İnformasiya
Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında informasiya məkanının
təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət
üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin
informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan
qorunması, belə təhdidlərin qabaqlanması,
qarşısının alınması və
araşdırılması sahəsində fəaliyyət göstərən
dövlət orqanlarının işinin əlaqələndirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
Aşağıdakı tərkibdə İnformasiya Təhlükəsizliyi
üzrə Koordinasiya Komissiyası (bundan sonra - Komissiya)
yaradılsın:
Komissiyanın sədri
Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin
müavini - Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət
Agentliyinin rəisi
Komissiyanın üzvləri
Azərbaycan
Respublikası nəqliyyat, rabitə və yüksək
texnologiyalar nazirinin müavini
Azərbaycan
Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan
Respublikası müdafiə nazirinin müavini
Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin
müavini
Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin
müavini
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin
müavini.
2.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə
Komissiyanın Katibliyi yaradılsın və Katibliyin
funksiyasının həyata keçirilməsi Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Agentliyinə həvalə edilsin.
3.
Komissiya:
3.1.
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə
təhdidlərin qiymətləndirilməsini, o cümlədən
belə təhdidlərin əsas mənbələri, istiqamətləri,
formaları, vura biləcəyi zərər və təsirləri
ilə bağlı mütəmadi təhlillərin
aparılmasını və təkliflərin
hazırlanmasını, mümkün təhdidlərin
qarşısının alınması və qabaqlanması sahəsində
müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini,
birgə tədbirlərin planlaşdırılması və həyata
keçirilməsini təmin etsin;
3.2.
Komissiyanın iştirakçısı olan dövlət
orqanlarının mütəxəssislərindən ibarət daimi
fəaliyyət göstərən və aşağıdakı
funksiyaları yerinə yetirən işçi qrupun
yaradılmasını və fəaliyyətini təmin etsin:
3.2.1.
ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya
sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə
kibertəhlükə hallarında əlaqələndirilmiş
işin təşkili və birgə əks tədbirlərin həyata
keçirilməsi;
3.2.2.
internet informasiya ehtiyatlarında Azərbaycan
Respublikasının milli maraqları əleyhinə məqsədyönlü
şəkildə yayılan saxta məlumatların mənbəyinin
təxirə salınmadan müəyyən edilməsi və bu barədə
müvafiq orqanların dərhal məlumatlandırılması;
3.3.
aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyin
təmin edilməsi, o cümlədən kibercinayətlərlə
mübarizə sahəsində kadr və texniki potensialının
gücləndirilməsi məqsədilə təkliflərin
hazırlanmasını və zəruri tədbirlərin görülməsini
təşkil etsin;
3.4.
dövlət qurumlarının istifadə etdiyi proqram təminatının
(o cümlədən antivirus proqramlarının) təhlükəsizlik
tələblərinə uyğunluğunu təhlil etsin və
müvafiq təkliflər hazırlayaraq mütəmadi olaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.4.
bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
5.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 mart 2018-ci il
№ 3851