla, qızları təhsil almaq imkanlarından məhrum etmiş olur və bununla da onların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırmış olur. Bundan əlavə, erkən nikahlar, adətən erkən hamiləliyə və doğuşa səbəb olur ki, bu da, ananın və uşağın sağlamlığı üçün təhlükəli ola bilər.

 

 

6.6.2. Mövcud vəziyyət və əsas problemlər

 

Azərbaycan Respublikası mövcud qanunvericilik aktları, eləcə də ölkənin qoşulduğu beynəlxalq konvensiyalar vasitəsilə götürdüyü öhdəliklər çərçivəsində gender bərabərliyi konsepsiyasını dəstəkləyir. Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Sərəncamı imzalanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında 2000-ci il 3 iyun tarixli Fərmanı qüvvəyə minmişdir. Azərbaycan həmçinin 1995-ci ildə BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası"na qoşulmuşdur. 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmış, 2006-cı ildə isə onun əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) formalaşdırılmışdır. 2006-cı il oktyabrın 10-da Gender (kişi və qadınların) bərabərliliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Digər MDB ölkələri kimi, Azərbaycan da orta və ali təhsil sahəsində gender bərabərliyinə nail olmuşdur. Bununla belə, mövcud məlumatlar göstərir ki, bəzi hallarda şagirdlər, xüsusilə kənd yerlərində, təhsilin əsas və orta pillələrində məktəbi tərk edirlər. Eyni zamanda təhsilin pilləsi artdıqca, orada təhsil alan qızların say nisbəti azalır. Belə ki, 2007/2008-ci tədris ilinin əvvəlinə qadınlar ümumtəhsil məktəblərində - 47,5%, peşə məktəblərində və liseylərdə - 28,5%, ali məktəblərdə - 47,0%, aspiranturada 28,4%, doktoranturada 27,5% təşkil etmişdir. Beləliklə, təhsildə gender bərabərliyi təmin olunsa da, bu bərabərliyin ölkədə baş verən çevik sosial-iqtisadi dəyişikliklər zamanı qorunub saxlanılması əsas məsələlərdən biridir. Bu sahədə mövcud vəziyyəti nəzarətdə saxlamaq üçün isə davamlı monitorinqlərin keçirilməsi zəruridir.

Azərbaycanda eyni vəzifədə çalışan kişi və qadınların əməkhaqlarında fərqlər olmasa da, idarəetmədə və yüksək məvacibli işlərdə çalışan kişi və qadınların nisbətində fərqlər mövcuddur. Belə ki, qadınlar, adətən, nisbətən az əməkhaqqı olan sahələrdə - səhiyyə və sosial xidmətlər (76,3%), təhsil (71,1%), ictimai, fərdi və digər sosial xarakterli işlərdə (57%) üstünlük təşkil edirlər.

Qadınlar ölkədə qərarların qəbul edilməsi prosesində nisbətən zəif təmsil olunmuşlar. Belə ki, hazırda mərkəzi icra hakimiyyəti orqanlarında qərar qəbuletmə səviyyəsində çalışanların yalnız 4,0%-ni, bələdiyyə üzvlərinin 4,1%-ni qadınlar təşkil edir. 2005-ci ildə keçirilmiş sonuncu parlament seçkilərinin nəticələrinə əsasən, Milli Məclis üzvlərinin 11,2%-i qadınlardan ibarətdir. Hakim vəzifəsində çalışan qadınların xüsusi çəkisi isə 14% təşkil edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da özəl sektorda idarəetmə vəzifələrində qadınlar zəif təmsil olunmuşdur. Bununla yanaşı, qadınlar əsasən idarəetmənin aşağı pillələrində cəmləşmişdir. Beləliklə, bu sahədə qarşıda duran əsas məsələ qadınların səlahiyyətlərinin, eləcə də siyasi və hüquqi məsələlərin müzakirəsində onların iştirakının və təmsil olunma səviyyəsinin artırılması məqsədilə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir.

Qadınların siyasi və iqtisadi sahədə zəif təmsil olunmalarını şərtləndirən səbəblərdən biri də keçid dövründə dövlət müəssisələrində uşaqlara qayğı ilə bağlı sosial xidmətlərin ləğv olunması nəticəsində qadınların məişət qayğılarının artması olmuşdur. Bu da onların mövcud hüquqlarının və yaşayış səviyyəsinin qorunub saxlanılması üçün zəruri olan vaxt imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Bu Dövlət Proqramının təhsil bölməsində göstərildiyi kimi, məktəbəqədər təhsil sisteminin yeniləşdirilməsi qadınlara və uşaqlara müsbət təsir edəcəkdir.

Gender sahəsində digər mühüm məsələ gender zorakılığıdır. Azərbaycan Respublikasının Konstitusiyası, milli normativ hüquqi baza və beynəlxalq müqavilələr vasitəsilə qadınların zorakılıqdan qorunmasına zəmanət verilsə də, real həyatda bu sahədə problemlər qalmaqdadır. Bir çox hallarda zorakılıq qurbanları ictimai məzəmmətdən qorxduqları və ya lazımi kömək üçün haraya müraciət etməli olduqlarını bilməmələri səbəbindən hüquq mühafizə orqanlarına müraciət etmirlər. Bu baxımdan, zorakılıq qurbanlarına yardım mexanizmlərinin təkmilləşdirilməsi və hüquq mühafizə orqanları işçilərinin onlarla işləmək və onlara yardım göstərmək bacarıqlarının artırılmasına ehtiyac vardır.

Bərabərsizlik və yoxsulluq insan alverinin kökündə duran səbəblərdəndir. İnsan alverinin qurbanları, adətən, qadınlar və uşaqlar olur. 2003-cü ildə BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının və onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolun ratifikasiya edilməsinə və 2004-cü ildə Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinə və həyata keçirilməsinə baxmayaraq, bu sahədə hələ də ciddi problemlər qalmaqdadır.

İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanında bu problemin daha səmərəli həll edilməsi məqsədilə müvafiq qanunvericilik, təşkilati, monitorinq və reabilitasiya tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Hazırda bu sahədə həmin Fərmanın icrasının təmin edilməsi üçün müvafiq tədbirlərin ardıcıl həyata keçirilməsi zəruridir.

 

 

6.6.3. YADİDP və gender bərabərliyi

 

Gender məsələsi kəsişən sahə kimi, YADİDP daxilində digər sahələrə inteqrasiya edilmişdir və gender sahəsində vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş spesifik tədbirlər Dövlət Proqramının başqa sektorlarını da əhatə edir. Belə ki, YADİDP təhsil, səhiyyə, əmək bazarı və məşğulluq, səmərəli idarəetmə, qaçqınlar və məcburi köçkünlər sektorlarında gender məsələlərinə xüsusi diqqət ayrılmışdır.

Bunlarla bərabər, gender sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq üçün YADİDP çərçivəsində aşağıdakı prioritet istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

 

-           gender bərabərliyi mexanizminin inkişaf etdirilməsi;

-           gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizənin gücləndirilməsi.

Gender bərabərliyi mexanizminin inkişaf etdirilməsi istiqamətində mövcud qanunvericilik və yeni qanun layihələrinin, eləcə də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin gender ekspertizası aparılacaqdır. Eyni zamanda, Beynəlxalq Əmək Təşkilatının Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında 156 saylı Konvensiyasının ratifikasiya edilməsi ilə bağlı zəruri tədbirlər, habelə gender bərabərliyi və ailə məsələləri üzrə Milli Fəaliyyət Planı həyata keçiriləcəkdir. Gender məsələləri üzrə məsul təşkilatların işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq təşkilatların iştirakı ilə Əlaqələndirmə Şurası yaradılacaq və onun potensialı gücləndiriləcək, eləcə də müvafiq strukturlarda gender siyasəti üzrə məsul şəxslər üçün vəzifə təlimatları hazırlanacaqdır.

Gender bərabərliyi ilə bağlı mövcud siyasətin monitorinqi və qiymətləndirilməsi üzrə məlumat bazası yaradılacaq, cinslər üzrə dezaqreqasiya edilmiş məlumatların toplanılması, təhlili və təqdimatı üzrə müvafiq strukturların potensialı gücləndiriləcəkdir. Eyni zamanda, qərarların qəbul edilməsi prosesində qadınların iştirakının artırılmasına mane olan səbəblər araşdırılacaq və ölkədə gender bərabərliyi üzrə vəziyyətin qiymətləndirilməsinə dair illik hesabatlar hazırlanacaqdır.

Gender bərabərliyi mexanizmlərinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud olan ən yaxşı beynəlxalq təcrübənin ölkədə tətbiqi imkanları araşdırılacaq, dövlət büdcəsindən ayırmaların gender təsiri üzrə təhlillərə dair müzakirələr təşkil ediləcək, eləcə də dövlət büdcəsinin formalaşdırılması prosesində gender amilinin nəzərə alınması mexanizmi tədqiq ediləcəkdir.

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində həmin halların aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması ilə məşğul olan hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, sosial xidmət və miqrasiya məsələləri ilə əlaqədar olan təşkilatların, eləcə də KİV-lərin potensialı gücləndiriləcəkdir. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsi və səmərəli əlaqələndirilməsi məqsədilə Milli Fəaliyyət Planı hazırlanacaq, eləcə də mövcud qanunvericilikdə bununla əlaqədar boşluqların müəyyən edilməsi üçün ekspertiza aparılacaqdır.

Eyni zamanda, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi yaradılacaq, zorakılığı yaradan səbəblər və onun qarşısının alınmasına mane olan amillərin müəyyən edilməsinə dair təhlillər aparılacaqdır. Erkən nikah hallarının azaldılması məqsədilə nikah yaşına təsir göstərən sosial-iqtisadi amillər tədqiq olunacaq, bununla əlaqədar mövcud qanunvericiliyin pozulması hallarına qarşı mübarizə və ictimai nəzarət gücləndiriləcəkdir.

İnsan alveri hallarına qarşı mübarizənin daha səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının icrası gücləndiriləcək, eləcə də qadınların ölkədən kənarda məşğulluğunun təhlükəli tərəfləri və mümkün nəticələri haqqında əhalinin maarifləndirilməsi təşkil ediləcəkdir.

 

 

6.7. Uşaq və gənclər siyasəti

 

6.7.1. Yoxsulluqla əlaqə

 

Davamlı iqtisadi inkişaf və yoxsulluğun azaldılması gənclərin ölkənin iqtisadi və sosial həyatında fəal iştirakını tələb edir. Gender məsələsində olduğu kimi, bu, insan hüquqları baxımından da əhəmiyyətlidir. Bütün uşaqlar və gənclər öz potensiallarını inkişaf etdirmək üçün eyni hüquq və imkanlara malik olmalıdırlar. Gənclərin ölkənin inkişafında məsuliyyətlərini dərk edə və bu inkişaf prosesinə öz töhfələrini verə bilmələri üçün onların cəmiyyətdə baxışlarının nəzərə alınması mexanizminin olması mühümdür. Uşaqların maraqları böyüklərin vasitəsilə (ailə və ya dövlət) təmin edilsə də, gənclərə öz hüquq və maraqlarını sərbəst şəkildə ifadə etmələrində və onların müdafiəsində bilavasitə yardım etmək mümkündür.

Eyni zamanda, ölkə iqtisadiyyatının və resursların gələcəkdə bugünkü gənclər tərəfindən idarə ediləcəyini nəzərə alaraq, onlara davamlı inkişaf konsepsiyasının əhəmiyyətini anlatmaq zəruridir.

Yoxsulluğun uşaqlara və böyüklərə təsiri müxtəlifdir. Tədqiqatlar göstərir ki, yoxsul ailədə böyümüş uşaqların öz valideynləri kimi yoxsul olma ehtimalı böyükdür. Belə ki, uşaqlıq illərində yaşanan yoxsulluq uşaqların bu günü üçün təhlükəli olaraq, onların gələcək inkişafına və imkanlarına mənfi təsir edir. Yoxsul ailələrdən olan uşaqların məktəbdə yaxşı oxumaq və bununla da, ali təhsil məktəblərinə daxil olmaq ehtimalı aşağıdır. Yoxsulluq, adətən, uşaqlarda qida çatışmazlığına səbəb olur ki, bu da onların həm fiziki, həm də əqli inkişafına mənfi təsir edir. Uşaqlar dövlət tərəfindən göstərilən təhsil və səhiyyə xidmətlərindən xüsusilə asılıdırlar. Valideyn himayəsindən məhrum olan uşaqlar da dövlətin müdafiəsi və qayğısından asılı olaraq, əhalinin xüsusi həssas qrupu hesab edilirlər. Bu baxımdan, səhiyyə, təhsil və sosial müdafiə sektorları çərçivəsində uşaq hüquqlarının qorunması və onların əsas ehtiyaclarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

 

6.7.2. Mövcud vəziyyət və əsas problemlər

 

Ölkə əhalisinin 55%-ni uşaq və gənclər təşkil edir. Gənclərin qarşılaşdığı əsas problemlərdən biri xüsusilə regionlarda və kənd yerlərində məşğulluq imkanlarının məhdud olmasıdır. Belə ki, qeydə alınmış işsizlərin 51%-ni gənclər təşkil edir. Bu səbəbdən, gənclərin əksəriyyəti ölkənin iri şəhərlərinə və yaxud digər ölkələrə miqrasiya edir. Onlar əksər hallarda şəraitsiz evlərdə yaşayır, maddi və mənəvi sıxıntılarla üzləşirlər. Bu qrup insanların münasib və təhlükəsiz iş yerlərinin tapılmasında yardıma ehtiyacları vardır.

Ordudan tərxis olunan gənclərə və uşaq müəssisələrini tərk edənlərə məşğulluq və yaşayış yeri tapmaqda xüsusi dəstək göstərilməlidir. Gənc insanların riskli işlərlə məşğul olmaq ehtimalı böyükdür və bu işlər zərərli vərdişlərlə nəticələnir (narkotik vasitələr, tütün məmulatları və alkoqollu içkilərdən istifadə), bəzən isə gənclərin sağlamlığına həmişəlik mənfi təsir edir (dəri-zöhrəvi xəstəliklər və İİÇV-yə yoluxma ilə nəticələnən təhlükəli cinsi əlaqə). Buna görə də, gənclərin sağlam həyat tərzinin üstünlükləri və riskli hərəkətlərin mümkün mənfi nəticələri barədə məlumatlılığının artırılması üçün valideynlərlə birgə təbliğatın aparılması zəruridir. Bu baxımdan, gənclərin idman qurğularına çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. İdman gənclərin yalnız fiziki cəhətdən deyil, eləcə də mənəvi cəhətdən sağlam inkişafı üçün çox əhəmiyyətlidir.

Gənclərin qarşılaşdığı digər problem gənc ailələrin yaşayış üçün münasib mənzil əldə etmək imkanlarının zəif olmasıdır ki, bu da böyük ailələrin sıx məskunlaşmasına səbəb olur. Eyni zamanda, gənclər arasında elə xüsusi həssas qruplar vardır ki, onlara maddi və digər yardımların edilməsi, həmçinin cəmiyyətə inteqrasiya prosesində onlara dəstək verilməsi üçün tədbirlər planına ehtiyac vardır. Bu qrupa gənc əlilləri və uşaq müəssisələrində böyümüş gəncləri aid etmək olar.

 

 

 

6.7.3. YADİDP: uşaq və gənclər

 

Bu sahədə əsas prioritet istiqamət gənclərin hərtərəfli inkişafını təmin edə bilən münasib şəraitin yaradılması və gənclərin üzləşdiyi problemlərin həlli istiqamətində daha konkret addımların atılmasıdır. Bu sahə ilə əlaqəli olan bir sıra məsələlərə digər sektorlarda da toxunulmuşdur. Buna misal olaraq, iqtisadi inkişaf (yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və gənc ailələrə ipoteka kreditlərinin ayrılması), səhiyyə (sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumatlandırma), təhsil (bərabər təhsil imkanları), sosial müdafiə (gənclərin, xüsusilə həssas qruplarının, o cümlədən əlil gənclərin sosial müdafiəsi) və məşğulluq (gənclərin məşğulluğuna yardım) sektorlarını misal göstərmək olar.

Uşaq və gənclər sektorunda yuxarıda qeyd edilən tədbirlərlə yanaşı, YADİDP çərçivəsində əsasən aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-          gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsi;

-          gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı üçün şəraitin genişləndirilməsi;

-          gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı gənclərə hərtərəfli dövlət dəstəyinin göstərilməsi;

-          uşaq siyasətinin gücləndirilməsi.

Gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsi istiqamətində narkomanlığın və digər neqativ halların profilaktikası məqsədilə maarifləndirmənin genişləndirilməsi nəzərdə tutulur.

Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi istiqamətində dövlət gənclər siyasətinin əsas sahələri üzrə proqram və layihələr həyata keçiriləcək, gənclərlə bağlı qəzet və jurnalların nəşri genişləndiriləcək, gənclərlə bağlı aktual məsələlər üzrə televiziya və radio verilişləri proqramlarının hazırlanması dəstəklənəcək, eləcə də gənclərin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə gənc liderlər proqramı həyata keçiriləcəkdir.

Gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi istiqamətində elm, təhsil, mədəniyyət, incəsənət və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş istedadlı gənclər üçün Dövlət Gənclər Mükafatı təsis ediləcək, orta məktəb şagirdləri arasında Şahin və Cəsurlar hərbi-idman oyunları, həmçinin "Vətənin müdafiəsinə hazıram!" çoxnövçülük yarışları təşkil ediləcək və bu məqsədlə şəhər və rayonlarda təhsil müəssisələrinin bazasından istifadə etməklə təlim-məşq mərkəzləri yaradılacaq, məktəblər müvafiq təlim silahları və digər zəruri əyani vəsaitlərlə təmin ediləcək, eləcə də çağırışaqədərki hazırlıq fənni təkmilləşdiriləcəkdir.

Uşaq siyasətinin gücləndirilməsi istiqamətində BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına uyğun olaraq, Uşaq Hüquqları üzrə Milli Fəaliyyət Planı həyata keçiriləcək, uşaq məsələləri ilə məşğul olan təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Əlaqələndirmə Şurası yaradılacaq, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq sənədlərə və beynəlxalq təcrübəyə, həmçinin mövcud qanunvericiliyə dair əhali arasında maarifləndirmə genişləndiriləcəkdir.

 

 

6.8. Ailə siyasəti

6.8.1.Yoxsulluqla əlaqə

Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə mühüm anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial statusunun və özünütəsdiqin vacib amilidir.

Ailə sosial təsisat kimi, cəmiyyətin başqa (siyasət, din və s. kimi) sosial təsisatlarının təsiri altındadır. Digər tərəfdən, ailə hər hansı cəmiyyətin xüsusiyyətlərini, eləcə də, insan şəxsiyyətinin dəyərlər sistemini, ideallarını, mədəniyyətinə, xalqına, əməyə münasibətini müəyyən edir. Xüsusi əhəmiyyət kəsb edən gender münasibətləri, insanın reproduktiv davranışı və bu amillərin demoqrafiya proseslərinə olan təsirləridir. Məsələn, qadınların öz ictimai fəallıqlarını ailəyə qurban verməsi ailənin iqtisadi vəziyyətinə mənfi təsir edə bilər. Bununla bərabər, qadının yüksək ictimai fəallığı ölkədə doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur.

 

6.8.2. Mövcud vəziyyət və əsas problemlər

 

2008-ci il yanvarın 1-i tarixinə Azərbaycan Respublikasında 1810,5 min ailə yaşayır. Ailənin tərkibi, vətəndaşların nikah vəziyyəti və ailədaxili münasibətlər hər bir ölkədə və cəmiyyətdə gender münasibətlərini əks etdirən göstəricilərdir. Siyasi və iqtisadi keçid dövrünü yaşayan Azərbaycanda nikah və ailə münasibətləri də daxil olmaqla, eyni zamanda sosial normalar, ənənələr və mədəni meyarlar köklü şəkildə dəyişir.

Azərbaycanda XX əsrin ortalarına qədər mürəkkəb tipli ailələr üstünlük təşkil edirdi ki, bu ailələrdə də bir-biri ilə qohumluğu olan bir neçə nəslin nümayəndələri yaşayırdı.

Son illərdə keçirilən tədqiqatlar göstərir ki, müasir azərbaycan ailəsinin modeli dəyişməkdədir. Ölkədə əsasən nüvə ailələr, yəni valideyn və uşaqlardan (bir nəsil) ibarət olan ailələr üstünlük təşkil edir. Mürəkkəb tərkibli ailələrə isə, xüsusilə də şəhərlərdə, getdikcə az rast gəlinir.

Eyni zamanda, ailələrin tərkib sayı da azalmışdır. Bu həm də qadınların iqtisadi və ictimai fəallıqlarının artması ilə əlaqədar doğum səviyyəsinin aşağı düşməsi və nəticədə ailədə uşaqların sayının azalması hesabına baş verir.

6.8.3. YADİDP və ailə

 

Bu sahədə əsas prioritet istiqamət cəmiyyətin nüvə strukturu hesab edilən ailənin, ailədaxili münasibətlərin möhkəmləndirilməsi, inkişaf etdirilməsi və bununla güclü dövlətin qurulmasına, ümumiyyətlə ölkənin tərəqqisinə təkan və töhfə verməkdən ibarətdir.

Ailə siyasəti sahəsində, YADİDP çərçivəsində əsasən aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

 

-          ailə siyasətinin gücləndirilməsi;

-          ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi;

-          ailədə gender bərabərliyinin təmin edilməsi;

-          ailədaxili münasibətlərin möhkəmləndirilməsi;

-          ailə zorakılığının profilaktikası və nəticələrinin aradan qaldırılması;

-          erkən nikaha daxil olmanın qarşısının alınması.

Ailə siyasətinin gücləndirilməsi sahəsində əsas istiqamətləri demoqrafik problemlər, ailə planlaşdırılması, reproduktiv sağlamlıq, ailələrin sosial müdafiəsi təşkil edəcəkdir.

Ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi sahəsində dəstəklənməsinin normativ hüquqi və institusional bazası təkmilləşdiriləcəkdir, qloballaşmanın ailələrə təsirini öyrənmək məqsədilə müqayisəli tədqiqatlar keçiriləcək və tədqiqatların nəticələri əsasında ailə üzrə indikatorlar işlənib hazırlanacaq, respublikada ailə-demoqrafiya proseslərinin proqnozlaşdırılması və modelləşdirilməsi həyata keçiriləcəkdir.

Ailədə gender bərabərliyinin təmin edilməsi sahəsində gender bərabərliyi prinsiplərini nəzərə almaqla ailə problemləri üzrə tədqiqatlar aparılacaq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin gender təhlili aparılaraq , zəruri hallarda mövcud qanunvericiliyə müvafiq düzəlişlər ediləcəkdir.

Ailədaxili münasibətlərin möhkəmləndirilməsi sahəsində ailə çərçivəsində asudə vaxtın təşkili ilə bağlı layihələr (ailəvi turizm, ailəvi idman tədbirləri və s.) işlənib hazırlanacaq və həyata keçiriləcəkdir. Eyni zamanda psixoloji yardım üzrə ixtisaslaşan ailə məsləhət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

Ailə zorakılığının profilaktikası və nəticələrinin aradan qaldırılması sahəsində məişət zorakılığı ilə bağlı real vəziyyətin aşkar edilməsi üçün reprezentativ tədqiqatlar aparılacaq, zorakılıq hərəkətləri törətmiş şəxslərlə iş üzrə proqramlar işlənib hazırlanacaq və həyata keçiriləcəkdir, zorakılıq qurbanları üçün dövlət sığınacaqlarının və böhran mərkəzlərinin təşkili sahəsində qanunvericilik bazası yaradılacaqdır.

Erkən nikaha daxil olmanın qarşısının alınması sahəsində erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görüləcəkdir.

 

 

Fəsil 7

 

İNSTİTUSİONAL SİYASƏT VƏ SƏMƏRƏLİ İDARƏETMƏ

 

7.1. Yoxsulluqla əlaqə

 

Yoxsulluğun azaldılması sahəsində siyasətin uğurla həyata keçirilməsi üçün müvafiq qanunvericiliklə tənzimlənən və münasib ədliyyə sistemi ilə möhkəmləndirilən, eləcə də peşəkar kadrlarla təmin olunan güclü, şəffaf və cavabdeh ictimai təsisatların mövcudluğu zəruridir. Bu baxımdan, yoxsulluğun azaldılması milli səviyyədə ictimai təsisatların səmərəli fəaliyyətindən və onların təsirlilik səviyyəsindən çox asılıdır. İnstitusional təkmilləşdirmə tədbirlərinin ardıcıl olaraq həyata keçirilməsi, dünya təsərrüfat sisteminə inteqrasiya və rəqabət qabiliyyətliliyin təmin edilməsi üçün zəruri olan adaptiv dəyişikliklərin əsas mahiyyətini təşkil edir.

YADİDP dövlət sektorunda islahatların aparılmasını və səmərəli idarəetmənin təmin edilməsini yoxsulluğun azaldılmasında mərkəzi amil kimi qəbul edərək, Azərbaycanın bu istiqamətdə 2015-ci ilin sonunadək AB-nin norma və standartlarına uyğunlaşmasının təmin edilməsini zəruri hesab edir.

 

7.2. Mövcud vəziyyət və əsas problemlər

 

1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbaycan Respublikası mürəkkəb siyasi və institusional inkişaf dövrü keçmişdir. Sovet İttifaqının dağılması nəticəsində ittifaqdaxili təsərrüfat əlaqələrinin pozulması, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin beşdə birinin işğal edilməsi 20 mindən çox insanın ölümünə, bir milyon nəfərin qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş və yaranmış vəziyyət institusional islahatların aparılmasına maneçilik törətmişdir.

Ötən əsrin sonlarından etibarən ölkədə idarəetmə standartlarının təkmilləşdirilməsi, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət təsisatlarının transformasiyası məqsədilə institusional islahatların həyata keçirilməsinə başlanılmışdır. İnstitusional islahatlar prosesini istiqamətləndirmək məqsədilə 1998-ci ildə dövlət idarəetmə sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradılmış və aşağıdakı 4 istiqamətdə işçi qrupu fəaliyyətə başlamışdır:

1)      dövlət xərclərinin idarəolunması sisteminin yenidən qurulması;

2)      audit sistemində islahatlar;

3)      dövlət idarəetmə sistemində islahatlar;

4)      məhkəmə-hüquq islahatları.

Ötən dövr ərzində bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə olunmuş, bazar iqtisadiyyatında əhəmiyyəti olmayan müvafiq qurumların ləğv edilməsi ilə dövlət təsisatlarının sayı optimallaşdırılmış, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət və funksiyaları dəqiqləşdirilmiş, eləcə də onların müvafiq strukturlarının birləşdirilməsi və ya ləğv edilməsi yolu ilə funksional təkmilləşdirilməsi həyata keçirilmişdir. Həmçinin dövlət qurumlarının tənzimləmə və təsərrüfat funksiyalarının bir-birindən ayrılması sahəsində əhəmiyyətli uğurlar əldə olunmuşdur.

Dövlət qulluğu sahəsində qanunvericilik bazasının formalaşdırılması məqsədilə 2000-ci ildə Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və ötən dövr ərzində ona bir sıra əlavə və dəyişikliklər edilmişdir. Dövlət qulluğu sistemində islahatların davam etdirilməsi məqsədilə və yuxarıda qeyd olunan Qanunun tələblərindən irəli gələrək, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmış və ölkə Prezidentinin 2005-ci il 3 iyun tarixli Fərmanı ilə bu Komissiya haqqında Əsasnamə təsdiq edilmişdir. Eyni zamanda, dövlət qulluğu sahəsində islahatların sistemliliyini təmin etmək üçün Dövlət Qulluğunu İdarəetmə Şurası təsis olunmuşdur. Dövlət qulluğu sistemində aparılan islahatlara uyğun olaraq, dövlət qulluqçularının əməkhaqları davamlı şəkildə artırılmış və sosial müdafiəsi gücləndirilmişdir. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Həyata keçirilmiş məhkəmə və hüquq islahatları nəticəsində milli qanunvericilik bazasının beynəlxalq norma və standartlara uyğunlaşdırılması aparılmış, ədliyyə sistemi təkmilləşdirilmiş, yeni üçpilləli məhkəmə sistemi yaradılmış, eləcə də hakimlərin seçilməsi üçün yeni prosedurlar müəyyənləşdirilərək, onlar üçün imtahan və test sistemləri tətbiq edilmişdir. Həmçinin yoxsul əhalinin hüquqları və hüquqi müdafiə mexanizmləri barədə maarifləndirmənin təşkil edilməsi, onlar üçün ödənişsiz və münasib hüquqi xidmətlərin təmin edilməsi məqsədilə hüquqi məsləhət xidməti mərkəzləri yaradılmışdır.

Azərbaycan AŞ-nın Korrupsiyaya qarşı Dövlətlər Qrupuna (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) çərçivəsində İstanbul Antikorrupsiya Fəaliyyət Planına və Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuşdur. 2004-cü ildə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) qəbul edilmiş və korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarını möhkəmləndirmək üçün qanunvericilik bazasına müvafiq dəyişikliklər edilmişdir. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, eləcə də Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Eyni zamanda, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı (2007-2011-ci illər) qəbul edilmişdir.

Nəzərəçarpacaq uğurlardan biri də Azərbaycan Respublikasının 2003-cü ildə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulmasıdır. Bu məqsədlə yaradılmış MHŞT üzrə Milli Komissiya Azərbaycanda fəaliyyət göstərən beynəlxalq neft şirkətləri və milli QHT Forumu ilə anlaşma memorandumu imzalamışdır. Dövlət neft gəlirlərinin ölkənin mənafeyi üçün səmərəli və şəffaf şəkildə idarə olunması vasitəsilə qara qızılın insan qızılına çevrilməsi vəzifəsini prioritet kimi müəyyənləşdirmişdir. 2005-ci ildə Azərbaycan hasilat sənayesindən əldə olunan dövlət gəlirlərinə dair ilk hesabatı MHŞT üzrə Komissiyaya təqdim edərkən bu öhdəlik xüsusi qeyd edilmişdir. Bu hesabat vətəndaş cəmiyyətinin fəal iştirakı ilə beynəlxalq audit şirkəti tərəfindən hazırlanmışdır.

Əks-mərkəzləşdirmə prosesinə 1999-cu ildə 2667 bələdiyyənin yaradılması ilə başlanılmışdır. Bələdiyyələr hazırda həyata keçirilən islahatlar nəticəsində əks-mərkəzləşdirmə və vətəndaş cəmiyyətinin demokratikləşdirilməsi, eləcə də əhalinin səfərbər olunması və yerlərdə yoxsulluqla birgə mübarizə sahəsində mühüm rol oynayan qərarverici quruma çevrilmişdir.

Lakin mövcud təcrübə göstərir ki, bələdiyyələr, əsasən, qanunvericilikdə qeyri-müəyyənliklərin, eləcə də onlarla digər yerli icra qurumları arasında hüquq və səlahiyyət bölgüsündəki boşluqların olması, həmçinin öz yeni funksiyalarını səmərəli şəkildə həyata keçirmək üçün maliyyə vəsaitinin çatışmazlığı kimi problemlərlə qarşılaşırlar. Yerlərdə sosial-iqtisadi inkişafa dair məsələlərin həyata keçirilməsi, eləcə də yoxsulluğun azaldılmasında bələdiyyələrin rolunun artırılması məqsədilə onların potensialının gücləndirilməsinə ehtiyac vardır.

Azərbaycan Respublikası 2005-ci ildə BMT-nin İnsan Hüquqları üzrə Şurasına qəbul olunmuş, bununla da, insan hüquqlarının və əsas azadlıqların qorunması və inkişaf etdirilməsi, o cümlədən irqçilik və irqi ayrı-seçkiliklə mübarizə, uşaq hüquqlarının, eləcə də mülki və siyasi hüquqların qorunması, gender bərabərliyi, qadınların cəmiyyətdə rolunun artırılması və digər məsələlər üzrə öhdəliyini bir daha təsdiq etmişdir. Ölkə insan hüquqlarına dair bütün əsas beynəlxalq və regional sazişlərə qoşulmuş və 2001-ci ildə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatının yaradılması da daxil olmaqla, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının obyektiv meyarlar kimi qəbul etdiyi insan hüquqlarına dair müddəalar AB-nin norma və standartlarının ana xəttini təşkil edir və YADİDP-in prioritet istiqamətlərində ayrıca qeyd edilməsə də, siyasət tədbirlərinin əksəriyyətində nəzərə alınmışdır.

 

 

7.3. YADİDP və səmərəli idarəetmə

 

YADİDP dövlət idarəetmə sahəsində beynəlxalq miqyasda mütərəqqi hesab edilən təcrübə və standartların tətbiq edilməsinin əhəmiyyətini qəbul edərək, bu prosesin yoxsulluğun azaldılması strategiyasında aparıcı rol oynadığını vurğulayır. Bu baxımdan, YADİDP-də yoxsulluğun azaldılması sahəsində siyasətin uğurla həyata keçirilməsi üçün münasib ədliyyə sistemi ilə möhkəmləndirilmiş, müvafiq qanunlarla tənzimlənən və peşəkar kadrlarla təmin olunan güclü, şəffaf idarəetmə institutlarının mövcudluğu vacibdir.

YADİDP çərçivəsində səmərəli idarəetmə və institusional siyasət sahəsində əsasən aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-        dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi;

-        dövlət qulluğu sistemində islahatlar;

-        məhkəmə-hüquq islahatları;

-        korrupsiyaya qarşı mübarizə;

-        mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsü;

-        əks-mərkəzləşdirmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi;

-        insan hüquqları üzrə beynəlxalq norma və standartların tətbiq edilməsi.

Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi. Bu sahədə islahatlar əsasən dövlət qurumlarının səlahiyyətlərinin və strukturunun optimallaşdırılmasına, eləcə də nəqliyyat, telekommunikasiya, yanacaq-energetika və digər sahələrdə təsərrüfat və tənzimləmə funksiyalarının bir-birindən ayrılmasına istiqamətlənəcəkdir. Eyni zamanda, dövlət idarəetməsində struktur islahatları zamanı meydana gələn ixtisarların mənfi təsirinin azaldılmasına dair tədbirlər planı hazırlanaraq həyata keçiriləcəkdir. YADİDP çərçivəsində vergi və gömrük orqanlarının fəaliyyəti, eləcə də dövlət xərclərinin idarə olunması prosesi və xəzinədarlığın işi təkmilləşdiriləcək, eləcə də beynəlxalq maliyyə uçotu standartlarına keçid yekunlaşdırılacaqdır.

Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratiyanın azaldılması məqsədilə Elektron hökumət formalaşdırılacaq və inkişaf etdiriləcək, bu istiqamətdə Fəaliyyət Proqramı və mərkəzi icra orqanlarının internet səhifələrinə tətbiq olunacaq vahid standartlar hazırlanacaqdır. Qərarların qəbul edilməsi prosesində şəffaflığın artırılması və vətəndaş cəmiyyətinin bu proseslərdə fəal iştirakının dəstəklənməsi üçün qanun layihələrinin, habelə əhalinin həyat səviyyəsinə təsir göstərə biləcək qərarların ictimai müzakirəsi mexanizmi təkmilləşdiriləcəkdir.

Dövlət qulluğu sistemində islahatlar. Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın potensialı gücləndiriləcək, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və rotasiya sistemi formalaşdırılacaq, dövlət qulluğu sistemində daxili nəzarət təşkil ediləcək, eləcə də dövlət qulluqçularının etik davranış kodeksi və vətəndaşlarla davranış standartları tətbiq ediləcəkdir.

Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi məqsədilə qəbul sisteminə dair mövcud qanunvericilik təkmilləşdiriləcək, dövlət qulluğu vəzifələri üçün vəzifə təlimatları, şərtləri və tələblərinin hazırlanması işi gücləndiriləcək, dövlət qulluqçularının hazırlanması üçün Fəaliyyət Planı hazırlanacaq, eləcə də dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi təkmilləşdiriləcəkdir.

Yüksək ixtisaslı kadrların dövlət qulluğuna cəlb olunması və onların işinin keyfiyyətinin yaxşılaşdırılması üçün onların sosial müdafiəsi sistemi gücləndiriləcəkdir. Eyni zamanda, təlimlər vasitəsilə dövlət qulluqçularının dövlət idarəetməsi, korrupsiyaya qarşı mübarizə, gender və digər sahələrdə potensialı gücləndiriləcəkdir.

Məhkəmə-hüquq islahatları. Əhalinin, xüsusən də yoxsul və həssas qrupların, hüquqi təsisatlardan və müvafiq xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə məhkəmə-hüquq islahatları davam etdiriləcəkdir.

Yoxsul əhalinin öz hüquqları barədə maarifləndirilməsi və onlara ödənişsiz hüquqi yardım xidmətinin göstərilməsi üçün regionlarda hüquqi məsləhət xidmətləri mərkəzlərinin şəbəkəsi genişləndiriləcək, eləcə də əhalinin hüquqi təsisatlara müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə digər zəruri tədbirlər görüləcəkdir.

Eyni zamanda, məhkəmə-hüquq sistemi işçilərinin peşəkarlıq səviyyəsinin artırılması üçün məhkəmə-hüquq işçilərinin potensialı gücləndiriləcək, eləcə də məhkəmələrin fəaliyyətində yeni texnologiyaların istifadəsi genişləndiriləcəkdir.

Təqsirləndirilən şəxslərin və məhkumların hüquqi biliklərinin artırılması, onların saxlanma şəraitinin yaxşılaşdırılması və sağlamlığının qorunması hüququnun təmin edilməsi məqsədilə penitensiar müəssisələrin tibbi-sanitariya və müalicə müəssisələri müasirləşdiriləcək, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin mühafizə sistemi gücləndiriləcək, kitabxanalar və idman meydançaları yaradılacaq, eləcə də məhkumlar arasında maarifləndirmə işi genişləndiriləcəkdir.

Məhkumların cəmiyyətə yenidən inteqrasiya və adaptasiya olunması istiqamətində onların azadlığa buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsi məqsədilə cəzaçəkmə müəssisələrində istehsal sahələrinin yaradılması davam etdiriləcək, eləcə də həmin şəxslərin cəmiyyətə yenidən inteqrasiyası prosesinə yardım etmək məqsədilə əhali arasında maarifləndirmə gücləndiriləcəkdir.

Yuvenal ədliyyənin inkişaf etdirilməsi məqsədilə yuvenal hakimlər korpusu və müstəqil Yuvenal Polis Departamenti təsis ediləcək, yuvenal məhkəmə işləri ilə məşğul olan hüquqşünasların (vəkillərin) bacarıqları artırılacaq, eləcə də yuvenal ədliyyə sistemi modeli yaradılaraq, seçilmiş pilot rayonlarda tətbiq ediləcəkdir.

Əhali haqqında daha dəqiq və etibarlı məlumat mənbəyinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri yaradılmışdır. Bu zaman, yeni doğulmuş körpələr və uşaqlar arasında ölüm hallarının monitorinqinin təkmilləşdirilməsi məqsədilə ucqar bölgələrdə yeni doğulmuş uşaqların qeydiyyatının yaxşılaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir.

Eyni zamanda, qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər barədə məlumat bankının formalaşdırılması işi davam etdiriləcəkdir.

YADİDP çərçivəsində məhkəmə-hüquq orqanlarının maddi-texniki bazası gücləndiriləcək, məhkəmə ekspertizası işinin avadanlıq təminatı yaxşılaşdırılacaq, eləcə də ədliyyə orqanları binalarının Dövlət İnvestisiya Proqramı çərçivəsində tikintisi və bərpası işi təşkil ediləcəkdir.

Korrupsiyaya qarşı mübarizə. YADİDP çərçivəsində mövcud normativ hüquqi aktların korrupsiyaya qarşı mübarizə baxımından ekspertizası həyata keçiriləcək, hüquq mühafizə orqanlarının korrupsiya ilə mübarizə sahəsində potensialı gücləndiriləcək, maarifləndirmə və təlimlər təşkil ediləcək, korrupsiya hüquqpozmalarına qarşı mübarizəni həyata keçirən yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişləndiriləcək, eləcə də kompleks monitorinq sistemi və vahid informasiya bazası yaradılacaqdır. Korrupsiya ilə bağlı cinayətlər haqqında dövri statistik hesabatlar tərtib edilərək mütəmadi olaraq ictimaiyyətə çatdırılacaqdır.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü. MHŞT barəsində ictimai məlumatlılıq artırılacaq, bu sahədə beynəlxalq təşəbbüslərdə iştirak genişləndiriləcək, müvafiq hesabatların müntəzəm nəşri davam etdiriləcək, eləcə də maraqlı tərəflərin bu təşəbbüsdə iştirakı dəstəklənəcəkdir.

Əks-mərkəzləşdirmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi. YADİDP çərçivəsində bələdiyyələrin fəaliyyəti təkmilləşdirilərək, onların potensialı gücləndiriləcəkdir. Belə ki, yerli özünüidarəetmə və yerli icra hakimiyyəti orqanları arasında hüquq və səlahiyyət bölgüsünü dəqiqləşdirmək məqsədilə bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdiriləcək və burada mövcud olan boşluqların aradan qaldırılması üçün müvafiq ekspertizalar aparılacaqdır.

Bələdiyyələrin maliyyə əsaslarının gücləndirilməsi üçün dövlət büdcəsindən bələdiyyə büdcələrinə dotasiyanın ayrılması mexanizmi təkmilləşdiriləcək, yerli vergi və ödənişlərin toplanmasında bələdiyyələrlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq idarələri arasında əməkdaşlıq gücləndiriləcək, bələdiyyələrə aid əmlakla əlaqədar müvafiq sənədlərin verilməsi prosesi sürətləndiriləcəkdir.

Bələdiyyələrin institusional inkişafının gücləndirilməsi tədbirləri davam etdiriləcəkdir. Bələdiyyə assosiasiyalarının yaradılması dəstəklənəcək, eləcə də bələdiyyələrin maliyyə-təsərrüfat fəaliyyəti üzərində dövlət və ictimai nəzarət mexanizmi təkmilləşdiriləcəkdir. Bələdiyyələrin potensialının inkişaf etdirilməsi məqsədilə bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlər təşkil olunacaq, bu sahədə ölkə daxilində və beynəlxalq səviyyədə təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də dövlət təhsil sistemində bələdiyyə idarəçiliyi sahəsində ixtisaslaşmış kadrların hazırlanması dəstəklənəcəkdir.

YADİDP çərçivəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi, yerli əhəmiyyətli problemlərin həllində icmaların rolunun artırılması və icma əsaslı inkişafın dəstəklənməsi məqsədilə QHT-lərin fəaliyyəti dəstəklənəcəkdir.

İnsan hüquqları üzrə beynəlxalq norma və standartların tətbiq edilməsi. Azərbaycan insan hüquqları üzrə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasında fəal iştirakını davam etdirəcək, həmçinin regional və beynəlxalq konvensiyaları və standartları dəstəkləyəcəkdir. Bu konvensiyalar üzrə Azərbaycanın götürdüyü öhdəliklər, o cümlədən uşaqların hüquqlarının qorunması, irqçilik və irqi ayrı-seçkiliklə mübarizə, eləcə də gender bərabərliyi və qadınların cəmiyyətdə rolunun artırılması məsələləri YADİDP-in əksər siyasət tədbirlərində əks olunmuşdur.

 

 

Fəsil 8

 

İŞTİRAK VƏ MONİTORİNQ

 

YADİDP-in başlıca xüsusiyyətlərindən biri yoxsulluğa qarşı mübarizədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların səylərinin bir araya gətirilməsinə yönəlmiş iştirak prosesidir. İştirak prosesinin əsas məqsədlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

-        yoxsulluğa qarşı mübarizədə hökumət nümayəndələri ilə vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların səylərinin sıx şəkildə əlaqələndirilməsi;

-        hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasında səmərəli dialoq prosesinin təkmilləşdirilməsi;

-        yoxsulluğun azaldılması istiqamətində dövlət strategiyası, eləcə də bu istiqamətdə həyata keçirilən dövlət proqramlarının icra vəziyyəti barədə əhalinin məlumatlılığının artırılması;

-        prioritetlərin daha düzgün müəyyənləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərin əhalinin yaşayış səviyyəsinə təsirinə dair müzakirələrin genişləndirilməsi;

-        Dövlət Proqramının icra prosesinə əhalinin daha fəal cəlb edilməsi.

 

YADİDP-in icrasının ictimai monitorinq mexanizmi vasitəsilə izlənilməsinin təmin edilməsi ilə yanaşı, ölkədə həmin dövrdə sözügedən Dövlət Proqramının yekun nəticələrinin monitorinqi imkanlarının təkmilləşdirilməsi üçün müvafiq məlumatların toplanılması metodları və standartları təkmilləşdiriləcəkdir.

 

 


İXTİSARLAR [3]

AB

Avropa Birliyi

ABOEMDA[4]

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

ABŞBİA

ABŞ Beynəlxalq İnkişaf Agentliyi

ABŞ MTİF

ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu

ADİF

Abu-Dabi İnkişaf Fondu

AİB

Almaniya İnkişaf Bankı

AİF

Azərbaycan İpoteka Fondu

AQUPDK

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

AHİK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

ANAMA (ƏMTMA)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası

AMEF

Azərbaycan Milli Elm Fondu

ARDNF

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

SOCAR [5]

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

ARPTK

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya

AS(İ)TMK

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası

AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı

AsİB

Asiya İnkişaf Bankı

Avropa Şurası

ATƏT

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

ATU

Azərbaycan Tibb Universiteti

BİA

Beynəlxalq İnkişaf Assosiasiyası

BMK

Beynəlxalq Maliyyə Korporasiyası

BMT

Birləşmiş Millətlər Təşkilatı

BMT ƏF

BMT-nin Əhali Fondu

BMT İP

BMT-nin İnkişaf Proqramı

BMT QAK

BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı

BMT QİF

BMT-nin Qadınlar üçün İnkişaf Fondu

BMT UF

BMT-nin Uşaq Fondu

Bələdiyyə Şuraları

BYİB

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

DB

Dünya Bankı

ƏMDK

Əmlak Məsələləri Dövlət Komitəsi[6]

DGK

Dövlət Gömrük Komitəsi

DİP

Dövlət İnvestisiya Proqramı

DİŞ

Dövlət İnvestisiya Şirkəti

DMX

Dövlət Miqrasiya Xidməti

DQİDK

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

DQMK

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

DSX

Dövlət Sərhəd Xidməti

DSK

Dövlət Statistika Komitəsi

DSS

Demoqrafiya və Sağlamlıq sorğusu

DSMF

Dövlət Sosial Müdafiə Fondu

DŞAK

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

DTXK

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

ETM

Ev təsərrüfatlarının məlumatları

ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ETT

Ev təsərrüfatlarının tədqiqatı

ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

ƏİFM

Əhalinin iqtisadi fəallığının müayinəsi

ƏN

Ədliyyə Nazirliyi

FHN

Fövqəladə Hallar Nazirliyi

Gİİ

Gender inkişaf indeksi

GİN

Gənclər və İdman Nazirliyi

GSVÖ

Gender Səlahiyyət Vermə Ölçüsü

HİK

Həmkarlar İttifaqları Konfederasiyası

HP

Hesablama Palatası

XİN

Xarici İşlər Nazirliyi

İAƏBYQA

İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik

İƏİT

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

İİB

İslam İnkişaf Bankı

İİÇV

İnsanda immun çatışmazlığı virusu

İİƏA

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi

İSN

İqtisadiyyat və Sənaye Nazirliyi [7]

İKT

İnformasiya və kommunikasiya texnologiyaları

KF

Küveyt Fondu

KQMK

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

KTİBF

Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

KTN

Kənd Təsərrüfatı Nazirliyi

QHT

Qeyri-hökumət təşkilatı

QHTDDŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

QİÇS

Qazanılmış immun çatışmazlığı sindromu

QKDK

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

QMKİDK

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

MB

Mərkəzi Bank

MDB

Müstəqil Dövlətlər Birliyi

MdTN

Mədəniyyət və Turizm Nazirliyi

MİM

Minilliyin İnkişaf Məqsədləri

MHŞT

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü

MK

Məcburi köçkünlər

MKSİF

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

MM

Milli Məclis

MN

Maliyyə Nazirliyi

MST ASC

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

MTRŞ

Milli Televiziya və Radio Şurası

NATO

North Atlantic Treaty Organisation

NK

Nazirlər Kabineti

NN

Nəqliyyat Nazirliyi

OMXS

Ortamüddətli xərclər sxemi

RİTN

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

RSS

Reproduktiv sağlamlıq sorğusu

SDA

Satınalmalar üzrə Dövlət Agentliyi

EN

Energetika Nazirliyi[8]

SİF

Səudiyyə İnkişaf Fondu

SİQ

Sahə işçi qrupu

SMPDA

Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyi

SN

Səhiyyə Nazirliyi

TACİS

Technical Assistance for the Commonwealth of Independent States

TN

Təhsil Nazirliyi

ÜDM

Ümumi daxili məhsul

ÜƏP

Ümumdünya Ərzaq Proqramı

ÜST

Ümumdünya Səhiyyə Təşkilatı

ÜTT

Ümumdünya Ticarət Təşkilatı

VN

Vergilər Nazirliyi

YADİDP

Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı

YAİİDP

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı(2003-2005-ci illər)

YBƏB

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı

YİH

Yerli icra hakimiyyəti orqanları

 


2008-2015-ci illərdə Azərbaycan Respublikasında

yoxsulluğun azaldılması və davamlı inkişaf

Dövlət Proqramına
1 nömrəli Əlavə

 

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2008-2010-cu illər)[9]

 

Tədbirlərin adı

İcraçı təşkilatlar

İcra müddəti

(illər üzrə)

Əsas göstəricilər

1

2

3

4

5

1. Makroiqtisadi sabitlik və iqtisadi artım

1.1.

Büdcə-vergi siyasəti

 

 

 

1.1.1

Büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi

 

 

 

1.1.1.1

Büdcə sistemi haqqında qanunvericiliyin təkmilləşdirilməsi

NK, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.1.2.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların təkmilləşdirilməsi

NK, VN, MN

2008-2010

 

1.1.1.3.

Gömrük işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

NK, DGK, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.1.4.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin Kioto Konvensiyasına və digər beynəlxalq normalara uyğunlaşdırılması prosesinin başa çatdırılması

DGK

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.2.

Vergilərin və sosial sığorta haqlarının yığım səviyyəsinin artırılması

 

 

 

1.1.2.1.

Qeyri-leqal sahibkarların qeydiyyata alınması işinin gücləndirilməsi

VN

2008-2010

Qeydə alınmış sahibkarlar

1.1.2.2.

Fiziki şəxslərin gəlirlərinin bəyan edilməsi sisteminin yaradılması və tətbiq edilməsi

VN, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.2.3.

Vergilərdən azad olmaların (vergi güzəştlərinin) sayının və tərkibinin optimallaşdırılması

VN, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.2.4.

Vergi mədəniyyətinin artırılmasına yönəldilmiş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi

VN

2008-2010

Maarifləndirmə üzrə təşkil edilən tədbirlər

1.1.3.

İri dövlət vergi ödəyicilərinin əməliyyatları üzərində şəffaflığın təmin olunması

 

 

 

1.1.3.1.

İri dövlət vergi ödəyicilərinin gəlir və xərc smetaları üzrə monitorinqlərin aparılması

MN, İİN, SEN, NN

2008-2010

Təsdiq olunmuş cədvəl əsasında həyata keçirilmiş monitorinqlər

1.1.4.

Xarici-iqtisadi fəaliyyətdə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi

 

 

 

1.1.4.1.

Diferensiallaşdırılmış tarif sisteminin səmərəliliyinin artırılması üçün çoxpilləliyin azaldılması

DGK, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.4.2.

Mövcud gömrük tarif sistemində lüzumsuz güzəştlərin ləğv edilməsi

DGK, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.4.3.

İdxal mallarına münasibətdə tarif preferensiyalarının tətbiqi mexanizminin təkmilləşdirilməsi

DGK, MN, İİN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.5.

Sahibkarlığın inkişaf etdirilməsi üçün vergi və rüsumların optimallaşdırılması

 

 

 

1.1.5.1.

Hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsinin optimal səviyyəyə qədər azaldılması

NK, VN, MN, İİN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.5.2.

Sadələşdirilmiş verginin tətbiqinin təkmilləşdirilməsi

VN, MN, İİN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.5.3.

Əlavə dəyər vergisinin tətbiqi qaydalarının təkmilləşdirilməsi

VN, MN, İİN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.5.4.

Məcburi dövlət sosial sığorta haqlarının strukturunun (işəgötürənlər və sığortaolunanlar tərəfindən ödənilən hissələrinin) optimallaşdırılması

NK, DSMF, MN, İİN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.5.5.

Gömrük rüsumlarının azaldılması

NK, DGK, İİN, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.6.

Aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin gəlir vergisindən azad edilməsi

NK, VN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.7.

Dövlət büdcəsi xərclərinin sağlamlaşdırılması

 

 

 

1.1.7.1

İcmal büdcə xərclərinin strukturunun təkmilləşdirilməsi

NK, MN, DSMF, DNF

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.7.2.

Büdcə xərclərinin məqsədli proqramlar əsasında tərtib edilməsi prosesinin davam etdirilməsi

NK, MN

2008-2010

Xərclərin tətbiqi üçün istifadə olunmuş proqramlar

1.1.7.3.

Büdcə xərclərinin normativ (adambaşına) maliyyəşmə prinsipinə əsaslanması

NK, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.8.

Büdcə vasitələrindən istifadə üzrə nəzarətin gücləndirilməsi

 

 

 

1.1.8.1.

Büdcə vəsaitlərindən istifadəyə nəzarət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi

NK, MN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.8.2.

Büdcə vəsaitlərinin xərclənməsi üzərində maliyyə nəzarətinin gücləndirilməsi

MN, tövsiyə olunmaqla HP

2008-2010

 

1.1.8.3.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda etibarlı daxili maliyyə nəzarəti sisteminin yaradılması

MN

2008-2010

 

1.1.9.

Dövlət satınalmaları işinin səmərəliliyinin artırılması

 

 

 

1.1.9.1.

Dövlət satınalmaları ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi

NK, SDA, MN, İİN

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.9.2.

Dövlət satınalmaları üzrə monitorinq sisteminin gücləndirilməsi, elektron satınalmaların yaradılması

SDA

2008-2010

Keçirilmiş monitorinqlər

1.1.9.3.

Dövlət satınalmaları üzrə institusional bazanın gücləndirilməsi və qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin edilməsi

SDA

2008-2010

Qüvvədə olan normativ hüquqi aktlar

1.1.9.4.

Dövlət satınalmaları sahəsində çalışan işçilərin peşəkarlığının artırılması

SDA

2008-2010