Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I.   ÜMUMİ   MÜDDƏALAR

Maddə 1. hərbi xidmətə çağırışın əsasları haqqında qanun-vericiliyin məqsədi və vəzifələri

Azərbaycan Respublikasında əsgəri vəzifə müəyyən edilməsinin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün onları komplektləşdirməkdir.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin vəzifələri əsgəri vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır.

M a d d ə 2. Azərbaycan  Respublikasında əsgəri  vəzifə

Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.

Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir.

Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər.

Azərbaycan Respublikasının tibbi və ya başqa ixtisas təhsili olan 18 yaşından 35 yaşınadək qadın vətəndaşları özlərinin razılığı ilə hərbi uçota götürülə bilər və müqavilə əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin köməkçi və ya başqa bölmələrində xidmət edə bilər.

 

II. GƏNCLƏRİN HƏRBİ XİDMƏTƏ HAZIRLANMASI VƏ VƏTƏNDAŞLARIN                ÇAĞIRIŞ   MƏNTƏQƏLƏRİNƏ  TƏHKİM EDİLMƏSİ

 

Maddə 3. Çağırışqabağı hazırlıq

Çağırışaqədər yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılanadək onları hərbi xidmət keçməyə hərtərəfli hazırlamaq məqsədilə istehsalatdan və təhsildən ayrılmamaqla hər yerdə çağırışqabağı hazırlıq aparılır.

Gənclərin çağırışqabağı hazırlığı, o cümlədən mülki müdafiə üzrə hazırlığı ümumtəhsil, texniki peşə, orta ixtisas məktəblərində buraxılışdan əvvəlki sinifdən başlayaraq çağırışqabağı hazırlıq rəhbərləri, müəllimləri tərəfindən həyata keçirilir.

M a d d ə 4. Çağırışçıların hərbi-texniki  ixtisaslar üzrə hazırlanması

17 yaşına çatmış çağırışçılar könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətinin təhsil təşkilatlarında və texniki-peşə məktəblərində hər il istehsalatdan ayrılmaqla hərbi-texniki ixtisaslara yaxın olan peşələr üzrə hazırlıq keçə bilər.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi ilə hərbi-texniki ixtisaslar üzrə hazırlanmalı olan çağırışçıların sayını Azərbaycan Respublikasının Nazirlər Kabineti, ixtisasların siyahısını və hazırlıq proqramlarını isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edir.

İstehsalatdan ayrılmaqla çağırışqabağı hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi saxlanılır və əsas iş yeri üzrə orta əmək haqqı, habelə təhsil yerinə gedib-gəlmək haqqı ödənilir.

hərbi komissarlıqların çağırışqabağı hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə kəlməsi məcburidir.

M a d d ə 5. Ali tədris müəssisələri tələbələrinin (kursantların) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı

Gündüz (əyani) ali tədris müəssisələri tələbələrinin (kursantlarının) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ali məktəblərin struktur bölmələri olan hərbi (hərbi-dəniz) kafedralarda təşkil edilir və aparılır. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı səhhətinə görə hərbi xidmətə yarayan 27 yaşınadək kişi tələbələr, hərbi tibbi hazırlığı isə həm də orta ixtisas və ali tibb məktəblərinin qadın tələbələri keçirlər.

Hərbi (hərbi-dəniz) kafedralarda zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığın aparıldığı hərbi ixtisasların siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.

Tam hərbi hazırlıq kursu keçib zabit rütbəsi almış və hərbi qulluqda olan şəxslərə ali məktəbdə hərbi hazırlıq keçdiyi dövr müddətli hərbi xidmətin hesabına daxil edilir.

Ali məktəbə daxil olanadək müddətli hərbi və ya alternativ xidmət, yaxud toplanış hazırlığı keçməmiş və ali məktəbdə tədris nəticəsində zabit rütbəsi almamış şəxslər ali məktəbi bitirdik-dən sonra bu Qanunla müəyyən edilmiş qaydada müddətli hərbi xidmətə və ya toplanışda hazırlığa çağırılırlar.

Tələbələrin (kursantların) hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  həyata  keçirir.

Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə lazımi tədris-material bazasını yaradır, hərbi kafedraların müəllim heyətinin seçilməsini və hazırlanmasını təmin edir, bunun həyata keçirilməsinə nəzarət edir.

Hərbi hazırlıq ali məktəblərin dərs planlarına müstəqil tədris fənni kimi daxil edilir.

Maddə 6. Hərbi tədris müəssisələrinə daxil olmağa hazırlıq

Hərbi tədris müəssisələrinə daxil olmaq arzusunu bildirən gənclərin yaşayış yeri üzrə hərbi komissarlıqlarda daxil olmadan əvvəlki ildə onlarla müəyyənedici toplanışlar və ya məşğələlər keçilir.

Hərbi, hərbi-dəniz məktəblərində, hərbi-bədən tərbiyəsi hazırlığının gücləndirildiyi və ya ilkin uçuş hazırlığı keçilən xüsusi internat məktəblərində də hərbi tədris müəssisələrinə daxil olmağa hazırlıq aparılır.

M a d d ə 7.  Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi

Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər.

Vətəndaşlar çağırış məntəqələrinə hər il, yanvar—mart ayları ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə təhkim edilirlər.

Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər.

Bu Qanunun 23-cü maddəsində göstərilmiş şəxslər, habelə hərbi vəzifələrin ilkin uçotunu aparmağın tapşırıldığı yerli icra hakimiyyəti orqanları, müəssisələr, idarələr, təşkilatlar və təhsil ocaqları hər il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddətdə çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahılarını müvafiq rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına təqdim edirlər.

Çağırış məntəqəsinə təhkim edilməli olan vətəndaşlar təhkim edilmək üçün hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə çağırış məntəqəsinə kəlməli və lazımi sənədləri təqdim etməlidirlər. Çağırışaqədər yaşlı vətəndaşların təqdim etdikləri sənədlərin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən olunur və hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilir.

Çağırış məntəqələrinə təhkim edilmiş vətəndaşlara çağırış komissiyasının qərarı elan edilir, çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə verilir, onların hüquq və vəzifələri, hərbi uçotun qaydaları və hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur.

 

III.   HƏQİQİ   HƏRBİ   XİDMƏTƏ   ÇAĞIRIŞ      BAĞLAŞMA ÜZRƏ  HƏRBİ   XİDMƏTƏ DAXİL OLMA

 

M a d d ə 8. Vətəndaşların müddətli hərbi xidmətə çağırılması

Lazımi sayda vətəndaşlar müddətli hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında hər yerdə ildə iki dəfə, aprel—iyun və oktyabr—dekabr  aylarında çağırılır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı elan olunduqdan sonra hər bir çağırışçı, o cümlədən müvəqqəti uçotda olan çağırışçı hərbi komissarın əmrində və ya hərbi komissarlığın fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə və göstərilmiş məntəqəyə kəlməlidir. Qanuni əsas olmadan müddətli hərbi xidmət keçməmiş və hərbi uçotda olmayan çağırış yaşlı vətəndaşlar, habelə daimi yaşayış yerindən müvəqqəti olaraq başqa yerə getmiş və orada hərbi uçota durmamış çağırışçılar yaşayış yeri üzrə hərbi komissarlığa kəlməlidirlər.

Müəssisələrin, idarələrin və təşkilatların, kolxozların və təhsil ocaqlarının rəhbərləri çağırışçıları ezamiyyətlərdən geri çağırmalı və çağırış məntəqəsinə onların vaxtında kəlməsinə köməklik etməlidirlər.

18 yaşına çatmış və daha yuxarı yaşlı çağırışçıların çağırış məntəqəsini dəyişdirməsinə aprelin 1-dən iyulun 1-dək və oktyabrın 1-dən dekabrın 31-dək yol verilmir. Bu dövrdə çağırış məntəqəsinin dəyişdirilməsinə təsdiqedici sənədlər hərbi komissarlığa təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:

müdiriyyət tərəfindən başqa yerdə işə keçirilmiş olsun;

ailənin tərkibində, yaxud mənzil alması ilə əlaqədar yeni yaşayış yerinə keçmiş olsun;

tədris müəssisəsinə qəbul edilmiş olsun, və təhsil almağa getsin və ya tədris müəssisəsini bitirmiş olsun və təyinat üzrə işə göndərilsin.                                       

Aşağıdakılar müəyyən edilmiş müddətdə çağırış məntəqələrinə gəlməməyin üzürlü səbəbləri sayılır:

çağırışçının xəstəliyi tibbi müayinəyə görə onu çağırış məntəqəsinə şəxsən gəlmək imkanından məhrum etmişdir;

kortəbii xarakterli maneə; bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı və ya daxili işlər orqanı tərəfindən təsdiq edilməlidir.

Aşağıdakılar  müddətli  hərbi  xidmətə çağırılmırlar:

çağırışdan azad edilənlər;

islah-əmək müəssisələrində azadlıqdan məhrumetmə şəklində cinayət cəzası çəkən və çəkmiş, o cümlədən məhkəmə tərəfindən azadlıqdan məhrumetmə şəklində təyin edilən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş vətəndaşlar;

islah işləri şəklində cinayət cəzası çəkmiş və ya çəkən, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş yuxarıda göstərilən cəza tədbirlərindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, şərti məhkum edilmiş vətəndaşlar, habelə azadlıqdan məhrumetmə şəklində cəzasının icrası təxirə salınmış şəxslər—məhkumluq müəyyən edilmiş qaydada götürülənədək və ya ödənilənədək;

barəsində təhqiqat və ya istintaq aparılan, yaxud cinayət işinə məhkəmə tərəfindən baxılan vətəndaşlar.

Hərbi xidmətdən buraxılma Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

Azərbaycan Respublikasının xaricdə yaşayan kişi cinsli vətəndaşları müddətli hərbi xidmətə bu Qanunla müəyyən edilmiş qaydada çağırılırlar.

M a d d ə 9. Çağırış komissiyaları

Vətəndaşların müddətli hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır:

komissiyanın sədri—yerli icra hakimiyyəti orqanının rəhbəri və ya onun müavini;

komissiya sədrinin müavini—Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi (rayon, şəhər, şəhərdə rayon hərbi komissarı);

komissiyanın üzvləri—rayon, şəhər, şəhərdə rayon daxili işlər şöbəsinin nümayəndəsi, həkimlər, deputatlar.

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir.

Maddə 10. Rayon, şəhər,  şəhərdə rayon  çağırış  komissiyalarının vəzifələri

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır:

çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək;

hərbi tədris müəssisəsinə göndərilmək üçün namizədləri aşkara çıxarmaq və ilkin qaydada seçmək;

tibbi, psixoloji və başqa göstərişlərə görə könüllü hərbi vətənpərvərlik idman-texniki cəmiyyətinin tədris müəssisələrində və texniki peşə məktəblərində çağırışçıların hərbi-texniki ixtisaslar üzrə hazırlanması proqramları əsasında təhsil almağa yarayan şəxsləri səmərəli bölüşdürmək;

çağırışçıların tibbi müayinəsini təşkil etmək;

vətəndaşların müddətli hərbi xidmətə çağırılması və onların hərbi xidmətdə istifadəyə təyin edilməsi haqqında qərar qəbul etmək;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bölgüsü üzrə-müddətli hərbi xidmətin keçilməsi yeri haqqında qərar qəbul etmək;

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək;

müddətli hərbi xidmətə çağırılan və hərbi tədris müəssisələrinə daxil olmaq arzusunu bildirən vətəndaşların qəbul imtahanları verməyə göndərilməsi və ya bu şəxsləri imtahanlara göndərməkdən imtina olunması haqqında qərar qəbul etmək.

M a d d ə  11. Respublika çağırış komissiyası

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə respublika çağırış komissiyası yaradılır:

komissiyanın sədri—Azərbaycan Respublikasının hərbi komissarı;

komissiya sədrinin müavini—Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təyin olunmuş şəxs;

komissiyanın üzvləri—Azərbaycan Respublikasının daxili işlər, səhiyyə və ədliyyə nazirlərinin müavinləri, ictimai birliklərin nümayəndələri, deputatlar.

Respublika çağırış komissiyasının fərdi tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Maddə 12. Respublika çağırış  komissiyasının vəzifələri

Respublika çağırış komissiyasına aşağıdakı vəzifələr tapşırılır:

müddətli hərbi xidmətə çağırılmış şəxslərin hərbi hissələrə göndərilməzdən əvvəl tibbi müayinəsini və tibbi müayinənin nəticələri və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmadığını bildirən şəxslərin yoxlama tibbi müayinəsini təşkil etmək;

çağırışçıların hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;

rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək.

Xüsusi yoxlanış keçirmək zərurəti olmadıqda mübahisəli məsələləri respublika çağırış komissiyası on gün müddətində nəzərdən keçirməlidir.

Respublika çağırış komissiyasının hüququ var ki, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarlarını nəzərdən keçirsin və ləğv etsin.

Respublika çağırış komissiyasının qərarlarından qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarlarının hüquqa zidd olması barədə çağırışçıların və başqa şəxslərin şikayətləri bu qərarların yerinə yetirilməsini respublika çağırış komissiyası sədrinin qərarı ilə şikayətə baxılan, lakin bir aydan çox olmayan müddətə dayandıra bilər.

Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı

Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir.

Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir:

hərbi xidmətə yararlılıq haqtında;

səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında;

dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında;

hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında.

Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər.

Maddə  14. Çağırış  komissiyaları  üzvlərinin  məsuliyyəti

Çağırış komissiyalarının üzvləri qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Müddətli hərbi xidmətə çağırış, çağırışdan azadetmə və ya möhlətvermə məsələlərini vicdansız və ya bilərəkdən qanunsuz həll etmək üstündə çağırış komissiyasının sədri və üzvləri, çağırışçıların tibbi müayinəsində iştirak etmiş həkimlər, habelə belə hüquq pozuntularında təqsiri olan digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə cəlb edilirlər.

M a d d ə 15. Bağlaşma əsasında hərbi xidmətə qəbul

Hərbi xidmət tələblərinə uyğun kələn aşağıdakı şəxslər sırasından Azərbaycan Respublikasının və başqa dövlətlərin 19 yaşından 45 yaşınadək vətəndaşları və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında hərb xidmətə qəbul edilirlər:

Azərbaycan Respublikasının və ya başqa dövlətlərin silahlı qüvvələrində xidmət edən və 12 aydan çox xidmət etmiş serjantlar və starşinalar, habelə bunlara bərabər tutulan şəxslər;

sıravi heyətə daxil olan şəxslər, habelə ehtiyat hissələrdə toplanış hazırlığı keçmiş şəxslər — xüsusi hazırlıq keçdikdən və serjant rütbəsi aldıqdan sonra;

ehtiyatda olan serjantlar və starşinalar;

hərbi tədris müəssisələrinin kursantları və ehtiyatda olan zabitlər;

başqa dövlətlərin silahlı qüvvələrində xidmət edən zabitlər.

Bağlaşma əsasında hərbi xidmətə daxil olan və əvvəllər Azərbaycan Respublikasına sədaqət andı içməmiş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasına sadiq olacaqları barədə əsgəri and qəbul edirlər.

Azərbaycan Respublikasının vətəndaşları olmayan və əvvəllər başqa dövlətlərin silahlı qüvvələrində xidmət zamanı and içmiş şəxslər bağlaşma üzrə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətə daxil olarkən and içmir, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına riayət edəcəkləri barədə yazılı öhdəlik imzalayırlar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər arasında bağlanan, tərəflərin qarşılıqlı vəzifələrinin və məsuliyyətinin, pul ödəncləri məbləğinin, ləğvetmə şərtlərinin müəyyən olunduğu bağlaşma hərbi xidmətə bağlaşma əsasında qəbul üçün əsasdır.

 

IV.   MÜDDƏTLİ  HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞA MÖHLƏT VERİLMƏSİ   VƏ ÇAĞIRIŞDAN AZADETMƏ

M a d d ə 16. Çağırışa möhlət verilməsi

Müddətli hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir.

Müddətli hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə verilir. həmin məsələdə-komissiya yalnız bu Qanunu rəhbər tutur.

Möhlət almaq üçün əsasları itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli hərbi xidmətə çağırılmamış şəxslər 26 yaşına çatanadək növbəti çağırış keçirilərkən xidmətə çağırılmalıdırlar.

Maddə 17. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi

Ailə vəziyyətinə görə çağırışa möhlət qüvvədə olan qanunvericiliyə müvafiq surətdə əmək qabiliyyəti olmayan, köməyə ehtiyacı olan ailə üzvlərini saxlamaq vəzifəsini yerinə yetirən çağırışçılara bu ailə üzvləri ilə birlikdə və ya ayrılıqda yaşamalarından asılı olmayaraq aşağıdakı hallarda verilir:

qüvvədə olan qanunvericiliyə uyğun olaraq ailə üzvlərini saxlamalı və onlara kömək göstərməli olan, bundan ötrü real imkanlara malik olan başqa şəxslər yoxdursa;

çağırışla əlaqədar olaraq çağırışçı ailəsinin əmək qabiliyyəti olmayan hər bir üzvünün payına düşən orta gəlir onlar üçün nəzərdə tutulan dövlət yardımının bütün növləri nəzərə    alınmaqla yaşadıqları  bölgədəki fizioloji  minimumdan  aşağıdırsa;

çağırışçı bu maddənin “a” və “b” bəndlərində göstərilmiş şəxslərə qulluq etməklə məşğuldursa.

Çağırışçının ailə vəziyyətinə görə möhlət hüququ müəyyən edilərkən aşağıdakılar ailənin əmək qabiliyyəti olmayan üzvləri sayılırlar:

a)     18 yaşına çatanadək I və II qrup əlil olmuş işləməyən qardaşlar və bacılar;

b)    pensiya yaşına çatmış, yaxud I və II qrup əlil olan ata və ana.

Bundan başqa, himayəsində aşağıdakı şəxslər olan çağırışçıların hərbi xidmətə çağırışçıların ailə vəziyyətinə görə möhlət verilir:

3 yaşınadək uşaq;

2 və daha çox uşaq;

I və ya II qrup əlil arvad;

8 yaşınadək iki və ya daha çox uşağı olan ana;

valideynlərinin vəfat etməsi, sürəkli xəstəlik keçirməsi və ya başqa üzürlü səbəblərlə əlaqədar olaraq azı beş il ərzində çağırışçını himayəsinə almış şəxslər—bu maddənin birinci hissəsində və ikinci hissəsinin  “b” bəndində nəzərdə tutulmuş şərtlərlə.

Çağırışçı ailədə yeganə oğuldursa, bacılarının olub-olmamasından asılı olmayaraq ona ailə vəziyyətinə görə çağırışdan möhlət verilir.

Əlaqədar şəxslərin və sosial təminat orqanlarının notarius qaydasında təsdiq edilmiş sənədləri olduqda çağırışçının hüququ var ki, ailə vəziyyətinə görə çağırışa möhlət verilməsindən imtina etsin və müddətli hərbi xidmətə çağırılsın.

Maddə 18. Səhhətə görə çağırışa möhlət verilməsi

Tibbi müayinə zamanı hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə çağırışdan səhhətə görə möhlət verilir.

Səhhətə görə çağırışdan möhlət hər dəfə bir il müddətinədək üç dəfə verilə bilər. Müalicədən sonra çağırışçı hərbi xidmətə yararlı sayıldıqda hərbi xidmətə çağırılır, yararsız sayıldıqda isə ehtiyata keçirilir.

Maddə  19. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi

Təhsili davam etdirmək üçün aşağıdakıların çağırışına möhlət verilir:

a)     tədris  müəssisələrində,  o  cümlədən  axşam! və  qiyabi  tədris müəssisələrində təhsil alan çağırışçılara—ümumi orta və ya orta ixtisas təhsili almaq üçün, lakin 22 yaşından yuxarı olmayaraq;

b)    gündüz   (əyani),  axşam və qiyabi ali tədris müəssisələrində təhsil alan çağırışçılara;

v)     aspiranturada, o cümlədən qiyabi aspiranturada təhsil  alan çağırışçılara.

M a d d ə 20. Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışa möhlət verilməsi

Xalq deputatları sırasından çağırışçıların deputatlıq səlahiyyəti dövründə deputatlıq fəaliyyəti ilə əlaqədar çağırışına möhlət verilir.

Maddə 21. Müddətli hərbi xidmətə çağırışdan azadetmə

Dinc dövrdə aşağıdakı çağırışçılar sırasından vətəndaşlar müddətli hərbi xidmətə çağırışdan azad edilirlər:

a)   ali məktəb tələbələrinin zabit hazırlanan xüsusi    proqram üzrə tam hərbi hazırlıq kursu keçmiş və zabit rütbəsi almış çağırışçılar;

b)   səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan  çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

v)   alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməyə göndərilmiş çağırışçılar;

q)   26 yaşı tamam olanadək müxtəlif səbəblər üzündən müddətli hərbi və ya alternativ xidmət keçməmiş çağırışçılar;

ğ) azadlıqdan məhrumetmə şəklində cəzaya məhkum olunanlar, o cümlədən bu cəzanı çəkmiş vətəndaşlar;

d)   qardaşları və ataları hərbi xidmət keçərkən həlak olmuş ya vəfat etmiş vətəndaşlar.

Bu maddənin “q”, “ğ”, “d” bəndlərində nəzərdə tutulmuş əsaslara görə çağırışdan azad edilmək hüququ olan çağırışçılar öz arzusu ilə müddətli hərbi xidmətə çağırıla bilər.

 

                 V.   HƏRBİ  VƏZİFƏLİLƏRİN  VƏ ÇAĞIRIŞÇILARIN

                                               HƏRBİ   UÇOTU

M a d d ə 22.  Hərbi uçota qəbul və hərbi uçotdan çıxarma

Bütün hərbi vəzifəlilər və çağırışçılar rayon, şəhər, şəhərdə rayon hərbi  komissarlıqlarında  aparılan  hərbi uçota    alınmalıdırlar.

Ehtiyata buraxılmış bütün hərbi qulluqçular və çağırışla xidmət edənlər yaşayış yerinə kələn kimi, habelə hərbi xidmətdən azad edilmiş və ehtiyata daxil edilmiş şəxslər hərbi uçota qəbulun rəsmiləşdirilməsi üçün müvafiq hərbi komissarlıqlara gəlməlidirlər.

hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini üç aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi uçotdan çıxmalı, yeni və ya müvəqqəti yaşayış yerinə gəldikdə isə hərbi uçota durmalıdırlar.

M a d d ə 23. Dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və hərbi vəzifəlilərin hərbi uçot qaydalarına əməl etmək vəzifələri

Yerli icra hakimiyyəti orqanları, müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri hərbi komissarlıqların tələbi üzrə hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında kəlməsinə kömək göstərməlidirlər.

Daxili işlər orqanları:

hərbi vəzifəliləri və çağırışçıları yaşayış yeri üzrə yalnız o halda pasport qeydiyyatına almalı və qeydiyyatdan çıxarmalıdırlar ki, onların uçot-hərbi sənədlərində hərbi uçota qəbul və hərbi uçotdan çıxarma barədə hərbi komissarlıqların qeydləri olsun;

vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi uçot qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi uçot qaydalarını pozan şəxslərin aşkara çıxarılmasında hərbi komissarlıqlara kömək göstərməlidirlər;

əsgəri vəzifəsinin icrasından, habelə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməkdən boyun qaçıran şəxsləri aşkar etməlidirlər.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları hərbi vəzifəlilərin və çağırışçıların öz adını, atasının adını, familiyasını dəyişdirməsi barədə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi barədə, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.

Təhqiqat və ibtidai istintaq orqanları—barəsində cinayət işi qaldırılmış çağırışçılara dair, məhkəmə icraçıları—hərbi vəzifəlilər və çağırışçılar barəsində qanuni qüvvəyə minmiş hökmlərə dair onların uçotda durduğu rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına  yeddi  gün  müddətində  məlumat  verməlidirlər.

Məhkəmə icraçıları azadlıqdan məhrumetməyə məhkum edilmiş, o cümlədən mütləq əməyə cəlb olunmaqla azadlıqdan məhrumetməyə şərti məhkum edilmiş hərbi vəzifəlilərin hərbi biletlərini və çağırışçıların təhkim edilməsi barədə vəsiqələri müvafiq hərbi komissarlıqlara göndərməlidirlər.

həkim-əmək ekspert komissiyaları əlil sayılmış bütün hərbi vəzifəlilər və çağırışçılar barəsində onların əlillik qrupundan asılı olmayaraq yerli icra hakimiyyəti orqanları vasitəsilə müvafiq rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər.

Mənzil-istismar təşkilatlarının və evləri istismar edən başqa təşkilatların, müəssisələrin, idarələrin rəhbərləri, habelə ev sahibləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlərin ev dəftərlərini, qeydiyyat vərəqələrini və uçot-hərbi sənədlərini onların hərbi uçota qəbulunun, uçotdan çıxarılmasının rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün müvafiq hərbi komissarlıqlara vaxtında təqdim etməli, habelə hərbi komissarlıqlara çağırılmaları barədə hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerinin ünvanını, iş yerini dəyişdirərkən hərbi uçotda olduqları müvafiq hərbi komissarlıqlara məlumat verməlidirlər.

 

VI.   SƏFƏRBƏRLİK ÜZRƏ  ÇAĞIRIŞ   VƏ TƏRXİS OLUNMA

 

M a d d ə 24. Səfərbərlik üzrə hərbi xidmətə çağırış və müharibə dövründə hərbi xidmətə sonrakı çağırış

Ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər.

Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla bu Qanunun IV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır.

Səfərbərlik üzrə çağırılmalı olan hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti, müharibə dövründə sonrakı çağırışlar zamanı hərbi vəzifəlilərin sayını isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Müharibə dövründə səfərbərlik elan edilərkən və sonrakı çağırışlar zamanı 18 yaşından son yaş həddinədək hərbi vəzifəlilər və çağırışçılar, hərbi uçotda olmayan 18 yaşından 45 yaşınadək qadınlar hərbi xidmətə çağırıla bilər.

Müharibə dövründə səfərbərlik üzrə və sonrakı çağırışlar üzrə hərbi xidmətə vətəndaşları hərbi komissarlıqlar çağırırlar. hərbi komissarlıqları kənarda qoyaraq vətəndaşları hərbi xidmətə daxil etmək qadağandır.

Səfərbərlik elan edilərkən respublika iqtisadiyyatını plana-uyğun surətdə müharibə dövründə iş şəraitinə keçirmək və nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin fasiləsiz işini təmin etmək məqsədilə orada işləyən hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışına və müharibə dövründə sonrakı çağırışlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada möhlət verilə bilər.

Maddə 25. Səfərbərlik üzrə çağırış və müharibə dövründə sonrakı çağırışlar ilə əlaqədar tədbirlərin icrasında dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların vəzifələri və məsuliyyəti

Azərbaycan Respublikasının hərbi vəzifəli vətəndaşları səfərbərlik elan edilərkən və müharibə dövründə hərbi xidmətə sonrakı çağırışlar zamanı səfərbərlik sərəncamlarında, hərbi komissarlıqların çağırış vərəqələrində və ya rayon, şəhər, şəhərdə rayon hərbi komissarlıqlarının əmrlərində göstərilmiş məntəqələrə və müddətlərdə kəlməlidirlər.

Yerli icra hakimiyyəti orqanları, müəssisələrin, idarələrin və təşkilatların rəhbərləri səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməsini və onların toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsini təmin etməlidirlər.

Müharibə dövründə səfərbərlik çağırışı və ya sonrakı çağırışlar üzrə toplanış məntəqələrinə vaxtında gəlməmiş şəxslər, habelə vətəndaşların bu çağırışlar üzrə vaxtında kəlməsinə mane olan nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin, təşkilatların, tədris müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

M a d d ə 26. Səfərbərlikdən tərxisetmə

Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular bir dəst paltar və ayaqqabı ilə təmin edilir. Bu hərbi qulluqçular dövlət hesabına yaşayış yerinə aparılır və yolda yeməklə təmin edilirlər.

VII.   YEKUN   MÜDDƏALARI

M a d d ə 27. Müddətli hərbi xidmətə çağırışdan boyun qaçırmağa görə vətəndaşların məsuliyyəti

Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırmağa görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə cinayət məsuliyyəti daşıyırlar.

M a d d ə 28.  Hərbi xidmətə çağırılmaq və ya    qəbul    olunmaqla əlaqədar vətəndaşların maddi təminatı

Həqiqi hərbi xidmətə çağırılmış və ya bağlaşma əsasında hərbi xidmətə qəbul olunmuş vətəndaşlara iş (təhsil) yerində orta əmək haqqının iki misli məbləğində müavinət ödənilir.

Vətəndaşlar hərbi uçotla, çağırış məntəqələrinə təhkim edilməklə, hərbi xidmətə çağırılmaq və ya qəbul olunmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım! olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər. hərbi xidmətə çağırılanadək (daxil olanadək) onlara illik məzuniyyət əmək qanunvericiliyində müəyyən edilmiş qaydada verilir.

Hərbi tədris müəssisələrinə daxil olan vətəndaşlar imtahan verilən yerə gedib-gəlmək və qəbul imtahanları vermək üçün lazım olan vaxtda əsas iş yerində vəzifəsi və orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər.

Hərbi xidmətə çağırılmış və ya qəbul olunmuş vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi, vətəndaşların hərbi tədris müəssisələrində qəbul imtahanları yerinə aparılıb-gətirilməsi dövlət hesabına həyata keçirilir.      

 

 

 

Maddə 29. Əsgəri  vəzifələrin yerinə  yetirilməsi  ilə    bağlı tədbirlərin maliyyə və maddi təminatı

Əsgəri vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının dövlət büdcəsindən, yerli hakimiyyət orqanlarının büdcələrindən təxsisat hesabına, habelə nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların vəsaiti hesabına, bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası hərbi Komissarlığının sifarişi ilə vətəndaşların tibbi müayinəsinin keçirilməsi, hərbi hissələrə çağırılanların göndərilməsi üçün hərbi qulluqçuları çağırış (toplanış) məntəqələri ilə təmin etməli, ictimai qaydanı qorumalı, lazımi sayda mütəxəssis həkimlər və orta tibb heyəti, dava-dərman, alətlər, tibb və təsərrüfat əmlakı, avtomobil nəqliyyatı ayırmalıdırlar.

Çağırış komissiyalarının üzvləri, hərbi komissarlıqlar yanında həkim komissiyalarının üzvləri, çağırış məntəqələrində və toplanış məntəqələrində iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların təhkim edilməsi, hərbi xidmətə və ya toplanışlara çağırılması, vətəndaşların tibbi müayinəsi və yenidən müayinəsi, habelə toplanış məntəqələrinə çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır.

Əgər göstərilən şəxslərin öz vəzifələrini yerinə yetirməsi daimi yaşayış yerindən getməsi ilə bağlıdırsa, onda hərbi komissarlıqlar onların daimi yaşayış yerindən iş yerinə gedib-gəlmək və mənzil sahəsi kirayələmək xərclərini ödəyir və xidmət ezamiyyətləri üçün müəyyən edilmiş normalar üzrə gündəlik xərclik verirlər.

 

Azərbaycan   Respublikası   Prezidentinin  səlahiyyətini  həyata  keçirən

Azərbaycan   Respublikası Ali  Sovetinin sədri

İ.   QƏMBƏROV.

 

Bakı şəhəri, 10 iyun 1992-ci il.

                № 166.