2012-ci il noyabrın 7-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə Əməkdaşlıq Memorandumunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il noyabrın 7-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə Əməkdaşlıq Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.[1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Amerika Birləşmiş Ştatları Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 dekabr 2012-ci il

786

 

 


 

Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları üzrə

 

ƏMƏKDAŞLIQ MEMORANDUMU

 

Bundan sonra İştirakçılar adlandırılacaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti və Dövlət Departamenti tərəfindən təmsil olunan Amerika Birləşmiş Ştatları Hökuməti (bundan sonra-Birləşmiş Ştatlar),

qlobal və regional inkişafın, həmçinin iqtisadi artımın vasitəçisi kimi informasiya və kommunikasiya texnologiyaları sektorunun və müvafiq infrastrukturun davamlı inkişafının vacibliyini qəbul edərək,

ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək məqsədi ilə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində hökumət və kommersiya əlaqələrini genişləndirmək və gücləndirmək arzusunu bildirərək,

qlobal ideyalar bazarında iştirakın təmin olunması, mədəni dərkin gücləndirilməsi və vətəndaşlar üçün daha yaxşı imkanların yaradılması məqsədi ilə həm Azərbaycan, həm də Birləşmiş Ştatları vətəndaşlarının səmərəli və etibarlı İKT xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədini bölüşərək,

İKT-də məlumat mübadiləsinin, qabaqcıl təcrübələrin, eləcə də şəffaf siyasətin və tənzimləyici yanaşmaların tətbiqi, əqli mülkiyyətin qorunması və İKT sektoruna təsir edən kommersiya siyasətinin innovasiyaya və sahibkarlığın inkişafına dəstək mühiti ilə balanslaşdırılmasının uzunmüddətli faydalılığını qəbul edərək,

ikitərəfli investisiyaların, birgə müəssisələrin, texnoloji inkişafın təşviqi və bu sahədə ticarəti dəstəkləmək məqsədi ilə rəqabət və bazaryönlü İKT sektorunun yaradılmasının vacibliyini qəbul edərək və

Azərbaycanda qabaqcıl texnologiya layihələri üçün xüsusi iqtisadi zonaların yaradılmasının cari inkişafa və ticarətə təkan verəcəyini və onları inkişaf etdirə və yeni yerli İKT imkanlarını yarada biləcəyini qəbul edərək,

aşağıdakıların həyata keçirilməsi üzrə razılığa gəldilər:

1. İKT sektorunda siyasi və tənzimləyici yanaşmalar üzrə məlumat mübadiləsi və qabaqcıl təcrübələri təşviq etmək üçün Azərbaycan və Birləşmiş Ştatlardan olan nümayəndələr arasında müzakirələrə yardımçı olmaq;

2. Şəffaflıq, məlumatın sərbəst ötürülməsi və İKT-nin ayrılmaz hissəsi olan innovasiyanın dəstəklənməsi üçün əqli mülkiyyətin qorunması və təminatı üzrə qanunvericiliyin tətbiqi ilə əlaqədar fikir və təcrübə mübadiləsi aparmaq;

3. Qabaqcıl təcrübələri bölüşmək və İKT-də daha güclü kommersiya və qeyri-dövlət əlaqələrini inkişaf etdirmək məqsədi ilə özəl sektor, vətəndaş cəmiyyəti və akademiya kimi qeyri-dövlət nümayəndələrinin cəlb olunmasını dəstəkləmək;

4. Beynəlxalq forum və İKT üzrə məsul təşkilatlar səviyyəsində İştirakçılar arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;

5. İKT xidmətlərinin inkişaf etdirilməsi və beynəlxalq və regional genişzolaqlı internetin tətbiqi və əhatə dairəsinin artırılması üçün İştirakçılara məxsus siyasətçilər, tənzimləyicilər və maraqlı tərəflər arasında məsləhətləşmələri dəstəkləmək;

6. İKT sahəsində çalışan ekspertlərin uzunmüddətli peşəkar hazırlığını artırmaq üçün imkanlar yaratmaq;

7. Əsaslandırılmış e-hökumət xidmətlərinin inkişafı və həyata keçirilməsinə xüsusi diqqət yetirməklə, İKT-yə təsir edən siyasətlər üzrə məlumat mübadiləsini aparmaq və potensial imkanları artırmaq;

8. Əməkdaşlığı inkişaf etdirmək və kibertəhlükəsizlik və kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın yaradılmasını dəstəkləmək üçün lazımi şəraiti yaratmaq;

9. Mövcud ikitərəfli fəaliyyətləri gücləndirmək və onlara əsaslanmaqla, Azərbaycan və Birləşmiş Ştatlar arasında məlumat və kommunikasiya texnologiyaları sektorunda investisiya və biznes səylərini artırmaq və genişləndirmək üçün imkanları dəstəkləmək və fikir mübadiləsi aparmaq;

10. Peyk rabitə sistemləri və belə sistemlərlə işləyən ekspertlərin təlimində yeni imkanları təmin etmək;

11. İKT mütəxəssisləri üçün Birləşmiş Ştatların Telekommunikasiya Təlimi İnstitutunda (USTTI) və ya digər müvafiq akademik və ya dövlət müəssisələrində təlim imkanlarını gücləndirmək;

12. Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində qarşılıqlı əlverişli imkanlarla mütəmadi məsləhətləşmələr vasitəsilə bu Əməkdaşlıq Memorandumunu həyata keçirmək.

 

Standart müddəalar

 

A. Əməkdaşlıq Memorandumu (ƏM) yerli və ya beynəlxalq qanunlar çərçivəsində hüquqlar və ya öhdəliklər yaratmır. ƏM-ə əsasən əməkdaşlıq vəsaitlərin və insan resurslarının mövcudluğundan asılıdır:

B. İştirakçılar ƏM-ə əsasən aparılan müzakirələrlə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması və ya bu təşkilatın qaydalarının və öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələlərin həll edilməsini nəzərdə tutmurlar;

C. qarşılıqlı qərara alındığı kimi, İKT-də kommersiya əlaqələrini gücləndirmək və həmin sahələrdə gələcək ticarət və investisiya imkanlarının qarşısını ala biləcək maneələri aradan qaldırmaq üçün imkanları müəyyən etmək və izləmək məqsədi ilə bu ƏM-ə əsasən əməkdaşlıq hökumət və özəl sektor, vətəndaş cəmiyyətinin nümayəndələri və elmi cəmiyyət kimi maraqlı olan qeyri-hökumət təşkilatlarının ekspertlərinin iştirakını əhatə edə bilər:

D. zərurət yarandıqda bu ƏM ilə bağlı olan fəaliyyətlərin əlaqələndirilməsi və maliyyələşdirilməsi üçün İştirakçılar digər dövlət orqanlarını cəlb edə bilərlər;

E. hər bir İştirakçı digər İştirakçıya bu ƏM-in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurların başa çatdırıldığı barədə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməlidir. Bu ƏM sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir. Bu ƏM-ə İştirakçıların qarşılıqlı yazılı razılığı əsasında düzəliş edilə bilər. Düzəlişlər ƏM-də nəzərdə tutulan qaydada qüvvəyə minir. Hər bir İştirakçı qarşı tərəfə yazılı şəkildə məlumat verməklə bu ƏM-ə xitam verə bilər.

Bu ƏM 2012-ci il 7 noyabr tarixində Bakı şəhərində, 2 əsl nüsxədə olmaqla, Azərbaycan və ingilis dillərində imzalanmışdır.

 

 

Azərbaycan Respublikası

Amerika Birləşmiş Ştatları

Hökuməti adından

(imza)

Hökuməti adından

(imza)

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027) ilə 2-ci hissədə İnformasiya Texnologiyaları sözləri Yüksək Texnologiyalar sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521) ilə 2-ci hissəyə Rabitə sözündən əvvəl Nəqliyyat, sözü əlavə edilmişdir.