Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan), eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır.

Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etsin.[2]

2. Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər üç ay müddətində elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirsinlər:

2.1. səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması;

2.2. elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;

2.3. elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi;

2.4. müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi;[3]

2.5. göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi.

2-1. Mərkəzi icra hakimiyyəti orqanları göstərdikləri hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamenti iki ay müddətində müəyyən etsinlər.[4]

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, üç ay müddətində:[5]

3.1. elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin;

3.2. dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin;

3.3. dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlərindən bir pəncərə prinsipi əsasında istifadənin təşkili məqsədilə elektron hökumət portalının yaradılmasını təmin etsin;

3.4. mərkəzi icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etsin;[6]

3.5. dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin;

3.6. bu Fərmanın 3-cü bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsin.

4. Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər bu Fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

5.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə bu Fərmanda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin cari ildə və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;[7]

5.2. bu Fərmanın 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 may 2011-ci il

429

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 iyul 2012-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 7 iyul 2012-ci il, 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 07, maddə 685)

2.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)

  1. 16 may 2017-ci il tarixli 1399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2017-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 803)
  2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 may 2017-ci il tarixli 1399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2017-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 803) ilə adına, preambulanın ikinci abzasına, 3.13.3-cü bəndlərə dövlət orqanlarının sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin sözləri əlavə edilmişdir.

 

[2] 16 may 2017-ci il tarixli 1399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2017-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 803) ilə 1-ci, 2-ci və 4-cü hissələrə mərkəzi icra hakimiyyəti orqanları sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər sözləri əlavə edilmişdir.

 

[3] 16 may 2017-ci il tarixli 1399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2017-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 803) ilə 2.4-cü bəndə dövlət orqanları sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər sözləri əlavə edilmişdir.

 

[4] 6 iyul 2012-ci il tarixli 676 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti 7 iyul 2012-ci il, 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 07, maddə 685) ilə 2-1-ci hissə əlavə edilmişdir.

 

[5] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027) ilə 3-cü hissədə və 5.1-ci bənddə İnformasiya Texnologiyaları sözləri Yüksək Texnologiyalar sözləri ilə əvəz edilmişdir.

 

[6] 16 may 2017-ci il tarixli 1399 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 19 may 2017-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 803) ilə 3.4-cü bəndə mərkəzi icra hakimiyyəti orqanlarına sözlərindən sonra və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə sözləri əlavə edilmişdir.

 

[7] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521) ilə 3-cü hissəyə və 5.1-ci bəndə Rabitə sözündən əvvəl Nəqliyyat, sözü əlavə edilmişdir.